• cümə, 26 Aprel, 12:23
  • Baku Bakı 23°C

Dəhşətləri gözü ilə görmüş qəhrəman

24.02.15 06:27 3028
Dəhşətləri gözü ilə görmüş qəhrəman
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt ediblər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulub. Nəticədə şəhərdə yanğınlar baş verib və fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova bürünüb. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə yaşayış məntəqəsini tərk etməyə məcbur olublar. Lakin dinc əhalinin bu niyyəti baş tutmayıb. Şəhəri yerlə yeksan edən erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə də divan tutublar. XX əsrin ən qanlı faciəsi hesab olunan Xocalı soyqırımında yalnız azərbaycanlı olduqlarına görə 613 nəfər öldürülüb ki, onlardan 63-ü uşaqlar, 106-sı qadınlar, 70-i qocalar olublar. Bu qətliam nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Yaralanmış 487 nəfər şəhər sakinindən isə 76-nı uşaqlar təşkil edib. Ermənistan Respublikasının sabiq və indiki prezidentləri Robert Köçəryan, Serj Sarkisyan, müdafiə naziri Seyran Ohanyanın bilavasitə rəhbərliyi ilə həyata keçirilən bu hərbi cinayət nəticəsində 1275 nəfər Xocalı sakini əsir götürülüb, çoxsaylı fiziki və mənəvi işgəncələrə məruz qalıb. Bəşəriyyətə qarşı yönəlmiş bu soyqırımı zamanı 150 nəfər itkin düşüb ki, onlardan bu günə qədər də xəbər yoxdur.
Xatirəyə çevrilən ömür yolu

Həmin hadisələrin canlı şahidləri, o cümlədən vaxtilə əsir və girovluqda olanlar, həmçinin Xocalı sakinlərinin harayına yetişən Azərbaycan Ordusunun əsgərlərinin böyük əksəriyyəti indi də həyatdadırlar. Belə insanlardan biri də Ağdam rayonu Əhmədavar kəndinin könüllülərdən ibarət bölüyünün komandiri olmuş Oruc Cabbarovdur. Onunla ötən həftə Ağdam rayonundakı 18 saylı tam orta məktəbdə təsadüfən rastlaşdım. Gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması üçün təşkil olunmuş mərasimdə çıxış edən O.Cabbarov keçdiyi döyüş yolundan, Xocalı sakinlərinin xilas edilməsi əməliyyatından danışırdı. Belə qərara gəldim ki, olduqca maraqlı xatirələri bölüşən O.Cabbarovla tədbirdən sonra mütləq həmsöhbət olum. Görüşüb məqsədimi ona dedikdə, heç tərəddüd etmədən, mehribanlıqla evinə dəvət etdi. Qonaqpərvərliyinə görə minnətdarlığımı çatdırıb elə məktəbdəcə O.Cabbarovla xeyli söhbət etdik, onun həyat yoluna birgə nəzər saldıq.
Əhmədavarın könüllü özünümüdafiə dəstəsi

Qeyd edək ki, O.Cabbarov 1962-ci il martın 20-də Əhmədavar kəndində anadan olub, bu yaşayış məntəqəsində boya-başa çatıb. Kənddə səkkizillik məktəbi bitirdikdən sonra Ağdamda 50 saylı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnib. 1980-1982-ci illərdə Rusiyada sovet qoşunları tərkibində hərbi xidmətdə olub. Əsgərlikdən birbaşa kəndlərinə qayıdan O.Cabbarov çilingər kimi avtomobillərin təmiri ilə məşğul olub. Lakin Dağlıq Qarabağda separatçılığın baş qaldırması, ermənilərin Azərbaycan ərazilərini Ermənistana birləşdirmək cəhdi bir vətəndaş kimi onun da sakit həyatına son qoyub. 1988-ci ilin fevralında Dağlıq Qarabağı Ermənistana birləşdirmək arzusu ilə ermənilər azərbaycanlıların qanına susayanda Əhmədavarda könüllü özünümüdafiə dəstəsi yaradılıb. Həmin dəstəyə qoşulanlardan biri də 25 yaşlı O.Cabbarov olub. Səksən nəfərə yaxın könüllüdən ibarət olan bu dəstənin əksəriyyətini O.Cabbarovun orta məktəbdəki sinif yoldaşları, kəndçiləri, eləcə də ətraf rayonlardan köməyə gələnlər təşkil ediblər. 1991-ci ildə könüllülərdən ibarət Qarabağ Şahinləri batalyonunda taqım komandiri vəzifəsini icra edən O.Cabbarov böyük döyüş yolu keçib, çoxsaylı çətinliklərlə üzləşib.
Cəbhəyə təkrar dönüş

Taqım komandiri O.Cabbarov Xocalı soyqırımına qədər Yeddixırman, Qaraqaya, Mərək dağları, Qarqarçay, Xatın arxının ətrafı və digər ərazilərdə ermənilərin Azərbaycan kəndlərinə hücumlarının qarşısının alınması kimi çoxsaylı döyüşlərdə iştirak edib. Azərbaycanın Milli Qəhrəmanları sabirabadlı Mübariz Əhmədov, sinif yoldaşı Canpolad Rzayev, həmkəndlisi Baxşeyiş Paşayev, “Azərbaycan Bayrağı” ordenli Xosrov Məmmədov, həmçinin Məhəbbət Tağıyev, Bəxtiyar Hümbətov, Fikrət Əliyev, Natiq Hüseynoğlu, Yasir Bayramov, kiçik qardaşı Ələddin Cabbarov, bacısının həyat yoldaşı Asif Qarayevlə bir yerdə döyüşüb. O.Cabbarov döyüşlərdə yeddi dəfə ağır yaralanıb. O, həkimlərin məsləhətinə məhəl qoymayaraq, hər dəfə xəstəxanadan evlərinə yox, təkrar cəbhə yoldaşlarının yanına qayıdıb.
Qara qaya yüksəkliyinə hücum

O.Cabbarovun ən böyük qəhrəmanlıqlarından biri də Xocalı qətliamından qurtulmaq üçün meşəyə, dağlara üz tutan əliyalın əhalinin bir qismini xilas etməsi, erməni hərbçiləri tərəfindən güllələnərək qətlə yetirilən insan cəsədlərini güllə altından çıxararaq ailələrinə təhvil verməsidir. Özünün söylədiyinə görə, Xocalı soyqırımından təxminən 10-20 gün əvvələ kimi rəhbərlik etdiyi taqımın şəxsi heyətindən heç kim evə məzuniyyətə getməyib. Xocalıya ermənilərin hücum edəcəyi barədə əvvəlcədən kəşfiyyat məlumatları olduğundan, O.Cabbarov hər an komandanlığın əmrinə müntəzir dayanıb. Ancaq təəssüf ki, Azərbaycanın o zamankı hərbi-siyasi rəhbərliyi Xocalı şəhərinin, oradakı insanların xilas edilməsi üçün heç bir tədbir görməyib. Nəticədə 1992-ci ilin fevralında xocalılara qarşı qətliam baş verib. Komandanlıqdan heç bir əmr gəlmədiyini görən O.Cabbarov məcburiyyət qarşısında qalaraq öz iradəsi ilə taqımı idarə edib. O, döyüş yoldaşları ilə birlikdə fevralın 26-sı səhər saatlarında Qara qaya yüksəkliyinə doğru hücuma keçib. Məqsəd Əsgəranla Ağdam arasında yerləşən bu yüksəklikdəki erməni postunu dağıtmaq, bununla da mühasirədən sağ-salamat çıxan Xocalı sakinlərinin yolunu açmaq olub. Çoxsaylı itkilər verilsə də, qarşıya qoyulan məqsədə nail olunub. Erməni vandallarının mühasirəsindən qaçan Xocalı sakinlərindən bir qisminin həyatı bu yolla xilas edilib. Üstəlik, həmin ərazidəki insan cəsədləri də O.Cabbarovun rəhbərliyi ilə hərbçilərimiz tərəfindən çıxarılaraq ailələrinə təhvil verilib.
Qarabağ müharibəsi veteranı, ikiqat şəhid ailəsi

O.Cabbarov Qarabağ müharibəsi veteranı, ikiqat şəhid ailəsidir. 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan vertolyot ermənilər tərəfindən vurularkən onun qardaşı Ələddin Cabbarov və bacısının həyat yoldaşı Asif Qarayev də şəhid olublar. Qarabağ müharibəsində göstərdiyi şücaətə, vətənpərvərliyə, xüsusən də Xocalı faciəsi zamanı göstərdiyi qəhrəmanlığına görə O.Cabbarov Qarabağ camaatı arasında, eldə-obada xüsusi hörmətə sahibdir. Televiziya kanallarında Xocalı soyqırımına həsr edilmiş verilişlərdə, sərgilərdə, videoçarxlarda, orta məktəb dərsliklərində (8-ci sinif “İngilis dili”, 10-cu sinif “Yeni Azərbaycan tarixi”) üzü saqqallı, sol əlində avtomat, sağ əlində balaca uşaq xocalılıları Qara qaya istiqamətinə apardığı görüntüləri hər zaman nümayiş olunur.
Dövlət tərəfindən yüksək qayğı

O.Cabbarovun bu qəhrəmanlığı dövlətimizin başçısı tərəfindən də yüksək qiymətləndirilib. 15 il ailəsi və yaxınları ilə çadır şəhərciyində - fin qəsəbəsində məşəqqətli məcburi köçkün həyatı yaşayan O.Cabbarov 2010-cu ilin noyabrında Quzanlı qəsəbəsində inşa olunan 4 otaqlı, hər cür şəraiti olan mənzillə təmin edilib. Prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Ağdam rayon İcra hakimiyyətinin başçısı Nizami Sadıqov onun evinin ilk qonaqları olublar. O, bununla bağlı xatirələrini də fəxrlə danışır.
Ali Baş Komandanın əmrinə müntəzir əsgər

Söhbətimizin sonunda O.Cabbarov dövlət tərəfindən bütün məcburi köçkünlərə göstərilən qayğıdan, o cümlədən onun da ailəsinə yaradılan şəraitdən, əməyinin qiymətləndirilməsindən razılıqla söhbət açdı, bu baxımdan hər hansı qayğısının olmadığını bildirdi. Yeganə nisgilinin Qarabağ, işğal altında olan Azərbaycan torpaqları olduğunu qeyd etdi. O, gec-tez bütün şəhidlərimizin qisasının alınacağını, dədə-baba torpaqlarımızda uyuyan narahat ruhların dinclik tapacağına əminliyini vurğuladı. Onu da əlavə etdi ki, peşəkar döyüşçü kimi hər zaman Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrinə müntəzirdir.
Rufik İSMAYILOV
Bakı-Ağdam-Bakı

banner

Oxşar Xəbərlər