• cümə, 29 Mart, 09:55
  • Baku Bakı 5°C

“Dedikləri Şultsun öz fikirləri deyil”

02.12.14 09:40 1038
“Dedikləri Şultsun öz fikirləri deyil”
Noyabrın 28-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclas zamanı deputatlar Avropa Parlamenti prezidenti Martin Şultsun ölkəmiz haqda dediyi tənqidi fikirlər haqda da danışıblar. Bildiriblər ki, hər zaman haqqımızda qərəzli danışan Şults bu dəfə də fərqli münasibət bildirməyib. Onun davranışında isə qərəzdən başqa bir şey yoxdur və dedikləri əsassızdır. Çünki ölkədə insan haqları pozulmur, heç kəsə təzyiq göstərilmir. Əgər kimsə cinayət tərkibli hərəkətə yol veribsə, buna görə məsuliyyət daşımalıdır. Ölkənin mənafeyinə zidd hərəkətlərə yol verənlərin cəzasını çəkməsini insan haqlarının pozulması kimi təqdim etmək yolverilməzdir. Mövzu haqda fikirlərini bizimlə bölüşən millət vəkili Sahib Alıyev dedi ki, hamı kimi onun da məsələyə münasibəti mənfidir: “Milli Məclisin sədri Oqtay Əsədovun dediyi kimi - o, yalan danışır. Dedikləri Şultsun öz fikirləri deyil. Ölkəmiz haqda bu cür tənqidi fikirlər səsləndirmək onun özündən çox təmsil etdiyi təşkilata sərf edir və deyilənlər onların fikirləri, yanaşmalarıdır. Ümumiyyətlə, biz bu cür məsələlərə soyuqqanlı yanaşmalıyıq. Nəzərə alsaq ki, Azərbaycan bir neçə ay sonra mötəbər idman yarışına ev sahibliyi edəcək və Avropanın ilk oyunları məhz bizdə baş tutacaq, belə sözlərə hazır olmalıyıq. Çünki ölkəmizin ilk olmasını çoxları həzm edə bilmir. Ona görə də düşünürəm ki, qarşıda bu cür fikirləri çox eşidəcəyik, mövzu çox müzakirə olunacaq. Onlar ölkəmizin durmadan inkişaf etməsini qəbul edə bilmirlər. Fikirləşirlər ki, necə olur, Avropanın böhrandan əziyyət çəkdiyi, sosial sığortaları, müavinətləri azaltdığı bir vaxtda Azərbaycan nəinki böhran yaşamır, heç onun qığılcımlarını da hiss etmir. Necə olur, onlar bizə deyir ki, siz torpaqlarınızı savaş yolu ilə qaytara bilməzsiniz. Amma Azərbaycan orduya ayırdığı xərcləri ilbəil artırır. Məbləğ sonuncu dəfə 27,2 faiz artırıldı. Bu isə bir milyard dollardan çox deməkdir. Hamı bilir ki, Azərbaycan müstəqil siyasət yürüdür. Bu, o anlama gəlir ki, ölkəmiz onların iradələrindən kənar, istəklərinə zidd siyasət yeridir”.
S.Alıyevin fikrincə, onlar məkrli planlarını ölkəmizdə tətbiq edə bilmədiklərinə görə Azərbaycan haqda qərəzli fikirlər söyləyərək imicimizə zərbə vurmağa çalışırlar: “Gördüyünüz kimi, bizdə hər şey qaydasındadır və heç bir narahatlıq yaşanmır. Dəfələrlə aranı qatmaq istəsələr də, buna nail olmayıblar. Bizdə digər islam ölkələrində olduğu kimi narahatlıq, gərginlik yaşanmır, terror hadisələri baş vermir. Məlumdur ki, bəzi islam ölkələrində onların fitnələri ucbatından hansı hadisələr yaşandı, qan su yerinə axdı. Amma Azərbaycanda belə halın yaşanmasına müvəffəq ola bilmirlər. Onları qıcıqlandıran belə məqamlar, ölkədəki siyasi sabitlikdir. Dəfələrlə demişəm, bir daha vurğulayıram ki, Qərbdəkiləri narahat edən heç də o deyil ki, Azərbaycanda Qərb standartları tətbiq olunmur. Əksinə, onları narahat edən məhz ölkəmizdə getdikcə daha çox demokratik dəyərlərin, standartların oturuşmasıdır. Kiçik bir dövlətin müstəqil siyasət yürütməsi, qlobal böhran dövründə inamlı, özünə güvənli hərəkəti və addımları onlarda təbii olaraq qıcıq yaradır. Belə mənfi fikirlərin hamısı ondan qaynaqlanır. Biz onlara fikir verməməliyik. Amma diqqətdən kənar da qoymamalıyıq. Biz daha da toparlanmalı, rəhbərimizin ətrafında daha da sıx birləşərək ölkəmizi kənar təzyiqlərdən qorumalıyıq”.
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev də bu cür fikirlərin heç bir fakta söykənmədiyini dedi: “Şultsun haqqımızda mənfi fikirlər səsləndirməsi birinci dəfə deyil. Dövlət orqanlarımızın, rəsmi şəxslərin dediklərinə görə, o, hər hansı bir formada Azərbaycana gəlməsi barədə məlumat verməyib. Belə olan halda, tənqidi fikirləri nəyə əsaslanır? Bu, onun yalan danışmasının göstəricisidir. Dediyim kimi, o, hər zaman belə fikirləri ilə fərqlənib. Avropa Parlamenti bir çox hallarda məsələləri öyrənmədən, araşdırmadan ölkəmizə qarşı qərəzli qərarlar qəbul edib. Və ya yalnız Azərbaycanı sevməyən ayrı-ayrı şəxslərin dediklərinə istinad ediblər. Kiminsə hüquqlarının pozulduğunu deməzdən öncə, mövzunun nə olduğu ilə maraqlansınlar. Ola bilsin, kimsə məhkəmə qərarından narazı qalıb. Bu, o demək deyil ki, ölkədə insan haqlarının vəziyyəti pisdir. Ümumiyyətlə, məhkəmə qərarı verilmədən belə hücuma keçmək yersizdir. Əgər kimsə narazı qalsa, daha yüksək instansiyalara müraciət edə bilər. Xatırladım ki, ölkədə İnsan Haqları üzrə İşçi Qrupu fəaliyyət göstərir”.
Ə.Nuriyev Avropanın bəzi vəzifəli şəxslərinin özünü məhkəmədən üstün qurum hesab etdiyini də qeyd etdi: “Barəsində cinayət işi qaldırılmış şəxslərin hələ istintaqı getdiyi halda, onlar məsələyə qarışaraq qərara təsir etməyə çalışırlar. Halbuki öz ölkələrində belə bir halı özlərinə rəva bilməzlər və qanunun aliliyinə riayət edərlər. Şəxs barəsində hələ istintaq gedirsə, məsələlər aydınlaşdırılırsa və məhkəmə qərarı yoxdursa, əvvəlcədən heç bir fikir söyləmək olmaz”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər