• cümə, 29 Mart, 09:25
  • Baku Bakı 5°C

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının işçi qruplarının iclası keçirilib - Fotolar

08.02.17 17:15 1668
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının işçi qruplarının iclası keçirilib - Fotolar
Bu gün Bakı Biznes Mərkəzində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının tərkibində yaradılmış iqtisadi inkişaf və layiqli məşğulluq, sosial, ekoloji məsələlər, monitorinq və qiymətləndirmə üzrə işçi qruplarının iclası keçirilib.

Qeyd edək ki, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin funksiyasını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.

Tədbiri giriş sözü ilə açan Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Şuranın yaradılmasının Azərbaycan üçün əhəmiyyəti barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ilin 25–27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş və 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub. DİM-dən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2016-cı il tarixli Fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Şuranın əsas vəzifələri qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlərin və onlara dair göstəricilərin müəyyən edilməsi, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramları və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasının təmin edilməsidir. Ötən müddət ərzində Milli Əlaqələndirmə Şurasının Katibliyi, iqtisadi inkişaf və layiqli məşğulluq, sosial, ekoloji məsələlər, monitorinq və qiymətləndirmə sahələri üzrə 4 işçi qrupları yaradılıb və digər tədbirlər görülüb. Əli Əhmədov qeyd edib ki, Azərbaycanın DİM-in reallaşdırılması üçün gördüyü işlər BMT tərəfindən yüksək qiymətləndirilib və qurum bu sahədə ölkəmizlə əməkdaşlıqda maraqlıdır. Bildirilib ki, proqram çərçivəsində 2030-cu ilə qədər DİM-in həyata keçirilməsi üçün hesabatlar hazırlanacaq və BMT-yə təqdim olunacaq. Azərbaycan BMT-yə ilk hesabatı 2017-ci ildə təqdim edəcək və hazırda bu istiqamətdə işlər görülür.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Azərbaycanın BMT-nin bir çox təşəbbüs və proqramlarına, o cümlədən Minilliyin İnkişaf Məqsədlərinə və Davamlı İnkişaf Məqsədlərinə qoşulduğunu vurğulayıb. Ölkəmizin DİM-ə və bu təşəbbüsdə əks olunan hədəflərin reallaşdırılmasına böyük önəm verdiyini qeyd edən Sevinc Həsənova vurğulayıb ki, DİM-ə qoşulan digər ölkələrlə müqayisədə ilk olaraq Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və bu, BMT tərəfindən yüksək qiymətləndirilib. Sevinc Həsənova bildirib ki, artıq DİM-lər üzrə qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlərin və onlara dair göstəricilərin müəyyən edilməsinə, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasına dair ilkin layihə hazırlanıb. Bununla belə sənəd üzərində iş davam etdirilir və bu sahədə Milli Əlaqələndirmə Şurasının tərkibində yaradılmış işçi qruplarının üzərinə böyük iş düşür.

Sonra Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri Hüseyn Hüseynov Dayanıqlı İnkişaf Məqsədlərinin milli prioritetlərə uyğunlaşdırılması sahəsində görülən işlər və 2017-ci ildə BMT-nin Baş Qərargahında keçiriləcək Yüksək Səviyyəli Siyasi Forum üçün Azərbaycanın hesabatının hazırlanması, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov DİM çərçivəsində statistik göstəricilərin BMT-nin tələblərinə uyğunlaşdırılması sahəsində görülən işlər, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə DİM-də ailə və qadın, gender məsələləri barədə məlumat verib.

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru, iqtisadi inkişaf və layiqli məşğulluq üzrə İşçi Qrupunun rəhbəri Vilayət Vəliyev işçi qrupunun fəaliyyəti, Dayanıqlı İnkişaf Məqsədlərinin startegiyalara, konsepsiyalara və dövlət proqramlarına uyğunlaşdırılması, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi, sosial məsələlər üzrə İşçi Qrulunun rəhbəri Fuad Hüseynov sosial sahələr üzrə Dayanıqlı İnkişaf Məqsədlərinin və hədəflərinin seçilməsinin cari vəziyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi, ekoloji məsələlər üzrə İşçi Qrupunun rəhbəri Rasim Səttarzadə ekoloji sahələr üzrə Dayanıqlı İnkişaf Məqsədlərinin milli prioritetlərə uyğunlaşdırılması, Dövlət Statistika Komitəsinin nümayəndəsi Rasim Səfərov Dayanıqlı İnkişaf Məqsədlərinin statistik göstəricilərinin seçilməsi barədə məlumat verib.

Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov hesabatın hazırlanmasına dair Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinə və işçi qruplarına müvafiq tapşırıqlar verib.



banner

Oxşar Xəbərlər