• cümə, 29 Mart, 02:37
  • Baku Bakı 7°C

Davudoğlu məqsədinə çata biləcəkmi?

10.12.13 08:42 1274
Davudoğlu məqsədinə çata biləcəkmi?
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun dekabrın 12-də Ermənistana səfər edəcəyi barədə məlumat dəqiqləşdikdən sonra qardaş ölkənin mətbu orqanlarında bu səfərlə bağlı bir-birinin ardınca müxtəlif səpgili məlumatlar geniş yer almaqdadır. Ən son olaraq “Akşam” qəzeti yazır ki, Davudoğlu ölkəsinin Ermənistanla sərhədləri açmaqla bağlı şərtlərini rəsmən irəli sürəcək. Ə.Davudoğlunun İrəvanda Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ ətrafındakı 7 rayondan ən azı 2-nin azad olunmasının qarşılığında bu ölkə ilə sərhədləri aça biləcəyinə dair Ankaranın təklifini diqqətə çatdıracağı gözlənilir. Gözlənir ki, Davudoğlu Ermənistandan 1993-də işğal etdiyi Ağdam, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan olmaqla 7 rayondan ən azı ikisindən çəkilməsini istəyəcək. Türkiyə bunun əvəzində Ermənistanla sərhədlərin qarşılıqlı açılmasını təklif edir. Diplomatik çevrələr Davudoğlunun bu təklifinin Ermənistan üçün önəmli fürsət kimi dəyərləndirirlər.
İrəvanda dekabrın 12-də keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) növbəti toplantısı həm də Türkiyə-Ermənistan münasibətlərinin yenidən müzakirəyə çıxarılması baxımından da əhəmiyyət daşıyır. Məlumata görə, İrəvana gedəcək Ə.Davudoğlunun Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşü nəzərdə tutulub. Qeyd olunur ki, Ə.Davudoğlunun İrəvana bu təkliflərlə getməsi Azərbaycan prezidenti İlham Əliyevlə S.Sarkisyan arasında ötən ay Vyanada keçirilmiş görüşdən sonra qətiləşib. Prezident İ.Əliyevlə S.Sarkisyanın son təmaslarını bir fürsət kimi dəyərləndirən rəsmi Ankara İrəvanla uzlaşmaq üçün hərəkətə keçməyə qərar verib.
Yeri gəlmişkən, Türkiyənin bir sıra təhlilçiləri xarici işlər nazirinin dekabrın 12-ə nəzərdə tutulmuş Ermənistan səfərini iki ölkə arasında münasibətlərin yenidən istiləşməsi imkanı kimi qiymətləndiriblər. Məsələn, Türkiyə XİN-ə yaxınlığı ilə seçilən ingilisdilli gündəlik “Todays zaman” yazır ki, iki ölkə 2009-cu ildə münasibətlərin normallaşdırılması barədə protokolları imzaladıqları vaxtdan bəri ilk dəfə olaraq Davutoğlunun Ermənistana səfəri yeni yaxınlaşma cəhdi sayıla bilər. Nəşr yazır ki, Davudoğlunun açıqlamasına görə, görüş üçün dəvət Ermənistan tərəfindən verilib və o, baş nazir Ərdoğanla məsləhətləşmələrdən sonra bu dəvəti qəbul edib.
“Todays Zaman” xatırladır ki, Türkiyə və Ermənistanın münasibətləri məsələsində Qarabağ münaqişəsi başlıca məqam olaraq qalır. Qəzet həmçinin Türkiyə Xarici İşlər Nazirliyindəki anonim mənbəyə istinadən bildirir ki, Davudoğlu və onun Ermənistanlı həmkarı Eduard Nalbandyan Kiyevdə texniki səbəblərlə görüşə bilməyiblər. Bu da qeyd olunur ki, Türkiyə xarici işlər nazirinin Yerevana səfərinin rəsmi səbəbi Qara Dəniz İqtisadi Əməkdaşlığı Təşkilatının görüşü olsa da, bu, Sürix protokollarından bəri Ankaranın yüksək vəzifəli nümayəndəsinin Ermənistana ilk səfəri olacaq.
Bu arada Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tigran Balayan bəyan edib ki, Yerevan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının görüşündə iştirak üçün bütün üzv ölkələrə dəvət göndərib və Ankara üçün heç bir istisna edilməyib.
Balayan Sürix protokolları məsələsinə toxunarkən deyib ki, bu sənədlər imzalanıb və yerdə qalan bu protokolların ratifikasiyasıdır. Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan isə dərhal Davudoğlunun fikirlərinə reaksiya verib. «Nazir Yerevana səfəri öncəsi təxribatçı bəyanatlar verməməli və ikitərəfli münasibətlərə xələl gətirə biləcək fikirlər səsləndirməməlidir. Əvəzində Yerevanda soyqırımı abidəsinə baş çəkməlidir». Onun sözlərinə görə, Türkiyə Ermənistanla münasibətlərin normallaşmasına yardım edə bilər. “Bunun üçün 2009-cu ildə Sürixdə imzalanan sazişi heç bir əlavə şərt irəli sürmədən ratifikasiya etməlidir. İlk növbədə soyqırımı tanımalı və bağlı qalan Türkiyə-Ermənistan sərhədlərini açmalıdır” deyə erməni rəsmi bildirib.
Diqqəti belə bir məqam çəkir ki, Davudoğlunun Yerevan səfərinin əhəmiyyətinə həsr edilmiş təhlillər Türkiyə Xarici İşlər Nazirliyinə bağlı ingilisdilli mediada yer alıb. 2009-cu ildən bəri donaraq qalmış təşəbbüsün yenidən canlandırılması nə üçün məhz indi Ankaraya lazım olub? Bu suala yenə də nominal olaraq müstəqil, lakin hökumətlə möhkəm bağları olan Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Təşkilatının (Uluslararası Stratejik Arastirmalar Kurumu) “Journal of Turkish Weekly” internet xəbər portalı cavab verir. Bu xəbər portalında dərc olunmuş yazıda deyilir ki, Türkiyə özünü 1915-ci il “hadisələrinin” 100-cü ildönümünə hazırlayır, belə ki bütün 2014-cü il ərzində Türkiyə rəsmi Ankaranın “hadisə” adlandırdığı hadisənin “erməni soyqırımı” kimi rəsmən tanınması üçün böyük beynəlxalq təzyiqlərlə üzləşə bilər.
“Journal of Turkish Weekly” təzyiqin mənbəyini də göstərir. Söhbət Amerika Birləşmiş Ştatlarındakı erməni diasporasından gedir. Amerikanın erməni liderləri “soyqırım”ın rəsmən tanınmasını Ağ Evdən birmənalı şəkildə tələb edirlər.
Bunu da nəzərə almaq lazımdır ki, 2014-cü ilin noyabrında Birləşmiş Ştatlarda Konqresə və Senata müddətarası seçkilər olacaq. 2014-cü ilin seçkilərində Konqresdəki bütün 435 və Senatdakı 100 yerdən 33-ü üçün yarış olacaq.
Müddətarası seçkiləri bəzən prezidentin fəaliyyətinə qiymət verən referendum da adlandırırlar və bu seçkilərdə bir qayda olaraq müxalif partiya qazanclı tərəf olur. Düşünmək olar ki, demokratlar “erməni soyqırımı” ilə bağlı potensial məğlubiyyəti daha da dərinləşdirmək istəməzdilər. “Journal of Turkish Weekly” Davudoğlunun Yerevana bir sıra “yaradıcı” təkliflərlə gedəcəyini də yazıb. “Today’s Zaman” isə bu “yaradıcı” təklifin Ermənistanın işğal edilmiş 7 rayonu Azərbaycana qaytarması müqabilində Dağlıq Qarabağa keçid statusunun verilməsindən ibarət olduğunu qeyd edir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər