• cümə axşamı, 28 mart, 22:02
  • Baku Bakı 13°C

Dəbdən düşən “ana”, “ata”, “Vətən”...

25.06.13 07:59 4420
Dəbdən düşən “ana”, “ata”, “Vətən”...
Bir tanışımız var, adı Vüsaldı. Özü də deyir ki, adımı açıq yazın, qoy bu məqaləni oxuyan hər kəs el arasında tatuaj deyilən döymədən çəkinsin. Vüsal 7-8 il əvvəl əsgərlikdə olanda nişan barmağına nişanlısının adının baş hərfini döydürüb. Lakin tale elə gətirib ki, əsgərlikdən qayıtdıqdan sonra nişanlısından ayrılıb və bir müddət sonra başqa bir qızla ailə qurub. Xanımı ona əlindəki hərfi sildiрməyi xahiş edib. O isə paytaxtdakı gözəllik salonlarının birində bunu etdirib. Lakin bu, Vüsala baha başa gəlib. Yandırma yolu ilə döyməni sildirdikdən sonra yarası sağalmayıb. 2 il müxtəlif həkimlərin müalicəsini alsa da, xeyri olmayıb. Son nəticədə barmağı dibindən amputasiya olunmalı olub: “Təxminən bir ilə yaxındı barmağımı kəsdirmişəm, qorxurdum ki, bununla da qurtarmaz qolumu kəsdirəsi olaram. Amma şükür Allaha ki, indi yaxşıyam. Heç kimə məsləhət görmürəm döyməni”.
Allah tərəfindən yaranışda hər birimizin dərimiz, ağ səhifə kimi təmiz olur. Bəzi insanlar, həyatının bir mərhələsində, hər hansı bir səbəblərdən dərilərinə boyalardan tatuaj çəkirlər. Bəziləri şəkil vurdurur, digərləri qaş və dodaq çəkdirir. Lakin hər bir halda, illər sonra, bu insanların 90%-i tatuajlarını ya silmək, ya dəyişmək fikrinə düşürlər. Əsas problem də onda başlayır. Müxtəlif salonlar və həkimlər, müxtəlif məsləhətlər verməyə başlayırlar. Məsələn, dərini yandırmaq, tatuaj yerinə açıq rənglə yeni tatuaj vurmaq, plastik əməliyyat edib, dərini kəsmək. Bütün hallarda eyni olan mənfi cəhətlər var – dəri uzun müddət sağalır, proses ağrılıdır, dəridə xora və çapıqlar əmələ gəlir və ən başlıcası – nəticəyə heç bir qarantiya yoxdur! Misal kimi Vüsalın başına gələni artıq nəql etdik.
Döymə ilk dəfə harda meydana çıxıb?
Hindlilər, yaponlar, amerika yerliləri və Afrikadakı bəzi qəbilələr tatuajı bəzək olaraq etsələr də bir çox cəmiyyətdə döymənin xəstəliklərə və pis ruhlara qarşı qoruyucu tilsim olaraq qəbul olunur. Döymə ənənəsi çox qədimdir. Qədim Misirdə tatuajın olması mumiyalardan aydın görünür. Qədim yunanlılar və romalılar, tatuajı günahkarlar və kölələrə edərdilər. Xristianlıq inancında döymə qadağan edilmişdi. Buna qarşı çıxan ilk xristianlar bədənlərinə İsanın adını ya da xaç naxışları daşıyan döymələr etdirmişlər.
Əsrlər keçincə avropalılar tatuajı unutdular. 18-ci əsrin sonlarında dəniz səyahətlərində Amerika yerlilərində və polinezyalılarda tatuaj sənəti yayılmışdı. Döymə sənəti 20-ci əsrin əvvəllərindən sonra, xüsusilə dənizçilər arasında məşhur idi. Romantik duyğuları, vətənpərvərliyi ya da dindarlığı ifadə etmək məqsədiylə döymə geniş şəkildə istifadə edilirdi. Amma gigiyenaya əhəmiyyət verilmədiyi və AIDS kimi bəzi xəstəliklərə səbəb olduğu üçün icazəsiz tatuaja qadağa qoyuldu.
Döymənin zərərləri...
Tatuaj etdirməmişdən əvvəl bilməniz lazım olan bəzi qaydalar var. Ən əhəmiyyətlisi isə budur ki, tatuaj çox zərəli və əziyyətlidir. Qalıcı tatuaj, AIDS-dən xroniki böyrək çatmazlığına qədər bir çox xəstəliyə səbəb olur. Xüsusilə yaz aylarında gənclərin böyük maraq göstərdiyi tatuaj bədəni xəstəliklərə qarşı zəiflədir. Həkimlər bildirirlər ki, iynələrin üstündə olan mikroblar bədənə girərək xəstəliklərə səbəb olur. Əgər bir neçə nəfərin bədənində istifadə edilərsə, bu sarılıqdan AIDS-ə kimi bütün xəstəliklərə yoluxmağa səbəb olar. Müvəqqəti tatuajlar da ən azı qalıcı tauajlar qədər təhlükəlidir. Son illərdə xüsusilə gənclər arasında sürətlə yayılan piercing və tatuaj, gözəl bir görüntü versə də bir çox allergiya xəstəliklərinə səbəb olur. Mütəxəssislər az zərəri tatuaj kimi tanınan müvəqqəti döymənin də dəridə yara yaramasına səbəb olduğunu bildirirlər. Tatuaj həmçinin hepatit B, hepatit C kimi xəstəliklərə gətirib çıxarır.
Müşahidələr göstərir ki, yay aylarında tatuaj etdirənlərin sayı çoxalır. Hazırda qadınlar arasında kosmetik xarakter daşıyan tatuajlar dəb halını alıb. Əsasən, qaşlarına tatuaj elətdirənlərin sayı çoxdur. Bəzən dodaqlarına da tatuaj ilə düzəliş elətdirənlərə rast gəlirik. “Ledi” gözəllik salonunda döymə edən Gülbəniz xanım bildirir ki, hətta bu vasitədən istifadə edərək üzünə, bədəninin müxtəlif yerlərinə xal qoyduran xanımlar da olur: “Başqalarını deyə bilmərəm, mənim müştərilərimin əksəriyyəti ailəli xanımlardır. Bəzən kişilər də müraciət edir, amma onlar əsasən cinsi azlıqların nümayəndələri olur”.
Gülbəniz xanımın sözlərinə görə, döymənin qiyməti təxminən 50 manatdan başlayıb şəklin ölçülərindən və formasından asılı olaraq artır: “Tatuajı mütləq, fərdi iynələrdən və təbii piqmentlərdən istifadə etməklə, steril şəraitdə həyata keçirmək lazımdır”.
Həmsöhbətimiz 7 illik təcrübəsinə əsaslanaraq dedyir ki, son illərdə tatuaja maraq artıb: “Ümumiğyyətlə, tatuaj etdirənlərin çoxu oğlandır. Oğlanlar əsasən vəhşi heyvan başları, yapon hərfləri və qılınc olan müxtəlif arnamentli şəkillər çəkdirirlər. Qızlar isə əsasən kosmetik düzəlişlərə, həmçinin kiçik ölçülü şəkillərə və naxışlara üstünlük verirlər. Oğlanların əksəriyyəti qollarına, sinə və kürəklərinə, qızların çoxu isə bilək və bellərinə tatuaj elətdirirlər. Əvvəllər ana, ata, vətən kimi sözlər döymə etdirilsə də, indi bunlar dəbdən düşüb”.
Yeri gəlmişkən, Gülbəniz xanım özü də qaşlarını tatuaj yolu ilə xüsusi formaya salıb. Lakin bunu o özü etməyib: “Mən Almaniyada etdirmişəm tatuajı”. Maraqlıdır, Almaniya ilə Azərbaycan arasında nə kimi fərq var? Gülbəniz xanımın sözlərinə görə, Almaniyada həddən artıq ehtiyatlı davranırlar: “Bütün avadanlıqlar strelize olunmuş olur, iynələr təkrar işlənmir. Hətta mənim qaşlarımı tatu edən usta bir əlcəyi təkrar geymirdi”. Bütün bunlara baxmayaraq, Almaniyada tatu Azərbaycandakından ucuz başa gəlir: “Burda normal salonda qaşların yüngül korreksiyası təxminən 600-800 manata başa gəlir, amma Almaniyada bunun üçün mənim heç 200 manat xərcim çıxmadı”.
Bədənə döymə vurdurmaq xəstəliyə yol aça bilər...
Dəri-zöhrəvi xəstəliklər həkimi, ekspert Aqşin Kəngərli məsələ ilə bağlı mətbuata danışarkən bildirib ki, tatuaj zamanı müxtəlif xəstəliklər törənə bilər: “Tatuaj təbii steril şəraitdə aparılmadıqda, fərdi iynələrdən istifadə edilmədikdə AIDS və Hepatit C-yə tutulma ola bilər. Tatuirovka geniş sahələrə və qeyri-steril şəraitdə vurulanda toksiki dermatoz əmələ gələ bilər. Bu zaman qan zəhərlənir. Bəzi insanlarda çapıqlanmaya meyllilik var, buna kelloid xəstəliyi deyirlər. Bu cür insanlara tatuaj vurulanda dərinin tamamlığı pozulur, dəridə çapıqlar əmələ gəlir ki, bunlar da kelloid çapıqlar adlanır”.
Ürəyinin üstündə həyat yoldaşının adını döydürüb
Hazırda Gülbəniz xanım gənc bir qadının qaşlarında döymə yolu ilə korrektə edir. Fürsətdən istifadə edib həmin qadına da tatuajın zərərli olduğunu bilib-bilmədiyi haqda sual ünvanlayırıq. Aldığımız cavab bir neçə məqamdan çox maraqlıdır: “Guya indiki zəmanədə xeyirli nə var ki? Yediyimiz qidaların çoxu da zərərlidir, onda yeməyək, ac qalaq. Həkimə gedir səhhətimizdə yaranan müxtəlif problemlərə görə dərman yazdırırıq, hamısı firma dərmanı, bir yerə xeyir edirsə 10 yeri sıradan çıxarır, onda gərək ağrılardan ölək, heç bir dərman atmayaq”. Həmsöhbətimizin göstərdiyi bir döymə isə bizi lap heyrətləndirir: o, ürəyinin üstündə həyat yoldaşının adını döydürüb: “O da öz sinəsində mənim adımı döydürüb”. Vüsalın əhvalatını həmin xanıma da nəql edirəm. Lakin özlərini Vüsal və keçmiş nişanlısı ilə eyniləşdirmir: “Bu, bizim bir-birimizə olan sevgimizin etirafıdır və heç zaman da sildirəsi olmayacağıq”.
Amma xanım unudur ki, döymə təkcə sildirəndə fəsad vermir...
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər