• çərşənbə axşamı, 19 mart, 13:23
  • Baku Bakı 8°C

Daşkənd və Aşqabad qlobal layihələrə baş vurur

20.04.18 19:04 999
Daşkənd və Aşqabad qlobal layihələrə baş vurur
Aprelin 22-də Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Daşkəndə səfər edəcək. Özbəkistan paytaxtında keçiriləcək müzakirələrdə iki əhəmiyyətli layihə - Çin- Mərkəzi Asiya - Yaxın Şərq (Özbəkistan-Türkmənistan-İran-Oman) və Xəzər dənizinin türkmən sektorundakı yataqların birgə işlənilməsi məsələləri müzakirə mövzusu olacaq. Səfərin ikinci günü isə prezidentlər Xarəzm vilayətinin Qaybul kəndində etnik türkmənlərin yaşadığı kəndə baş çəkəcəklər. Məlumat üçün bildirək ki, Türkmənistan özbək prezidenti Şavkat Mirziyoyevin rəsmi dövlət səfəri etdiyi ilk ölkə olub. Ekspertlərin qənaətincə, bu seçimin əsasında iqtisadi praqmatizm siyasəti durur. Məhz Türkmənistan ərazisindən özbək ixracının Yaxın Şərq, eləcə də, Avropa ölkələrinə gedib çıxaran vacib və əhəmiyyət kəsb edən qısa yollar keçir. "Nezavisimaya qazeta” yazır ki, türkmən liderinin cavab səfəri zamanı iki ölkə liderləri əməkdaşlığın ilkin nəticələrini müzakirə edəcəklər. "Bu münasibətləri əsaslı adlandırmaq olmasa da, işlər dayanmayıb. Noyabr ayında üç ölkə - Türkmənistan, Özbəkistan və Qazaxıstanın birgə iştirakı ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Bu sənəd üçtərəfli münasibətlərin əsasını qoymuş oldu. Ötən il Özbəkistan və Türkmənistan arasında ticarət dövriyyəsinin artdığını qeyd etmək yerinə düşər. Lakin Aşqabad Bişkek və Düşənbədən fərqli olaraq, Daşkənddən 100 mln. dollar həcmində ixracdan əvvəlki maliyyələşməni çətin ki, alsın. Türkmənistan qonşularından fərqli olaraq özbək kənd təsərrüfatı, sənaye və ərzaq məhsulları almaq üçün maliyyəyə malikdir”, - deyə Daşkənddə fəaliyyət göstərən "Mano” tədqiqatlar təşəbbüsünün rəhbəri Bəxtiyar Erqaşov bildirib. Ekspertin sözlərinə görə, danışıqlarda iki ölkənin liderləri Çindən başlayaraq Aralıq dənizinin türk limanlarına qədər nəqliyyat dəhlizinin reallaşması layihəsini müzakirə edəcəklər. Layihənin əsas hissəsi isə Türkmənbaşıda istifadəyə veriləcək yeni beynəlxalq dəniz limanıdır. Onun açılışı mayın 2-nə nəzərdə tutulub. Həmin dəhlizə Özbəkistan –Qırğızıstan - Çin marşrutu da daxil edilir. Bu ayın sonunda layihənin texniki iqtisadi əsaslandırılması həyata keçiriləcək. Mirziyoyev və Berdıməhəmmədov həmçinin, Özbəkistan-Türkmənistan-İran magistralının inşası məsələsini müzakirə edəcəklər. Lakin bu layihə ilə bağlı qərar siyasi vəziyyətlə bağlıdır. Yaxın və Orta Şərqdə vəziyyətin gərginləşməsi, eləcə də İran ətrafında vəziyyət layihənin reallaşmasını dayandırıb.
Başqa bir məsələ Özbəkistanın enerji sahəsində tələbatının artmasıdır. Özbəkistanın dövlət enerji kompaniyası O’zbekNeftGaz və Turkmennebit (Turkmenistan Oil) ötən il Xəzərin türkmən sektorunda yerləşən yataqların birgə kəşfiyyatı və işlənməsi barədə memoranduma imza atıblar. "Bu saziş dönüş nöqtəsi idi. Özbək şirkəti tarixində ilk dəfə olaraq ölkə xaricində geoloji-kəşfiyyat işləri aparacaq. Özü də nə özbəklər, n də türkmənlər indiyə qədər sərbəst şəkildə qaz nəqli ilə məşğul olmayıblar. Onlar maliyyə çətinlikləri ilə rastlaşıblar. Bu ideya ola bilsin perspektivlidir. Artıq Azərbaycan bu layihəyə maraq göstərdiyini bildirib”, - deyə Erqaşev bildirib.
Mərkəz Asiya və Orta Şərq üzrə ekspert Aleksandr Knyazevin qənaətincə, hər iki ölkə liderlərinin qarşılıqlı səfərlərinə pafoslu qiymətlər, çoxtərəfli konfrans və forumlar, bəyannamə və razılaşmalar heç də hər zaman reallıqla uzlaşmır.
Yeri gəlmişkən, Berdiməhəmmədovun səfəri Xarəzm vilayətinin Qaybul kəndində başa çatacaq. Burada etnik türkmənlər məskunlaşıb. Daşkənd qonşularla mehriban münasibətlərin qurulması ilə bağlı hazırladığı strategiya çərçivəsində bu kəndlə bağlı köklü işlərə start verib. Bu, sayca ikinci layihədir. Buna qədər qırğızların sıx məskunlaşdığı Cizak vilayətinin Manas məskənini faktiki olaraq yenidən qurublar. Qaybulda artıq türkmən məktəbi, poliklinika, uşaq bağçası fəaliyyət göstərir, yaşayış evləri istifadəyə verilib. "Xronika Türkmenistana”nın yaydığı məlumata görə, prezidentlər təntənəli şəkildə "Qaybulun həyatında yeni həyatın başlandığını” elan edəcəklər.

Azər
banner

Oxşar Xəbərlər