• cümə, 19 Aprel, 05:42
  • Baku Bakı 18°C

“Dəli yığıncağı” niyə dəbə mindi?

15.02.20 09:00 5493
“Dəli yığıncağı” niyə dəbə mindi?
Sənətşünas indiki tamaşalarda cəmiyyətə ötürülməli mesajların olmadığını vurğulayır, tənqidçi isə müasir dramaturgiyanın zəif olduğunu əsas gətirir
Klassika bütün dövrlərdə aktualdır. Məsələn, teatrlarımızda yerli və xarici klassiklərin əsərlərinə həmişə rast gələ bilirik. Paytaxt və bölgə teatrlarımızın səhnəsində dəfələrlə səhnələşdirilmiş hansısa klassik əsərə yenidən müraciət olunduğunu az görməmişik. Ancaq "2-3 əsr bundan qabaq yaşanan hadisə bu gün nə qədər aktual ola bilər?” - deyə düşünməyə də bilmirik. Bəs, teatrlarımızın repertuarında müasir əsərləri nə qədər tez-tez izləyə bilirik? Sonra isə hamıya tanış olan suallar yada düşür: "Teatrlara niyə maraq yoxdur?”, "teatrlarımız niyə müasirlikdən uzaqdır?”
Bu gün əsərləri səhnədə yer almağa layiq olan dramaturqlarımız kifayət qədərdir. Ancaq onların hansı birinin əsərinin səhnə həlli ilə rastlaşırıq? Əsərləri aşağı səviyyəli olan dramaturqlarımız da var ki, onların yazdıqlarının teatrlarda səhnəyə qoyulması düzgün hesab edilmir. Çünki o əsərlər heç də aktual deyil.
Mövzumuza uyğun bir fakta diqqətinizi cəlb etmək istəyirəm: Mövsüm açılar-açılmaz, oktyabrın 10-dan 20-dək "YARAT" Müasir İncəsənət Məkanında 3-cü M.A.P. Beynəlxalq Teatr Festivalı keçirildi. Festival Kamran Şahmərdanın rejissoru olduğu "Dəli yığıncağı” tamaşası ilə başladı. Daha sonra istedadlı rejissor, əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda Akademik Milli Dram Teatrında eyni əsər səhnələşdirildi. Hazırda isə C.Məmmədquluzadənin "Dəli yığıncağı” əsəri Gənc Tamaşaçılar Teatrında xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanır.Bu yerdə tamaşaçılarda haqlı sual yaranır: başqa əsər yoxdurmu? Əcəba, teatrlarımızın eyni əsərə təkrar-təkrar müraciət etməsinə səbəb nədir? Bəlkə klassik əsərlərdə də qıtlıq yaşayırıq? Yoxsa bu, rejissorlar arasında olan intriqaların nəticəsidir?
Sənətşünas Ənvər Börüsoy deyir ki, teatrlarımızda yalnız direktor və baş rejissorlar hər şeyi həll edir və məhz buna görə də teatrlarda inkişaf baş vermir: "Ötən il Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibəti ilə teatrlarımıza onun əsərlərinə müraciət etmək tapşırıldı. Gəlin görək, hansı teatrımız Mirzə Cəlilin əsərinin dili ilə yeni fikir ortaya qoydu? Mirzə Cəlilin yubileyi oldu, ancaq onun yaradıcılığına həsr olunmuş normal festival keçirildimi? Teatr tənqidçiləri, sənət adamları bura səfərbər olundumu? Teatrlarımız Mirzə Cəlilin yaradıcılığı ilə bağlı hansı mesajları ötürdülər? Olmadı, çünki rejissorlarımız yeni fikir söyləməkdən çəkinirlər. Fərq eləmir, klassik və digər janrlara müraciət olunsun, əsas, qoyulan səhnə əsərinin mövzusu və motivi ilə bağlı tamaşaçıya ötürülən mesajlardır. Bir ölkə mədəniyyəti o zaman inkişaf edir ki, teatr prosesi yeni anlayış, düşüncələr, yeni baxışlar, estetik görüşlər gətirir. Cənab prezident İlham Əliyev iki dəfə teatr haqqında qanun və sərəncam imzaladı. Bunlar teatrlar üçün strateji əhəmiyyətli qanunlardır. Mədəniyyət Nazirliyi və teatr direktorları həmin qanunlara lazımınca əməl etmirlər. Bütün sahələrdə islahatlar getsə də, teatrlarımızda bu, baş vermir. Teatr o zaman inkişaf edir ki, rejissor sərbəst olsun. Bir rejissor bütün tamaşaların müəllifinə çevrilməməlidir. Bu, yazılmamış qanundur. Mövsüm ərzində bir teatrda 4-5 tamaşa səhnələşdirilirsə, bunun hamısının müəllifi baş rejissor və direktor olmamalıdır. Diqqət etsəniz görərsiniz ki, hər teatrın baş rejissoru və direktoru elə həmin teatrda əsas tamaşaların qurucusudur. Teatr direktorları imkan vermir ki, gənc dramaturqlar, yeni aktyorlar yetişsin. Misal üçün, Akademik Milli Dram Teatrında 24-25 yaşlı bir aktyor tapa bilməzsən. Digər teatrlarda da eyni proses baş verir”.
Sənətşünas hazırlanan tamaşaların heç bir mesaj ötürmədiyini və yeniliyi nümayiş etdirmədiyini qeyd edir: "Çünki bu tamaşalardan ortaya qoyulacaq anlayışlar çıxmır. "Dəli yığıncağı”na gəldikdə isə, hər iki rejissorun müəllifliyi ilə hazırlanan bu tamaşaların heç birində yeni fikir yoxdur. Məsələn, niyə Mirzə Cəlil əsərin adını "Dəli yığıncağı” qoyub, bu gün "Dəli yığıncağı” ilə cəmiyyət necə uzlaşır? Əgər əsər səhnəyə qoyulursa, onun bir mesajı olmalıdır. Sadəcə, bu gün teatrlarımız məsələyə "Mirzə Cəlilin yubileyidir, hər teatr tamaşa hazırlamalıdır, biz də hazırladıq” kimi yanaşırlar. Bu səbəblərdən də nə aktyor, nə də rejissor sənəti inkişaf edir. Təəssüflər olsun ki, adını teatrşünas qoymuş, elmi titulları ilə özünü zənginləşdirən heç kim də çıxıb bu barədə danışmır. Dəyirmi masalar keçirilməli, müzakirələr olmalıdır. Teatrların bədii şuraları bir söz deyə bilmirlər. Çünki ortada direktor söhbəti var. Nə vaxt ki "direktor teatrları” fəaliyyətinə son qoyular o zaman da teatrlarımız inkişaf edər”.
Tənqidçi Nərgiz Cabbarlı deyir ki, istənilən halda klassika elə klassikadır: "Klassikaya müraciət hər zaman aktualdır. İkincisi, fikir verirsinizsə, bu əsərə müraciət edən rejissorların heç biri təsadüfi rejissor deyil. İstedadlı, öz sözünü deyən, deməyi bacaran sənətkarlardır. Deməli, seçim göydəndüşmə ola bilməz. Və əsasən, digər maraqlar yoxdursa – yəni əsər müəllifinin reputasiyası, nüfuzu, teatra tamaşaçı qazandıracaq populyarlığı, yaxud rejissorun özünün hansısa əsəri səhnələşdirmək arzusu və s. – rejissor o əsərə müraciət edir ki, onun vasitəsilə cəmiyyətlə, müasir dövrlə, müasir insanın psixoloji-mənəvi durumu ilə, problemləri və s. ilə bağlı mətnaltı da olsa, tamaşaçıya hasısa mesajları ötürməyə çalışır. Tamaşa təkcə hansısa əsərin estetik planda təqdimatı, yaxud rejissorun özünün reallaşdırmağa çalışdığı müəyyən estetik qayəsi, ideyaları deyil. Ona ancaq sənət nümunəsi kimi yanaşmaq doğru olmaz. Klassika ona görə klassikadır ki, hər zaman müasirdir və müasir cəmiyyətin ruhu, ovqatı ilə səsləşir, onu ifadə edir, güzgütək göstərir. Və rejissor hər zaman o klassik əsərə üz tutur ki, o, rejissora özünü reallaşdırmağa imkan verməkdən başqa, həm də hansısa qənaətlərini, düşüncələrini ifadə etməyə şərait yaratsın. Bu mənada, mənə elə gəlir ki, "Dəli yığıncağı”na üz tutulması təsadüf sayıla bilməz. Bir də... ümumiyyətlə, "dəlilik”, "dəlixana”, "keflilik”, insanın haqsızlıq, mənəvi və sosial ədalətsizlik və s. qarşısında yaşadığı ruhi sarsıntıya qurban olması - bütün bunlar aktual məsələlərdir. Əsəri yadınıza salın. Cəmiyyətə mötəbər şəxsiyyət kimi təqdim olunanlar, əxlaq düşkünləri, yalançı dindarlar, bütün insani münasibətlərin sosial-psixoloji təhlili, insanları – dəliləri müalicə etmək üçün xaricdən gətirilən həkim... Sizə heç nəyi xatırlatmır məgər?”.
N.Cabbarlı qeyd edir ki, həm də bu səbəbdən son zamanlar bu mövzu teatrlar üçün də aktuallıq kəsb edir: "Məsələn, Pantomima Teatrında elə bu günlərdə baxdığımız "6+1 nömrəli palata”nı xatırladım... Yəni, ümumi qənaət belədir ki, əsər bir çox problemlərlə bağlı mesaj ötürülməsinə şərait yaradır. Bir də onu da yaddan çıxarmayaq ki, müasir dramaturgiyanın zəif olduğu bir şəraitdə rejissorun xarici müəlliflərə və öz klassiklərimizə üz tutmaqdan başqa hansı yolu qalır ki? Yəni, yuxarıda göstərdiyim səbəblə yanaşı, bu mənada da onları çox gözəl başa düşürəm”.
Yazar Ramilə Qurbanlı isə teatrlarımızın klassikaya müraciət etməsini müsbət hal kimi qiymətləndirir: "Əvvəl uzun müddət rejissorlar "Dəli yığıncağı"nı səhnələşdirməyə cəsarət etmirdi. Bu baxımdan, tilsimi Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova qırdı, sözügedən əsər Gəncə teatrında hazırlandı. Bu tamaşa çox yaxşı hazırlanmışdı, maraqlı yanaşma idi. Ondan sonra rejissorlara sanki bir cəsarət gəldi. Yəqin sənət dəbi də belə olur. İndi digər rejissorların da bu əsərə müraciət etdiyini qeyd edirsiniz, hazırlasınlar, uğurlu olsun təki”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər