• çərşənbə axşamı, 19 mart, 08:34
  • Baku Bakı 8°C

«Dəbi sən yarat» şüarı ilə yola çıxan xanım

07.07.18 10:00 3484
«Dəbi sən yarat» şüarı ilə yola çıxan xanım
"Mən hər geyimdən bir dənə olsun” prinsipi ilə yola çıxdım. Çünki xanımların belə bir psixologiyası var: məndə olan geyimdən başqasında olmasın. Bu, onlar üçün önəmlidir. Bəzən bir məclisdə iki xanımda geyimin rəngi belə eyni olması onların xoşuna gəlmir. Özüm də xanım olduğuma görə o psixologiyanı yaxşı bilirdim. Ona görə də qərara aldım ki, tək ölçü, tək dizayn, tək xanım üçün işlər hazırlayım” – bu sözləri bizimlə söhbətində "Rozsev”in təsisçisi Aytən Xəlilzadə söylədi.

Onunla öz geyim brendini yaratması ilə bağlı keçdiyi yoldan və işinin bugünkü durumundan danışdıq.

- Tarix üzrə təhsil almısınız, amma bu gün moda sahəsindəsiniz. Demək ki, əsas marağınız bu istiqamətə olub...
- Uşaqlıqdan modaya marağım olub. Ali təhsil zamanı gələndə də məqsədim əslində, Rəssamlıq Akademiyasında oxumaq idi, ancaq birinci turdan keçsəm də, ikincidən cüzi balla kəsildim. Ona görə tarix fakültəsində oxudum. Amma marağım yox idi, dərslərə həvəslə getmirdim, gecikirdim, dərsdən qaçırdım. Dərsdə hamı mühazirə yazanda, mən arxa partada oturub eskiz çəkirdim. Təşkilata gedirdim, orada "Fashion Academy” layihəsi var idi. İdeya müəllifi idim, orda özüm də iştirak edirdim.Universitet bitirdikdən sonra valideynlərimi razı salıb İstanbulda "Moda Akademiyası”na getdim, orda markanı yaratmaqla bağlı "Workshop”da iştirak etdim. Oradan qayıdanda artıq əmin idim ki, mən bu işi görməliyəm. Və tikməyi öyrənməyə başladım. Sonra öyrənə-öyrənə həm də pul qazanırdım. Münasib qiymətə parçalar alıb anama paltarlar tikirdim. Anamda geyimlərimi görən iş yoldaşları mənim müştərim olmağa başladılar. Həm öyrənirdim, həm də pul qazanırdım. İki ilə yaxın belə öyrənmə davam etdi. Moda biznesi qurmaqla bağlı hətta treninq belə keçmişdim. Amma bu işi biznes halına gətirməklə bağlı sanki məni itələyən qüvvə yox idi. Kömək etmək istəyən insanlar az idi, təcrübəli də deyildim. Ona görə yıxıla-yıxıla öyrəndim.


- Bəs bu işi artıq sistemli biznes halına gətirmək qərarını necə verdiniz? Sizə təkan verən qüvvə oldumu?
- Bu ilin aprel ayında real həyatdan götürülmüş nümunələr əsasında çəkilmiş "Boss girl” filminə baxdım. Bu, motivasiya verdi ki, mən də sıfırdan başlaya bilərəm. Orda heç nəyi olmayan qız bir gecənin içində moda aləmində işə başlamaq qərarı verir. Onlayn ticarətlə 10 dollara aldığı geyimi 600 dollara satır. Sonra artıq böyük bir iş qurmağa nail olur. Bu filmdən sonra dedim ki, mən də bu işə başlayacam.

- Ancaq hər şey filmlərdəki qədər asan olmur...
- Təbii ki. Amma film sadəcə, mənə təkanverici qüvvə oldu. Filmi izlədiyim günün səhərisi rəfiqəmlə görüşdüm. O vaxta qədər əlimdə bəzi tikdiklərim var idi ki, özüm üçün evdə saxlayırdım. Məndən başqa heç kim onları görməmişdi. Bu da məni daha çox üzürdü. Rəfiqəm mənə dedi ki, sadəcə, özünü yoxla, heç nə itirmirsən ki. İnternetdə elan yazdım. Mənimlə ödənişsiz işləmək istəyən fotoqraflar, modellər, vizajist tapdım. Elə oldu ki, iki həftə ərzində çəkilişimiz baş tutdu. Bilirsiniz, sıfırdan başlamaq həmişə çətin olur. Komandanız yoxdursa, ikiqat çətin olur. Çox soyuq havada ziyafət geyimlərində modellərin şəkillərini çəkdik. Ödənişsiz gəlsələr də, onlar o havada işləməyə dözdülər.Səhəri gün dedim ki, şəkillər hazırdır, loqo vurulub, amma hələ də mənim komandam yoxdur. Modellər bir günlük gəlib çəkildilər, getdilər. Amma komanda lazımdır. Öz-özümə dedim, Aytən, filmi göz önünə gətir, utanma, çəkinmə. Sevdiyim bir söz var. Deyir ki, sən yeriməyə başlayanda yol görünəcək. Sosial şəbəkədə ikinci bir paylaşımı etdim. Çətinliklərimi, nədən başladığımı, nə istədiyimi yazdım. Çünki ən böyük silah səmimiyyətdir. Əgər səmimisənsə, insanlar sənə inanacaq, dəstəkləyəcək. Mən isə möcüzələrə inanıram, mümkünsüz heç nə yoxdur. Ona görə də axıra qədər mübarizə aparmağa başladım. Dəstək olanlarla yanaşı, "alınmayacaq” deyənlər də oldu. Paylaşımdan sonra gördüm ki, mənim kimi bu sahədə çalışmaq, nələrsə etmək arzusunda olan nə qədər xanım var. Gözləyirlər ki, kimsə onlara təkan versin. İçində ümidsiz olanları da var idi ki, bu işi istəyirdilər, amma alınacağına inanmırdılar. Mənsə seçimimi etdim. Hazırda komandamda 5 nəfər xanım var. Hələ ki ilk aylardayıq deyə ödənişsiz işləyirlər və hər şeydə mənə kömək edirlər.


- Əvvəldən bu işdə var idiniz, amma sonra fasilə verdiniz. Bu ilin aprelində yenidən başladınız. Fasiləyə səbəb olan nə idi?
- Yaradıcı insanam və məndə ruhən düşüb-qalxmalar çox olur. Bəzən özümü elə hiss edərəm ki, məndə heç nə alınmaz, esksiz çəkə bilmərəm. Bəzən isə 5 dəqiqənin içərisində 5 geyim ideyası yaranır və çatdırıb çəkə bilmirəm. Bir az maddi cəhətdən problem oldu, komanda da yox idi. Düşündüm ki, özümü toplayım, konkret nə istədiyimi müəyyənləşdirim. Düzgün vaxt yetişməmişdi.Əvvəllər bu sahədə fəaliyyət göstərirdim, amma kolleksiya hazırlamamışdım. Bundan bir az çəkinirdim. Sadəcə sifarişlər qəbul edirdim, hazırlayıb öyrənirdim. Sonra sanki məndə bir az durğunluq dövrü oldu, artıq sifariş götürmək istəmirdim. Sadəcə, çəkirdim, düşünürdüm. Sonra yenidən bu işi qurmaq qərarı verdim. Daha sifariş əsasında işləmədim, ancaq mənim öz geyimlərim olacaqdı. Mən markalaşmağa çox meyilliyəm. İşim üçün bəzi prinsiplərim var və onlardan keçmirəm.

- "Rozsev” maraqlı addır. Bunun mənası nədir?
- Bizdə hansısa brend yaradanda, adətən hamı öz adını qoyur. Mənim adım onsuz da brendin təsisçisi kimi qalacaq. Ancaq sevdiyim iki xanım var ki, onlar mənim həyatımda böyük rol oynayıblar. Nənəm (Roza) və anam (Sevinc). Adlarının əvvəlini birləşdirib bir ad düzəltdim. İstədim ki, onlar da yaddaşlarda qalsınlar. Nənəm rəhmətə getməmişdəm 2-3 həftə öncə qərar vermişdim, onun adını verəcəyimi də bilirdi.


- Dediniz ki, ilk vaxtlar sifarişləri götürəndə həm də bu işi öyrənirdiniz. İşinizdən narazı qalan müştərilər olurdu?
- Qətiyyən. Çünki çox məsuliyyətli idim. Anam həmişə mənə deyirdi ki, nə iş görürsən-gör, səliqəli gör. Mənə tikişi öyrədən xanım həmişə deyirdi ki, "bilmirəm” sözünü demə. De ki, bilirəm, mən sənə kömək edəcəyəm. İlk vaxtlar mənə sifariş verənlər professional olmadığımı bilirdilər, sadəcə, anama o qədər səliqəli tikirdim ki, bunu görürdülər. Əgər paltar mənim əlimdədirsə, onu bitirməyənə kimi əl çəkmirəm. Bəzən manyak kimi işləyirdim. Hətta mənə tikməyi öyrədən xanımdan baha tikirdim. Məsuliyyətli idim, tez və səliqəli işləyirdim. Bəzən ad günümə müştərilərim hədiyyə göndərir, məni təbrik edirdilər. Bu da mənə xoş gəlirdi.

- Maddi dəstək almırdız heç kimdən? Çünki bu, bir az işi rahat edə bilərdi...
- Bizdə adətən, belədir ki, bir gənc iş qurmaq istəyəndə valideynləri, ya ayrı yaxınları ona dəstək olur, yaxud kimləsə iş birliyi edirlər. Amma mən heç vaxt partnyorluğun tərəfdarı olmamışam. Bunun müəllif hüquqları mənə aiddirsə, paylaşa bilmərəm. Valideynlərimdən də dəstək almaq istəmirdim. Çünki öz gücümə bunu etmək istəyirdim. Çətin olacağını da bilirdim. Uğur hekayələrini oxumağı çox sevirdim. İnsanların sıfırdan başlamaları mənə maraqlı gəlirdi. Mübarizliyi sevirəm. Mənim üçün həyatda ən böyük həzz kiminsə «edə bilməzsən» dediyini etməkdir. Mən ilk dəfə tikməyi öyrənəndə belə, hamı asan model götürəndə mən gedib ən çətin modelləri götürürdüm. Soruşurdular ki, bu səndə nə xəstəlikdir? Cavab verirdim ki, bu daha çox xoşuma gəlir.Təbii ki, işin çətin tərəfləri çoxdur. Mənimlə işləyən xanımların hamısı işi yeni öyrənənlərdir, ona görə məsuliyyət mənim üstümdədir. Üstəlik, bu iş üçün lazım olan digər işləri də mən görürəm. Kənardan baxanlar mənə deyirlər ki, sən çox xoşbəxtsən, maraqlı işin var. Hətta asan olduğunu deyənlər də var, amma heç də kənardan göründüyü kimi deyil (Gülür).

- Geyimlərinizi özünüz hazırlayırsınız?
- Məndə əsas istiqamət ziyafət geyimləridir. Ona görə özümün, anamın və bacımın ziyafət geyimlərini özüm tikirəm. Tikməyi öyrənəndən sonra paltara pul xərcləmək istəmədim. Baxırdım, görürdüm ki, model xoşuma gəlir, gedib parça alıb özüm tikirdim. İnsanlar da gördükdə bəyənib istəyirlər. Həmişə ziyafətlərə gedəndə öz geyimlərimi geyinirəm. Çünki modelyer olduğunu biləndə, öncə sənin geyindiklərinə baxırlar. Özüm tikib-tikmədiyimi soruşurlar, tikişlərinə baxırlar. Gündəlik geyimləri isə çox vaxt alıram. Bəzən olur ki, onları da tikirəm.

- Dəbi izləyirsiniz?
- Rənglərlə bağlı trendləri hə, amma dəblə bağlı verilişləri çox da yox. Mən «Dəbi sən yarat» şüarı ilə yola çıxmışam. Sən yarat, qoy hamı səndə görüb təkrarlasın. Başqalarının işlərinə baxıb eskiz cızanda adama elə gələ bilər ki, öz ideyandır, amma başqasının olar. Yəni elə bilirsən ki, sənin ideyandır, amma əslində başqasında görmüsən, şüuraltında qalıb.

- Bəs, dəbi yarada bilisiniz?
- Hə, dəb cəsarət deməkdir və o hamı üçün deyil. Çünki elə insanlar var ki, individuallığı sevmir. Mən bunu təəssüf hissi ilə deyirəm. Bəzən küçədə gedəndə görürsən ki, bütün xanımların stili eynidir, individuallıq azdır. İndividual tərzi olan xanım tapmaq çətindir. Cəsarətli xanımlar görəndə çox xoşuma gəlir. Cəsarət deyəndə, dekolte nəzərdə tutmuram, yəni öz stilini formalaşdırırsan, yaraşdırırsan və geyinirsən. Bəzən elə bir geyim, elə bir rəng olur ki, çox adam onu geyinməyə cəsarət etmir. Ancaq onlar onu geyinir. Cəsarətli xanımlara bütün geyimlər yaraşır.

Aygün Asimqızı





banner

Oxşar Xəbərlər