• cümə axşamı, 25 aprel, 17:29
  • Baku Bakı 23°C

“Dəftəri alıb öpdü, “başına hərlənim” dedi” - Keçmişdəki mən

19.01.18 11:18 3475
“Dəftəri alıb öpdü, “başına hərlənim” dedi” - Keçmişdəki mən
"Yaxşı at özünə qamçı vurdurmaz” prinsipi ilə hərəkət edir. Deyir ki, zəhmətin, alın tərinin açmadığı qapı yoxdur. Ona görə, doğru yol gedən insan, getdiyi yoldan yorulmaz. Təki, əlinin silahı düzgünlük olsun.

Müsahibimiz "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevdir. Həmsöhbətimizlə birlikdə onun həyat yoluna "səyahət” etdik.

"Pulun nə olduğunu bilmirdik”
Rubrikamızın qəhrəmanı 1962-ci ildə Qərbi Azərbaycanın Qaraqoyunlu elinin Gölkənd kəndində anadan olub. Uşaqlığından danışarkən kövrəlir. Doğulub, böyüdüyü kəndi o qədər sevir ki... : "Dünyanın harasında olmuşamsa, doğma kəndim Gölkənd kimi gözəl yer görməmişəm. Buz bulaqları, yaşıl meşələri, təmiz havası can dərmanı idi. Kolxozçu ailəsində anadan olmuşam. Atam çoban idi. Çox sadə, qonaqpərvər ailəmiz var idi. Müharibə illərinin gətirdiyi kasıbçılıqdan əziyyət çəksək də, xoşbəxt idik. Öz təsərrüfatımız var idi. Tərbiyəmiz, əqidəmiz, doğru-düzgün olub. Kənddə 7-8 ay soyuq, qar olardı. Səfalı yaylaqlarda soyuq aylar üçün azuqəmizi toplayardıq. Ümumiyyətlə, pulun nə olduğunu bilmirdik. Pul bizə yalnız rayon mərkəzinə gedərkən, yol pulu vermək üçün lazım olardı. Özümüzün 45 keçi, 100-ə yaxın qoyunumuz, 10-15 iribuynuzlu heyvanımız var idi. Zəhmətin hesabına normal da yaşayırdıq. Ailədə 9 uşaq olmuşuq - 5 qardaş, 4 bacı. Ağlımız kəsəndən zəhmətə alışmışıq”.
"O valideyn kənd içinə çıxmazdı”
Müsahibimiz deyir ki, kənd əhalisi səhərdən axşama qədər təsərrüfatda işləsə də, övladlarının təhsil alması üçün əllərindən gələni edirdilər: "Hamı istəyirdi ki, övladı yaxşı təhsil alsın. Çox gözəl məktəbimiz var idi. Valideynlər təhsilsiz olsalar da, elə ailə tapmazdın ki, orada ali təhsilli uşaq olmasın. Yaxşı qiymət almağa görə, bir-birimizlə bəhs edərdik. Üstəlik, bu rəqabət təkcə, uşaqlar arasında yox, valideynlər arasında da var idi. Valideyn iclasından kiminin valideyni gülə-gülə çıxırdı, kimininki utanırdı. Hər il iyulun axırlarında məktəbimizin məzunları attestatlarını alıb, Bakıya imtahan verməyə gələrdilər. Kiminsə övladı universitetə qəbul oluna bilməsəydi, o valideyn kənd içinə çıxmazdı. Əksinə, qəbul olunanlar, həmçinin, bizlər də kənd içində alnıaçıq, üzüağ gəzərdik. Ən çoxu da ona görə ki, yaxşı nəticə ilə valideynlərimizin başını yuxarı etmişik”.
Deyir ki, müəllimi ali insan hesab edirdilər. Hətta yolda görəndə qaçıb gizlənirdilər: "Müəllimi görəndə gizlənirdik. Elə bilirdik ki, müəllim yemək yemir. Bizə görə, müəllim toxunulmaz, ali varlıq idi. Hətta yolda rastlaşanda gizlənirdik ki, müəllim bizi çöldə görməsin”.
"Valideyn çox oxuduğuna görə, övladından şikayət edirdi”
Kəndimizdə təhsil bir nömrəli məqsəd olsa da, işləmək, zəhmət də vəzifən idi: "Babamın yanında qalırdım. Babama kənddə "topal İsmayıl” deyirdilər. Çox zəhmətkeş insan idi. Səhər saat 5-dən gecə 1-ə qədər işləyirdi. Topal ayağı ilə bütün işləri görürdü. Çox işgüzar idi. İşgüzarlıq, işə aludə olmaq, işi sevmək bizim bir nömrəli tərbiyəmiz idi. Həm oxuyub, həm işləyirdik. İşlədiyimizə görə, bizə məvacib verirdilər. Gəlib məktəb ləvazimatı alırdıq. Düzdür, valideynlərimiz də kömək edirdi, amma biz də zəhmətə alışırdıq. O vaxt "mən dərs oxuyuram, yorğunam” deyə bilməzdik. Yadımdadır, məndən böyük bacım riyaziyyatı çox yaxşı bilirdi. İndi riyaziyyat müəlliməsidir. Bir dəfə təsərrüfat işləri çox idi və o, oxuyanda anam kitabı alıb əlindən atmışdı ki, kitab vaxtı deyil, dur işlərə kömək et. Bacım işlərini görüb, gecə dərslərini oxuyurdu. Hətta elə tələbələr var idi ki, valideyni direktora şikayət edirdi ki, sənin şagirdin gecə işıqları yandırır, dərs oxuyur, bizi yatmağa qoymur. Valideyn öz övladının çox oxumağından şikayət edirdi. Oxumağa həvəs çox idi. Çoban ailəsində dünyaya göz açsaq da, hamımız təhsil aldıq. O vaxt oxumamaq hörmətsizlik sayılırdı. Oxuyanlara hörmət edirdilər”.
"Bir uşağın sevinc qırıqlığını təsəvvür edin...”
6-cı sinifdə oxuyarkən, atasını yol qəzasında itirən həmsöhbətimiz deyir ki, bu itkidən sonra böyüdü: "Atamı başı qarlı, əyilməz dağlara bənzədirdim. Payız vaxtı idi. Yaylaqdan qışlağa köçürdük. Atama "hədiyyə” hazırlamışdım. Həvəslə yazdığım hüsnxətt dəftəri əlimdə, qoyun sürüsünü yara-yara qabağına qaçdım. Dəftəri ona göstərdim. Gözlərindəki sevinc bu gün də yadımdadır. Dəftəri alıb, öpdü, "başına hərlənim” dedi. Elə sevindim ki... Amma bu sevinc uzun çəkmədi. Evin arxasından axan suyun yaratdığı palçıq ayağımı sürüşdürdü və dəftər əlimdən düşüb palçığa bulaşdı. Bir uşağın sevinc qırıqlığını təsəvvür edin... Mənə elə gəlir ki, xəttim bir də heç vaxt elə gözəl olmadı. Atam bir gün toydan qayıdanda, avtomobil qəzasında dünyasını dəyişdi”.
"Kəndə xəbər tez yayılır axı...”
Yeganə məqsədi ali təhsil almaq olan müsahibimiz, hərbçi olmaq sevdasına düşür. Lakin hərbi məktəbin qarşısında bu istəyindən daşınır. Tale onu texniki universitetə gətirir: "O vaxt biz sonuncu sinifdə hərbi hazırlıq keçirdik. Mən də hərbiçi olmaq üçün yazıldım. Bacım məni hərbi məktəbə gətirdi, lakin məktəbin qarşısında fikrimdən danışdım. Həyatımda birinci dəfə idi ki, Bakıya gəlirdim. Hərbi məktəbə ən yaxın universitet Texniki Universitet idi, oranı gəzdik və xoşum gəldi. Elə həmin gün fakültələri seçdim. İmtahan verdiyim günləri də unutmuram. Kəndə çox bağlı insan olmuşam. İnanın, qəbula gəlmək istəmirdim. Məni zorla gətirdirlər ki, yaxşı deyil, məktəbi bitiribsənsə, imtahan verməlisən. Dərslərimi yaxşı oxumuşam, amma kəndə, torpağa, anama və təsərrüfata çox bağlı idim. Avqustun 20-si ədəbiyyatdan sonuncu yazılı imtahanı verib, bir gün sonra Bakı-Krasnoselo avtobusu ilə geri qayıtdım. Daha qəbul olunub-olunmayacağımı bilmirdim. Əsas o idi ki, kəndə qayıdım. Rahat idim ki, qəbul olunacağam, çünki əvvəlki imtahanlardan yaxşı qiymət almışdım. Amma qəbul olunmaya da bilərdim, o zaman güclü "konkurs” var idi. Lakin bunların heç birini düşünməyib, həmən kəndə qayıtdım. Sonradan da bilmədim ki, qəbul olunmuşam, ya yox. Bakıda da elə bir adam da yox idi ki, nəticəni soruşaq. Sentyabr ayının 4-də mənə kəndin poçtu vasitəsilə teleqram gəldi. Teleqramda "siz Politexnik İnstitutuna qəbul olunubsunuz, dərslərə niyə gəlmirsiniz?!” yazılmışdı. Sevinə-sevinə Bakıya gəldim. Bu teleqrama qədər az qala, universitetə girmədiyimi qətiləşdirmişdim. Dedim, yəqin, "konkurs”a düşmüşəm. Elə kənddə də hamı bu cür bilirdi. Kənddə xəbər tez yayılır axı. Ondan sonra sevincək Bakıya gəldim. 5 il universitetdə yüksək səviyyədə təhsil aldım. İctimai fəaliyyətimə görə də aktiv tələbə kimi tanındım”.
Nehrə yağı ilə hazırlanan kartof qızartması, kəfi alınmayan kənd əti...
İlk dəfə Bakıya gələn kənd uşağının şəhər həyatı başlayır. Deyir ki, yataqxanada uşaqlar onun nehrə yağı ilə bişirdiyi kartof qızartmasını çox sevirdilər: "Mənə görə, pis insan yoxdur, pis xarakterli insanlar var. Ondan da kənar gəzəndə, hər şey həll olunur. Çox yaxşı hörmət qazandım. Yataqxana həyatı da bir həyat tərzidir. Qab yumaq çətin idi. Yağlı qabları soyuq suda yuyurduq. Bir dəfə kənddən quzu əti gəlmişdi. Mən də elə bilirdim ki, şəhərdəki ətin kəfi alınır, amma kənddən gələnin kəfi alınmır. Kənddən göndərilən ətin kəfini almadığıma görə, şəhər uşaqları onu yemədilər”.
"Kənd uşaqları göründüyü kimi olur”
Kənd uşağı olduğu üçün onun da müəyyən kompleksləri olub. Amma gün keçdikcə, şəhərə də alışıb: "Kənd uşaqları ilə şəhər uşaqları arasında fərq bu gün də var. Bizim tələbəlik illərimizdə isə daha çox idi. Gəncədən olan Fərhad adlı bir oğlanla dost idik. Onu özüm kimi bilir, xətrini çox istəyirdim. Birinci kursda oxuyurduq. İdman geyimini hər kəs çantasında, ya nəyinsə içində gətirmişdi. Mən isə qoltuğumda kitablarımın arasında gətirmişdim. İdman dərsindən sonra formamı əlimdə tutmamaq üçün dostumun çantasına qoymaq istədim. Çantanı açar-açmaz "icazə aldınmı” deyib, mənə sillə vurdu. Bəlkə də o, öz düşüncəsində haqlı idi, amma mənim də özümə görə haqlı səbəblərim var idi. Mənim düşüncələrimə görə, dostluq bərabərlikdir, bölüşməkdir. Mən heç vaxt elə hərəkət etməzdim. Bizi kəndimizdə hər zaman bu cür "icazəsiz” doğmalıqlar birləşdirib insanları. Qonşuda çörək olmayanda, gəlib dəhnədən çörək götürüb gedərdi. Bu, çox normal idi və hamıya da ləzzət edərdi... Amma şəhər... Nə isə, şəhərdə hələ belə ruhi sınıqlar çox olacaqdı... Çəkişməsən, bərkiməzsən... Kənd uşaqları göründüyü kimi olur, yaxud olduqları kimi görünməyi bacarırlar. O sillə mənə böyük dər oldu. Sonralar yataqxanada qalanda da, hələ şəhər mühitində çox soyuq rüzgarların əsəcəyini öyrəndim”.
"Uşaqları pis vəziyyətdə qoydum”
Tələbəlik illərimiz maraqlı idi. Təqaüd almaq üçün qiymət kitabçamda "4” olmamağına çalışırdım. Bir dəfə 5 fəndən "5” almışdım, 6-cı fəndən imtahan günü idi. Məndən sonra 3 nəfər qalmışdı. Müəllimin suallarına cavab verdim və mənə baxıb ictimai siyasi həyatdan suallar verməyə başladı. Cavab verirdim deyirdi ki, "4” yazacağam. Əlimi atırdım kitabçaya ki, qoymayacağam. Suallardan birində dedim ki, baxın, o sualı uşaqlardan birinə verin, görək kim cavablayacaq? Uşaqlar bilməmişdi. Mən "5” alsam da, hamısı "3” aldı. Uşaqları pis vəziyyətdə qoydum”.
"Dəftərimin "qulağına” yazdım ki, səni sevirəm”
İkinci sinifdə oxuyurdum. Sinfimizdə qəşəng qız var idi, dəftərimin "qulağından” qoparıb ona yazdım ki, mən səni sevirəm. Bu, məndən 4 yaş böyük bacım Pərinin əlinə keçdi. Əvvəlcə elə bildim ki, cırıb atdı. Amma sən demə, mənə o cür göstəribmiş, kağıza heç nə etməyib. Onu gülmək üçün atama da göstərmişdi. Uşaqlıqdan mənə ən böyük yadigar bu sevgi qalıb. Sevgi deyərkən, ancaq bir oğlanın gözəl bir qıza eşqini nəzərdə tutmuram. Burada hamıya; anaya, vətənə, torpağa, suya, yaylağa, kəndə sevgini deyirəm. İndi də elə bilirəm ki, hər işə, hər kəsə sevgi ilə yanaşmalıyam. Elə buna görə də Allahdan çox razıyam. Həyat yoldaşımla da 10 il eyni sinifdə oxumuşuq, eyni ildə, eyni gündə anadan olmuşuq... İnsanın ailədən əziz ikinci neməti yoxdur. İnstitutu qurtardıqdan sonra Moldovaya - aspiranturaya gedirdim. Anam dedi ki, Moldovaya gedəcəksən, rus qızlarla tanış olarsan, gəl səni evləndirək. Beləcə, evləndik və çox xoşbəxtəm”.
İnstitutu bitirdikdən sonra müsahibimizin Moldova həyatı başlayır: "Mən Heydər Əliyevə ömrü boyu borclu qalacam. Adi, rus dilini belə bilməyən kənd uşağı idim və bizi xaricdə təhsil almaq üçün göndərdi. 1987-ci ildə biofizika üzrə aspiranturaya daxil oldum, 1991-ci ildə isə biologiya elmləri namizədi, alimlik dərəcəsinə yiyələndim”.

Müsahibimiz özünü dünyanın ən şanslı insanı hesab edir və gənclərə məsləhət görür ki, qarşılarına qoyduqları məqsədə doğru "öldü var, döndü yoxdur” prinsipi ilə getsinlər. Çünki zəhmət, dürüstük olduqdan sonra həyat insana mütləq istədiyini verir.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər