• cümə, 19 Aprel, 17:27
  • Baku Bakı 25°C

“Davudoğlunun təklifi nəzəri baxımdan qəbul edilsə də...”

11.12.13 10:16 1832
“Davudoğlunun təklifi nəzəri baxımdan qəbul edilsə də...”
Türkiyənin xarici işlər naziri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Şurasının Ermənistanda keçiriləcək yığıncağına dəvət olunub. Dekabrın 12-də İrəvanda baş tutacaq toplantı çərçivəsində Əhməd Davudoğlunun Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşü də nəzərdə tutulub. Ehtimal olunur ki, Davudoğlu ölkəsinin Ermənistanla sərhədləri açmaqla bağlı şərtlərini rəsmən irəli sürəcək. Ə.Davudoğlunun İrəvanda Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ ətrafındakı 7 rayondan ən azı 2-nin azad olunmasının qarşılığında bu ölkə ilə sərhədləri aça biləcəyinə dair Ankaranın təklifini diqqətə çatdıracağı gözlənilir. Diplomatik çevrələr Davudoğlunun bu təklifinin Ermənistan üçün önəmli fürsət kimi dəyərləndirirlər. Türkiyə mətbuatı isə QDİƏT-in növbəti toplantısını Türkiyə-Ermənistan münasibətlərinin yenidən müzakirəyə çıxarılması baxımından əhəmiyyətli sayırlar. Regionda baş verən son proseslər, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində rolu, Ermənistan-Türkiyə sərhədlərinin açılması və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu cavablandırır.
- Dağlıq Qarabağ probleminin həlli ilə bağlı son vaxtlar intensivləşən danışıqlar prosesini necə qiymətləndirirsiniz?
- Hər halda münaqişənin tənzimlənməsi üçün aparılan danışıqları müsbət qiymətləndirirəm. Amma fikrimcə, bu danışıqların nəticəsi həm beynəlxalq səviyyədə, həm yerli mətbuatda ekspertlərin açıqlamalarında bir qədər reallıqdan yüksək dəyərləndirilir. Lakin hər halda səylər göstərilirsə, bu addımın coğrafiyasının genişlənməsi müşahidə olunursa, bu, yaxşı tendensiyadır. Xüsusilə də bu gün nəzərə alsaq ki, Azərbaycan istənilən halda Avrointeqrasiya məsələsində Ermənistandan bir addım öndədir. Ermənistan kimi ölkəmiz Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramından, assosiativ üzvlükdən birmənalı olaraq imtina etməyib. Azərbaycan tərəfi Vilnüs sammitində viza rejiminin sadələşdirilməsinə dair saziş imzaladı. Hesab edirəm ki, bu, müsbət haldır. Bütün bunların fonunda, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ciddi uğurların əldə edilməsi barədə cəmiyyətə ümidverici mesajların çatdırılmasına ehtiyac yoxdur. Ən azından ona görə ki, rəsmi İrəvan bu münaqişənin həlli üçün zəruri olan beynəlxalq hüquq normalarını qəbul etmək istəmir. Bu gün də onları qəbul etmək iqtidarında deyil. Çünki Dağlıq Qarabağ münaqişəsi Ermənistan daxilində siyasi proseslərə təsir edən amildir. İstər münaqişənin yenidən alovlanması, istərsə də çözülməsi təsiredicidir. Ona görə də münaqişənin həlli ilə bağlı gözləntilər, mənə elə gəlir ki, bir qədər şişirdilir.
- Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğanın Rusiyaya səfəri zamanı prezident Vladimir Putinlə Dağlıq Qarabağla bağlı müzakirələr aparılıb. Dekabrın 12-də Əhməd Davudoğlunun Ermənistana səfərində də bu problemin gündəmə gətiriləcəyi gözlənilir. Bütün bunlar onu deməyə əsas verirmi ki, əvvəlki dövrlərdən fərqli olaraq, indi rəsmi Ankara münaqişənin tənzimlənməsində xüsusi fəallıq göstərir?
- Bu məsələdə Türkiyənin vasitəçiliyi bir qədər həssas mövzudur. Ermənistan Türkiyənin tərəfsiz dövlət olduğunu qəbul etmir. Hesab edir ki, istənilən halda Türkiyə Azərbaycanla müttəfiqdir. Bu səbəbdən problemin həllində Türkiyənin rolu Ermənistan üçün məqbul sayılmır. Hələ ki, Ermənistan münaqişənin sülh yolu ilə tənzimlənməsi prosesində Türkiyənin iştirak səylərinə dözümlü yanaşır. Bununla beynəlxalq aləm qarşısında danışıqdan qaçmayan, sülhü əldə etmək səylərini hücuma məruz qoymayan dövlət imici yaratmaq istəyir. Əslində isə Türkiyənin səylərinə Ermənistanın müsbət reaksiya verəcəyi inandırıcı deyil. Düzdür, bəzi ekspertlər bu il Rusiya prezidentinin Bakı və İrəvana, Türkiyə baş nazirinin Moskvaya səfərini, Azərbaycan və Ermənistan prezidentlərinin Vyanadakı görüşünü xatırladaraq, yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində hansısa addımların atılacağını söyləyirlər. Amma məsələ burasındadır ki, problemin həlli gündəmə gətirilə bilər. Lakin münaqişənin həll olunması hazırda mümkün deyil. O ki, qaldı Vladimir Putinin Ermənistanda verdiyi bəyanatlara, bunlara saf niyyətlə baxmağın özü yanlışdır. Putin bir tərəfdən deyir ki, istənilən fərdi əməliyyatlar yolverilməzdir, həm Azərbaycan, həm də Ermənistan vətəndaşının qanının axıdılması yaxşı hal deyil. Digər tərəfdən də Rusiya Ermənistanın Gümrü şəhərindəki hərbi bazasını, kontingentini gücləndirməklə məşğuldur. Bax, bu, verilən bəyanatla uzlaşmır. Rəsmi Moskva üzdə sülhsevər bəyanatlar verir, o biri tərəfdən isə Ermənistanı silahlandırır, bu ölkəni Gömrük İttifaqına cəlb edir, hərbi müqavilənin ömrünü daha 49 il uzadır və sair. Bütün bunların fonunda mən hesab etmirəm ki, Rusiya rəhbərliyinin münaqişənin çözülməsində marağı var. Amma Qərb maksimal səviyyədə çalışır ki, problem həllini tapsın.
- Türkiyə mətbuatı iddia edir ki, Ə.Davudoğlu İrəvanda keçirdiyi görüşlərdə ölkəsinin Ermənistanla sərhədləri açmaqla bağlı şərtlərini rəsmən irəli sürəcək. Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ ətrafındakı 7 rayondan ən azı 2-nin azad olunmasının qarşılığında bu ölkə ilə sərhədləri aça biləcəyinə dair Ankaranın təklifini diqqətə çatdıracaq. Sizcə, rəsmi İrəvanın bu şərtləri qəbul etməsi mümkündürmü?
- Bu, olduqca çətin məsələdir. Çünki Ermənistan tərəfdən işğal altında saxlanılan istənilən rayonun azad edilməsi, Azərbaycana qaytarılması erməni cəmiyyətində məğlubiyyət kimi qəbul olunur. Ermənistanın daxili və xarici siyasəti Qarabağ işğalı üzərində qurulub. Ermənistan cəmiyyətinin beyninə yeridilib ki, Dağlıq Qarabağ erməni torpağıdır və bu torpaq uğrunda hər şeyə hazır olmaq lazımdır. Digər tərəfdən, Ermənistan cəmiyyətinin özündə, siyasi spektrində Türkiyə ilə sərhədlərin açılması məsələsinə münasibət birmənalı deyil. Daşnaksütyun və digər radikal millətçi partiyalar bütün siyasətini, strategiyasını antitürk təbliğatı, ideologiyası üzərində qurub. Hətta ilk dəfə Sürix protokollarının imzalanması barədə razılıq əldə olunan zaman da onlar Türkiyə-Ermənistan sərhədlərinin açılması əleyhinə fəaliyyət ortaya qoymuşdular. Əks-təbliğatla məşğul idilər. Ona görə də Davudoğlunun təklifi nəzəri baxımdan qəbul edilsə də, praktiki baxımdan reallaşması mümkün deyil. Ermənistan hakimiyyəti bu yöndə atacağı hər addımda daxili siyasi amili mütləq nəzərə alacaqdır. Ermənistanın siyasi rəhbərliyi bir tərəfdən başa düşür ki, Türkiyə ilə sərhədləri açmaq lazımdır. Hətta bunun üçün müəyyən güzəştlərə getməyi də zəruri sayır. Amma Türkiyənin bütün cəhdlərinə rəğmən, sərhədləri aça bilmir. Biz gördük ki, bir dəfə buna cəhd olundu. Ancaq Türkiyə cəmiyyətinin özündə də buna qarşı sərt təpkilər gəldi. Bu baxımdan Ermənistan bütün hallarda çalışacaq ki, işğal altında saxladığı Azərbaycan rayonlarından heç birini geri qaytarmadan Türkiyə ilə sərhədləri açmağa nail olsun. Eyni zamanda Serj Sərkisyan hakimiyyəti yaxşı anlayır ki, sərhədlərin açılması çox vacibdir. Ən azı, xarici siyasət kursunda müəyyən balanslaşdırma olmasa da, bir müxtəlifliyin, diversifikasiyanın olması üçün bu, Ermənistana lazımdır.
- Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi fəallaşanda əvvəllər hər zaman ilk etiraz Ermənistandan gəlirdi. Amma indi Ermənistanın xüsusi bir narazılığı müşahidə olunmur. Sizcə, bu nə ilə əlaqədardır?
- Bu gün beynəlxalq situasiya Ermənistanın xeyrinə deyil. Unutmayaq ki, Ukrayna və Ermənistan Avrointeqrasiya məsələsində eyni platformada dayanan ölkələrdir. Hətta Ermənistan siyasi və iqtisadi baxımdan Ukrayna ilə müqayisədə Avropadan bir qədər də uzaqdır. Ukraynadakı son hadisələri müşahidə edən Ermənistan indiki halda Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə gündəmə gətirilən təşəbbüslərə hücum etməklə, özünü zərbə altında qoymaq istəmir.
- Bəzi siyasi analitiklər Türkiyənin regional aktyor kimi bölgədə baş verən proseslərdə xüsusi rol almağa başladığını vurğulayırlar. Sizin bu barədə qənaətiniz nədir?
- Mən bu kimi fikirləri qismən bölüşürəm. Hazırda İran-Qərb münasibətləri müsbət istiqamətdə inkişaf edir. Belə halda Türkiyə təcili olaraq mövcud boşluğu doldurmalıdır ki, son anda rəsmi Tehran buna cəhd göstərməsin və rəqabət aparmasın. Digər tərəfdən, rəsmi Ankaranın xarici siyasətində “qonşularla sıfır problem” siyasəti nəticə etibarilə özünü doğrultmadı. Əksinə, qonşularla münasibətlər bir qədər də gərginləşib. Misal üçün İsrail, Misir, Suriya, İran, Ermənistan ilə münasibətləri göstərə bilərik. Azərbaycanla da Türkiyənin müəyyən iqtisadi əlaqələri olsa da, siyasi əlaqələr o qədər də güclü deyil. Ona görə də Türkiyə bu boşluğu müəyyən qədər doldurmağa çalışır. Həmçinin bu, Ərdoğan hökuməti üçün çox vacibdir. Əgər bölgədə baş verən proseslərdə Türkiyənin iştirakına dünya birliyinin, onun nüfuzlu hissəsi olan Qərbin, ABŞ-ın, Avropa Birliyinin, NATO-nun razılığı varsa, təbii ki, uğur əldə etmək imkanı var. Amma, bu dəstək olmasa hər hansı nəticə gözləməyinə dəyməz. Unutmayaq ki, Türkiyənin regionda rolunun artmasında Rusiya da maraqlı deyil.
- Türkiyənin fəallaşması Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı prosesi irəli apara bilərmi?
- Bu, ən çətin sual oldu. Təbii ki, istəyərdik aparsın. Kimin səyi olursa-olsun, yetər ki, münaqişənin həlli istiqamətində ciddi addımlar atılsın. Bu, yaxşı tendensiya olardı. Amma bu, Türkiyə diplomatiyasının çevikliyindən də asılıdır. Qərbin, Avropa Birliyinin də buna dəstəyi vacibdir. Bu dəstək davamlı xarakter alacaqsa, birgə səylər olacaqsa, ümid etmək olar ki, müəyyən nəticələr olacaq.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər