“Dəftəri alıb öpdü, “başına hərlənim” dedi” - Keçmişdəki mən
"Yaxşı at özünə qamçı vurdurmaz” prinsipi ilə hərəkət
edir. Deyir ki, zəhmətin, alın tərinin açmadığı qapı yoxdur. Ona görə, doğru
yol gedən insan, getdiyi yoldan yorulmaz. Təki, əlinin silahı düzgünlük olsun.
Müsahibimiz "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat
xidmətinin rəhbəri Tanrıverdi Mustafayevdir. Həmsöhbətimizlə birlikdə onun həyat
yoluna "səyahət” etdik.
"Pulun nə
olduğunu bilmirdik”
Rubrikamızın qəhrəmanı 1962-ci ildə Qərbi Azərbaycanın
Qaraqoyunlu elinin Gölkənd kəndində anadan olub. Uşaqlığından danışarkən kövrəlir.
Doğulub, böyüdüyü kəndi o qədər sevir ki... : "Dünyanın harasında olmuşamsa,
doğma kəndim Gölkənd kimi gözəl yer görməmişəm. Buz bulaqları, yaşıl meşələri,
təmiz havası can dərmanı idi. Kolxozçu ailəsində anadan olmuşam. Atam çoban
idi. Çox sadə, qonaqpərvər ailəmiz var idi. Müharibə illərinin gətirdiyi
kasıbçılıqdan əziyyət çəksək də, xoşbəxt idik. Öz təsərrüfatımız var idi. Tərbiyəmiz,
əqidəmiz, doğru-düzgün olub. Kənddə 7-8 ay soyuq, qar olardı. Səfalı
yaylaqlarda soyuq aylar üçün azuqəmizi toplayardıq. Ümumiyyətlə, pulun nə
olduğunu bilmirdik. Pul bizə yalnız rayon mərkəzinə gedərkən, yol pulu vermək
üçün lazım olardı. Özümüzün 45 keçi,
100-ə yaxın qoyunumuz, 10-15 iribuynuzlu heyvanımız var idi. Zəhmətin hesabına
normal da yaşayırdıq. Ailədə 9 uşaq olmuşuq - 5 qardaş, 4 bacı. Ağlımız kəsəndən
zəhmətə alışmışıq”.
"O valideyn kənd
içinə çıxmazdı”
Müsahibimiz deyir ki, kənd əhalisi səhərdən axşama
qədər təsərrüfatda işləsə də, övladlarının təhsil alması üçün əllərindən gələni
edirdilər: "Hamı istəyirdi ki, övladı yaxşı təhsil alsın. Çox gözəl məktəbimiz
var idi. Valideynlər təhsilsiz olsalar da, elə ailə tapmazdın ki, orada ali təhsilli
uşaq olmasın. Yaxşı qiymət almağa görə, bir-birimizlə bəhs edərdik. Üstəlik, bu
rəqabət təkcə, uşaqlar arasında yox, valideynlər arasında da var idi. Valideyn
iclasından kiminin valideyni gülə-gülə çıxırdı, kimininki utanırdı. Hər il
iyulun axırlarında məktəbimizin məzunları attestatlarını alıb, Bakıya imtahan
verməyə gələrdilər. Kiminsə övladı universitetə qəbul oluna bilməsəydi, o
valideyn kənd içinə çıxmazdı. Əksinə, qəbul olunanlar, həmçinin, bizlər də kənd içində alnıaçıq, üzüağ gəzərdik.
Ən çoxu da ona görə ki, yaxşı nəticə ilə valideynlərimizin başını yuxarı
etmişik”.
Deyir ki, müəllimi ali insan hesab edirdilər. Hətta
yolda görəndə qaçıb gizlənirdilər: "Müəllimi görəndə gizlənirdik. Elə bilirdik
ki, müəllim yemək yemir. Bizə görə, müəllim toxunulmaz, ali varlıq idi. Hətta
yolda rastlaşanda gizlənirdik ki, müəllim bizi çöldə görməsin”.
"Valideyn çox
oxuduğuna görə, övladından şikayət edirdi”
Kəndimizdə təhsil bir nömrəli məqsəd olsa da, işləmək,
zəhmət də vəzifən idi: "Babamın yanında qalırdım. Babama kənddə "topal İsmayıl”
deyirdilər. Çox zəhmətkeş insan idi. Səhər saat 5-dən gecə 1-ə qədər işləyirdi.
Topal ayağı ilə bütün işləri görürdü. Çox işgüzar idi. İşgüzarlıq, işə aludə
olmaq, işi sevmək bizim bir nömrəli tərbiyəmiz idi. Həm oxuyub, həm işləyirdik.
İşlədiyimizə görə, bizə məvacib verirdilər. Gəlib məktəb ləvazimatı alırdıq.
Düzdür, valideynlərimiz də kömək edirdi, amma biz də zəhmətə alışırdıq. O vaxt
"mən dərs oxuyuram, yorğunam” deyə bilməzdik. Yadımdadır, məndən böyük bacım
riyaziyyatı çox yaxşı bilirdi. İndi riyaziyyat müəlliməsidir. Bir dəfə təsərrüfat
işləri çox idi və o, oxuyanda anam kitabı alıb əlindən atmışdı ki, kitab vaxtı
deyil, dur işlərə kömək et. Bacım işlərini görüb, gecə dərslərini oxuyurdu. Hətta
elə tələbələr var idi ki, valideyni direktora şikayət edirdi ki, sənin şagirdin
gecə işıqları yandırır, dərs oxuyur, bizi yatmağa qoymur. Valideyn öz övladının
çox oxumağından şikayət edirdi. Oxumağa həvəs çox idi. Çoban ailəsində dünyaya
göz açsaq da, hamımız təhsil aldıq. O vaxt oxumamaq hörmətsizlik sayılırdı.
Oxuyanlara hörmət edirdilər”.
"Bir uşağın
sevinc qırıqlığını təsəvvür edin...”
6-cı sinifdə oxuyarkən, atasını yol qəzasında itirən
həmsöhbətimiz deyir ki, bu itkidən sonra böyüdü: "Atamı başı qarlı, əyilməz
dağlara bənzədirdim. Payız vaxtı idi. Yaylaqdan qışlağa köçürdük. Atama "hədiyyə”
hazırlamışdım. Həvəslə yazdığım hüsnxətt dəftəri əlimdə, qoyun sürüsünü
yara-yara qabağına qaçdım. Dəftəri ona göstərdim. Gözlərindəki sevinc bu gün də
yadımdadır. Dəftəri alıb, öpdü, "başına hərlənim” dedi. Elə sevindim ki... Amma
bu sevinc uzun çəkmədi. Evin arxasından axan suyun yaratdığı palçıq ayağımı
sürüşdürdü və dəftər əlimdən düşüb palçığa bulaşdı. Bir uşağın sevinc
qırıqlığını təsəvvür edin... Mənə elə gəlir ki, xəttim bir də heç vaxt elə gözəl
olmadı. Atam bir gün toydan qayıdanda, avtomobil qəzasında dünyasını dəyişdi”.
"Kəndə xəbər
tez yayılır axı...”
Yeganə məqsədi ali təhsil almaq olan müsahibimiz, hərbçi
olmaq sevdasına düşür. Lakin hərbi məktəbin qarşısında bu istəyindən daşınır.
Tale onu texniki universitetə gətirir: "O vaxt biz sonuncu sinifdə hərbi
hazırlıq keçirdik. Mən də hərbiçi olmaq üçün yazıldım. Bacım məni hərbi məktəbə
gətirdi, lakin məktəbin qarşısında fikrimdən danışdım. Həyatımda birinci dəfə
idi ki, Bakıya gəlirdim. Hərbi məktəbə ən yaxın universitet Texniki Universitet
idi, oranı gəzdik və xoşum gəldi. Elə həmin gün fakültələri seçdim. İmtahan
verdiyim günləri də unutmuram. Kəndə çox bağlı insan olmuşam. İnanın, qəbula gəlmək
istəmirdim. Məni zorla gətirdirlər ki, yaxşı deyil, məktəbi bitiribsənsə, imtahan
verməlisən. Dərslərimi yaxşı oxumuşam, amma kəndə, torpağa, anama və təsərrüfata çox bağlı idim. Avqustun
20-si ədəbiyyatdan sonuncu yazılı imtahanı verib, bir gün sonra Bakı-Krasnoselo
avtobusu ilə geri qayıtdım. Daha qəbul
olunub-olunmayacağımı bilmirdim. Əsas o idi ki, kəndə qayıdım. Rahat idim ki, qəbul
olunacağam, çünki əvvəlki imtahanlardan yaxşı qiymət almışdım. Amma qəbul
olunmaya da bilərdim, o zaman güclü "konkurs” var idi. Lakin bunların heç
birini düşünməyib, həmən kəndə qayıtdım. Sonradan da bilmədim ki, qəbul
olunmuşam, ya yox. Bakıda da elə bir adam da yox idi ki, nəticəni soruşaq.
Sentyabr ayının 4-də mənə kəndin poçtu vasitəsilə teleqram gəldi. Teleqramda "siz
Politexnik İnstitutuna qəbul olunubsunuz, dərslərə niyə gəlmirsiniz?!”
yazılmışdı. Sevinə-sevinə Bakıya gəldim. Bu teleqrama qədər az qala, universitetə
girmədiyimi qətiləşdirmişdim. Dedim, yəqin, "konkurs”a düşmüşəm. Elə kənddə də
hamı bu cür bilirdi. Kənddə xəbər tez yayılır axı. Ondan sonra sevincək Bakıya
gəldim. 5 il universitetdə yüksək səviyyədə təhsil aldım. İctimai fəaliyyətimə
görə də aktiv tələbə kimi tanındım”.
Nehrə yağı ilə
hazırlanan kartof qızartması, kəfi alınmayan kənd əti...
İlk dəfə Bakıya gələn kənd uşağının şəhər həyatı
başlayır. Deyir ki, yataqxanada uşaqlar onun nehrə yağı ilə bişirdiyi kartof
qızartmasını çox sevirdilər: "Mənə görə, pis insan yoxdur, pis xarakterli
insanlar var. Ondan da kənar gəzəndə, hər şey həll olunur. Çox yaxşı hörmət
qazandım. Yataqxana həyatı da bir həyat tərzidir. Qab yumaq çətin idi. Yağlı
qabları soyuq suda yuyurduq. Bir dəfə kənddən quzu əti gəlmişdi. Mən də elə
bilirdim ki, şəhərdəki ətin kəfi alınır, amma kənddən gələnin kəfi alınmır. Kənddən göndərilən
ətin kəfini almadığıma görə, şəhər uşaqları onu yemədilər”.
"Kənd
uşaqları göründüyü kimi olur”
Kənd uşağı olduğu üçün onun da müəyyən kompleksləri
olub. Amma gün keçdikcə, şəhərə də alışıb: "Kənd uşaqları ilə şəhər uşaqları
arasında fərq bu gün də var. Bizim tələbəlik illərimizdə isə daha çox idi. Gəncədən
olan Fərhad adlı bir oğlanla dost idik. Onu özüm kimi bilir, xətrini çox istəyirdim.
Birinci kursda oxuyurduq. İdman geyimini hər kəs çantasında, ya nəyinsə içində
gətirmişdi. Mən isə qoltuğumda kitablarımın arasında gətirmişdim. İdman dərsindən
sonra formamı əlimdə tutmamaq üçün dostumun çantasına qoymaq istədim. Çantanı
açar-açmaz "icazə aldınmı” deyib, mənə sillə vurdu. Bəlkə də o, öz düşüncəsində
haqlı idi, amma mənim də özümə görə haqlı səbəblərim var idi. Mənim düşüncələrimə
görə, dostluq bərabərlikdir, bölüşməkdir. Mən heç vaxt elə hərəkət etməzdim.
Bizi kəndimizdə hər zaman bu cür "icazəsiz” doğmalıqlar birləşdirib insanları.
Qonşuda çörək olmayanda, gəlib dəhnədən çörək götürüb gedərdi. Bu, çox normal
idi və hamıya da ləzzət edərdi... Amma şəhər... Nə isə, şəhərdə hələ belə ruhi
sınıqlar çox olacaqdı... Çəkişməsən, bərkiməzsən... Kənd uşaqları göründüyü
kimi olur, yaxud olduqları kimi görünməyi bacarırlar. O sillə mənə böyük dər
oldu. Sonralar yataqxanada qalanda da, hələ şəhər mühitində çox soyuq
rüzgarların əsəcəyini öyrəndim”.
"Uşaqları pis
vəziyyətdə qoydum”
Tələbəlik illərimiz maraqlı idi. Təqaüd almaq üçün
qiymət kitabçamda "4” olmamağına çalışırdım. Bir dəfə 5 fəndən "5” almışdım, 6-cı fəndən
imtahan günü idi. Məndən sonra 3 nəfər qalmışdı. Müəllimin suallarına cavab
verdim və mənə baxıb ictimai siyasi həyatdan suallar verməyə başladı. Cavab
verirdim deyirdi ki, "4” yazacağam. Əlimi atırdım kitabçaya ki, qoymayacağam.
Suallardan birində dedim ki, baxın, o sualı uşaqlardan birinə verin, görək kim
cavablayacaq? Uşaqlar bilməmişdi. Mən "5” alsam da, hamısı "3” aldı. Uşaqları
pis vəziyyətdə qoydum”.
"Dəftərimin "qulağına”
yazdım ki, səni sevirəm”
İkinci sinifdə oxuyurdum. Sinfimizdə qəşəng qız var
idi, dəftərimin "qulağından” qoparıb ona yazdım ki, mən səni sevirəm. Bu, məndən
4 yaş böyük bacım Pərinin əlinə keçdi. Əvvəlcə elə bildim ki, cırıb atdı. Amma
sən demə, mənə o cür göstəribmiş, kağıza heç nə etməyib. Onu gülmək üçün atama
da göstərmişdi. Uşaqlıqdan mənə ən böyük yadigar bu sevgi
qalıb. Sevgi deyərkən, ancaq bir oğlanın gözəl bir qıza eşqini nəzərdə tutmuram.
Burada hamıya; anaya, vətənə, torpağa, suya, yaylağa, kəndə sevgini deyirəm.
İndi də elə bilirəm ki, hər işə, hər kəsə sevgi ilə yanaşmalıyam. Elə buna görə
də Allahdan çox razıyam. Həyat yoldaşımla da 10 il eyni sinifdə oxumuşuq, eyni
ildə, eyni gündə anadan olmuşuq... İnsanın
ailədən əziz ikinci neməti yoxdur. İnstitutu qurtardıqdan sonra Moldovaya - aspiranturaya
gedirdim. Anam dedi ki, Moldovaya gedəcəksən, rus qızlarla tanış olarsan, gəl səni
evləndirək. Beləcə, evləndik və çox xoşbəxtəm”.
İnstitutu bitirdikdən sonra müsahibimizin Moldova həyatı
başlayır: "Mən Heydər Əliyevə ömrü boyu borclu qalacam. Adi, rus dilini belə
bilməyən kənd uşağı idim və bizi xaricdə təhsil almaq üçün göndərdi. 1987-ci
ildə biofizika üzrə aspiranturaya daxil oldum, 1991-ci ildə isə biologiya elmləri
namizədi, alimlik dərəcəsinə yiyələndim”.
Müsahibimiz özünü dünyanın ən şanslı insanı hesab
edir və gənclərə məsləhət görür ki, qarşılarına qoyduqları məqsədə doğru "öldü
var, döndü yoxdur” prinsipi ilə getsinlər. Çünki zəhmət, dürüstük olduqdan
sonra həyat insana mütləq istədiyini verir.
Aygün ƏZİZ