• cümə axşamı, 25 aprel, 02:59
  • Baku Bakı 19°C

Dəli Kürün kürlüyünü alan səbəblər

19.06.20 09:00 586
Dəli Kürün kürlüyünü alan səbəblər
Ekspertlər deyir ki, problemin həlli üçün kompleks tədqiqatlar aparılmalıdır
Son dönəmlər pandemiyanın yaratdığı fəsadlar bəs deyilmiş kimi, bir də ekoloji problemlə üzə-üzə qalmışıq. Belə ki, bir neçə gündür ki, Xəzər dənizinin suyunun Kürə qarışması və çayda suyunun səviyyəsinin kəskin şəkildə azalması insanları ciddi ekoloji problemlə qarşı-qarşıya qoyub. Məsələnin nə yerdə olduğunu və Kürün suyunun azalma səbəblərini öyrənməyə çalışdıq.
Mövzu ilə bağlı açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev mediaya bildirib ki, çayda suyun azalması qısamüddətli xarakter daşıyır: "Son günlər ölkə ərazisinə düşən yağıntının miqdarının normadan az olması və çaylarda sululuğun azalması nəticəsində Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Kür çayında suyun səviyyəsinin azalması ilə əlaqədar çayda axının sürəti də azalıb. Bu dövrdə şimal-şərq istiqamətli küləyin davamlı olması və arabir güclənməsi nəticəsində dalğalanma baş verib və dənizdən Kür çayının axınına doğru əks axın əmələ gəlib. Belə hadisə təbii amillərlə bağlı olduğundan, qısamüddətli xarakter daşıyır”.
Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov da problemin ciddiliyini təsdiq etdi: "Kür çayında suyun miqdarı o qədər azalıb ki, ərazidə olan geomüxtəliflik məhv olur. Əhali fikirləşməlidir ki, su bir əmtəədir. Əgər su boru vasitəsi ilə Oğuzdan, eləcə də digər regionlardan şəhərə gəlirsə, artıq əmtəəyə çevrilir. Əmtəənin isə qiyməti var, yəni suyun qiymətini bilmək lazımdır. İnsanlar fikirləşir ki, sudan harada olsa, nə qədər istəsə istifadə edə bilərlər. Əslində belə deyil, suya qənaətlə yanaşmaq lazımdır. Üstəlik, Azərbaycan kimi su ehtiyatları qonşularla müqayisədə nisbətən az olan bir ölkədə sudan səmərəli istifadə etməkdən başqa yol yoxdur”.
Qeyd edək ki, akademik Ramiz Məmmədov başda olmaqla, AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov və Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, dosent Mirnuh İsmayılov 3 gün müddətində Neftçala və Sabirabad rayonlarında ezamiyyətdə olublar. İnstitutdan verilən məlumata görə, tədqiqat qrupunun məqsədi son zamanlar Kür çayının aşağı axınında yaranmış su probleminin tədqiqi, səbəblərinin araşdırılması və tövsiyə tədbirlərinin hazırlanması olub.
Alimlər Azərbaycanın baş su arteriyası olan Kür çayında suyun səviyyəsinin iyun ayında, yəni suya tələbatın artdığı yay fəslinin başlanğıcında kəskin şəkildə azalmasını, hətta Neftçala rayonunun Xıllı məntəqəsindən çayın mənsəbinə qədər olan yatağın tamamilə dəniz suları ilə tutulmasını müşahidə ediblər. Onlar bildiriblər ki, bu vəziyyət çayın deltasında və ona yaxın ərazilərdə sıx məskunlaşmış əhalinin su ilə təminatında ciddi problemlər yaradıb. Xıllı məntəqəsi ilə Salyan şəhəri arasında Kür çayı dəniz suyu ilə qarışmış halda və ya az da olsa, çay suyu şəklində axır. Çayın bu hissəsində vaxtı ilə 100-150 m. enində yataq boyu su axdığı halda, hazırda səviyyənin kəskin şəkildə azalması ilə əlaqədar olaraq sulu yatağın eni bəzi yerlərdə 4-5 metrə qədər azalıb. Çay yatağı boyunca ölçülərini tez-tez dəyişən uzunsov adalar əmələ gəlib. Bəzi yerlərdə çay yatağının akkumulyativ sahilləri tamamilə sudan azad olub. Kür çayında suyun azalması ilə adaların əmələ gəlməsi və ya yatağın quru hissələrinin genişlənməsi prosesi Sabirabad rayonunda və həmçinin Araz çayının yatağında da müşahidə edilib.
Tədqiqatçılar çayda suyun azalmasının və dəniz suyunun çay dərəsinə dolmasının bir-neçə səbəbini aydınlaşdırıblar. Bunlardan birincisi, Xəzər dənizi səviyyəsinin dövrü olaraq qalxıb-enməsi ilə əlaqədar, aşağı axında çayda dib eroziyasının tez-tez dəyişməsi və çay dərəsinin dibinin dəniz səviyyəsindən aşağı düşməsi; ikincisi, Kür çayının bu hissəsində asılı materialların kəskin azalması; üçüncüsü, çay yatağının relyefinə kəsilən Xıllı basdırılmış qalxmasının təsiri ilə süxur laylarının qırışması və yataqda gedən eroziya proseslərinin dəyişməsi; dördüncüsü, əsas amillərdən biri Xəzər dənizinin Neftçala sahilləri üçün xarakterik olan şərq, şimal-şərq və cənub-şərq istiqamətli küləklərin təsiri ilə dəniz suyunun Kür çayının mənsəbinə və yataq boyu çay axınının əksinə qovularaq çay məcrasının doldurulması; beşinci səbəb, Kür və Araz çayları boyunca, eyni zamanda, Kürün qolları üzərində mövcud olan qum-çınqıl karxanalarının təsiri; altıncısı, Kür çayının su potensialı ilə istehlakçı arasında münasibətlərin düzgün idarə edilməməsi və sairdir.
Kür çayında məcra prosesləri çox mürəkkəb olduğu üçün digər səbəblərin də mövcudluğu qaçılmazdır. Bütün bu problemlərin həlli Kür çayı boyunca əsaslı şəkildə kompleks hidroloji, iqlim, hidrogeoloji, geomorfoloji, landşaft və hidroiqtisadi tədqiqatlar aparmağı tələb edir.
Günel Azadə
banner

Oxşar Xəbərlər