• şənbə, 20 Aprel, 10:36
  • Baku Bakı 14°C

Dəbdəbəli yas mərasimlərinə qadağa effekt verəcəkmi?

03.09.14 12:38 1639
Dəbdəbəli yas mərasimlərinə qadağa effekt verəcəkmi?
Azərbaycanda yas mərasimlərinin dəbdəbəli keçirilməsinə rəsmən qadağa qoyulub. Artıq yerlərdə yas mərasimlərinin sadə keçirilməsinə ciddi nəzarət başlayıb. Belə ki, Tovuz rayonunda yaxınının rəhmətə getdiyini deyən həmkarlarımızdan biri qəzetimizə bildirib ki, mollalar məclisi idarə etmək üçün sadə süfrənin olması şərtini qoyurlar: “Məlum olur ki, mollalara dəbdəbəli yas mərasimində iştirak edəcəkləri halda cərimə olunacaqları haqda xəbərdarlıq edilib. Bundan əlavə, rayonda başqa yas mərasimlərində gəlib camaatın yemək qazanlarını müsadirə etdikləri də danışılır”.
Qeyd edək ki, Sumqayıt şəhərində də bu kimi hallar baş verib. Şəhərdə yas mərasimlərinə ciddi nəzarət başlaması ilə bağlı xəbəri Şəhər İcra Hakimiyyətindən də təsdiqləyiblər. Sumqayıt Şəhər İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi Nazani İsayeva modern.az-a bildirib ki, icra başçısı Eldar Əzizovun yas mərasimləri haqqında qərar verməsi barədə yayılan informasiyalar tamamilə doğrudur. Belə ki, icra başçısının tapşırığına əsasən, Mənzil İstismar Sahəsinin (MİS) əməkdaşları ərazilərində olan xeyir-şər evlərini nəzarətə alıb. Yas mərasimlərində yemək verilməsi qadağan edilib. Belə ki, başçının qərarına görə, yas mərasimlərində ancaq çay süfrəsi açıla bilər. Əks halda, yemək, meyvə-tərəvəz məhsulları MİS əməkdaşları tərəfindən götürüləcək və uşaq və qocalar evlərinə paylanılacaq.
Bir neçə gün öncə Füzuli rayonunda da yas mərasimlərində israfçılığın qarşısının alınması məqsədilə yenilik tətbiq olunub. Orada da rayon ağsaqqallarının təşəbbüsü ilə ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə bildirib ki, yas mərasimləri həddini aşmamalıdır, yəni burada müəyyən nizam qorunmalıdır: “Yas mərasimləri ilə bağlı Azərbaycanın milli adət-ənənələri var. Milli adət-ənənələrimiz zaman-zaman mövcud olub, lakin onlar ehkam deyil, adət-ənənələr də zamana uyğun olaraq dəyişikliyə məruz qalır və bu da təbii prosesdir. Bunlar dinimizin tələblərinə uyğun edilməlidir, eyni zamanda, yas mərasimlərində hansısa təmtəraq və israfçılığa yol verilməməlidir”.
Qeyd edək ki, yas mərasimləri ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının ayrıca fətvası da var. Orada da yas mərasimlərində israfçılıq edilməməsinə çağırış olunub.
Axund Hacı Bəxtiyarın sözlərinə görə, yas mərasiminin yaranma tarixi ilə bugünkü vəziyyət üst-üstə düşmür: “İlk dəfə Məhəmməd Peyğəmbərin əmisi oğlu rəhmətə gedəndə Peyğəmbər onun evinə gəlir, uşaqlarının başına sığal çəkir və bildirir ki, 40 gün bu ailə yaşda olduğundan bu müddətdə kimin evində nə bişəcəksə bu ailəyə də gətirsin. Çünki hüzrü olan adam yemək düşünmür axı. Ona görə də peyğəmbər (s) buyurub ki, hər kəs evində bişəndən gətirsin, həm öz ailəsi, həm də yasda olan ailə yesin. Deyilməyib ki, sən qarpız gətir, yemiş gətir, min cür şirniyyat gətir. İndi bəzi rayonlarda pul yığıb kömək eləyirlər ev sahibinə, amma bəzi rayonlarda bu köməklik də olmur. Biz yasa gedirik mənəvi dayaq olmağa, getmirik ki, ev yiyəsinin evini yıxaq. Ehsan sözünün kökü də yaxşılıq deməkdir. Biz yaxşılığı süfrənin bolluğunda görürük, amma belə deyil, mən evinə gəlsəm, bir stəkan çay da versən, bir yaxşı söz də desən, ehtiram göstərsən, küçədə getdiyin birinə kömək etsən bu da yaxşılıqdır”.
Hacı Bəxtiyarın fikrincə, bu qadağalar nəticə verəcək: “Biz ruhanilər Bakının Fatimeyi, Digah, Məhəmmədi, Balaxanı kəndlərində ehsanların yüngülləşməsi üçün çalışırıq. Məsələn, qazan yeməkləri olmasın, pendir, halva belə şeylər olsun. Ehsan yüngülvari olmalıdır. Əgər kimsə qoyulan bu qaydalara əməl etməsə, məclisi idarə edən molla o məclisi tərk edir”.
Sosioloq Rafiq Təmrazov məsələyə münasibət bildirərkən qeyd edib ki, yas və ya toy mərasimi insanların, yaxınların, tanışların toplaşdığı bir məqamdır ki, onlarla toyda sevincini, yasda isə kədərini bölüşmək mahiyyəti daşıyır: “Tarixən belə mərasimlərdə insanın ətrafına toplaşanlar müxtəlif yerlərdən gəldiyinə görə hər hansı bir formada onların qarşılanması, süfrə açılması zərurət olub. Zaman keçdikcə, bu məsələ adət halını alıb, dəbdəbəyə çevrilib. İndi çox müzakirə olunur, amma heç kim bu məsələdə nümunə olmaq istəmir. Məşhur insanlar bu məsələdə nümunə olmalıdırlar ki, digərləri də həmin yolla getsinlər. Amma bu mümkün deyil, çünki tarixən elə formalaşıb ki, adətən insanlar maddi durumu, dünyagörüşü, təhsilinə görə, bir-birindən fərqləniblər, ona görə də, hər bir insanın da məclisi özünə, əhatəsinə görə fərqlənir. Bu səbəbdən də həmin məclisləri qaydaya salmaq çətin olacaq”.
Sosioloqlun sözlərinə görə, digər cəmiyyətlərdən fərqli olaraq bizdə kasıb və varlı adamların məclisi bir-birindən fərqlənmir, kasıblar da özlərini varlı adamlar kimi göstərmək istəyirlər: “Kasıb adamlar külli miqdarda borca girərək, müxtəlif yerlərdən vəsait əldə edərək dəbdəbəli yas mərasimləri təşkil edir. İnsanlar arasında belə bir fikir formalaşıb ki, məclisi o formada təşkil etməsə, qınaq obyektinə çevriləcək. Bu da əslində bir psixoloji problemdir ki, biz özümüz üçün yox, başqaları üçün yaşayırıq, kimlərin bizə nə deyəcəyi barədə hesablaşırıq, həyatımızı da ona uyğun qururuq. Bu israfçılıq da bundan irəli gəlir”.
R.Təmrazovun fikrincə, bu prosesi hansısa qayda-qanunla yoluna qoymaq mümkün deyil: “Tarixən insanlar müxtəlif kateqoriyalara bölünürlər, həm maddi təminatına, həm dünyagörüşlərinə, həm cəmiyyətdə tutduqları yerə görə. Ona görə də, hər bir insanın öz çevrəsi, tanışları var, hər bir insanın da məclisi öz ətrafına uyğun qurulur. Bunu qaydaya salmaq olmaz. Bununla bağlı tez-tez din xadimləri, müxtəlif qurumların nümayəndələri qanun qəbul olunmasından danışırlar, amma düşünürəm ki, bu məsələni hansısa bir inzibati qaydada həll etmək doğru deyil. Hətta bunu tətbiq etsələr belə, müəyyən müddətdən sonra aradan qalxacaq. Bu həm də insanların şəxsi həyatına müdaxilədir”. Sosioloqlun sözlərinə görə, təbliğat işi elə qurulmalıdır ki, insan özü dərk etsin ki, onun imkanı bir stəkan çayla qəndə çatır, yoxsa dəbdəbəli, dörd cür yemək verməyə: “Ona görə də insanların dünyagörüşü, ictimai şüur dəyişməlidir. İnzibati tədbirlərlə bunun qarşısını almaq nə mümkün, nə də düzgün deyil”.
Millət vəkili Çingiz Qənizadə yas mərasimləri ilə bağlı görülən tədbirləri alqışladığını bildirdi. Onun sözlərinə görə, bizim insanlardakı şöhrətpərəstlik bu vəziyyətin yaranmasına səbəb olub: “Dəbdəbəli yas mərasimi başqaları ilə yarışdan başqa bir şey deyil. Mən toyları da bu söhbətə aid edirəm. Yas yerlərində israfçılığa son qoyulması ilə bağlı addımları alqışlayıram. Bu istiqamətdə işin çətin olacağı məlumdur. Mən aidiyyəti dövlət rəsmilərilə söhbətimdə də demişəm ki, əlimdən gələni etməyə hazıram”.
Ç.Qənizadə hesab edir ki, bu tədbirlərə qarşı mübarizə aparan qüvvələr də olacaq. Onun sözlərinə görə, yas mərasimlərinin təşkilindən tutmuş, orada açılan süfrələrə qədər bu proses biznesə çevrilib: “Bunun arxasında duran insanların müqaviməti olacaq. Hətta dindarların içərisində də bunun əleyhinə gedənlər tapılacaq. Amma məsələn, Naxçıvanda artıq bir neçə ildir ki, Vasif Talıbov bu qaydaları tətbiq edib. Əvvəllər ona qarşı da müqavimət oldu, lakin artıq müsbət dəyərləndirilir”. Deputat hesab edir ki, bununla bağlı insanların maarifləndirilməsi də lazımdır: “Qərar qəbul olunub, amma telekanallarda, mətbuatda düzgün iş getmir, insanların maarifləndirilməsi üçün hər hansı tədbirlər reallaşdırılmır. Sadəcə icra hakimiyyətlərində hansısa yığıncaqlar oldu, bitdi. Bəlkə də bu cür palatkaların, dəbdəbədən gələn gəlirin arxasında duran adamlar həmin iclaslarda iştirak ediblər, bundan sonra da çalışacaqlar ki, bu qərar icra olunmasın. Bu, hamının maraqlarına toxunduğu üçün istərdim ki, telekanallarda bu istiqamətdə iş aparılsın, insanlar maarifləndirilsin. Eyni zamanda bu cür məclislərdə iştirak edən din xadimlərinin cəzalanması məsələsi gündəmdə olsun. Mütləq onların səlahiyyətlərinin alınması, yas məclislərində iştirakına qadağa olmalıdır ki, bu məsələlərə göz yummasınlar, maarifləndirmə aparsınlar yerlərdə. Bu cür dəbdəbəli mərasimlərin ölənlərimizə heç bir aidiyyəti olmadığını insanlar dərk etməlidirlər. Bu mövqeni tamamilə dəstəkləyirəm”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər