• cümə, 29 Mart, 17:28
  • Baku Bakı 14°C

Dəmir yolu relslərindəki uşaqlıq

02.07.16 11:55 2608
Dəmir yolu relslərindəki uşaqlıq

Hərdən adamın içindən keçir ki, gedib dəmir yolu vağzalında otursun. Bilirsinizmi, elə duyğular var ki, onları sadəcə cümlələr və yazılarla təsvir etmək çox çətindir. Yaxud, ümumiyyətlə, nə danışsan və yazsan da, yenə də səni anlamamaqda israr edəcəklər. Yanılmıramsa, Borxesin sözü idi, yazırdı ki, yaradıcı adamlar və jurnalistlərə hamının adi yanaşdığı bir fraqment böyük uğur gətirə bilər. Tarkovski də müsahibələrindən birində eynilə belə deyirdi. Qələm əhlinin ən böyük istedadı çoxluğun görmədiklərini, yaxud görüb də diqqət etmədiyi hadisələri işıqlandırmaqdır. Bütün bunların fərqinə varan adamlar üçün isə artıq bir fəhlə pencəyi də, bir müəllimənin təbaşiri də bütövlükdə bir mövzudur. Buna görə, vağzala gedib, sadəcə, orada oturmaq belə nələrisə duymaq və xatirələri canlandırmaq üçün bir vasitədir.
Mən vağzalda qəzet oxumağı və gələn qatarların səsindəki rahatlığı uşaqlığımdan almışam. Yaşadığımız ev dəmir yoluna yaxın idi. Günün istənilən saatında, xüsusilə hər gecə yatanda qatar siqnalının səsi və tərpənən evimiz indi də yaddaşımdadır. O qatar səsləri, siqnallar və ləngər vuran yük vaqonları bizim ailəmizlə elə bil doğmalaşdı. Dayımın uşaqları olanda evimizdəki şənliyə, qonşu evlərdəki şadyanalıqlara, toylara, neçə xoşbəxt xəbərlərə o qatarlar da şahid olmuşdu. Bəzən uşaqlıq həyəcanı ilə hər şeydən uzaqlaşmaq və nəsə danışmaq istədiyin anlarda sanki relslərdən başqa yaxşı dinləyicin və həmdəmin yoxmuş kimi gəlirdi adama. O yaşda bəlkə də düşünərdim ki, bu, dəlilik əlamətidir, amma illər sonra anlayıram ki, yox, bizi doğmalaşdıran hər şey bizim üçün əzizdir və ətraf mühitdəki hər şey bir anlıq xatirələr və simalar kimi beyinə həkk olunub, uzun illlər və bəzən bir ömür səninlə bərabər olurlar.
Bir də dəmir yollarının adama doğmalaşdırdığı insanlar var idi. Zəhmətkeş dəmiryolçu mühəndislərlə futboldan, insanlardan, dərslərdən danışmaq gözəl idi. Bazarda, hansısa bir məclisdə danışmaqdan utanan mənim kimi insanların uşaqlığında öz çevrəsinə uzaq olan insanlar yaxşı sirdaş ola bilər. Deyəsən, o qatarların sükutla və aram-aram irəliləməsindən gələn güvən hissi idi ki, dəmir yolunda çalışan insanlarla da doğmalaşırdıq. Atam hər gün qəzet adına ancaq krossvord işləyəndə mən qəzet oxumağı da dəmiryolçu bilet satan kassirlərdən öyrəndim. Elə olurdu ki, evdən uzaqlaşanda birbaşa vağzala qaçırdım. Çünki mənə həmyaşıdlarımla oynamaq və sıxıcı zarafatlar yerinə qəzet oxuyan dəmir yolu işçiləri, vağzaldakı qatarlardan yola salınan və gələn insanlar, məsafəni məsafələrə calayan relslərlə şütüyən qoca elektrovozlarla sakitcə dərdləşmək böyük rahatlıq bəxş edirdi. Tələbə olanda Markesin əsərlərini oxumağa başladım. Markesin hekayələrində sükutla danışmaq səhnələri, bax, mənə o illəri anlatdı. Dil ilə ünsiyyət olmur və müdrik Şərq filosofu Əl Fərabinin də vurğuladığı kimi, danışmaq sadəcə dodaqları oynatmaqdan ibarət deyil. Bunları yazmağıma səbəb də odur ki, insanların bizi anlamayacağı, əlimizin hər şeydən üzüləcəyi və uzun müddətli bəd auradan qurtulmaq istəyəcəyimiz təqdirdə yaşamanın önəmini hər yerdə axtarmağın mümkünlüyü var. Məşhur türk aktyoru Münir Özkul deyirdi ki, məktəb, sadəcə, dörd tərəfi divarla əhatələnmiş bina parçası deyil, məktəb hər yerdir, öyrənmək adına görə biləcəyimiz hər şeydir, bu, bir ağac, bir qaya, bir meşə də ola bilər. Öyrənmək və öyrətmək adına var olan hər bir nüans dəyərlidir və xatirələr bizi gələcəyimizə daha yaxşı hazırlaya bilər. Yetər ki, sıxılmayaq və bütün mövcudluqların dəyərini bilək.
Amma elə bil, indi o relslər də əvvəlki kimi deyil, bəlkə də böyüdüm deyə...
Tural İsmayılov


banner

Oxşar Xəbərlər