• cümə, 29 Mart, 14:17
  • Baku Bakı 14°C

“Demokratik cəmiyyətdir, nə istəsəm edə bilərəm” düşüncəsinin yaratdığı məsuliyyətsizlik

03.04.19 10:00 553
“Demokratik cəmiyyətdir, nə istəsəm edə bilərəm” düşüncəsinin yaratdığı məsuliyyətsizlik
Çox təəssüflər olsun ki, son günlər gündəmi birmənalı qarşılanmayan şou xarakterli materiallar tutub. Hətta, insanın bu materiallara "xəbər” deməyə belə dili gəlmir. Heç bir informasiya yükü olmayan, insanlar üçün heç bir xeyri olmayan, əksinə cəmiyyəti, xüsusən də gəncləri ziyanlı vərdişlərə təşviq edən bu tipli materialları, haqlı olaraq əksəriyyət birmənalı şəkildə pisləyir. Həmin materiallardan biri də "Kazbekə şey basım, zırlanım” mahnısıdır. Qeyd edək ki, adı çəkilən mahnının ifaçısı həbs edilib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi açıqlama yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, son günlər sosial şəbəkələrdə və bəzi internet saytlarında bir nəfərin narkotikdən istifadənin açıq təbliğinə həsr etdiyi musiqili meyxananın videosu yayılıb. Məsələ ictimai rezonans doğurub və cəmiyyətin müxtəlif təbəqələrinin haqlı olaraq böyük narazılığına və etirazına səbəb olub.

Gənclərin də həmin mahnını oxuyaraq videolarını çəkib paylaşmaları, cəmiyyətdə birmənalı qarşılanmayıb. Açığı, gənclərin bu tip mahnıların təsiri altına düşməsi, belə mahnılara qulaq asması çox məyusedicidir.

Belə çıxır ki, sosial şəbəkələrdəki aşırı "azadlıq” bir çoxlarını məsuliyyət hissindən tamamilə məhrum edib. Bu tip insanlar elə güman edirlər ki, nə istəsələr oxuya, bunu da asanlıqla cəmiyyətə ötürə bilərlər. cəmiyyətin bəlli dəyərlərini, milli maraqları nəzərə almadan belə. Baş verən hadisələrdən sonra problemin xeyli ciddi olduğu göründü. Problem varsa, onun həllinə də çalışmaq lazımdır. Özü də bütöv cəmiyyət olaraq. Çünki bu təhlükə ayrı-ayrı fərdlərə yox, bütövlükdə cəmiyyətə yönəlib. Maraqlıdır, bu kimi hallarda necə reaksiya vermək lazımdır və yaxud, bunun qarşısını almaq üçün hansı addımları atmaq olar? Məsələ ilə bağlı ekspertlərin mövqeyini öyrəndik.

"Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı qeyd etdi ki, qadağalarla nəyinsə qarşısını almaq mümkün deyil, gərək, güclü, sağlam cəmiyyət yetişdirək: "Adı çəkilən mahnının müəllifinin həbs olunması hazırkı vəziyyətdən çıxış yolu deyil. Bütün dünyada narkotikə həsr olunmuş mahnılar var. Hətta, dünyaca məşhur müğənni Rihannanın klipində narkotik istifadə etdiyi kadrlar var. Yəni demək istədiyim odur ki, qadağa qoymaqla bir nəticə əldə etmək mümkün deyil. Biz öz cəmiyyətimizdə müəyyən qadağalar tətbiq etsək də, internetdə dünyanın bir çox ölkəsində olan videolara baxacaqlar. Digər tərəfdən isə qadağan olunmuşa insanların marağı daha çox olur. Düzdür, baş verən hadisələrlə bağlı narahatlığa səbəblər çoxdur. Səbəblərdən biri isə Azərbaycan cəmiyyətinin immunitetinin zəif olmasıdır. Əslində, güclü və sağlam cəmiyyət olsaq, belə materialların yayılmasından narahat olmarıq və bu, bizim müzakirə mövzumuz olmaz. Hazırda bu mövzu ona görə belə çox müzakirə edilir ki, biz gənclərimizin gələcəyindən, mənəvi inkişafından narahatıq. Bu kimi məsələlərdə hüquq-mühafizə orqanları nə qədər məsuliyyət daşıyırsa, eyni məsuliyyət təhsilin, təhsil sahəsində fəaliyyət göstərən şəxslərin də üzərinə düşür. Gənclərin bu kimi məsələlərdə dözümlü olmaları, təsir altına düşməmələri üçün təhsilin gücləndirilməsinə böyük ehtiyac var. Sovet dövründə belə hadisələrdə narahatlıq keçirilmirdi. Çünki həmin dövrdə insanları məktəb tərbiyə edirdi. Həmin dövrün gənci olaraq deyə bilərəm ki, biz kitablar oxuyur, bədi ədəbiyyatdan mütaliələr edirdik. İndiki gənclər isə internet oyunlarına, kompüterə maraq göstərirlər. İnsanlar anlamırlar ki, kitab qədər böyük tərbiyəçi yoxdur. Müəllimlər də həmçinin bu işdə böyük rol oynayır”.
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı deyir ki, "demokratiya” sözünü hər kəs bir cür başa düşür: "Hətta, belə bir məsəl var ki, biz azadlığı sevirik, amma bu sözü işlədərkən hərəmiz bir şey fikirləşirik. Hazırda "Youtube” və ya müxtəlif sosial şəbəkələri məhdudlaşdırmaq çox ciddi narazılığa səbəb olar. Hətta, bunu demokratiyanın məhdudlaşdırılması kimi qiymətləndirənlər də olar. Amma görünən odur ki, demokratiyanın tətbiqinin bəzi fəsadları olur. Düşünürəm ki, qadağa çıxış yolu deyil. Bunların hamısı tərbiyədən asılıdır. Hər nə olursa olsun, insanlar mənsub olduğu cəmiyyəti yaddan çıxartmamalıdırlar. Deyərdim ki, həmin videonu çəkən insanlar da etdiklərinə görə peşman olublar. Bəlkə də onlar heç düşünmürdülər ki, etdikləri belə əks-səda doğuracaq. Bu gün valideynlərin, müəllimlərin üzərinə böyük yük düşür ki, uşaqların, gənclərin tərbiyəsi ilə ciddi məşğul olsunlar. Həmçinin ictimai nəzarət, ictimai qınaq da olmalıdır. Bir növ, cəmiyyət də buna nəzarət edib, özü-özünü tənzimləməlidir”.
Sosioloq Əhməd Qəşəmoğlu qeyd etdi ki, bu məsələ ilə bağlı qanun boşluğu var: "Hazırda yayılan videolarla bağlı kiməsə cəza vermək doğru deyil. Çünki qanunda bunun qadağan edilməsi ilə bağlı bir maddə yoxdur. Baş verənləri biz sadəcə, tənqid edə bilərik. Əgər qadağan etmək və ya məhdudlaşdırmaq istəyiriksə, bununla bağlı qanun hazırlanmalıdır. Təbii ki, narkotik vasitəni üstündə gəzdirmək, istifadə etmək necə ki, qanunla qadağan edilir, eləcə də, onun təbliği, haqqında hər hansı bir informasiyanın yayılması da qadağan edilməlidir. Digər tərəfdən pornoqrafik materialların yayılması da müəyyən qanunvericilik çərçivəsində tənzimlənməlidir. Əgər yayılan material cəmiyyətimizə, mənəviyyatımıza ziddirsə, onun yayılması qadağan edilməlidir. Bu isə demokratiya prinsiplərinə də zidd deyil. "Demokratik cəmiyyətdir, mən nə istəsəm edə bilərəm” fikri tamamilə yanlışdır. Çünki demokratiyanın özü də ölkədə mənəvi inkişafa əngəl yox, əksinə, təkan verməlidir. Mən demirəm ki, senzura olsun, amma xalqın mənəviyyatına ziyan verəcək hərəkətləri tənzimləyən qanunlar olmalıdır”.
Günel Azadə

banner

Oxşar Xəbərlər