• cümə axşamı, 28 mart, 12:41
  • Baku Bakı 16°C

Dayanıqlı inkişafla bağlı 17 məqsəd

08.10.16 09:00 2737
Dayanıqlı inkişafla bağlı 17 məqsəd
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrəMilli Əlaqələndirmə Şurasının yaradılması haqqında fərman verib. Fərmana əsasən, ölkəmizdə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb.Şuranın yaradılmasında əsas məqsəd 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən, habelə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarətdir.Şura öz fəaliyyətinə yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları və elm müəssisələrini cəlb edə, habelə ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər.

Millət vəkili Tahir Mirkişili qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan BMT üzvü olan dövlətlərin 2015-ci ilin 25-27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. BMT sənədlərinə əsasən Dayanıqlı İnkişaf 17 məqsəddən ibarətdir. Millət vəkili qeyd etdi ki, bunlar yoxsulluğa, aclığa yox demək, sağlamlıq, keyfiyyətli təhsil, gender bərabərliyi, yaxşı iş və iqtisadi inkişaf, sülh və ədalət, hədəflərə çatmaq üçün əməkdaşlıq və s. məsələlərdir: "Həmin məqsədlər kifayət qədər geniş məsələləri əhatə edir. Bu məqsədlərin əksəriyyəti Azərbaycanda müxtəlif sənədlərdə əks olunub və onlara çatmaq üçün davamlı iş aparılır. Ancaq məqsədlər əhatəli olduğundan və görülən işlərdə davamlılıq tələb olunduğundan bütün bu işlərin əlaqələndirilməsinə bütün ölkələrdə ehtiyac yaranıb. "Hədəflərə çatmaq üçün əməkdaşlıq” məqsədi də məhz əməkdaşlığa çağırır”.

İqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, BMT dünyada dayanıqlı inkişafın təmin edilməsi ilə bağlı konkret strategiyasını hazırlayıb və onu bütün dünya ölkələrində reallaşdırmaq niyyətindədir: "Azərbaycan da BMT-nin proqramlarında fəal iştirak edir, BMT-nin Baş Assambleyasının qəbul etdiyi "Minilliyin Bəyannaməsi”nə qoşulmuş ölkələrdən biridir. Bu bəyannamə çərçivəsində əsas məqsəd yoxsulluğun aradan qaldırılması və dayanıqlı inkişafa nail olmaqdır. Bu istiqamətdə Azərbaycanda bir sıra dövlət proqramları həyata keçirilib. Nəticə etibarilə regionların inkişafı, regionlarda və ölkə üzə yoxsulluğun aradan qaldırılması, dayanıqlı inkişafın təmin edilməsi ilə bağlı 2003-2015-ci illərdə real addımlar atılıb”.

V.Bayramov deyir ki, ötən il dayanıqlı inkişaf sammitində dayanıqlı inkişafla bağlı yeni məqsəd və hədəflər müəyyənləşib. Azərbaycan da dayanıqlı inkişaf üçün öhdəliklərin ölkəmizdə reallaşması ilə bağlı strategiyaya malikdir: "Dayanıqlı inkişaf üzrə hədəflər çox fərqli sektorları əhatə edir. Bu hədəflər nəticə etibarilə iqtisadi inkişaf, ekologiya, yoxsulluğun aradan qaldırılması, gender bərabərliyi, təhsilin, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, təmiz suya çıxış imkanlarının genişləndirilməsi, enerjiyə çıxış imkanlarının gücləndirilməsi, iqtisadi inkişaf, sənaye, qeyri-bərabərliyin aradan qaldırılması, dayanıqlı şəhərlər və icmaların formalaşması, eləcə də istehlak və istehsal üzrə öhdəliyə malik cəmiyyətlərin qurulması, iqlim dəyişiklikləri və s. istiqamətlər daxil olmaqla 17 məqsədə malikdir. 17 məqsədin də əsas vəzifəsi nəticə etibarilə dünyada, xüsusilə inkişaf etməkdə olan ölkələrdə yoxsulluğun aradan qaldırılmasına nail olmaqdan ibarətdir”.

İqtisadçı bildirdi ki, dayanıqlı inkişaf üzrə hədəflər və eləcə də məqsədlər 2016-cı ilin yanvarından qüvvəyə minib və 170-dən artıq ölkədə tətbiq olunacaq: "Sözügedən bəyannamə növbəti 5 ili əhatə edəcək. Münaqişələrin həll edilməsi, demokratik idarəetmənin formalaşması, iqlim dəyişiklikləri və çox fərqli prinsiplər var ki, onların 170 ölkə üzrə tətbiqi nəzərdə tutulub. Azərbaycanın da Dayanıqlı İnkişaf üzrə Əlaqələndirmə Şurasını formalaşdırması əslində dayanıqlı inkişafla bağlı hədəflərə çatılması baxımından olduqca vacib idi. Belə bir şurann formalaşdırılması təbii ki, Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə çatmaq ilə bağlı siyasi iradəsini nümayiş etdirir. Nəticə etibarilə bu, Azərbaycanın "Minilliyin Bəyannaməsi”ndə qeyd olunan hədəflərə daha qısa zamanda və daha səmərəli şəkildə nail olmasına imkan verir”.

V.Bayramov qeyd etdi ki, şuranın konkret öhdəlikləri olacaq və burada fərqli dövlət qurumlarının nümayəndələri təmsil olunacaq: "Bütün bunlar Azərbaycanın növbəti 15 ildə dayanıqlı inkişafa nail olmaqla bağlı konkret addımlar atmasına şərait yaradacaq. Eləcə də şuranın fəaliyyətinə diqqət yetirsək, bura qanunvericilik bazasının təkmilləşdirilməsi, eyni zamanda dayanıqlı inkişaf məqsədinə nail olunması ilə bağlı görülmüş tədbirlərin hesabatlarının hazırlanması, təqdim olunması, ictimaiyyətin məlumatlandırılması, yerli və xarici ekspertlər, beynəlxalq təşkilatlarla birgə işçi qruplarının formalaşdırılması və bu məqsədlərə nail olunması ilə bağlı fəaliyyətin genişləndirilməsi daxildir. Bu isə birmənalı şəkildə ona gətirib çıxarır ki, Azərbaycan BMT-nin dayanıqlı inkişafla bağlı məqsədlərinə nail olmağa çalışır. Və təbii ki, şurasının formalaşması da növbəti 15 ildə sözügedən 17 hədəfə çatılması ilə bağlı konkret "yol xəritəsi”nin hazırlanmasına imkan verəcək”.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər