• cümə, 19 Aprel, 09:17
  • Baku Bakı 13°C

“Dədə-baba sayğacı”na qayıdış

14.08.20 18:26 3082
“Dədə-baba sayğacı”na qayıdış
Ekspertlərin fikrincə, yeni qoyulan mexaniki sayğaclar vətəndaşlara heç bir problem yaratmayacaq

Bu günlərdə qaz sayğaclarının dəyişdirilməsi əhali arasında müəyyən narahatlıqla qarşılanıb. Belə ki, bir çox insan smart tipli qaz sayğaclarının dəyişdirilməsindən narazılıq edir. Bir çoxları bunu qanunsuzluq kimi qiymətləndirir və prosesin qeyri-şəffaf şəkildə həyata keçirilməsini iddia edir. Bəs görəsən qaz sayğaclarımızı niyə dəyişirlər? Texnologiyanın inkişaf etdiyi bir dövrdə biz niyə keçmişə qayıdırıq? Deyilən iddiaların hər hansı bir əsası varmı?
"Azəriqaz”dan bildirildi ki, Azərbaycanda bu ildən etibarən bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş smart kart tipli sayğaclar da mexaniki sayğaclarla əvəzlənir: "Bu barədə dəfələrlə açıqlamamız olub, maliyyə məsələlərindən irəli gələrək belə addım atılır. Yəni smart kart tipli sayğacla mexaniki sayğac arasında qiymət fərqi çoxdur. "Azəriqaz” İB isə hazırda dünyada enerji bazarında baş verən prosesləri, geriləmələri nəzərə alaraq, optimal variantı seçir. Dövri yoxlamaya gəldikdə isə bu, müvafiq dövlət qurumlarının təsdiq etdiyi qaydaların tələbidir. Yəni istər sənaye, istər məişət qaz ölçü qurğularının əvəzlənməsi "Qazdan istifadə qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 4.3 bəndinə əsasən icra edilir. Qaydalara görə, yoxlama Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq həyata keçirilir. 2015-ci ildə təsdiq edilmiş "Yoxlamaya təqdim olunacaq ölçmə və sınaq vasitələrinin nomenklatur siyahısı və onların yoxlama dövriliyi” sənədində göstərilir ki, qaz sayğacları əhali abonent qrupunda 5 il, qeyri-əhali abonent qrupunda isə 3 ildən bir dövlət yoxlanışına təqdim olunur. Yəni bu prosesin tam qanuni əsası var”.
Məlumatda o da qeyd olunur ki, ilin əvvəlində tərtib edilmiş siyahıya görə, ölkə üzrə 2020-ci ildə bir milyona yaxın qaz sayğacının dövri yoxlama müddəti başa çatır: "Bunun 470 minə yaxını Bakı şəhərinin payına düşür. Ümumilikdə, bu il üçün 480 min sayğacın dövlət yoxlanışı icra edilməlidir. Bunun təxminən 200 mindən bir qədər artığı, demək olar ki, artıq əvəzlənib. Sayğac əvəzlənməsi işlərini Bakı şəhəri üzrə bir neçə strukturun cəlb olunması ilə 400-ə yaxın işçi həyata keçirir. Bu prosesə Bakı Regional qazın satışı Departamenti nəzarət edir. Hər bir sayğacın dəyişdirilməsi, bundan sonra yoxlanılması, aktın tərtibi və s. təqribən 25-30 dəqiqə vaxt aparır. Əlbəttə, bu işdə daha peşəkar işçi daha cəld olacaq, qarşıya qoyulan tapşırığı tez yerinə yetirəcək. İndi təsəvvür edin ki, gün ərzində elə vaxt olur ki, təkcə Bakıda 1200 qaz sayğacı əvəzlənir. Bəzən təhlükəsizlik baxımından evdə olmayan abonent sayğac yanındakı ventilin bağlanmasından narazılıq edir. Halbuki bu, təhlükəsizlik üçün vacib bir addımdır. Bəzən abonentlər mexaniki sayğacları "dədə-baba sayğacı” adlandıraraq onların köhnə olduğunu idia edirlər. Lakin bu sayğaclar bu gün də məşhur alman şirkəti tərəfindən istehsal olunur. Başqa bir abonent dəyişilən sayğacdakı vəsaitin tez bir zamanda yenisinin bazasına yerləşdirilməsini istəyir. Amma 2 fərqli baza arasındakı məlumat mübadiləsi azı 10, maksimum 30 gün tələb edir.
Bir sözlə, bunlar hamısı qəbul olunandır, çünki istənilən halda abonent haqlıdır. Lakin texniki prosesin özünün də müəyyən icra müddəti var. Etiraf etmək lazımdır ki, bu prosesə bəzən səhlənkar yanaşan işçilərimiz də olur. Lakin belə hallarda abonentlərimizin köməyinə ehiyacımız var. Sizdən 104/185 saylı Çağrı Mərkəzinə zəng etməyinizi, 077 3 104 104 saylı "Whatsap” nömrəsinə mesaj göndərməyinizi xahiş edirik. İnanırıq ki, bizi anlayışla qarşılayıb, 2 milyon 285 min abonenti olan "Azəriqaz” İB kimi böyük bir kommunal təşkilata bu işdə dəstək göstərəcəksiniz. Çünki biz Sizin məmnuniyyətiniz üçün çalışırıq”.
Kommunal məsələlər üzrə ekspertNüsrət Qasımov qeyd etdi ki, smart sayğacların qiyməti mexaniki sayğaclarla müqayisədə xeyli bahadır. Həmçinin smart sayğaclar mürəkkəb mexanizmə malikdir: "Bu sayğaclar, əslində bölgələrdə yaşayan vətəndaşlar üçün əlverişli deyildi. Bir çox insan kartı sayğaca yerləşdirə və balansındakı məbləği sayğaca köçürə bilmirdi. Bir çox hallarda sayğac bloka düşürdü. Yaxud smart kartlara ödəniş edə bilmək məsələsi də aktual idi. Həmçinin smart sayğacların istismar müddəti başa çatdıqdan sonra onu yeniləmək lazımdır. Onlar daimi istifadə üçün nəzərdə tutulmayıb. Bu sayğacları yeniləmək də xeyli bahalı prosesdir. Burada qeyri-adi heç bir məsələ yoxdur. Sayğacın nə fərqi var ki? Bu prosesdə qeyri-şəffaflığın olduğunu iddia edənlər də tamamilə haqsızdır. Əhalinin narahatlığı başa düşüləndir. Amma burada problem ediləsi heç bir məsələ yoxdur. Əksinə, mexaniki sayğaclar smart sayğaclardan daha sərfəlidir”.
"Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov söylədi ki, sayğacların istismar müddəti var: "Hər dörd-beş ildən bir sayğaclar dəyişdirilməlidir. Smart sayğacların qiyməti isə bir qədər bahadır. Ona görə də, yenidən mexaniki sayğaclara keçid edilir. Bu, əslində "Azəriqaz”-ın öz investisiya siyasətidir. Lakin sayğaclar çıxarılarkən bəzi hallarda istehlakçılara problem yaradılır. Bəzi hallarda istehlakçılar şikayət edir ki, sayğaclar bizim iştirakımız olmadan dəyişdirilir, ekspertiza adı ilə vətəndaşlara cərimələr yazılır. "Azad İstehlakçılar” Birliyinə daxil olan şikayətlərin təhlili göstərir ki, bu cərimələr əsassızdır. Ona görə də, sayğac dəyişdirilən zaman diqqətli olmaq lazımdır. Bu barədə istehlakçı akt tələb etməlidir. Məlumdur ki, qaz sayğacı mənzildən kənardadır. Qanunvericiliyə görə, istehlakçı ona cavabdeh deyil. Bəzən sayğacın plombu qırılıb deyə, istehlakçıdan pul alınır. Bu tendensiya əvvəllər daha çox yayılmışdı. İndi bu sahədə şəffaflıq var. Hesab edirəm ki, yeni qoyulan mexaniki sayğaclar vətəndaşlara heç bir problem yaratmayacaq”.
Şəbnəm



banner

Oxşar Xəbərlər