• cümə axşamı, 28 mart, 18:24
  • Baku Bakı 13°C

“Demokratiya carçısı”nın biabırçı işgəncə metodları

12.12.14 10:55 1160
“Demokratiya carçısı”nın biabırçı işgəncə metodları
Demokratiyanın “carçısı”, insan hüquqlarının qoruyan ölkə rolunda çıxış etməyə iddia edən Birləşmiş Ştatlar növbəti biabırçılıqla üzləşib. ABŞ Senatının Mərkəzi Kəşfiyyat Agentliyinin 2001-ci il 11 sentyabr hücumlarından sonrakı əməliyyatları ilə bağlı yaydığı hesabat şok effekti yaradıb. İnsan hüquqları müdafiəçiləri ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) terror şübhəlilərinə qarşı ağır sorğu metodlarından istifadə edən rəsmilərinin məhkəməyə cəlb olunmasını istəyib. BMT-nin insan hüquqları və terrorizmə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi Ben Emmerson bildirib ki, ABŞ Senatının Mərkəzi Kəşfiyyat Agentliyinin 2001-ci il 11 sentyabr hücumlarından sonrakı əməliyyatları ilə bağlı yaydığı hesabatdan sonra CIA rəsmilərinin cinayət məsuliyyətinə cəlb olunmasına ehtiyacın daha da artdığını göstərir. ABŞ-da fəaliyyət göstərən “Human Rights Watch” təşkilatının icraçı direktoru Kennet Rot bildirib ki, rəsmilər məsuliyyətə cəlb olunmadığı təqdirdə işgəncə gələcək prezidentlər üçün siyasi seçim olaraq qalacaq. Ötən gün Senatın kəşfiyyat komitəsi hesabatın qısa xülasəsini yayıb. Hesabatda bildirilib ki, Mərkəzi Kəşfiyyat Agentliyi sorğu zamanı məhbuslarla pis rəftar edib. Komitə Mərkəzi Kəşfiyyat Agentliyini Konqres və Amerika xalqına tətbiq edilən üsulların effektivliyi ilə bağlı doğru məlumat verməməkdə təqsirləndirir. Buraya qapalı mühitdə saxlanma, yuxudan məhrum edilmə və boğulmanın imitasiyası daxildir. Senatın Kəşfiyyat komitəsinə sədrlik edən Kaliforniya ştatından demokrat senator Dayan Faynşteyn Mərkəzi Kəşfiyyat Agentliyinin “sözün hər bir mənasında” saxlanılanlara işgəncə verildiyini bildirib. “Mərkəzi Kəşfiyyat Agentliyinin hərəkətləri bizim dəyərlərimiz və tariximizdə bir ləkədir” - deyə senator Faynşteyn bildirib. Senator bunun Mərkəzi Kəşfiyyat Agentliyinin saxlanılanlara işgəncə verdiyini deməyə əsas verdiyini bildirib.
MKİ isə deyir ki, Amerikada 11 sentyabr 2001-də baş verən hücumdan sonrakı fəaliyyəti adamların həyatlarını xilas edib.
Öz növbəsində prezident Barak Obama ispandilli “Univision” televiziya şəbəkəsinə müsahibəsində ABŞ-ın qəddar üsullar tətbiq etdiyini bildirib. Prezident bunun təkrar olunmasına yol verilməsinin böyük səhv olduğunu bildirib. B.Obama MKİ-nin bəzi fəaliyyətinin işgəncəyə yol açdığını etiraf etməsinə rəğmən bildirib ki, artıq hərəkət etmək zamanıdır.
Proqramla bağlı ABŞ Senatının hesabatında deyilir ki, sərt üsullar gizli planları aşkarlayacaq məlumatın əldə olunmasına gətirib çıxarmayıb. Hesabatda həmçinin idarənin 2001-2007-ci il proqramı ilə bağlı siyasətçiləri və ictimaiyyəti aldatdığı qeyd olunur.
Yeri gəlmişkən, Pentaqondan verilən açıqlamaya görə Birləşmiş Ştatlar 10 ildən çox davam edən müharibədən sonra artıq Əfqanıstan həbsxanalarında fəaliyyətinə son qoyub. Pentaqon bəyan edib ki, Parvan təcridxanasında saxlanan son 3 məhbus da sərbəst buraxılıb. Redha al-Najar daxil məhbuslardan ikisi ittihama baxılmaq üçün Əfqanıstana verilib, üçüncü məhbusun isə başqa ölkəyə ekstradisiya olunacağı gözlənir. Redha al-Najar 2002-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin dindirilmə zamanı istifadə etdiyi metodları yaymaqda ittiham olunur.
İşgəncələrə məruz qalanların fikirləri insanı şoka salır: MKİ agentləri bir əsiri edam yerinə çıxarıb boğazına ip keçirib və asmaqla təhdid ediblər. 2000-ci ildə “USS Cole” gəmisinə silahlı hücum etməkdə ittiham edilən Abdurrahman əl -Nasiriyə drellə işgəncə veriblər. Bir əsirə süpürgənin sapıyla təcavüz edilib, bəzi əsirləri 180 saat yuxusuz, bəzilərini saatlarla əlləri başları üzərində zəncirlənmiş halda saxlayıblar. Betona zəncirlənən bir məhkum hipertoniyadan ölüb, başlarına torba keçirilən bəzi əsirlər çılpaq halda dəhlizlərdə gəzdirilib və qamçıyla döyülüblər. Bəzi əsirlər gördükləri işgəncələrdən dolayı halusinasiya, paranoya və yuxusuzluğa məruz qalıblar, “Əl- Qaidə” üzvü Əbu Zübeydə suda boğulma hissi yaşadan sorğu üsuluna uzun müddət məruz qalınca reaksiya verməməyə başlayıb. Əbu Zübeyd 266 saat tabut şəklindəki qutuda saxlanılıb, bəzi əsirlərə nəcislərini kameradan çölə atmalarına imkan verilməyib. Hesabatda məhbusların saxlandığı heç bir ölkənin adı hallanmasa da, həbsxanaların olduğu güman edilən bir neçə ölkədən hesabata kəskin reaksiya göstərib.
Əfqanıstan prezidenti Əşrəf Qani bildirib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin sərt istintaq proqramı “dünyada qəbul olunmuş bütün insan haqları normalarına ziddir”. Bir çox digər dünya liderləri kimi, Qani də idarənin “Əl-Qaidə” şübhəliləri ilə rəftarını pisləyib. Bu ilin sentyabrında Əfqanıstan prezident seçilmiş Qani mətbuat konfransında hesabatı “sarsıdıcı” adlandırıb. Qani ABŞ həbsxanalarında neçə əfqanın işgəncəyə məruz qaldığının araşdırılacağına söz verib: “Dünyada bu cür hərəkətlərə və insanların işgəncəyə məruz qalmasına heç bir bəraət yoxdur”.
Pentaqon sözçüsü Myles Caggins BBC-yə bildirib ki, Bagram-da saxlanılmış bütün məhbuslar artıq ya əfqan həbsxanalarına göndərilib, ya da öz ölkələrinə geri qaytarılıb. Caggins bildirib ki, artıq Əfqanıstandakı bütün həbslərə Kabul hökuməti cavabdeh olacaq.
Bu arada Polşanın keçmiş prezidenti Aleksander Kvasnevski ilk dəfə olaraq etiraf edib ki, onun ölkəsi gizli həbsxanalarda MKİ məhbuslarını saxlayıb. O bildirib ki, 2003-cü ildə həbsxanalarda sərt dindirmə üsullarına son qoyulması ilə bağlı ABŞ-a təzyiqlər göstərib: “Mən Buşa dedim ki, bu əməkdaşlığa son qoyulmalıdır və son qoyuldu da”.
Beləliklə, ABŞ-ın bu kimi əməlləri bir daha ona dəlalət edir ki, bu ölkənin “demokratiya” və “insan hüquqları” çağırışları yalnız qərəzli siyasi məqsədlərə xidmət edir. Əslində isə ABŞ qanunun aliliyi və demokratiyanın təməlini təşkil edən prinsip və dəyərlərdən tamamilə uzaqdır.
Kamran
banner

Oxşar Xəbərlər