• cümə, 19 Aprel, 11:05
  • Baku Bakı 13°C

"Demək, yaşamağa dəyər..."

10.01.19 15:09 1191
"Demək, yaşamağa dəyər..."
Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonu çoxdan idi ki, belə izdiham görməmişdi. Rəssamlar, incəsənət adamları, tələbələr, media nümayəndələri Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin 70 illiyinə həsr olunan sərgiyə toplaşmışdılar. Bu, Azərbaycan sənətşünaslıq elmində xüsusi xidməti və yeri olan sənətşünasın sənətinə verilən bəlkə də ən gözəl dəyər idi...
"Ziyadxan Əliyevin Azərbaycan sənətşünaslıq elmində xüsusi yeri var. O, 40 ildən çoxdur ki, təsviri sənətimizin müxtəlif sahələrini, onun inkişaf tendensiyalarını, ayrı-ayrı sənətkarların yaradıcılığını ardıcıl araşdırmaları ilə yerli və xarici ölkələrin mətbuatında təbliğ etməkdədir”- deyə Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov qeyd etdi: "Sənətşünasın ABŞ, Rumıniya, Rusiya, Ukrayna, Gürcüstan, İran, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyə mətbuatında çap olunan elmi-publisistik məqalələrini qeyd etmək olar. O, hər zaman cəsarətli sənətşünas kimi əsl sənət fədailəri, onların yaradıcılıqları haqqında yazıb. Ziyadxan Əliyev 20-dən çox monoqrafiyanın və yüzlərlə elmi-publisistik məqalənin müəllifidir. O, həmçinin Rəssamlar İttifaqının nəzdindəki "Tənqid və sənətşünaslıq” bölməsinin sədri kimi milli incəsənətimizi fəal şəkildə nəinki respublikamızda, onun sərhədlərindən çox-çox uzaqlarda da təbliğ etməkdədir”.
"İndiyə qədər heç bir sənətşünasın yubiley sərgisi keçirilməyib və bu qədər təntənəli olmayıb”- deyən Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov yubilyarın sənətşünas kimi peşə xüsusiyyətlərini önə çəkdi: " Ziyadxan həmişə rəssamların yanında olub, emalatxanalarda onlarla birlikdə oturub. O, həmişə incəsənət sahəsində hansı hadisələrin, yeniliklərin baş verməsindən xəbərdar olub. Onun yazıları incəsənətin, rəssamlıq sənətinin inkişafına təkan verib”.
"Mən həm Səttar Bəhlulzadəni, həm Bəhruz Kəngərlinin yaradıcılığını Ziyadxan Əliyevin yazdıqlarını oxuyandan sonra fərqli başa düşdüm”- Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi ürək sözlərini dilə gətirdi: "İndiki postmodern və qlobal çağda sənətşünaslar olmadan bu günün ən populyar rəssamının da təqdimatı mümkün olmaz. Bu baxımdan Ziyadxan Əliyev Bəhlul Səttarzadədən tutmuş Günay Mehdizadəyə qədər bütün Azərbaycan rəssamlığını öz qələmi ilə dünyaya tanıtdıran bir sənət tarixçisidir. Bu cür sənətşünaslar olmadan, rəssamlıq sənətinin dünyaya çatması çox çətindir. Ona görə, Ziyadxan müəllim kimi sənətşünasların çoxalmasına ehtiyac var. Azərbaycan rəssamlığında bu səpkidə tənqidçi və sənətşünasın yetişməsi lazımdır”. İ.Çiftçi sənətşünasın yaradıcılığına həsr olunan sərginin Türkiyədə də təqdim olunması fikrində olduqlarını bildirdi: "Biz sənətşünasın işlərini Türkiyədə də dəyərləndirmək arzusundayıq. Onun gözü, fəlsəfəsi ilə Azərbaycan rəssamlığının yenidən təqdim olunması lazımdır. Bu, Ziyadxan Əliyevin bir sənətşünas gözü ilə qiymətləndirdiyi əsərlərdən ibarət sərgidir. Azərbaycan Rəssamlar İttifaqının bu innovativ sərgi ideyası çox uğurlu və önəmlidir”.
Sərginin digər iştirakçıları - Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı Zərifə Salahova, Mədəniyyət Nazirliyinin sektor müdiri Qalib Qasımov, şair-publisist Azər Abdulla və başqaları Ziyadxan Əliyevin müasir Azərbaycan sənətşünaslığında təsviri sənətin ən müxtəlif problemləri haqqında dolğun və ətraflı tədqiqat işi apardığını bildirdilər: "Ziyadxan Əliyev hər bir yeni işində axtarışlara meyilli olan və faktlara əsasən yeni söz deməyi bacaran sənətşünasdır. Onun üstün cəhəti o olub ki, həmişə sözünü deyən olub. Düzü düz, əyrini əyri söyləyib, yaxşını da deyib, pisi də. O, rəssamlarla dil tapmağı bacarıb. Ziyadxan müasir Azərbaycan incəsənətinin salnaməsini yaradıb”.
Tədbirə toplaşanların maraq və sevgisindən məmnun olan sənətşünas ürək sözlərini «Demək, yaşamağa dəyər» fikirləri ilə ifadə etdi: "Doğrudan da, incəsənət tarixində sənətşünasın yubileyi ilə bağlı belə bir təntənəli yubiley tədbiri keçirilməyib!” Sənətdə kumirinin görkəmli rəssam Səttar Bəhlulzadə olduğunu deyən Z.Əliyev gənclik illərini vərəqlədi: «Səttar Bəhlulzadə mənim sənətşünas olmağımı istəmirdi. Mən Rəssamlıq Məktəbini fərqlənmə diplomu ilə bitirəndə «Sən İncəsənət İnstitutunun rəngkarlıq fakültəsində oxu» deyə məsləhət verdi. Ancaq mən «Sənətşünas olmaq istəyirəm» deyərək, inad etdim. Səttar müəllim məni bu fikrimdən döndərməyə çalışdı. Ancaq inad etdiyimi görəndən sonra məni qucaqlayıb, uğurlar arzuladı. Sonradan Səttar Bəhlulzadə haqqında «Sənətin Məcnunu» kitabını yazanda rəssamın gündəlikləri ilə tanış oldum. O, dövrünün sənətşünaslardan narazı idi. Başa düşdüm ki, mənim də həmin sənətşünasların sırasında olmağımı istəmirmiş». Z.Əliyev bu gün Azərbaycan sənətşünaslığının düzgün yolda olduğunu qeyd etsə də, müəyyən nöqsanların olduğunu da dilə gətirdi: «Sadəcə, sənətşünaslığımızda cəsarət çatışmır. Mən həmişə deyirəm: sənətşünas həm şair, həm filosof, həm də cəngavər olmalıdır». Yubiley sərgisinə özü haqqında yazdığı «Sənətşünas taleyi» kitabını hədiyyə etdiyini deyən sənətşünas, taleyindən bəhs edən nəşrdə həyat və fəaliyyəti haqqında bütün məqamların yer aldığını vurğuladı: «Təkcə ailənin namusu olmur, peşənin də namusu var. Sevinirəm ki, sənətşünaslıq peşəsinə heç vaxt xəyanət etməmişəm”.
Rəsmi hissədən sonra sənətşünasın yubileyinə həsr olunan sərgiyə baxış keçirildi. Qeyd edək ki, sərgidə Ziyadxan Əliyevin, haqqında yazdığı rəssamların hər birinin bir əsəri nümayiş olunur.

Sərgidə iştirak etdi
Təranə Məhərrəmova

















banner

Oxşar Xəbərlər