• cümə axşamı, 28 mart, 16:31
  • Baku Bakı 16°C

«Demokratiya naminə oxu», seçki naminə oyna

13.09.13 09:52 1310
«Demokratiya naminə oxu», seçki naminə oyna
Azərbaycanda özünü xarici qüvvələrə satmış, onlara güvənərək mövcudluq nümayiş etdirən, hər xırda məsələdən palaz-palaz donos yazıb beynəlxalq təşkilatlara ötürən qurumların, fərdlərin, yəni «beşinci kolon»un olduğu hər kəsə aydındır. Onlar, təbiri-caizsə, özlərini, bir növ, bu ampluada görməyə adətkərdə olublar. Digər tərəfdən çörəklərini bundan qeyri bir məşğuliyyətlə əldə edə bilməyəcəklərinə özlərində bir əminlik yaradıblar. Bu isə həmin qüvvələrdə xroniki xəstəlik həddinə çatıb. Məhz bunun da nəticəsidir ki, həmin təşkilatlar və onların təmsilçiləri öz «işləri»ni uzun müddətdir ki, «sevə-sevə» görürlər.
Xüsusilə həmin qüvvələr məhz ölkədə hər hansısa əlamətdar hadisə baş verən məqamda hərəkətə keçir, xaricdəki ağalarının bütün tapşırıq və göstərişlərini artıqlaması ilə yerinə yetirirlər.
«Donosbazlıq»la, «beşinci kolon» missiyasını yerinə yetirməklə, bu qədim peşənin ənənəvi sahibləri olan QHT-lərlə yanaşı, bir sıra aparıcı müxalif partiyalar da mütəmadi olaraq məşğul olmaqdadırlar.
Bunun ən bariz nümunələrindən biri kimi onların xarici dövlətin və yaxud da təşkilatın diplomatik nümayəndələri ilə qapalı keçirdikləri görüşlərini qeyd etmək olar.
Həmçinin xaricə səfər edib ölkə, dövlət haqqında oradakılara satqınlıq etmək həmin qüvvələrdən ötrü bir növ adət halını alıb.
Bu ilki prezident seçkiləri öncəsi də bu tip hallar, xarici ölkələrə, dövlətlərə Azərbaycanda baş verən siyasi proseslərə müdaxilə üçün əsas verən hərəkətlər, fəaliyyətlər müşahidə olunur.
Bir müddət öncə, 2012-ci ildə Bakıda keçirilən «Eurovizion» yarışması ərəfəsində «demokratiya naminə oxu» aksiyasına qoşulan qüvvələri indi «demokratiya naminə oyna» aksiyasında fəallıq göstərənlər əvəzləyib.
Bu missiyanı yerinə yetirənlərdən biri də məhz «El» hərəkatının sədri Eldar Namazovdur. O, Avropa Komissiyasının prezidenti cənab Joze Manuel Borrozoya avqustun 6-da məktub ünvanlayaraq “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində qarşıdan gələn Vilnüs sammitində Azərbaycanla Avropa Birliyi arasında imzalanacaq strateji tərəfdaşlıq haqqında sənədin hazırlanmasında Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkilərinin şəffaf və demokratik keçirilməsinin əsas şərtlərdən biri kimi irəli sürülməsini tələb edib.
Bu isə ölkənin milli maraqlarına böyük zərbədən başqa bir şey deyil. Bildiyimiz kimi, Azərbaycanın milli maraqları baxımından ölkəmizin iqtisadi birlik kimi, Avropa Birliyi ilə münasibətlərinin inkişaf etdirilməsi xüsusi önəm kəsb edir. E.Namazovun sözügedən hərəkətləri həm də o ərəfədə baş verir ki, ölkəmizə məlum çevrələr tərəfindən Gömrük İttifaqına üzv olmaq istiqamətində təzyiqlər edilir.
Sözügedən məktubla E.Namazov və onun ətrafındakılar açıq şəkildə dövlətçilik maraqlarına zidd hərəkət etməklə «beşinci kolon» funksiyasını yerinə yetirdiklərini nümayiş etdirirlər.
Bundan başqa, «reneqat»ın London səfəri ilə bağlı «Mediaforum»a verdiyi son açıqlaması da ölkəmizin milli maraqlarını xarici qüvvələrin maraqlarına qurban verməyə hazır olduğunu göstərir: «Cəmil Həsənli vahid namizəd seçiləndən sonra Avropa Birliyinə daxil olan ölkələrin, Türkiyə səfirliyinin və ATƏT-in Bakı ofisi nümayəndələrinin iştirakı ilə görüşümüz oldu. Bu, Cəmil müəllimlə tanışlıq görüşü idi, orada Milli Şuranın proqramı, məqsədi və vəzifələri haqda diplomatları məlumatlandırdıq, çoxsaylı suallara cavab verdik. İndi isə Londona səfər edirik. Böyük Britaniyanın Azərbaycanda bağlı həm siyasi, həm iqtisadi, həm də geosiyasi maraqları var».
Göründüyü kimi, bu tip qüvvələrin ölkə haqqında xarici təşkilatlarda ölkəmizlə bağlı müəyyən neqativ rəylərin formalaşması istiqamətində canfəşanlıqları milli maraqlarımıza zərbədən başqa bir şey deyildir.
Müxalif qüvvələr, onların nəzarətində olan KİV-lər bu və ya digər beynəlxalq təşkilatın ölkəmizlə bağlı verdiyi hansısa xoşagəlməz və yaxud mənfi rəyi böyük həvəslə tirajlayırlar. Çünki bilirlər ki, bu, öz əməklərinin məhsullarıdır.
Belə bir halla bu günlərdə də rastlaşırıq. Belə ki, məlum olduğu kimi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiya Azərbaycanla bağlı tənqidi Hesabat yayımlayıb. Müxalifləri isə həmişə olduğu kimi, bərk seviniblər.
Bu, artıq onların təfəkkürlərinə bələd olan heç kim üçün təəccüblü deyil. Lakin ATƏT DTİHB-in hesabıtının qərəzli olduğunu başqa bir beynəlxalq təşkilat öz obyektiv və real faktlara əsaslanan hesabatı ilə faş edib.
Belə ki, Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (ESİSC) hazırladığı analitik yazıda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB) Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiya Hesabatı qeyri-obyektiv mövqeyinə qarşı faktlar yer alıb və bu hesabat tənqid olunub.
Məsələn, Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (ESİSC)-in hazırladığı məqalədə deyilir: «ATƏT-in Seçkiləri Müşahidə Missiyası 2008-ci il prezident seçkiləri ilə bağlı 27 tövsiyə vermiş və onlardan 19-u artıq icra edilmiş və ya faktiki olaraq artıq tətbiq olunub".
Məqalədə, həmçinin bildirilir ki, elektron media tamamilə azaddır və adətən hökümətə qarşı kəskindir: "Təəccüblüdür ki, ATƏT-in hesabatı Azərbaycanda mətbuat azadlığı məsələsini az inkişaf etmiş ölkə baxımından nəzərdən keçirir. KİV-in keyfiyyətinin Avropa İttifaqındakı kimi ən yaxşı yeni informasiya texnologiyaları ilə təmin edildiyini bilavasitə görmək imkanımız oldu".
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi qeyd edir ki, 40-dan çox siyasi partiya mövcud hökumətə müxalifət mövqeyində dayanır: «11 partiya, o cümlədən 8 müxalifət partiyası Milli Məclisdə 84 deputatla təmsil olunur. Yeni Azərbaycan Partiyası 71, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Sosial Rifah Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Ədalət Partiyası, Ümid Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası və Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyası hərəyə 1 deputat yerinə malikdir. Milli İstiqlal Partiyası, Kommunist Partiyası, Müsavat Partiyası, Müasir Müsavat Partiyası, Demokrat Partiyası, Demokratik Azərbaycan Dünyası Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyası kimi bir sıra müxalifət partiyaları fəaliyyət göstərir. Həmin partiyalar yerli hökumət səviyyəsində seçilmişlər və hazırda bələdiyyələrdə təmsil olunurlar".
Ümumilikdə isə Azərbaycan dövləti, hakimiyyəti hər zaman beynəlxalq təşkilatlarla konstruktiv əməkdaşlıqda maraqlı olduğunu sübut edib. Onların bütün faydalı məsləhətlərini dinləyərək yerinə yetirməyə səy göstərib.
Bu siyasət hazırkı seçki dövründə də davamlı olaraq izlənilir. Hər seçkidən öncə ölkədə seçki qanunvericiliyinin və seçki mühitinin daha da təkmilləşdirilməsi, demokratikləşdirilməsi istiqamətində dövlətimiz beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində çalışıb. Hətta seçkilərdən sonrakı dövrdə verilmiş təkliflər, çatışmazlıqlara da Azərbaycan hakimiyyəti böyük həssaslıqla yanaşıb. Azərbaycan demokratik dəyərlərə sahib bir ölkə kimi hər zaman seçki prosesində beynəlxalq təşkilatların iştirakında, müşahidələr aparmasıda maraqlı olmuşdur. Hazırkı prezident seçkilərində də Azərbaycan dövləti beynəlxalq təşkilatların iştirakının təmin edilməsi məqsədilə bir sıra müraciətlər göndərmişdir. Belə ki, Azərbaycan Respublikası Xarici Işlər Nazirliyi (XIN) 2013-cü ilin oktyabr ayının 9-da ölkəmizdə keçiriləcək prezident seçkilərinə müşahidəçi qismində iştirak etmək üçün ATƏT, GUAM, MDB, BMT, Islam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qara Dəniz Iqtisadi Əməkdaşlıq Təşkilatına dəvət göndərib. Bunu nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev modern.az-a açıqlamasında deyib. Lakin bəzi mətbu orqanlar dəvət olunan qurumlar arasında Avropa Parlamentinin adının olmamasına diqqəti yönəldirlər.
Qeyd edək ki, bir müddət öncə Avropa Parlamenti ölkəmizdə keçirilən prezident seçkilərinə müşahidə missiyası göndərməyəcəyinə dair açıqlama vermişdi. Seçkilərdə iştirak etmək niyyətində olmayan və dəfələrlə ölkəmizin milli maraqlarının əleyhinə bəyanatlarla çıxış edən bir təşkilata seçkiləri izləməsi üçün minnətçi düşülməsi isə özünə hörmət etməyən dövlətlərin iş üslubu ola bilər.
Yuxarıda göstərilən siyahıya nəzər salarkən isə seçkiləri müşahidə etmək üçün kifayət qədər beynəlxalq təşkilata dəvət göndərilməsinin şahidi oluruq.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər