• cümə axşamı, 28 mart, 16:10
  • Baku Bakı 16°C

Daun sindromlu uşaqları necə inkişaf etdirmək olar – Psixoloq məsləhəti

21.03.17 20:28 795
Daun sindromlu uşaqları necə inkişaf etdirmək olar – Psixoloq məsləhəti
"Yaxşı olar ki, Daun sindromlu uşaq" ifadəsi əvəzinə "21-ci xromosomun trisomiyası" ifadəsindən istifadə edilsin," - deyə psixologiya üzrə fəlsəfə goktoru Yeganə ƏsgərovaAZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib. O qeyd edib ki, Daun sindromlu uşaqların valideynləri bədbinliyə qapılaraq onların gələcəyinə pessimist yanaşırlar. Əslində isə həmin uşaqlarla fiziki cəhətdən sağlam olanların psixologiyası arasında heç də ciddi fərq yoxdur.
Psixoloqun sözlərinə görə, ətraf mühitin və cəmiyyətin Daun sindromlu uşaqlara təsiri böyükdür: "1 yaşına qədər onların inkişafında sağlam uşaqlarla müqayisədə fərq olmasa da, əzələ tonusunun aşağı səviyyəsi üzə çıxır. Həmin uşaqların valideynləri onların psixologiyasındakı güclü cəhətləri üzə çıxararaq inkişaf etdirməyə çalşmalıdırlar. Uşaq hansısa işi təkbaşına görmək istəyəndə müsbət qarşılamaq lazımdır, çünki belə hallar onun inkişafına müsbət təsir göstərə bilər. Qeyd etmək lazımdır ki, həmin uşaqların göz yaddaşı çox iti olur. Daunlu uşaqlar çox vaxt xüsusi məktəblərə verilir, lakin onların normal zehni və fiziki inkişafa malik uşaqlarla ünsiyyətdə olması daha yaxşı olar və cəmiyyətə inteqrasiyasına kömək edər".
Y. Əsgərova qeyd edib ki, çox vaxt valideynlər uşaqlarında Daun sindromunun olduğunu gizlətməyə çalışır və ya bildirmək istəmirlər. "Onsuz da uşaqdakı qeyri-adiliyi görənlər istər-istəməz bu barədə soruşurlar. Ona görə ailəyə yaxın olanlar Daun sindromlu uşaqların valideynləri ilə söhbəti düzgün qurmağa çalışmalı, onları stressə sövq etməkdənsə, uşağın inkişafında irəliləyiş olacağına inam və ruh yüksəkliyi aşılamalıdırlar”, - deyə mütəxəssis söyləyib.
Daun sindromlu uşaq ailədə evin ən kiçiyi olanda valideynlər onun bacı və qardaşları ilə düzgün münasibət qurmağına çalışmalıdırlar. Buna erkən yaşda başlanılması və ailədəki digər uşaqlarla mütəmadi söhbətlər aparılması daha yaxşı nəticə verir. Psixoloq xüsusi qeyd edir ki, Daunlu uşaqlar da digər uşaqlar kimi öz potensialını inkişaf etdirməyi bacarırlar və bu sahədə onlara yardım göstərməyə dəyər.
"Daunlu uşaqların zehni inkişafına erkən dövrdən başlamaq və 4-5 yaşına qədər çox ciddi yanaşmaq lazımdır. Daunlu uşaqların sevgi, diqqət və fəal ünsiyyətə böyük ehtiyacı var, çünki digər uşaqlarla müqayisədə onlar valideynlərinə daha çox bağlı olurlar. Bunun başlıca səbəbi həmin uşaqların dostluq münasibətlərinə üstünlük vermələridir. Həmin uşaqların xüsusi dərnək, bölmə və məşğələlərdə iştirak etmələri çox faydalıdır. Burada onlar ümumbəşəri dəyərlər, azad və sərbəst inkişaf, vətəndaş tərbiyəsi, tolerantlıq, azadlıq və insan hüquqlarına hörmət öyrənirlər. Daunlu uşaqlara öz ad və soyadı ilə müraciət etmək lazımdır. Axı onlar uşaq olaraq qalmır, böyüyür və valideynlər də onların yaşlarına uyğun davranmalıdırlar", - deyə psixoloq söhbətə yekun vurub.
banner

Oxşar Xəbərlər