“Demokratik azadlıqlar Qərb siyasətçilərinin silahına çevrilib”

Son illər bəzi xarici
ölkələrdə baş verən proseslər Qərbin demokratik dəyərlərə "Avropa
standartları”ndan deyil, ikili standartlardan yanaşdığını bir daha nümayiş
etdirir. Buna misal kimi 2010-cu ildə Almaniyanın ən
böyük şəhərlərindən biri sayılan Ştutqartda 400 nəfər nümayişçinin vəhşicəsinə
döyülməsini, 2011-ci ildə Britaniyada kütləvi iğtişaşlar baş qaldıranda
insanlara qarşı zorakılıq edilməsini, eləcə də 2014-cü ildə Fransada su
bəndinin tikintisinə etiraz edən nümayişçilərdən birinin döyülərək
öldürülməsini göstərmək olar. Digər Avropa ölkələrində, həmçinin ABŞ-da narazı
kütlənin dağıdılması zamanı da belə hadisələr dəfələrlə baş verib. Bu günlərdə İspaniyadan
ayrılmaq üçün referendum keçirən separatçı Kataloniya vilayətində polislə
toqquşmalar zamanı isə xəsarət alanların sayı 850 nəfərə çatıb. İspan polisi səsverməyə
gedən Kataloniya sakinlərini rezin güllələrə "qonaq” edib, onları dəyənəklə,
atlarla, su şırnaqları ilə dağıdıb. Bu mənzərə göstərir ki, Avropa
ölkələrində və ya ABŞ-da mərkəzi hakimiyyətin iradəsinin bərqərar edilməsi
zamanı toplaşma azadlığı, siyasi plüralizm, ifadə azadlığı kimi anlayışlar
unudulur, dinc nümayişlər amansızlıqla dağıdılır, insanların səsvermə hüquqları
kobudcasına tapdanır. Lakin söhbət digər
ölkələrdən gedəndə, "Avropa dəyərləri”, demokratiya, liberal hüquqlar yada
düşür. Bu da həmin anlayışların əslində təzyiq vasitəsi kimi istifadə
olunduğunu sübut edir. Mövzu barədə "Kaspi”nin suallarını millət vəkili,
politoloq Hikmət Məmmədov cavablandırır.
-
Hikmət müəllim, son dövrlər bəzi Qərb dövlətlərində baş verən proseslər bu
ölkələrin demokratik prinsiplərə əsl reallıqda hansı münasibət sərgilədiyini
ortaya qoyub. Bir politoloq, siyasətçi kimi bu mənzərəni necə
dəyərləndirirsiniz?
- Qlobal dəyərlərlə, insan
hüquqları, demokratik azadlıqlarla bağlı məsələlər Qərb siyasətçilərinin effektiv
silahına çevrilib. Bu dəyərlər dünya siyasətini müəyyənləşdirən Qərbin bəlli
güc mərkəzləri tərəfindən istismar edilir. İstismar prosesində də ikili, yaxud
çoxlu standartlar yaranır. Bu standartlar yalnız Şərqi Avropa və digər ölkələrə
münasibətdə tətbiq olunmur. Hətta mərkəzi Avropada müxtəlif proseslərlə,
ayrı-ayrı məsələlərlə bağlı da buna meyllilik açıq-aşkar hiss olunur. Hazırkı
çox mürəkkəb tarixi mərhələdə beynəlxalq münasibətlər sistemində çox eybəcər
təzahürlər ortaya çıxır. Dünyanın, dövlətlərin qəbul etdiyi qlobal dəyərlər
siyasi vasitəyə çevrilir və əslində ümumbəşəri mədəniyyətin, siyasi proseslərin
tərəqqisinə deyil, ayrı-ayrı hegemon dövlətlərin maraqlarına xidmət etmiş olur.
Bu, çox zərərli və qorxulu tendensiyadır. Hələ ötən əsrin ortalarında Uinston
Çörçil deyirdi ki, demokratiya bizim uzaqvuran silahımızdır, biz bununla
Avropadan kənarda istənilən hədəfi dəqiq vura bilərik. Müasir dövrümüzdə
müsəlman Şərqində, postsovet məkanında, Şərqi Avropanın bəzi ölkələrində tətbiq
edilən belə ikili standartlar siyasəti bir sıra hallarda bumeranq effekti
yaradır. Avropada baş verən son proseslər zamanı biz bunun şahidi oluruq.
Halbuki, demokratik prinsiplərə xidmət edən hər hansı bir dəyər beynəlxalq
hüquq normaları, müqavilələrlə təsbit olunub, sanksiyalaşdırılıbsa, ona mütləq
riayət etmək lazımdır. Çox təəssüf ki, bəzi hallarda buna əməl edilmədiyindən
son nəticədə bizim qeyd etdiyimiz ikili standartlar siyasəti yaranır.
-
Azərbaycan uzun illərdir separatizmdən, terrorizmdən əziyyət çəkən, ərazisinin
20 faizi Ermənistan tərəfindən işğal altında saxlanılan bir ölkədir. Lakin
təəssüf ki, böyük dövlətlər Dağlıq Qarabağdakı separatçıları, işğalçı
Ermənistanı öz adı ilə çağırmaq istəmir, əksinə, separatçılara maliyyə yardımları
edilir. Ancaq Ukrayna və Gürcüstandakı separatçılara münasibətdə biz bunları
müşahidə etmirik. İkili standartların daha bir nümunəsi sayılan bu mənzərə,
xüsusən də separatizmə bəzi hallarda dəstək verilməsi nədən qaynaqlanır?
- Separatizm və terrorizm
bir-birini tamamlayan radikal komponentdir. Lakin bu, heç də məsələnin hamısı
deyil. Separatizm və terrorizmin bu səviyyədə qloballaşması imperializm və
kapitalizmin onu dəstəkləməsindən irəli gəlir. Bu gün dünya siyasətini müəyyənləşdirən
böyük güc mərkəzləri terrorizmi dövlət siyasəti səviyyəsinə qaldırmağı
bacardılar. Onlar terror vasitəsilə milli dövlətlərə hücum etdilər. Həmin güc
mərkəzləri qlobal terror şəbəkələri yarada bildilər. Eyni zamanda, təzyiq və
ayrı-ayrı dövlətləri parçalamaq üçün separatizmi də silaha çeviriblər. Əslində
normal şərtlərdə baş verməyəcək bir milli etnik qarşıdurmanı süni şəkildə
yetişdirərək dövlətin probleminə çevirdilər. Bu proseslər 90-cı illərin
sonlarından başlayıb. Azərbaycanda erməni separatçıları ölkənin ərazi
bütövlüyünü təhdid edən separatizmə yol verən zaman dünya siyasətini
müəyyənləşdirən, bizə yaxın və uzaq olan güc mərkəzləri baş verənləri üzdə
qınasalar da, arxada dəstəklədilər. Nəticədə separatizmin yeni dalğası başladı.
Bu, hazırda Avropaya da yayılmaqdadır. Əgər bəşəriyyət separatizm və terrordan
qurtulmaq istəyirsə, ilk növbədə dünya siyasətini müəyyənləşdirən ölkələr
bundan bir təzyiq, müharibə vasitəsi kimi istifadə etməkdən imtina etməlidirlər.
Əks təqdirdə, onların dünyaya yaydıqları etnik separatizm və terrorizm özlərinə
qarşı yönələcək. Biz artıq bunun şahidinə çevrilməkdəyik.
-
Avropada əməl edilməyən "dəyərlər”dən Azərbaycan kimi demokratiya yolu ilə
inkişaf edən dövlətlərə qarşı kampaniya aparmaq üçün istifadə olunması, bunu
edən ölkələrə qarşı etimadı azaltmırmı? Hətta BMT Təhlükəsizlik Şurasında
təmsil olunan bəzi böyük dövlətlər buna yol verirlərsə, onlardan necə ədalətli
mövqe gözləmək olar?
- BMT Təhlükəsizlik
Şurasında təmsil olunan böyük beşlik bir sıra hallarda separatizmi və
terrorizmi dəstəkləməklə yadda qalırlar. Bir qədər əvvəl qeyd etdiyimiz kimi,
dünya siyasətini müəyyən edən də məhz həmin güclərdir. Maraqlı burasıdır ki,
separatizm və terrorizm həmin dövlətlərin öz ərazilərində baş verdiyi halda
buna qarşı çox kəskin və radikal addımlar atılır. Ancaq həmin dövlətlərin
maraqlarına toxunmadığı, yaxud onların istədiyi halda terrorizm və separatizm
bu dövlətlərin əlində effektiv silah olur. Bu silah vasitəsilə ölkələrin təbii
sərvətləri istismar edilir, milli dövlətlər dağıdılır, intellektual sərvətləri
talanır, tarixləri silinir. Hətta separatçı rejimlərin yaranmasına dəstək
verir, onları silahlandırırlar. Ancaq unudulur ki, zaman keçdikcə bu prosesləri
nəzarətdə saxlamaq qeyri-mümkün olur, separatizm getdikcə pis bir ənənəyə
çevrilir. Hazırda Qərbdə bu proses baş verir. Biz bilirik ki, İspaniyanın Valensiya, Qalisiya və Bask vilayətlərində,
Böyük Britaniyanın Uels vilayətində, İtaliyanın Padaniya adlandırılan şimal
ərazilərində, Siciliya və Sardiniya adalarında, Fransanın Breton, Elzas,
Provans və Korsika vilayətlərində də separatizm meylləri kifayət qədər
yüksəkdir. Polşanın Sileziya, Çexiyanın Moraviya kimi dominant etnosla eyni
dildə danışıb, eyni tarixi bölüşən vilayətlərində, Belçikada da separatizm hərəkətləri
baş verir. Hətta ABŞ-ın ispandilli və qaradərili əhalinin çoxluq təşkil etdiyi
ştatlarında, eləcə də tarixən konfederasiyaya daxil olmuş cənub ştatlarında da separatizm
meylləri görünür. Son olaraq İspaniyada Kataloniyada eyni mənzərəni daha
qabarıq formada müşahidə etdik. Avropanın mədəni və siyasi etnik mənzərəsi çox
da sabit deyil, əksinə, xeyli mürəkkəbdir. Buradakı bəzi dövlətlərdə etnik
separatçılığın sonrakı mərhələdə terrorizmlə əvəzlənməsi üçün çox əlverişli
mühit var. Bunun üçün təbii əsaslar yetişib. Ona görə də neçə ki, gec deyil,
dünya siyasətini formalaşdıran böyük güclər, böyük dövlətlər separatizmi,
radikalizmi, terrorizmi rədd edən qətiyyətli siyasət yürütməlidirlər. Bunun
üçün tək kriteriya, vahid standart müəyyən edilməlidir. Belə olarsa, bəlkə də
bəşəriyyət gələcəkdə onu gözləyən bəlalardan sığortalana, geri dönə bilər.
Lakin indiki mərhələdə aparıcı dövlətlərin belə bir addım atacağını
proqnozlaşdırmaq sadəlövhlük olardı.
Rufik İSMAYILOV
