• şənbə, 20 Aprel, 15:49
  • Baku Bakı 23°C

Dəmir yumruq həm də Prezidentin söz və əməl vəhdətinin nümunəsidir - Millət vəkili

11.01.21 17:00 501
Dəmir yumruq həm də Prezidentin söz və əməl vəhdətinin nümunəsidir - Millət vəkili
2020-ci ilin yekunlarına həsr edilmiş müşavirədə Prezident İlham Əliyevin nitqi təkcə ötən ilə yekun vurmaq deyil, eyni zamanda, strateji hədəflərimizi dəqiq müəyyənləşdirmək baxımından da əhəmiyyətli oldu. Dövlət başçısının nitqi bir daha göstərdi ki, işğaldan azad edilmiş torpaqların dirçəldilməsi üçün hakimiyyətin konkret planları mövcuddur, onların bəzilərinin icrasına artıq başlanılıb, geniş şəkildə icrasına isə işğalçı ölkənin vurduğu ziyanlar hesablandıqdan sonra start veriləcək. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi və inkişafının ana xəttini kənd təsərrüfatı, turizm, dağ-mədən sənayesi, nəqliyyat-kommunikasiya sahələri təşkil edəcək və Prezidentimizin dediyi kimi, Qarabağ̆ dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək. 2003-cü ildən ötən müddətin təcrübəsi göstərir ki, Prezident İlham Əliyev hansı vədi veribsə yerinə yetirib və sözlə işinin vəhdətini təsdiq edib.
Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı deyib.
M.Qasımlı bildirib ki, Prezident İlham Əliyev təkcə işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinin və inkişafının deyil, eyni zamanda, regionda dövlətlərarası normal qarşılıqlı münasibətlərin qurulmasının ən düzgün yollarını müəyyənləşdirməklə dövrümüzün böyük strateqi olduğunu bir daha təsdiq etdi: "Geniş təhlil tələb edən nitqdəki yalnız üç məsələyə diqqəti yönəltmək istəyirəm. Birincisi, Ermənistanın xarici işlər nazirinin Xankəndiyə getməsinə sərt reaksiya bildirən Prezident dedi ki, onun orada nə işi var, İrəvan müharibəni yadından çıxarmasın, dəmir yumruq yerindədir, belə səfərlərə son qoyulmalıdır. Xəbərdarlıq etdi ki, belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq, bütün səfərlərə son qoyulmalıdır, heç bir xarici vətəndaş Azərbaycanın icazəsi olmadan o əraziyə gedə bilməz, bu, Azərbaycan ərazisidir, əgər buna oxşar addım təkrarlanarsa, Azərbaycan dövlətinin cavabı çox sərt olacaq. Prezident İlham Əliyevin söylədiklərini gərək Ermənistan rəhbərliyi qulağında sırğa etsin. İkincisi, Prezidentin nitqi Azərbaycan xalqının təkcə bugünkü deyil, gələcək nəsillərinə də ünvanlanmışdı. Məlum olduğu kimi, başımıza gələn bəlaların bir çoxunun səbəbi unutqanlığımızla bağlı olub. Ona görə də dövlət başçısı müharibədə qazanılan Qələbədən ibrət almaq və gələcək üçün görülməsi vacib olan işləri də müəyyənləşdirdi. Bildirdi ki, işğaldan azad olunmuş ərazilərdəki şəhərlər bərpa olunarkən hər bir şəhərdə insanların unutmaması üçün dağıdılmış bəzi yerlər qalmalıdır. Azad olunmuş bütün şəhərlərdə memorial komplekslərlə və Zəfəri əks etdirən abidələrlə bərabər, Ermənistanın işğalçılıq siyasətinin ümumi mənzərəsini əks etdirən muzeylərin də yaradılması tapşırığının verilməsi böyük əhəmiyyət daşıyır. Bunların sayəsində həm Azərbaycan vətəndaşları baş verənləri heç vaxt unutmayacaq, həm də xaricdən gələn qonaqlar hansı vəhşilərə qarşı müharibə aparıldığını, Azərbaycanın və Cənubi Qafqazın hansı bəladan xilas edildiyini əyani şəkildə görəcək. Üçüncüsü, dövlət başçısı təkcə Qarabağ regionuna deyil, bütün Cənubi Qafqaza yeni həyat gətirəcək böyük nəqliyyat-kommunikasiya planlarını açıqladı. Qarabağda avtomobil yollarının geniş və müasir şəbəkəsi yaradılacaq. Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa, Toğanalı-Kəlbəcər-Laçın, Horadiz-Zəngilan-Qubadlı-Laçın avtomobil yolları tikiləcək və beləliklə, iki tərəfdən – həm şimaldan, həm də cənubdan Laçın və Kəlbəcər rayonlarına gedən yol-nəqliyyat infrastrukturu tikiləcək. Hava nəqliyyatı sistemi yaradılacaq. Füzuli şəhərində, ya Laçın, ya da Kəlbəcərdə beynəlxalq hava limanları tikiləcək. Dəmir yolları inşa ediləcək. Horadiz-Füzuli-Şuşa, Horadiz-Ağbənd dəmir yolu tikiləcək”.
Deputat bildirib ki, Prezident İlham Əliyev nitqində Naxçıvan dəhlizinin açılması üçün konkret işlərin aparıldığını da qeyd etdi. Bölgəyə yeni imkanlar gətirəcək bu yoldan həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm Ermənistan, həm də İran istifadə edəcək. Horadiz-Ağbənd dəmir yolu tikiləcək, bununla paralel olaraq Naxçıvan Muxtar Respublikasında dəmir yolunun bərpası və müasirləşdirilməsi istiqamətində də işlər aparılacaq. Ermənistan dəmir yolları Rusiya dəmir yollarının mülkiyyətində olduğundan bu məsələlərə dair danışıqlarda Azərbaycanın tərəf müqabili Rusiyadır. Dəmir yolları şəbəkəsi adları çəkilən bütün ölkələrə fayda verəcək.
Beləliklə, Azərbaycanın beynəlxalq nəqliyyat-kommunikasiya əməkdaşlığında Qarabağ və Naxçıvan ən mühüm qovşaqlar olacaq. Bütün bunlar özləri ilə inkişaf, sosial rifah və tərəqqi gətirəcək. Prezident İlham Əliyevin "Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin” sözlərinin həyata keçiriləcəyi gün uzaqda deyildir. Bundan ötrü, ilk növbədə, müharibə günlərində olduğu kimi, bu dəfə dirçəlişə bizi səfərbər edən dəmir yumruq ətrafında sıx birləşməyimiz lazımdır. Dəmir yumruq həm də Prezidentin söz və əməlinin vəhdətinin nümunəsidir.
banner

Oxşar Xəbərlər