• cümə, 19 Aprel, 09:50
  • Baku Bakı 13°C

Daxili və xarici siyasətimizin təməlində milli maraqlarımız dayanır

15.12.14 17:14 1907
Daxili və xarici siyasətimizin təməlində milli maraqlarımız dayanır
Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ANS-in “Hesabat” proqramının aparıcısı Mir Şahin Ağayevə müsahibə verib. AzərTAc müsahibənin mətnini təqdim edir.

- Əli müəllim, son zamanlar Azərbaycanda sabitliyin ayrı-ayrı fərdlər səviyyəsində pozulması hallarına rast gəlirəm. Ayrı-ayrı fərdlər! Dövlət nümayəndələrinə, polis əməkdaşlarına hücumlar olur. Sanki, bu əməlləri törədən insanların 1991-1992-ci illərin qarışıq vaxtları yadından çıxıb? İstəyirəm bu məsələlərə münasibətinizi bildirəsiniz. Bütün bunlar nəyin nəticəsidir?

- Bilirsiniz, zaman keçdikcə, əlbəttə, nəsillər də dəyişir. Nəsillər dəyişdikcə keçmişin o çətin, ağır günləri, o qarmaqarışıq anarxiya, xaos dövrü də unudulur. Ona görə də bu sabitlik məsələsinə yeni nəslin münasibəti bəzən bizi təəssüfləndirir. Dediyiniz kimi, ayrı-ayrı fərdlər, ayrı-ayrı fərdlərin birləşdiyi kiçik qruplar, ayrı-ayrı beynəlxalq dairələrin antiazərbaycan qüvvələrinə bağlı insanlar və onların təmsil etdiyi kiçik təşkilatlar belə cəhdlər göstərirlər. Amma bu cəhdlər yalnız könül bulandırmağa yetir. Çünki dövlət, təkrar edirəm, çox güclüdür. Dövlət öz daxili həyatına, ictimai həyat normalarına nəzarət edə bilir, onların pozulmasının qarşısını ala bilir, qanunlarımız işləyir, hüquq mühafizə orqanları ayıq-sayıqdır. Belə bir şəraitdə düşünmürəm ki, onlar istədiklərinə nail ola bilərlər.
- Xüsusilə bu halların təhlükəliliyini nədə görürəm. Yəqin Siz də mənimlə razılaşarsınız ki, son zamanlar dini təmayüllü qüvvələr arasında radikallaşma var. Məscidə od vururlar və yaxud haradasa bu istiqamətdə hansısa addımlar atılır. Mən düşünürəm ki, xüsusilə Azərbaycan dövlətinə son zamanlar elə Xədicə İsmayılova amili əsasında təzyiqlərin artması zəminində bu proseslərə yanaşanda daha dərin təhlil etməkdən ötrü əsaslarımız yaranır...

- Administrasiyadan bu məsələlər necə görünür: deyim ki, Azərbaycan vətəndaşları və Azərbaycanın dini inanclı insanları bu hadisələrin başında dayanır, onun mahiyyətini təşkil edir və aksiyalar onların iradəsi ilə baş verir, əlbəttə, bu, belə deyil. Azərbaycan vətəndaşı firavan, sabit, normal bir həyat yaşamağa meyillidir. Bunu da biz gündəlik həyatımızda, idarəçilikdə müşahidə edirik. Azərbaycanda mövcud dini cərəyanlar da, - bilirsiniz ki, Azərbaycanda müxtəlif cərəyanlarda inanclı insanlar birləşiblər, - bunların içərisində həm adını çəkdiyiniz vəhhabilər də var, bunların içərisində deyək, dinin şiə qanadını təmsil edənlər də var, bunların içərisində nurçular və digər dini cərəyanlara mənsub insanlar var. Lakin bunları Azərbaycan dövlətinin üzərinə qaldırıb, daxildə bir-birinə qarşı qoyub, bir-biri ilə savaşdırıb nəyəsə nail olmaq istəyən xarici qüvvələr var. Azərbaycan dövlətinin sabit vəziyyəti çoxlarına sərf etmir. Əlbəttə, Azərbaycan dövlətinin sabitliyində maraqlı olan qüvvələr, dövlətlər də var. Azərbaycanın tərəfdaşları var, dünya birliyinin Azərbaycan ilə sabit əlaqələrində maraqlı olan üzvləri var. Lakin Azərbaycanın sabit inkişafında maraqlı olmayan, Azərbaycan dövlətinə təzyiqlər vasitəsilə nəyəsə nail olmaq istəyən qüvvələr var ki, bu qüvvələr zaman-zaman həm o dini cərəyanları, sosial qrupları, siyasi partiyaları, mətbuat orqanlarının bəzi savadsız nümayəndələrini dövlətə və dövlətçiliyə qarşı təhrik edə bilirlər. Dövlətə və dövlətçiliyə bunların gücü çatmayanda, ictimai davranış normalarını pozmağa qadir olmayanda, bunlar o tipli aksiyalara əl atırlar. Məscidi partlatmaq, yolda kiməsə sui-qəsd etmək və s. Təkrar edirəm, bunlar Azərbaycan vətəndaşlarının qəlbindən gələn və onların həyatına, davranışlarına uyğun hadisələr deyil.
- Əli müəllim, bir sual da yaranır. Sizin dediklərinizdən çıxış edərək demək istəyirəm: son zamanlar fikir verirəm, rəsmi informasiya vasitələrində, xüsusilə Azərbaycanın Qərblə münasibətlərində elə bil ki, tonallıq dəyişir. Yəni, biz əvvəllər Qərblə mükalimələrdə, polemikalarda sübut etməyə çalışırdıq ki, bizim insan haqları, söz azadlığı, onların pozulması ilə bağlı bir problemimiz yoxdur. Tutarlı arqumentlər, dəlillər gətirirdik və qarşı tərəfə sübut edirdik ki, bizdə vəziyyət yaxşıdır. İndi isə sanki kənardan belə görünür – xüsusilə də Amerika Birləşmiş Ştatlarında Ferquson hadisələri və digər bir günahsız insanın ölümündən sonra elə bil Azərbaycan sübut etmək istəyir ki, bütün dünya, o cümlədən də Amerika Birləşmiş Ştatlarına və Qərbə baxın, sizdə də vəziyyət pisdir. Yəni, biz məqsəd olaraq prioritetlərimizi dəyişmirik ki? Yəni, biz öz əsas hədəfimizdə qalırıqmı? Yenə də insan haqlarını, söz azadlığını qorumalıyıq, yoxsa sakitləşməliyik. Onsuz da dünyanın ən qabaqda gedən ölkəsində belədirsə, deməli, hər şey pis olaraq da qala bilər?

- Biz uzun müddətdir dünyaya sübut etmək istəyirdik ki, Ermənistan təcavüzkardır, Azərbaycan isə təcavüzə məruz qalan. Elə bilirdik dünya, Avropa Şurası, ATƏT, NATO, ABŞ bunu bilmir. Bizə elə gəlirdi ki, Minsk qrupunun həmsədr ölkələri bunu bilmir. Amma 10 illər keçəndən sonra gördük ki, onlar bunu çox gözəl bilirlər. Çox gözəl bilirlər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Çox gözəl bilirlər ki, işğalçı dövlətə qarşı sanksiyalar tətbiq etmək lazımdır. İşğalçı dövlətə qarşı beynəlxalq hüququn gücünü göstərmək lazımdır. Bunlar məsələdən yayınırdılar. Ukrayna hadisələri fonunda və yaxud da ondan qabaq – Liviyada, Livanda, Suriyada, Misirdə həmin bu Təhlükəsizlik Şurasının, həmin o Amerika Birləşmiş Ştatlarının, Qərb dövlətlərinin dünya müdiriyyəti hesab olunan BMT-nin qətiyyətli mövqelərini görəndən sonra başladıq biz də bunların üzərinə getməyə ki, axı, sizə indiyə qədər biz deyirdik ki, Dağlıq Qarabağı ermənilər işğal edib, onları dəstəkləyən qüvvələr var. Nəyə görə indiyə qədər işğalçı Ermənistanın separatçı rəhbərlərinə qarşı sanksiya tətbiq olunmayıb? Nəyə görə, indiyə qədər Dağlıq Qarabağa gediş-gəliş dünyada qadağan olunmayıb? Niyə Ukraynada tətbiq olunan sanksiyalar Dağlıq Qarabağın separatçı rejiminə qarşı tətbiq olunmur? Məhz bunları görəndən sonra biz Qərblə öz dilində danışmağa başladıq. Biz hazırda ABŞ-la, Qərb institutları ilə, xüsusən də beynəlxalq dairələrlə öz dilində danışırıq ki, Azərbaycan sizə nə qədər lazımdırsa, siz də bizə o qədər lazımsınız. Bizə dərs verirlər, bizi öyrədirlər. Biz artıq o öyrənmək, dərs almaq mərhələsini keçmişik. Biz bilirik insan hüquqları nədir. Biz deyirik, əgər insan hüquqları doğrudan da, bu dairələr üçün belə dəyərlidirsə, buyursunlar Dağlıq Qarabağdan 10 illərdir ki, didərgin salınmış bir milyon insanın adi milli vətəndaş hüquqlarını bərpa etsinlər. Ən azından onların öz yerlərinə qaytarılmasını təmin etsinlər.
- O vaxtlar belə bəyanatlar səslənirdi ki, Azərbaycan Avratlantik strukturlara inteqrasiya etməlidir. Bizim yolumuz belədir və sair və ilaxır. İndi hansısa bir dəyişiklik var, yoxsa xətt həmin xətdir, sadəcə olaraq korrekturovkalar edirsiniz?

- Bilirsiniz, Azərbaycanın daxili və xarici siyasətinin təməlində milli maraqlar dayanır. Hansısa struktura inteqrasiya olunmaq, hansısa strukturdan uzaqlaşmaq, hansısa digər bir strukturla birləşmək və yaxud da onun tərkibinə daxil olmaq Azərbaycan dövlətinin və Azərbaycan xalqının maraqlarında ali məqsəd deyil, vasitədir. Ali məqsəd Azərbaycan dövlətinin təhlükəsizliyini, ərazi bütövlüyünü təmin etməkdir, işğal olunmuş əraziləri azad etməkdir. Ali məqsəd Azərbaycan xalqını firavan həyatla təmin etməkdir, işsizliyi, sosial problemləri aradan qaldırmaqdır, eyni zamanda, insanları mənzillə təmin etməkdir və s. Bütün bunlar Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin qarşısında duran ali vəzifədir. Ali vəzifəyə çatmaq üçün biz, əlbəttə, vasitələr seçirik. Vasitələrdən biri Qərb dövlətləri ilə münasibətlər yaratmaq və onlarla iqtisadi gücü birləşdirmək, digər hansısa bir dövlətlə təhlükəsizlik maraqlarını birləşdirib təhlükəsizliyi təmin etmək, ərazi bütövlüyü sahəsində tərəfdaş münasibət yaratmaq və ilaxır və s. Görəndə ki, bizim maraqlarımıza - konkret olaraq bu bölgədə, bu dövlətlərlə tərəfdaş olmaq, digər dövlətlərlə rəqabət yaratmaq sərf edirsə, əlbəttə, ona gedirik. Təkrar edirəm, dövlətin daimi marağı var. Dövlətin daimi dostu, daimi düşməni olmur.
- Azərbaycan dövləti son zamanlar öz tənqidlərində daha kəskin, daha birbaşa, daha cəsarətlidir. Hətta ABŞ-ın tənqid olunması Azərbaycan dövlət strukturları, ideoloji aparatının insanlarından ötrü gözlənilməz hal deyil. Amma məni bir şey maraqlandırır. Biz heç bir vaxt Rusiyanı, İranı bu dərəcədə açıq və birbaşa kəskin şəkildə tənqid etməmişik.

- Onlar da bizi tənqid etmirlər, məhz ona görə. Bilirsiniz tənqid, təkrar deyirəm, prinsiplərə söykənməlidir. Əgər doğrudan da Azərbaycanda Qərbin dəyərləri olan demokratiya, insan hüquq və azadlıqları, söz azadlığı, mətbuat azadlığı, ərazi bütövlüyü, insanların təhlükəsizliyi, bu məsələ, doğrudan da, bütün dünyada Azərbaycanda olduğu kimi, təbliğ olunursa, qorunursa, onlarda hansısa bir dairə bizi tənqid edirsə normal yanaşırıq. Amma davamlı bir şəkildə olmayan bir şeyi bizə məcbur qəbul etdirmək istəyirlər. Amma özlərinə aid olan hüquqlardan, belə deyək, vaz keçirlərsə, əlbəttə, biz onlara cavab veririk. Rusiya da, İran da, o cümlədən Çin Xalq Respublikası və digər dövlətlər də bizimlə daxili işlərə qarışmamaq prinsipi əsasında münasibətlər qurubdur. Biz bir-birimizə tövsiyələr verə bilərik. Biz bir-birimizə hansısa məsələlərdə məsləhət verə bilərik. Bu məsləhətləri qəbul edib-etməmək o dövlətin öz işidir.
banner

Oxşar Xəbərlər