• cümə axşamı, 28 mart, 17:03
  • Baku Bakı 16°C

Dələduzluqda təqsirləndirilən keçmiş bələdiyyə sədri zərərçəkənlərə 3900 manat ödəyib

05.10.17 15:00 1891
Dələduzluqda təqsirləndirilən keçmiş bələdiyyə sədri zərərçəkənlərə 3900 manat ödəyib
Abşeron rayonu, Qobu bələdiyyəsinin dələduzluqda, mənimsəmədə və saxta sənəd düzəltməkdə təqsirləndirilən keçmiş sədri Ənvər Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən bildirib ki, zərərçəkənlərə dəyən ziyanın böyük hissəsini ödəyib: " 3900 manat ödəmişəm. Yalnız Elbrus adlı zərərçəkmişin pulu qalıb. Bunu da ödəyəcəyəm. Xahiş edirəm ki, buna görə mənə müəyyən qədər möhlət verin".
Hakim Ə. Əmiraslanovun xahişini nəzərə alıb və məhkəmə prosesi oktyabrın 12-dək təxirə salınıb.
İttihama görə, Ə. Əmiraslanov vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək, ona etibar edilən özgə əmlakı xeyli miqdarda ziyan vurmaqla talayıb, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirib, hüquq verən rəsmi sənədi saxtalaşdırıb. O, 2010-2015-ci illərdə Abşeron rayonu, Qobu bələdiyyəsinin sədri vəzifəsində işləyərkən, özgə əmlakını talamaq məqsədilə Qobu bələdiyyəsinin hesabına ayrı-ayrı daxilolmalar üzrə xəzinəyə mədaxil edilmiş mövcud pul vəsaitindən 4000 manat məbləği mal-material alınması adi ilə məxaric edib, lakin həmin məbləğ üzrə heç bir mal-material almadan qanunsuz olaraq özünə götürüb.
Bundan əlavə, o, həmin vəzifədə işləyərkən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə 2013-cü ildə bələdiyyəyə müraciət etmiş Bakı şəhər sakini Nuriyev Rəhman Saleh oğluna Qobu qəsəbəsində 0,08 ha torpaq sahəsini 2000 manata, Sumqayıt şəhər sakini Qəribov Samir Nəcməddin oğluna 0.08 ha torpaq sahəsini 2000 manata satmaqla onların adına rəsmiləşdirəcəyinə yalandan vəd verib. O, zərərçəkmişlər Namiq Abdullayev, Samir Qəribov və Rəhman Nuriyevdən bələdiyyənin inzibati binasındakı xidməti otağında ümumilikdə 10000 manat pul alaraq, dələduzluq edib. Eyni dələduzluq əməlləri ayrı-ayrı adamlara qarşı təkrarən törədilib.
Barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilən Ə. Əmiraslanov barəsində Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 320.1-ci maddələri ilə cinayət işi başlanıb.
banner

Oxşar Xəbərlər