AZE | RUS | ENG |

Davosda Dünya İqtisadi Forumu başlayır

Davosda Dünya İqtisadi Forumu başlayır
Yanvarın 22-də Davosda Dünya İqtisadi Forumu öz işinə başlayacaq.

AZƏRTAC xəbər verir ki, dünyanı narahat edən mühüm məsələlərin müzakirə olunacağı budəfəki forum qlobal narahatlıq yaradan bir sıra risk amillərinin müzakirəsi baxımından diqqət çəkəcək.

Bu il 49-cu dəfə təşkil olunacaq Dünya İqtsadi Forumunda 110 ölkədən 3 mindən çox siyasətçi, biznesmen, elm adamları və qeyri-hökumət təşkilatlarının nümayəndələri 350-dən çox iclasda iştirak edəcək. "Qloballaşma: Dördüncü sənaye inqilabı dövründə qlobal strukturu formalaşdırmaq” mövzusunda keçiriləcək zirvəyə ABŞ, Böyük Britaniya, Fransa, Koreya Respublikası prezidentləri qatılmasalar da 60-dan çox ölkənin nümayəndələri geniş təhlükəsizlik tədbirləri çərivəsində artıq Davosa gəlir.

Forumun budəfəki gündəmi 2019-cu ilin qlobal risklərinə və onların müzakirəsinə həsr olunacaq. Forumun hazırladığı hesabata görə, bu ilin ən böyük riskləri geosiyasi və geoiqtisadi sferanı əhatə edir, ən çox diqqət çəkən məqam isə iqlim böhranıdır.

Forumun yeni yaydığı Qlobal Risk hesabatında böyük güclər arasında geosiyasi və geoiqtisadi gərginliklərin artdığı, dünyanın bu baxımdan artıq parçalanma mərhələsinə daxil olduğu bildirilir. 2019-cu ilin 5 əsas qlobal risklərindən 4-ü iqlimlə bağlıdır.

Son 10 ilin nəticələrinə görə, artıq iqlim problemləri iqtisadi qayğıların önünə keçib. Enerji ehtiyatlarının qlobal problemlərlə mücadilədən daha çox milli mənafelər uğrunda xərclənməsi isə dünyanı daha dərin çətinliklərə sürükləyəcək. Belə bədbin, həm də nikbin proqnozlar fonunda dünya liderləri yanvarın 22-dən 25-dək birillik beynəlxalq iqtisadi gündəliyin müəyyən olunduğu Davosda toplaşaraq Dünya İqtisadi Forumu çərçivəsində gərgin müzakirələrə qoşulacaq.

Qeyd edək ki, Dünya İqtisadi Forumu ötən əsrin 70-ci illərində professor Klaus Şvab tərəfindən yaradılıb və məhz onun sayəsində kiçik bir qrupdan, hazırda 3 mindən çox iştirakçını qonaqlayan nəhəng təşkilata çevrilib. Azərbaycanı bu forumda ilk dəfə 1995-ci ildə Prezident Heydər Əliyev təmsil edib. Azərbaycan Respublikasının Dünya İqtisadi Forumunda ilk dəfə iştirakı münasibətilə ölkəmizə həsr olunan görüş keçirilib və ulu öndər Heydər Əliyev Azərbaycanın siyasi, iqtisadi və sosial-mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarını məlumatlandırıb. Beynəlxalq forum 2002-ci ildə ABŞ-dakı 11 sentyabr terror hadisəsinə etiraz əlaməti olaraq ilk dəfə Nyu-Yorkda baş tutub. 2007-ci ildən Dünya İqtisadi Forumuna qatılan Prezident İlham Əliyevin və təşkilatın rəhbəri Klaus Şvabın razılığına əsasən bu forum 2013-cü ildə "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Bakıda təşkil olunub. Hələ ötən il forum Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci, ümumi infrastrukturun inkişafına görə 26-cı, inklüziv inkişaf indeksinə görə isə 3-cü yerdə qərarlaşdırıb.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973