• cümə axşamı, 28 mart, 12:19
  • Baku Bakı 16°C

Dəhşət: anasının öləcəyindən qorxub intihar etdi

01.11.13 13:51 1430
Dəhşət: anasının öləcəyindən qorxub intihar etdi
Oktyabrın 27-də Daşkəsən rayonunun Pirverdilər kəndində 2004-cü il təvəllüdlü Leqman Vüqar oğlu Abbasov tövlədə özünü asaraq intihar etmişdi.
Hadisə barədə mərhumun ailəsindən məlumat almaq üçün Daşkəsənə üz tutulub.
Pirverdilər kəndi rayon mərkəzindən 28 kilometr aralıda, yəni bir saatlıq məsafədə yerləşir. Yolboyu 9 yaşlı uşağın intihar etməsini düşündükcə adamı dəhşət bürüyür. Kəndə çatanda ilk rastlaşdığımız uşaqdan hadisənin baş verdiyi evi soruşduq, cavabı - “Leqmanı tanıyırdım, yaxşı uşaq idi" - oldu.
Soraqlaşa-soraqlaşa 9 yaşlı Leqmanın evinə gəlib çatdıq. Kəndin kənarında yerləşən evə uzaqdan baxan kimi görünürdü ki, ailə çox kasıb yaşayır. Həyətdə mağar qurulub, evə yaxınlaşanda bir neçə nəfər qapıdan çıxdı. Uşağın atasını soruşduq, evdə olmadığını bildirdilər. Bir arıq qadın Leqmanın anası olduğunu söylədi və APA TV-yə oğlunun intiharı barədə belə dedi:
"Oğlum sağlam uşaq idi. Ömründə bir dəfə diş ağrısından da şikayət etməmişdi. Həmişə mənim xəstələnməyimdən qorxurdu. Deyirdi, ana sən tez ölməyəcəksən, mən öləcəyəm. Sonra da deyirdi ki, ana sən ölsən, biz kimə ana deyəcəyik, ortada qalacayıq. Deyirdim, oğul, qorxma, mənə heç nə olmayacaq, belə demə, mənə dərd vermə. Bir gün də həkimlər gəldi sistem qoydular mənə, uşağın rəngi yanımda qaraldı, baxa bilmədi, qaçıb getdi”.
Qadın danışdıqca adam özünü saxlaya bilmirdi. Leqman anasının xəstəlikdən öləcəyindən qorxduğu üçün intihara əl atıb. Yaxın qohumları da ailənin 5-ci övladı olan Leqmanın çox həssas olduğunu bildirirlər.
“Leqman yaxşı uşaq idi. Qardaşı-bacısı xəstələnəndə ürəyinə salırdı”.
Abbasovlar ailəsi kasıbçılıqdan şikayətlənir. Dediklərinə görə, ailə 100 manat ünvanlı yardım alsa da, bir neçə ay öncə ondan da məhrum edilib. Hazırda 10 nəfərin yaşadığı ev nənənin 120 manat təqaüdü ilə dolanır.
banner

Oxşar Xəbərlər