• cümə, 29 Mart, 14:04
  • Baku Bakı 14°C

Daşkəndlə Düşənbə sərhəd və viza məsələsində anlaşdı

12.01.18 18:53 671
Daşkəndlə Düşənbə sərhəd və viza məsələsində anlaşdı
Mərkəzi Asiya dövlətləri arasında uzun illərdi yaşanan problemlər, deyəsən, həllini tapmaq üzrədir. Bəlli olduğu kimi, ölkələr arasında sərhəd, su problemləri qarşıdurmaya, hətta bəzən silahlı münaqişələrə gətirib çıxarıb. Son iki ildə region dövlətləri arasında uzun illər mübahisə mövzusu olan məsələlərin həlli istiqamətində ciddi irəliləyişlər hiss olunur. Lokomotiv qismində isə Özbəkistan çıxış edir. Belə çıxır ki, region dövlətləri arasında inteqrasiyanın əldə olunmasında əsas problem mərhum prezident İslam Kərimov olub. Məsələ ondadır ki, ölkənin yeni prezidenti Şavkat Mirzoyeyev sürətlə qonşularla inteqrasiya və əməkdaşlıq siyasətinə üstünlük verir. Bu siyasətin nəticəsidir ki, bir vaxtlar ciddi sərhəd və digər problemlər yaşayan Özbəkistan və Tacikistan arasında mübahisəli məsələlər həllini tapmaq üzrədir. Belə ki, Özbəkistanın baş naziri Abdulla Aripov Düşənbəyə səfər edib viza rejiminin sadələşdirilməsi, Fərhad Su Elektrik Stansiyasının yerləşdiyi mübahisəli sərhəd ərazisi ilə bağlı məsələləri müzakirə edib. Aripov və onun tacik həmkarı Qohir Rasulzoda yeni sərhəd protokollarının yaxın gələcəkdə imzalanacağını bildiriblər. Sovet İttifaqı 1991-ci ildə dağılandan bəri Özbəkistan və Tacikistan arasında sərhədlər, su və enerji ehtiyatlarından istifadə, habelə tranzit yollar sahəsində müxtəlif mübahisəli məsələlər qalıb. Abdulla Aripovun səfəri Özbəkistan prezidenti Şavkat Mirzoyeyevin Düşənbəyə yazda nəzərdə tutulan səfərinə hazırlıq kimi qiymətləndirilir. Xatırladaq ki, Özbəkistan prezidenti Tacikistana səfər edəcəyini yanvarın 8-də Daşkənd vilayətinin deputatları qarşısında çıxışında bəyan edib. "Dar gündə mehriban olmayan qonşunu heç kim istəmir. Bu, asan deyil, lakin biz 20 illik buzu əritməliyik”, - deyə prezident bəyan edib. O, əlavə edib ki, baş nazir səfəri hazırlamaq üçün Tacikistana səfər edəcək.
"Tacikistan heç bir zaman qonşularına problem yaratmayıb və hər zaman region ölkələrinin inteqrasiyasına və sülh şəraitində yaşamasına çalışıb, su resursları və ekologiya sahəsində problemlərin əldə olunmasına çalışıb”, - deyə Tacikistan prezidenti özbək nazirlə görüşdə bildirib. Tacikistan prezidentinin mətbuat xidmətinin məlumatına görə, danışıqlarda ticarət məhdudiyyətlərinin, malların yerləşdirilməsi ilə bağlı tariflərin aradan qaldırılması, mövcud dəmir yollarının bərpası, sərhədlərdə minalanmış ərazilərin təmizlənməsi, sərhəd-buraxılış məntəqələrinin açılması və iki ölkə vətəndaşlarının gediş-gəlişi üçün vizaların sadələşdirilməsi gündəmdə olub: "Tacikistan və Özbəkistan bununla bağlı müvafiq saziş imzalayacaqlar. Buna müvafiq olaraq, hər iki ölkənin vətəndaşları müvafiq viza almadan bir ay ərzində bir-birilərinin ərazilərində qala biləcəklər”. Danışıqlar zamanı ən mübahisəli məsələlərdən biri - sərhəd mübahisəsi də həllini tapıb. Söhbət Fərhad SES-in yerləşdiyi ərazidən gedir. Bu ərazi Tacikistana, SES isə Özbəkistana məxsus olacaq. Obyektin mühafizəsini tacik tərəfi, texniki xidməti isə özbəklər həyata keçirəcək.
Ekspertlərin iki ölkə arasında münasibətlərin normallaşmasına münasibəti fərqlidir. Məsələn, MDB ölkələri İnstitutunun Mərkəzi Asiya və Qazaxıstan sektorunun rəhbəri Andrey Qrozin bildirib ki, Daşkənd qonşularla yeni regional siyasət qurmaq arzusunda olduğunu nümayiş etdirir. "Bu, ölkənin iqtisadi cəhətdən qurulması, eləcə də, regionda nəqliyyat-loqistik dəhlizlər qurmaq üçün zəruridir. Tacikistan də strategiyaya daxildir”, - deyən ekspertin qənaətincə, iki ölkənin bir-birinə nə qədər yaxınlaşdığının göstəricisi sərhəd məsələsi olacaq. Əlavə edib ki, əgər onu tez bir zamanda həll etmək mümkün olacaqsa, bu zaman tərəfdaşlıqdan danışmaq aktuallaşacaq. Ümumiyyətlə, Tacikistanla yaxşı münasibətlərin qurulması Özbəkistan üçün əhəmiyyət kəsb edir. Bununla tək Əfqanıstanla münasibətləri genişləndirmək deyil, eyni zamanda oradan cənuba və Çinə çıxış əldə etmək mümkün olacaq. "Çinin bir qurşaq-bir dəhliz” təşəbbüsünü nəzərə alsaq, Daşkənd bununla bu loqistik halqada əhəmiyyətli hissəyə çevrilmək istəyir”, - deyə rusiyalı ekspert bildirib. Onun qənaətincə, Daşkənd üçün bütün layihələrdə iştirak zəruridir. "Hətta Roqunsk SES-də iştirak variantları da nəzərdən keçirilir. Bu ideya hələ ki, qeyri-rəsmidir, lakin artıq müzakirə olunur”, - deyə o, bildirib. A.Qrozin onu deyib ki, Mirzoyeyev Tacikistanla "qırğız ssenarisinə” uyğun münasibətləri normallaşdırmağa çalışır. Xatırladaq ki, Qırğızıstanla Özbəkistan arasındakı sərhəddə münasibətlər xeyli yaxşılaşıb, buraxılış məntəqələri sutka ərzində işləməyə başlayıb.
"Viza məsələsi taciklərlə özbəklər arasında münasibətlərdə ağrılı məsələdir. 2001-ci ildə Əfqanıstan ərazisindən ekstremistlərin qarşısını almaq adı altında bu sistem həyata keçirilib. Bu da iki ölkə vətəndaşlarının vəziyyətini ağırlaşdırıb. Məlumat üçün bildirək ki, Özbəkistan əhalisinin dördə faizi etnik taciklərdir. Özbəklərin Tacikistan iqtisadiyyatındakı iştirak faizləri isə 10 faizdir”, - deyə o, fikrini tamamlayıb.
Öz növbəsində, Mərkəzi Asiya və Orta Şərq üzrə ekspert Aleksandr Knyazyev bildirib ki, Roqunsk SES probleminin həlli ilə bağlı bir neçə istiqamət mövcuddur: "Birincisi, SES-in texniki layihəsinə yenidən baxılması, bəndin hündürlüyünün aşağı salınması və su həcminin azaldılmasıdır. Bu cür həll Daşkəndi narahat edən texnogen riskləri aşağı sala bilər. Problemin ikinci həll istiqaməti Özbəkistanın Roqunsk SES-in gələcəkdə inşası, istismara verilməsində iştirakıdır. Bu isə multiplikativ effekt verə bilərdi”.

Azər
banner

Oxşar Xəbərlər