• çərşənbə, 24 Aprel, 18:44
  • Baku Bakı 23°C

Davosda əldə edilən real nəticələr

24.01.20 18:17 11538
Davosda əldə edilən real nəticələr
Azərbaycanda forumun və "Procter and Gamble Europe” şirkətinin regional mərkəzinin yaradılması, yeni investisiyaların cəlbi, "Lukoil”la əldə edilən razılaşma diqqəti cəlb edir
Bir neçə gündür Prezident İlham Əliyev İsveçrəyə səfərə gedib. Səfər çərçivəsində Davos Dünya İqtisadi Forumunda iştirak edən dövlət başçısı şəxsinə qarşı yüksək diqqət və hörmət görür, çoxsaylı dövlət və hökumət başçıları, dünyanın aparıcı maliyyə-iqtisadi qurumlarının, şirkətlərinin rəhbərləri ilə məhsuldar görüşlər keçirir. Prezident İlham Əliyev Davos Forumunun tribunasından istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Aparılan danışıqların nəticəsi olaraq, artıq Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb. "Procter and Gamble Europe” şirkəti də regional mərkəzini yaratmaq üçün məhz Bakını seçib. Bununla yanaşı, Azərbaycanın "Naxçıvan” və "Qoşadaş” yataqlarının Rusiyanın "Lukoil” şirkəti ilə birgə işlənməsi barədə qərar qəbul olunub. "Sighify” şirkətinin Azərbaycana yeni texnologiyalar gətirməsi məsələsinin müzakirə olunmasını, "Carlsberg Group” şirkətinin ölkəmizə investisiyalarını artırmaq niyyətini ifadə etməsini, həmçinin sığorta bazarımızın inkişafı üçün "Swiss Re” şirkəti ilə əməkdaşlıq məsələlərinin müzakirə olunmasını da Prezident İlham Əliyevin Davos Forumunda iştirakının müsbət nəticəsi saymaq olar. Göründüyü kimi, Azərbaycan Prezidentinin İsveçrəyə səfəri və Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyi görüşlər xarici əlaqələrimizin inkişafı, dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq münasibətlərimizin gücləndirilməsi, nəhəng şirkətlərin ölkəmizlə əməkdaşlıq qurması və investisiya yatırmaq imkanlarının genişlənməsi, Azərbaycanın regional mərkəz, dünyada nüfuzlu ölkə imicinin möhkəmlənməsi baxımından olduqca əhəmiyyətlidir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Davos Forumu öz reytinqinə görə mühüm əhəmiyyət kəsb edən beynəlxalq tədbir olmaqla bərabər, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə təqdim etmək üçün gözəl bir platformadır. Millət vəkilinin sözlərinə görə, Forumda çıxarılan qərarlar dünya iqtisadiyyatına güclü təsir göstərir: "Davos Forumu artıq iqtisadi çərçivədən çıxaraq siyasi proseslərə də təsir göstərə bilər. Forumun çıxardığı qərarlar, orada həyata keçirilən görüşlər və sairlər kompleks şəkildə həm iqtisadiyyata, həm siyasətə təsir göstərir. Prezident İlham Əliyev Davos Forumunun tribunasından çox bacarıqla, yüksək səviyyədə istifadə edir. Ölkə rəhbərinin orada dövlət və hökumət başçıları, dünyanın tanınmış şirkətləri və şirkətlərinin rəhbərləri ilə görüşləri də bunu tamamlayır. Prezident İlham Əliyev davamlı sürətdə bu tribunadan daha çox istifadə edən dövlət başçısıdır. Bu da asan məsələ deyil. Ona görə ki, son illərdə dünyada hadisələr, proseslər çox sürətlə gedir, dəyişir. Bundan baş çıxarmaq, ardınca Davsos boyda zirvə toplantısında yüksək səviyyədə çıxış etmək və sair bu kimi məqamlar, həmçinin Azərbaycan Prezidentinin intellektual göstəriciləri, potensialı imkan verir ki, Cənab İlham Əliyev orada birinci, çox yüksək səviyyədə çıxış etsin. Həmin çıxış vasitəsi ilə o, özünün, Azərbaycanın dünyaya mesajlarını çatdırır. Yəni, Azərbaycana dost və neytral olan, eyni zamanda bizə qarşı dayanan ölkələrin bəzisinə açıq, bəzisinə isə ətraflı formada mesajlarını göndərir. Bu, hesab edirəm ki, bütün cəhətlərlə həm dövlət başçısının öz imicinin müsbət yönünü artırır, eyni zamanda, Azərbaycanın da imicinə müsbət təsir edir”.
Ə.Məsimli deyib ki, Davosda Azərbaycan Prezidentinin bilavasitə dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlər yeni əlaqələrə impuls verir, indiyə qədər formalaşmış münasibətləri bir qədər də inkişaf etdirir, dərinləşdirir: "Bunlarla yanaşı, əsas diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycan Prezidenti həm o tribunadan istifadə edir, həm də dövlət başçıları ilə bir məkandadır. Bir var il ərzində 10-20 ölkəyə gedəsən, bir də var ki, bir məkanda xeyli sayda dövlət başçıları, hökumət nümayəndələri ilə və dünyanın tanınmış şirkətləri ilə görüşlər keçirəsən. Bu, xüsusi əhəmiyyət kəsb edir. O görüşlərdə iştirak edən iş adamlarının şirkətləri, yaxud təmsil etdikləri təsisatlar Azərbaycanda hər hansı iş görürsə, həmin işlərin daha da genişləndirilməsi, nümayəndəliklərin açılması, müasir tələblərə cavab verən yeni infrastrukturların yaradılması istiqamətində addımların atılması baxımından da bu görüşlər əhəmiyyətlidir. Bu, ölkəyə qoyulan sərmayələrin həcminin artırılmasına da kömək edir. Digər tərəfdən, əgər yeni addımlar atılırsa, yenə də bunun üçün yaxşı bünövrə yaranır. Qarşılıqlı surətdə razılığa gəlinir ki, əlaqələrimiz dərinləşdirilsin, genişləndirilsin, bunun üçün mümkün variantlar axtarılsın”.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov da bizimlə söhbətində qeyd edib ki, Davos İqtisadi Forumu ölkəmiz üçün həm iqtisadi, həm də böyük siyasi platformadır. Onun fikrincə, ölkəmizlə bu Forum arasında çox sıx əlaqələr, etibarlı əməkdaşlıq mühiti mövcuddur: "Prezident İlham Əliyevin Davosa səfəri bu əməkdaşlığın daha da dərinləşməsi üçün mühüm nəticələr əldə olunması ilə yadda qaldı. Mən xüsusən Davos İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu üzərində dayanmaq istərdim. Əlbəttə, çox böyük hadisədir. Dövlət başçımız da bildirdi ki, belə bir sənəd qarşılıqlı əməkdaşlıqda yeni səhifədir. Eyni zamanda, forumun prezidenti Borge Brendenin dilə gətirdiyi fikirlər onu deməyə əsas verir ki, Azərbaycana böyük etimad var və bu etimad həm də cənab İlham Əliyevin dövlət başçısı kimi şəxsi keyfiyyətlərinə verilən dəyər kimi meydana çıxdı”.
Millət vəkili deyib ki, Forumda ölkəmiz adına qürurverici mənzərənin də şahidinə çevrilmək mümkün olub: "Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilmiş "Strateji baxış: Avrasiya” mövzusundakı panel iclasındakı fikirləri də Azərbaycanın həm siyasi, həm də iqtisadi baxımdan dayanıqlı bir gücə sahibliyinin dünyaya nümayişi idi. Hesab edirəm ki, bunun özü son dərəcə vacib məqamdır, həm də müstəsna təminatdır. Ümumən cənab İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində keçirdiyi bütün görüşlər son dərəcə önəmlidir. Bütün görüşlərdə səslənən fikirlərdə bir məqamı müşahidə etdim. Bu, cənab İlham Əliyevin şəxsində Azərbaycanın forumda iştirakçılığının müxtəlif liderlər tərəfindən həm iqtisadi, həm də siyasi faydalılığının, dayanıqlılığının vurğulanmasıdır. Yenə də deyirəm, bu bizim üçün müstəsna dividentdir. Heç şübhəsiz ki, bu, real nəticələrdə də əksini tapacaq. Cənab Prezident mövcud istiqamətdəki konkret məsələlərdən müfəssəl şəkildə söz açdı. O, eyni zamanda Azərbaycanın dünyaya baxışını ifadə etdi. Bu baxışın dolğun şəkildə ifadə edilməsi dünyanın Azərbaycanla əməkdaşlıq məsələlərindəki prioritetləri nəzərdən keçirməsi baxımından da vacibdir”.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov da hesab edir ki, 50-ci Davos İqtisadi Forumu çərçivəsində ölkə başçısı İlham Əliyevin keçirdiyi görüşlər həm iqtisadi, həm də siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Onun fikrincə, bu görüşlər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu bir daha təsdiq edir: "Prezident İlham Əliyev artıq 14-cü dəfədir Dünya İqtisadi Forumunda iştirak edir. Azərbaycan Prezidenti Forum çərçivəsində iyirmidən çox yüksək səviyyəli görüş keçirib. Bu, eyni zamanda, Azərbaycana olan maraq və diqqət, eləcə də ölkəmizin beynəlxalq arenada qazandığı böyük nüfuzun əyani göstəricisidir. Forum çərçivəsində "Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edən Prezident müasir dövrdə Azərbaycanın dinamik inkişaf göstəriciləri, eləcə də dövlət siyasətinin prioritet istiqamətləri haqqında müfəssəl məlumat verdi. İlk növbədə, diqqəti cəlb edən məqam ondan ibarət oldu ki, panel iclasında moderatorun "Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz – Moskvaya, yoxsa Pekinə?” sualına cavab olaraq Prezident İlham Əliyevin "Bakıya” cavabı mühüm önəm kəsb edir. Prezident İlham Əliyevin bu cavabı Azərbaycanın müstəqil, heç kimdən asılı olmayan, milli maraqların hər zaman uca tutulduğu siyasət yürütdüyünün bariz nümunəsidir”.
Professor bildirib ki, Prezident İlham Əliyev Davosdakı çıxışında Azərbaycanın sabit və davamlı inkişafda olan dövlət olduğunu, ölkə daxilində risklərin olmadığını bir daha dünyaya bəyan edib, Forum çərçivəsində əldə etdiyi razılaşmalarla ölkə iqtisadiyyatının gələcək inkişafına təkan verməyə çalışıb.
Ərturan İSMAYIL
banner

Oxşar Xəbərlər