• cümə, 19 Aprel, 06:31
  • Baku Bakı 13°C

Dəhşət şəkilləri paylaşıb “like” yığmaq istəyənlərin psixoloji problemləri var

03.08.13 08:36 4238
Dəhşət şəkilləri paylaşıb “like” yığmaq istəyənlərin psixoloji problemləri var
Bütün dünyada olduğu kimi, Azərbaycanda da sosial şəbəkələrə maraq günü-gündən artmaqda davam edir. Ölkəmizdə ən çox istifadə olunan sosial şəbəkə isə “Facebook”-dur. Təsadüfi deyil ki, son 4 ay ərzində Azərbaycanda facebook istifadəçilərinin sayı 2 dəfə artıb. Bütün dünyada olduğu kimi, ölkəmizdə də insanlar bu şəbəkələrdən informasiya əldə etmək, məktublaşmaq, şəkillərə və video roliklərə baxmaq, ünsiyyət yaratmaq, oyun oynamaq və s. məqsədlər üçün istifadə edirlər. Lakin virtual ünsiyyət vasitəsilə insanlarda ikrah hissi oyatmaqla və onların dini inanclarından sui-istifadə edərək “like” yığmaq istəyən istifadəçilər də az deyil. Yəqin ki, sosial şəbəkələrdən istifadə edən hər bir insan müharibədə qolları, ayaqları, başları kəsilmiş insanların şəkillərini açıq şəkildə paylaşaraq “Allah bizi bu vəziyyətə salmasın, amin deyənlər bəyənsin”, “hər amin 1 like-dir”, “Ürəyində allah qorxusu olanlar bəyənsin”, “Allah kömək olsun deyənlər bəyənsin” kimi, like yığmaq məqsədilə insanların acınacaqlı hallarından istifadə edən paylaşmalarla rastlaşmısınız. Bəs sosial şəbəkələrdə səhifə bəyəndirmək, qrup yığmaq üçün insanların dini inanclarından, mərhəmət duyğularından istifadə etmək nə dərəcə doğrudur? Belə dəhşətli şəkillər insan psixologiyasına necə təsir edir?
“Bu, vandalizmdir”
Psixoloq Hüseyn Xəlilov bizimlə söhbətində insanların parçalanmış bədənlərinin fotolarının sosial şəbəkələrdə paylaşılmasını insanlığa qarşı vandalizm adlandırdı. Onun sözlərinə görə, dəhşət doğuran bu şəkillər insanda şüuraltı olaraq ciddi psixoloji sarsıntı yaradır: “Belə şəkillər insanlarda ilk olaraq ikrah hissi, aqressiya, bədbinlik yaradır və belə vəziyyət də insanın sosial fəaliyyətini zəiflədir”. O dəhşətli şəkilləri paylaşaraq “like” yığmaq istəyən insanın özündə psixoloji pozuntu olduğunu bildirən psixoloq onların öz məqsədləri üçün belə şəkillər yaymaqla insanlardan, onların inanclardan sui-istifadə etdiklərini bildirdi: “Bu şəkilləri sosial şəbəkələrdə yayan insanların missiyaları nədən ibarətdir? İstifadəçilər bu şəkili bəyəndikdə onlar nə əldə edirlər? Mən düşünürəm ki, belə şəkillər yayan insanların özlərinin ciddi psixoloji problemləri var”. Psixoloq vurğuladı ki, belə şəkillər ən çox yeniyetmələrə mənfi təsir edir: “Xüsusilə, yeniyetməlik dövründə olan - təxminən 14-16 yaşlı uşaqlar belə şəkillərə baxdıqda, həmin uşaqlarda qorxu, həyəcan, fobi, aqressivlik və soyuqqanlılıq yaranır. Belə uşaqlar çəkinmədən bir başqasını vurub öldürə bilərlər. Çünki, onlarda soyuqqanlılıq və aqressiya hissi normadan çox olur. Ən əsası isə belə şəkillər uşaqlarda həyata qarşı həyəcanı, iztirab hissini azaldır və onların mənəviyyatına ciddi təsir edir”.
“Allahla aldadanlar”
Dini ekspert Elşad Miri qəzetimizə açıqlamasında bildirdi ki, bəşər tarixi boyunca insanların dini inanclardan müəyyən məqsədlərlə istifadə edilib. Onun sözlərinə görə, müasir dövrdə sosial şəbəkələrdən istifadə etmək insanların əsas məşğuliyyətlərindən birinə çevrildiyi üçün indi belə hallar bu şəbəkələr vasitəsilə də həyata keçirilir: “Qurani-Kərimdə “Allahla aldadanlar” deyə konkret ayə var ki, həmin ayədə Allahın adından istifadə edərək insanları aldadanlardan söhbət gedir. Sosial şəbəkələrdə paylaşılan belə şəkillərdə də dini inancları əsas tutaraq yaratdıqları səhifələrə adam toplayırlar. İnsanların şikəstliyindən, nöqsanlarından, fiziki qüsurlarından istifadə edərək qruplara adam toplamaq insanlığa sığmayan hərəkətlərdir. Bu formatla onlar öz prinsiplərini yaymağa davam edirlər. Belə vəziyyət dini baxımdan heç bir halda doğru deyil və qəbuledilməzdir”.
Son zamanlar sms vasitəsilə insanlara ayələrdən ibarət olan və “bu mesajı 7 nəfərə göndərməsəniz sabah ailənizdə faciə baş verəcək” kimi mesajlar da göndərilir. Məsələyə münasibət bildirən E.Miri insanlara belə sms-lərə inanmamalarını məsləhət gördü: “Bundan bir neçə il öncə belə ayələr kağızlara yazılaraq insanların yaşadıqları evin qapılarına qoyulurdu. İndi isə daha asan yola baş vuraraq bunu sms və mail vasitəsilə edirlər. Heç kim belə mesajlara inanmasın. Bu təbliğatın bir formasıdır və fırıldaqçılıqdır”.
Aygün Cəfərli
banner

Oxşar Xəbərlər