• cümə axşamı, 25 aprel, 04:31
  • Baku Bakı 19°C

Davudoğlu istefa qərarını açıqladı

05.05.16 18:13 1069
Davudoğlu istefa qərarını açıqladı

Türkiyə son onilliklərin ən təlatümlü günlərini yaşayır. Dünən səhərdən hamının diqqəti hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətinin toplantısına yönəlib. Toplantıda partiyanın növbədənkənar qurultayının keçirilməsi ilə bağlı qəbul edilən qərarın ardınca diqqət baş nazir Əhməd Davudoğlunun mətbuat konfransına çevrilib. Və baş nazir də sensasion açıqlamasını verib. O, partiyanın mayın 22-nə təyin olunan fövqəladə qurultayında bu vəzifəyə namizədliyini irəli sürməyəcəyini bəyan edib. Ə.Davudoğlu partiya lideri və baş nazir vəzifəsindən getməsinin səbəbini belə izah edib: "Xalq sual verə bilər ki, son parlament seçkilərində uduzan müxalifət partiyalarının liderləri öz vəzifələrində qaldığı halda, 49,5 faiz və 24 milyon insanın səsini almış bir siyasətçi niyə vəzifədən gedir? Haqlı sualdır. Bizim dönəmimiz uğur dönəmidir. Bir uğursuzluq və ya peşmanlıq söhbət mövzusu deyil. Bəs niyə bu qərarı qəbul etdim? Həyat insana çox şey öyrədir. Mənim öz prinsiplərim var. Doktorluq müdafiə edərkən professor olmağı hədəflədim, amma vaxtı çatmadan bunu istəmədim. Tutduğum vəzifələrin heç birini özüm tələb etmədim. Heç bir vəzifə üçün lobbi çalışması aparmadım. Konsensus olmayan yerdə partiyanın başqanı vəzifəsinə yenidən namizəd olmaq istəmirəm. Mən yola birlikdə çıxdığım dostlarımın mənimlə bərabər olmalarını, mənimlə bərabər olmağı istəmədikləri zaman isə bunu mənə söyləmələrini həmişə üstün tutmuşam”.

Ə.Davudoğlu yerli təşkilatların rəhbərlərini təyin etmək və onları vəzifədən çıxarmaq səlahiyyətinin əlindən alınması barədə partiya rəhbər orqanının 29 aprel tarixli qərarına xüsusi toxunub: "Partiyanın rəhbər orqanının son toplantısında baş verənlər çox önəmlidir. Əslində həmin təklif üçün ilk imzanı mən atdım. Ancaq bu məsələdə istifadə edilən metodun dostyana olmadığını gördüm. Apardığım məsləhətləşmələr nəticəsində dostları dəyişməkdənsə, başqanın dəyişməsinin daha doğru olacağını düşündüm. Namizədliyimi verməyəcəyəm”.

Ə.Davudoğlu AKP-də millət vəkili kimi fəaliyyətini davam etdirəcəyini və prezident Ərdoğana qarşı çıxış etməsinin mümkün olmadığını, onunla hər zaman dost qalacağını vurğulayıb. O, partiyada birlik və bərabərliyi qorumağa çağırıb.

Beləliklə, Ə.Davudoğlunun AKP sədrliyi və baş nazir vəzifəsindən istefası dəqiqləşmiş olub.Qeyd edək ki, Əhməd Davudoğlu 2014-cü il avqustun 27-dən Türkiyə hökumətinə başçılıq edir.

Davudoğlu Ərdoğan tərəfdarlarının təzyiqləri ilə istefa verdi?

Xəbərlərə görə, Davudoğlu partiyadaxili gərginliklə yanaşı, Ərdoğanın Türkiyəni prezident respublikasına çevirmək məqsədindən də narazı olub. Türkiyədə ekspert Mark Loven yazır kı, Ərdoğan Atatürkdən sonra Türkiyənin ən güclü lideri sayıla bilər. Onun qeyd etdiyi kimi, Türkiyədə 11 il baş nazir olmuş və 2014-cü ildə prezident seçilmiş Ərdoğan Türkiyənin siyasi sistemini prezident üsul idarəsinə kökləmək niyyətindədir. Ərdoğan deyir ki, bu sistem Türkiyəni daha güclü edəcək, lakin eyni zamanda onun hakimiyyəti də güclənəcək. Ə. Davudoğlu isə baş nazir kimi öz rolunun zəifləməsilə razı deyil. Tərəflər arasında bu ziddiyyət açılıb-ağardılmasa da, ekspertlərin qeyd etdiyi kimi, necə deyərlər, onun əlamətləri getdikcə güclənməkdə idi.

"Prezidentlik sisteminə ictimai dəstəyin dəyişkən olduğunu, bu reallaşarsa səlahiyyətləri nəzərəçarpan dərəcədə zəifləyəcəyini nəzərə alan və Ərdoğanın qərarları ilə getdikcə daha çox razılaşmayan baş nazir narazılığını açıq bildirmir” - deyə ekspert Mark Loven bildirir.

Qeyd edilir ki, Ə.Davudoğlu baş nazir kimi öz rolunun zəifləməsilə razı deyil. Beləliklə, Ə.Davudoğlunun vəzifədən faktiki uzaqlaşdırılması fikrinin prezident Ərdoğandan gəldiyi şübhəsizdir. Bunun kökündə isə prezidentin hakim partiyanın daxili məsələlərində əsas söz sahibi kimi qalması, baş nazirin partiyada formal fiqura çevrilməsi durur.

Türk lirəsi ucuzlaşıb

Türkiyənin baş naziri Əhməd Davudoğlunun istefa verəcəyi ilə bağlı yayılan xəbərlərdən sonra türk lirəsi ABŞ dollarına nisbətən kəskin ucuzlaşıb. "Bloomberg” xəbər verir ki, Türkiyənin milli valyutası dollara qarşı 3,9% zəifləyib ki, bu da 2008-ci ildən etibarən ən kəskin ucuzlaşmadır. Buna baxmayaraq, bu gün lirə 1% bahalaşıb.

Davudoğlunu kim əvəzləyəcək?

Yeri gəlmişkən, AKP qurultayında baş nazir postuna kimin namizəd irəli sürüləcəyi haqda bir neçə variant var. Məlumatlara görə,namizədlərdən biri prezidentin kürəkəni, energetika naziri Berat Albayrakdır. Digər namizəd nəqliyyat naziri Bineli Yıldırımdır. Habelə ədliyyə naziri Bekir Bozdağın və baş nazirin müavini Neman Kurtulmuşun da adları çəkilir.Mətbuat yazır ki, Ərdoğan artıq yeni baş nazirin kim olacağını müəyyən edib və həmin şəxsin adı sürpriz olmayacaq. "Financial Times” nəşri də həmin şəxslərin üzərində dayanıb. "Yeni baş nazirin əsas missiyası prezidentin dediklərini yerinə yetirmək olacaq” - deyə nəşr qeyd edib.

Davudoğlunun getməsi İŞİD-lə mübarizədə ziddiyyətləri ortaya çıxaracaqmı?

Vaşinqtonda artıq belə narahatlıqlar var ki, Davudoğlunun getməsi İŞİD-lə mübarizədə ziddiyyətləri ortaya çıxarar. Bir neçə gün öncə yaradılan anonim bir vebsayt baş naziri Qərb dövlətləri ilə əməkdaşlıqda ittiham edib. Qeyd edilir ki, Ərdoğan Aİ-yə inamsızlıqla baxır, bloka qoşulmaq səylərindən də, demək olar ki, imtina edib. "Türkiyədə baş verənlər Berlin və Brüsseldən ötrü böyük əhəmiyyət kəsb edir, özəlliklə də, Ərdoğannın Aİ ilə əməkdaşlığa açıq-aşkar şübhəylə baxdığını nəzərə alanda, onun mövqeyini gücləndirmək səyləri diqqətlə izlənir”. Bunu isə Avrasiya Qrupundan Rahman Mujtaba söyləyir. Onun sözlərinə görə, Avropaya qaçqın axınını önləmək məqsədi daşıyan saziş məhz Davudoğlunun sayəsində ərsəyə gəlib.

"The New York Times”: "Davudoğlunun yenidən liderliyə iddia edəcəyi inandırıcı görünmür”

Adı açıqlanmayan rəsmi "The New York Times”qəzetinə deyib ki, Davudoğlunun yenidən liderliyə iddia edəcəyi inandırıcı görünmür.Qəzet yazır ki, hakim AKP-də bu dəyişiklik kürd yaraqlıları ilə müharibə, "İslam Dövləti” qruplaşmasının hücumları, milyonlarla suriyalı qaçqının gəlməsiylə üst-üstə düşür və Ərdoğannın yolunu təmizləmiş olur. Ərdoğan Konstitusiyada nəzərdə tutulduğu kimi, bir formal, protokol prezidenti olmadı. Davudoğlu isə uzun müddət prezidentin əlaltısı kimi görünsə də, aralarındakı gərginlik bu həftə, Davudoğlunun yerli partiya rəhbərlərini təyinetmə səlahiyyəti alınandan sonra üzə çıxdı. "Davudoğlu kimi üzüyola biriylə belə münasibəti saxlaya bilmədi” – deyə keçmiş diplomat Sinan Ülgen deyir. O, iddia edir ki, Ə.Davudoğlu Ərdoğanın Konstitusiyanı yenidən yazmaq niyyətinə qarşı çıxırmış, PKK ilə müharibəni bitirib sülh danışıqlarına qayıtmağa meylli imiş, Mərkəzi Bankın müstəqilliyini dəstəkləyirmiş və sairə. "Yeni baş nazirin əsas missiyası prezidentin dediklərini yerinə yetirmək olacaq” – deyə Ülgen əlavə edir. Məqalədə vurğulanır ki, Konstitusiyanı istədiyi kimi dəyişmək Ərdoğana elə də asan başa gəlməyəcək. Çünki AKP parlamentdə yetərli səs sahibi deyil, üstəlik, rəy sorğuları ictimaiyyətin də prezident sisteminə qarşı çıxdığını göstərir. Təhlilçilərin fikrincə, bu halda Ərdoğan yeni baş nazirlə birlikdə parlamentdə daha çox yer qazanmaq məqsədilə erkən seçkilər keçirə bilər.

Azər


banner

Oxşar Xəbərlər