“Dedilər ki, sən müəllim olacaqsan, get kostyumunu al”
Elşən Hüseynov
21 ildir ki, müəllim işləyir. Lənkəranda Viyən kənd orta məktəbini bitirdikdən
sonra Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub.
Müəllimlik fəaliyyətinə 1998-ci ildən başlayan həmsöhbətimiz, 2001-ci ildən öz
kəndlərində , 2003-cü ildən isə Mingəçevirdə hazırlıq kursunda işləyib. 2006-cı
ildən Bakıda müəllim kimi fəaliyyət göstərib, daha sonra Ağdaşda, Sumqayıtda
çalışıb. Bir müddət işlədikdən sonra MİQ imtahanında iştirak edərək yüksək bal
toplayıb və Lənkəran rayonu Üzümçülük qəsəbəsi tam orta məktəbində çalışmağa
başlayıb. Hazırda həm qəsəbədəki məktəbdə, həm də "Kaspi” təhsil şirkətinin yay
məktəbində fəaliyyətini davam etdirir.
- Nə üçün müəllimlik?
- Düzünü desəm,
düşünərək müəllim olmadım. Mən kənddə məktəbi bitirəndə, universitetlər,
ixtisaslar haqqında informasiya zəif idi. Ümumiyyətlə, heç bir məlumatımız yox
idi. Bir qəzetdə ixtisaslar yazılmışdı. Qəzeti oxudum və siyahıdakı ilk fakültəni
da qeyd etdim. Sonra kənddə savadlı insanlardan soruşdum ki, mexanika
ixtisasını yazmışam, bu, nə deməkdir? Yadımdadır, dedilər ki, sən müəllim
olacaqsan, get kostyumunu al. O söhbətdən 21 il keçib. Əgər bu gün seçim
qarşısında qalsam, yenə də müəllimliyi seçərdim. Şagirdlərlə işləmək, savadlı
insan təbəqəsi ilə davamlı ünsiyyətdə olmaq, öyrətmək, bildiklərini bölüşmək və
öyrənmək gözəl hissdir. Müəllim olmaq fərqlilikdir. Bu gün cəmiyyətdə hörmət əlaməti
olaraq, hər kəsə müəllim deyirlər. Hamı özünü müəllim kimi görə bilər, amma hər
kəs əsl müəllim ola bilməz. "Mənə bir hərf öyrədənin köləsi olaram” deyib Həzrəti
Əli. Müəllimlik şərəfli peşədir.
- Bu gün oğlanlar müəllim olmağa maraqlı
deyil. Sanki, müəllimlik qız sənəti kimi tanınıb. 21 illik müəllim kimi nə demək
istəyərdiniz?
- Tam razıyam.
Bizim qrupda 21 tələbə təhsil alırdı -14 qız, 7 oğlan. Oğlanlardan müəllim kimi
tək mən işləyirəm. Hamısı ayrı-ayrı sahələrdə çalışır. Bəlkə də bir neçə il
bundan öncə oğlanların bu sənəti seçməməklərinə haqq vermək olardı. Çünki o
vaxt müəllim maaşı ilə ailə saxlamaq mümkün deyildi. Amma bu gün bu fikirlər
tam tərsinədir. Bəlkə də, müəllimliklə daha yaxşı pul qazanmaq olar. Məsələn,
orta məktəbdə bir "stavka” dərslə mənim təcrübəmlə 500 manata yaxın maaş almaq
mümkündür. Daha sonra kurs, uşaq hazırlığından kifayət qədər yaxşı qazanc əldə
etmək olar. Gəlirinə görə, heç də digər sahələrdən fərqlənmir. Azərbaycanda dövlət işində 1500
manata qədər maaş almaq mümkündürsə, müəllim də 1500-2000 manat qazanır.
Düzdür, əziyyətlidir, məsuliyyətlidir, amma əziyyətsiz heç bir iş yoxdur.
Müasir dövrdə kişilər müəllim olmağa daha çox can atır. Burada iqtisadi faktor
daha çox rol oynayır. Məsələn, işə qəbul üçün hazırlaşan tələbələrim var ki,
2005-ci il məzunudur, amma müəllim olmaq üçün hazırlığa gəlir. Kişi müəllimlərlə qadın pedaqoqların sayı bərabər
olmalıdır.
- Bir psixoloq deyir ki, Azərbaycan məktəblərində
kişi müəllimlərin az olması, oğlanların psixologiyasına mənfi təsir edir.
- Qadın anadır.
Kişiyə nisbətən daha şəfqətli, mərhəmətlidir. Uşağa dərs deyərkən, hər hansı
problem olduqda, daha çox qayğıya fokuslanır. Amma kişi müəllim, xüsusilə,
oğlanların kişi kimi tərbiyə almasında, cəmiyyətdə sağlam fərd olmasında rol
oynayır. Oğlan uşağı nadinclik edəndə, kişi müəllim özündən misal gətirərək təsir
göstərir. Amma bir xanım məcbur qalıb deyir ki, mənim balam, etmə, mən sənin
anan yaşındayam. Oğlan uşağı bilir ki, kişi müəllim bu həyatı keçib. Bu da xarakterinin
formalaşmasında mühüm rol oynayır. Bəli, mən də razıyam ki, kişi müəllimlərin
az olması oğlanların psixologiyasına mənfi təsir edir. Çünki qızın qadın kimi,
oğlanın kişi kimi formalaşmasına müəllimlik də təsir edir. Qadın müəllim nə qədər
əhəmiyyətlidirsə, kişi müəllim də bir o qədər vacibdir. Ailədə daha çox, ana
övladının təlim-tərbiyəsi ilə məşğul olur. Uşaq orta məktəbə gəlir, orada da
qadın müəllimlər onunla məşğul olurlar. Oğlan uşaqları həm ailədə ananın, orta
məktəbdə də qadın müəllimlərin diqqət mərkəzində olurlar. Bu, onların
psixologiyasında müəyyən dəyişiklik yaradır. Yəni onlar kişi xarakterli böyüyə
bilmirlər.
- Müəllimliklə bağlı hansı xoş anlarınız var?
- Xoş anlar həddindən
artıq çoxdur. Təsəvvür edin şagirdimin biri Kanadada, biri Amerikada işləyir.
Onların ad günümdə adi bir təbriki məni o qədər xoşbəxt edir ki... Sözlərlə
ifadə etmək olmur. Ömrümün yarı hissəsini müəllimliyə həsr etmişəm. Dərs
dediyim uşaqlar mənimlə bir yerdə işləyir. Onlar xatirələrini bölüşəndə, bu, məni
müəllimliyə daha çox bağlayır. Hətta bu gün şagirdlərimin uşaqlarına dərs deyirəm.
Bu, tamam fərqli duyğudur. Atası ilə oğlunu müqayisə etmək imkanım olur.
(Gülür-A.Ə)
- Bakıda, Sumqayıtda, Mingəçevirdə işləyibsiniz
və yenidən imtahan verib kəndə qayıdıbsınız. Nə üçün? Çünki insanlar şəhərə
daha çox meyilli olurlar?
- Düzdür, şəhərdə
işləmişəm və hazırda da şəhərdə işləmək fürsətim var. Amma mən kəndi seçirəm. Kənd
məktəbi mənə daha həyəcanlı gəlir. Şəhər mühitində uşaqların əlinin çatdığı çox
şey var. Məsələn, Elşən müəllimi bəyənməsə, Əhməd müəllimin yanına gedər. Amma
kənd şəraitində uşaqların belə seçimi yoxdur. İşlədiyim məktəbdə, xüsusilə, qız
uşaqlarının oxumağa daha çox marağı var idi. İnanıram ki, onlara faydalı ola
bilmişəm. Əgər uşaq müəllimə görə oxuyursa, deməli, bu işin haqqını veririk.
- Qız uşaqlarının daha çox təhsil almaq istədiyini
deyirsiniz. Maraqlıdır, adətən, ucqar kəndlərdə qızların təhsilinə mane
olurlar...
- Hacı
Zeynalabdin Tağıyev deyir ki, "Bir kişi təhsil alarsa, bu, yalnız savadlı bir
insan olması deməkdir. Amma bir qızın təhsil alması, gələcəkdə həm savadlı
qadın, həm də dünyagörüşlü bir ana deməkdir”. Mənim iki qızım var. Qız uşağının
oxumasının tərəfdarıyam. Boşanmaların sayının artması, xüsusilə, ailə
başçısının itirilməsindən sonra xanımların əziyyətini görürük. Məhz bu səbəbdən
qız uşaqlarının təhsil alması vacibdir. Qızların 17-18 yaşında ailə qurub bütün
günü məişət işləri ilə məşğul olması, inkişaf etməməsi problemdir. Sağlam gələcək,
yaxşı nəsil üçün təhsil şərtdir. Kənd yerlərində qız bir az gözə gəlimlidirsə, ərə
verirlər. "Evlənsin, ərinin çörəyini yesin, xanımlıq etsin” deyirlər. Və qızın
karyerasına beləcə son qoyurlar. Bəlkə o xanım elə bir ixtisas sahibi olacaq
ki, çox adama faydalı olacaq? Rayonlarda da universitetlər var. Əgər valideyn qızının
şəhərdə oxumağını istəmirsə, öz rayonunda olmasa belə, mütləq yaxın rayonlarda
təhsil ocaqları var. Qızların təhsilinə heç kim maneə olmasın. Mənim sinfimdə oxuyan
qızlarımın arzuları var və inanıram ki, onları gerçəkləşdirəcəklər.
Aygün ƏZİZ