• cümə axşamı, 28 mart, 13:21
  • Baku Bakı 16°C

“Dəmir atlı” oğlan - Portret

18.03.17 09:58 2040
“Dəmir atlı” oğlan - Portret


Son illərdə Azərbaycanda velosipedə maraq xeyli artıb. Bir neçə il öncəyə kimi yol kənarlarında, parklarda velosiped sürən yetkinlik yaşına çatmış insanları ancaq xarici ölkələrdə, televiziyada görürdüksə, artıq Bakıda da iki təkərli nəqliyyat vasitəsindən istifadə edənlərə tez-tez rast gəlirik. Parklarda, yol kənarlarında, həyətlərdə bu nəqliyyat vasitəsini həvəslə sürən həmyerlilərimizin sayı hər keçən gün bir az da artır. Düzdür, paytaxtımızda Avropa şəhərlərindəki kimi velosipedin nəqliyyat vasitəsi kimi istifadəsi üçün xüsusi yollar yoxdur. Ancaq bu amil velosipeddən istifadənin kütləviləşməsinin qarşısını almır. Sevindiricidir ki, bu maraq velosiped idmanından da yan keçməyib. Kiçik yaşlarında velosiped sürməyi hobbi halına gətirmiş uşaqlardan veloidmanda özünü sınamaq istəyənlər də az deyil. Bu cür gənclərdən biri də Mikayıl Səfərlidir.


Futbolla başlayan karyera

Mikayıl Səfərli 1999-cu il, fevralın 8-də Bakıda dünyaya göz açıb. O, velosipedin rolundan tutanda hələ heç məktəbə belə getmirdi. Mikayıl cəmi 4 yaşında velosipedə meyl salır. Ancaq onun velosiped idmanı ilə məşğul olması üçün hələ bir müddət vaxt tələb olunurdu. Bir çox uşaq kimi Mikayıl da kiçik yaşlarında dünyanın şah idmanı sayılan futbolu sevirdi. Ancaq bu sevgi məhəllədə adi futbol oynamaq həvəsini geridə qoymuşdu. O, futbol məktəbinə yazılmaq, bu idman növünün sirlərinə yiyələnmək istəyirdi. Elə bu istək onun yolunu "Qarabağ”dan salır. Mikayıl 9 yaşında Ağdam klubunun aşağı yaş qrupuna qoşulur. Gələcək velosipedçi futbolla cəmi 3 il məşğul olur. Maraqlıdır ki, Mikayıl futbolla məşğul olduğu zaman bir-birinə zidd olan iki mövqedə çıxış edib - hücum və qapı. Ancaq o, sonda bu mövqelərin heç birində çıxış edəsi olmur. Yox, Mikayılın məşqçisi heç də onu başqa mövqedə sınamaq qərarına gəlmir. Qərar verən Mikayıl özü olur.
Topu velosiped sükanına dəyişir
Vaxt tapdıqca təhsil aldığı məktəbin yanındakı 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq, Gənclər İdman Məktəbində velosiped sürən Mikayıl, sonda gələcəyini bu idman növü ilə bağlamaq qərarına gəlir. Burda məşqçi kimi çalışan Əbülfəz Məmmədov Mikayıldakı potensialı görür və onu məktəbə qəbul edir.

Ailədə narazılıq olsa da...

Ancaq onun bu qərarı ailədə heç də birmənalı qarşılanmır. Mikayıl hələ futbolla məşğul olanda onun dərslərində geri qalacağından ehtiyat edən valideynləri, oğullarının idmandan uzaq durmasının tərəfdarı idilər. Gənc velosipedçi dərslərində yaxşı qiymətlər alanda evdə heç bir problem olmurdu. Ancaq dərslərindən geri qalmağa başlayan kimi onun idmandakı gələcəyi müzakirə mövzusuna çevrilirdi. Mikayılın valideynləri övladlarını təhsilli biri kimi görmək istəyirdilər. Onun dərslərinin "axsaması” valideynləri tərəfindən narazılıqla qarşılansa da, Mikayıl bu geriliyi idmandakı nəticələrilə kompensasiya etməyi bacarır. Dərslərdəki uğursuzluğu idmandakı yaxşı nəticələrlə kölgədə qoyan Mikayıl, tezliklə evdəkilərə özünü velosipedçi kimi qəbul etdirməyi bacarır.

Dəyişməz çempion

Nəticə qazanmaq üçün çox gözləməyə ehtiyac olmur. O, 2012-ci ildə qatıldığı ilk yarışda - şosse üzrə Azərbaycan çempionatında 2-ci olur. Bundan sonra qatıldığı ölkə çempionatlarını isə fəxri kürsünün birinci pilləsində başa vurur. 2013-cü ildən etibarən Mikayıl öz yaşıdları arasında Azərbaycan çempionatlarında birinciliyi heç kimə vermir. Ölkədaxili yarışlarda rəqib tanımayan Səfərli ilk beynəlxalq yarışına 2014-cü ildə çıxır. O, Rusiyada təşkil edilən yarışı 39-cu pillədə başa vurur. Bundan sonra isə İtaliyada, Sloveniyada velosipedin şosse növü üzrə yarışlarda da iştirak edir. Ən yüksək nəticəyə isə Rusiyada keçirilən yarışda imza atır. Mikayıl 2015-ci ildə şimal ölkəsindəki beynəlxalq turniri 10-cu pillədə başa vurur. Həmin ildə gənc velosipedçi daha bir nəticə ilə diqqət mərkəzinə düşür. Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa Yeniyetmələrin Yay Olimpiya Festivalında 100 velosipedçi arasında 34-cü olur. Bu, azərbaycanlı idmançıların analoji yarışda əldə etdiyi ən yüksək göstərici olur. Özünün sözlərinə görə, məhz Tbilisidə keçirilən yarışdakı nəticə Mikayılda öz gücünə bir az da inam yaradır.

İsti Qətərdə uğursuzluq, soyuq Norveçdə bəraət şansı

Ötən il isə gənc velosipedçi karyerasının ən çətin sınağına çıxır. O, Qətərin paytaxtı Dohada təşkil edilən dünya çempionatında Azərbaycanı təmsil edir. 130 km məsafəyə şosse yarışı Mikayıl üçün uğurlu nəticələnmir. Belə ki, o, 90 km-dən sonra yarışı dayandırmalı olur. Mikayılın yarışı başa çatdıra bilməməsində zədəsi böyük rol oynayır. Ancaq gənc velosipedçi bu nəticəni elə bu il unutdura bilər. Qarşıda Mikayılı iki mühüm yarış gözləyir. Belə ki, o, bu ilin sentyabrında Avstriyadakı Avropa çempionatında və bundan iki ay sonra Norveçdə keçiriləcək dünya çempionatında ötən ilki uğursuzluğu unutdura bilər.


Şəkil çəkməyi xoşlayır

Velosiped idmanından öncə futbolla məşğul olmuş Mikayıl indi də bu idman növü ilə maraqlanır. O, İspaniya "Real”ının azarkeşidir. Gənc idmançının sevimli futbolçusu isə "kral klubu”nun "vuran ayağı” Kriştiano Ronaldodur.
Mikayılın velosipeddə də seçimi ispanlardı. O, ispan velosipedçi Alberto Kantedora pərəstiş edir. Gənc idmançının digər kumiri isə slovakiyalı Peter Saqandır.
Mikayıl əlavə məşğuliyyət kimi şəkil çəkməyi xoşlayır. Onun musiqiyə də marağı var. Ən çox xarici mahnıları dinləməyi sevir. Adrenalin verən mahnılara isə daha çox üstünlük verir.

Hədəfi

Mikayılın əsas hədəfi ölkənin əsas velosiped klubu olan "Sinerji Baku”ya düşməkdir. O, "18 yaşımdan sonra "Sinerji Baku” komandasına düşmək istəyirəm. Bundan sonra idmanda daha çox uğur qazanacağıma inanıram” deyir.
Ancaq ölkənin əsas komandasına düşməklə kifayətlənmək istəmir. Mikayılın yaxın gələcəkdəki əsas arzusu Norveçdə keçiriləcək dünya çempionatında yaxşı nəticə qazanmaqdı. Skandinaviya ölkəsindəki mötəbər yarış həm də, Mikayıla ötən il Qətərdə keçirilmiş analoji yarışdakı uğursuzluğu unutdurmaq üçün əla fürsət verir. Lakin gənc velosipedçinin bundan da böyük hədəfi var. O, 2020-ci ildə Yaponiyanın paytaxt Tokioda keçiriləcək Olimpiadada çıxış etmək istəyir.
Mikayılın əsas hədəflərindən biri isə məktəbi bitirdikdən sonra ali təhsil almaqdı. Gənc velosipedçi Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almaq istəyir.


Portreti
Mikayıl ölkəmizin uğurlar qazandığı idman növlərindən birini yox, yeni-yeni inkişaf etməkdə olan velosipedi seçib. O, özü barəsində "heç vaxt ruhdan düşmürəm” deyir. Elə bu xüsusiyyəti onun ölkəmizin uğura ac olduğu bu idman növündə daha yaxşı nəticələr əldə etməsi uğrunda əsas "silahı”dır. Mikayılın əsas hədəfi Tokioda təşkil ediləcək olimpiadada ölkəmizi təmsil etməkdi. Daim öz üzərində çalışan, hətta məşqdən kənarda da "dəmir at”ından ayrı qalmayan gənc idmançının bu arzusu heç də əlçatmaz deyil. Ancaq onun Yaponiya paytaxtına gedən yolu şosse yarışlarının keçirildiyi asfalt yol kimi düz olmayacaq. Bunun üçün o, daha əzmlə, istəklə çalışmalı, dünya və Avropa çempionatlarında ölkəmizi ən yaxşı şəkildə təmsil etməlidir. Hər nə qədər çətin olsa da, Mikayılın öz sözü ilə desək, "əsas istəkdir, istək olan zaman isə hər şeyin öhdəsindən gəlmək olar”.

banner

Oxşar Xəbərlər