• çərşənbə axşamı, 23 aprel, 14:40
  • Baku Bakı 24°C

Dava yorğan davasıdır

18.10.18 18:43 6046
Dava yorğan davasıdır
Azərbaycan cəmiyyətində müxalifətə, xüsusən bu düşərgənin radikal qruplaşmasına etibar, inam çoxdan itib. Bunun nəticəsidir ki, AXCP-Müsavat cütlüyü, eləcə də onlardan törəyən dembloklar, sidsuhlar, ictimai palatalar, milli şuralar xalqın etimadını qazana bilmirlər. Seçkidən-seçkiyə hər dəfə yeni obrazda, dizaynda gündəmə gəlsələr də, səsvermə zamanı onları dəstəkləyən olmur. Bu dəstəyin olmamasının bir səbəbi yuxarıda qeyd etdiyimiz kimi onlara güvənin itməsidirsə, digər bir mühüm səbəb xarici dairələrdən maliyyələşmə, səfirliklərdə keçirilən gizli görüşlər, milli maraqların müdafiəsi zamanı nümayiş edilən susqunluqdur. Yəni, radikallar təlimat aldıqları xarici qüvvələrin iradəsi əleyhinə getməyərək milli maraqları şəxsi maraqlarına qurban verirlər. Bu da xalqın gözündən yayınmır. Elin gözü tərəzidir atalar misalında deyildiyi kimi, Azərbaycan xalqı tükü-tükdən seçir, tərəzinin gözündə radikalların "yüngül çəkidə” olduğunu görür. Ona görə də hər zaman müdrik qərar verir, Azərbaycanı daha da inkişaf etdirəcək, ölkəmizi regionun sabitlik, əmin-amanlıq adasına çevirəcək liderə səs verirlər. Təbii olaraq belə bir şəraitdə radikallar biabırçı şəkildə məğlub olur, tarixin arxivinə atılırlar. Lakin onlar reallıqla barışmır, siyasi fəaliyyətdən, etikadan kənar hərəkətlərə yol verir, vaxtilə eyni cəbhədə yer aldıqları insanları hədəf seçir, bir-birlərinin ünvanına küçə söyüşləri ilə müşayiət olunan kəskin tənqidlər, təhqirlər yağdırırlar. Mövsümi də olsa, bu yolla da gündəmə gəlməyi bacarırlar.
Maraqlı burasıdır ki, son dövrlər radikal düşərgənin populyar simaları ölkə daxilindəki həmfikirləri ilə söyüşmək ənənəsini tamamilə fərqli müstəviyə keçiriblər. Bu "ənənəni” sosial şəbəkəyə daşıyan radikallar indi də hədəf kimi müxtəlif bəhanələrlə Azərbaycanı tərk edib "müxalifətçi” kimi xaricə sığınanları seçiblər. AXCP sədri Əli Kərimlinin, eləcə də onun iradəsindən asılı vəziyyətdə olan Milli Şuranın Almaniyada Emin Milli tərəfindən idarə olunan "MeydanTV”yə, onun rəhbərliyinə, əməkdaşlarına qarşı başlatdıqları ittiham kampaniyası da bu qəbildəndir. Özü də bu ittihamlar sadəcə Emin Milli və əhatəsində olanlarla yekunlaşmır. Milli Şuranın mətbuat xidmətinin rəhbəri olmuş, "hüquq müdafiəçisi” Oktay Güləliyevlə Sülh və Demokratiya İnstitutunun Hollandiyada yaşayan rəhbəri Leyla Yunus, hüquq müdafiəçisi Mətanət Əzizova arasında vaxtaşırı yaşanan virtual dava-dalaş da bu qəbildəndir. Sabiq deputat, Milli Şura təmsilçisi Gültəkin Hacıbəylinin xaricdə yaşayan Qurban Məmmədovu hədəfə alıb onun ünvanına sərt ittihamlar səsləndirməsini də xatırlamaq olar.
Kimsə düşünə bilər ki, bütün bunlar radikalların adət etdikləri həyat tərzidir və burada qeyri-adi nə isə yoxdur. Ancaq baş verənlərin bir balaca dərinliyinə varanda, daxilimizdəki radikalların, xaricə sığınan "özümüzünkülərin” arasında baş verən dava-dalaşın, Molla Nəsrəddinin sözü olmasın, yorğan davası olduğunu açıq-aydın sezmək olur. Belə ki, Azərbaycanın uğurlarını həzm etməyən qüvvələr, xüsusən də dünyadakı erməni diaspor təşkilatları, onların təsiri altında olan beynəlxalq təşkilatlar, siyasətçilər, ermənipərəst qüvvələr vaxtilə ölkə daxilindəki müxalifətçilərlə hansısa formada əlaqə yaradıb, əli kərimliləri, isa qəmbərləri, cəmil həsənliləri və başqalarını antimilli fəaliyyət üçün kökləyiblər. Özü də bu, elə belə baş verməyib. Azərbaycan daxilində narazılıq yaratmaq, təxribatlar törətmək, iqtidar əleyhinə kampaniya aparmaq üçün onlara böyük məbləğdə qrantlar ayrılıb, pullar xərclənib. Elə bu kimi fəaliyyətlərin nəticəsidir ki, radikal düşərgənin "liderləri” uzun müddət təm-taraqlı həyat tərzi keçirib, lüks evlərdə yaşayıb, bahalı avtomobillərdə gəzib, övladlarının Londonda, Avropanın müxtəlif ölkələrində ali təhsil almasını təmin ediblər.
Ancaq indi vəziyyət bir qədər qəlizləşib. Artıq sem, con, ivan dayılar, hillari, nuland xalalar ölkə daxilindəki radikallara əvvəlki kimi pul xərcləmir, kökə paylamırlar. Çünki xərclədikləri pullar müqabilində effektiv nəticə əldə edə bilmirlər. Azərbaycan xalqı bir qədər yuxarıda qeyd edildiyi kimi, boğazdan yuxarı sözlər danışan, boş vədlər verən, riyakarlıq nümayiş etdirən müxalifətə inanmır, onlara etimad göstərmir. Bu isə xarici qüvvələrin Azərbaycana təzyiq göstərmək üçün imkanlarını məhdudlaşdırır, arqumentlərini tükədir. Belə olan halda, xarici himayədarlar siyasətlərini də dəyişmək məcburiyyətində qalır, radikal müxalifətə əvvəllər olduğu kimi qrantlar ayırmırlar. Pul gələn bulağı quruyan, müflisləşən radikallar öyrəşdikləri həyat tərzini tərgidə bilmədiklərindən zəncir gəmirirlər.
İndi antiAzərbaycan qüvvələr ölkəmizi müxtəlif bəhanələrlə tərk edib xaricə sığınan, Vətəninə, elinə, obasına, xalqına, millətinə dönük çıxanları ələ almağa çalışırlar. Bu məqsədlə də eminlərə, orduxanlara, adnanlara, məhəmmədəlilərə, ariflərə səxavətlə yanaşır, Azərbaycan əleyhinə fəaliyyət göstərmək üçün yüz minlərlə avro verirlər. Müxtəlif xarici ölkələrdə yaşayan həmin "qəhrəmanlar” tərəfindən sosial şəbəkə üzərindən Azərbaycan əleyhinə başladılan kampaniyaların mahiyyəti də bundan ibarətdir. İaşə müxalifəti kimi ad çıxaran bu kampaniyanın fəalları aldıqları pullar müqabilində öz işlərinin öhdəsindən həvəslə gəlirlər. Əsl dönüklük nümayiş etdirib Azərbaycan ünvanına əsassız ittihamlar irəli sürür, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar. Lakin bu yolla da antiAzərbaycan qüvvələr istəklərinə çata bilmirlər. Olan isə yenə radikallara olub. Çünki pulsuzluqdan özlərini itirən radikal müxalifət təmsilçiləri ölkədən xaricdə yaşayan əqidədaşlarının paxıllığını çəkməyə, onları hədəfə almağa, dönüklərlə qanlı-bıçaq olub virtual müharibə aparmağa başlayıblar.

F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər