• cümə axşamı, 28 mart, 17:02
  • Baku Bakı 16°C

Daşınmaz əmlakın qeydiyyatı proseduru sadələşdiriləcək

01.11.13 14:45 1096
Daşınmaz əmlakın qeydiyyatı proseduru sadələşdiriləcək
Məlum olduğu kimi, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası növbəti "Doing Business-2014" hesabatını təqdim edib. "Doing Business-2014" hesabatı 10 müxtəlif göstərici üzrə 189 ölkəni əhatə edib. Hesabatın reytinq cədvəlində Azərbaycan daşınmaz əmlakın qeydiyyatına görə 13-cü yerdədir.
Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, daşınmaz əmlakın qeydiyyatı sahəsində Azərbaycanın tutduğu yer dünya üzrə ən yaxşı göstəricilərdəndir. Müqayisə üçün bildirək ki, hesabata əsasən, Azərbaycanın aid edildiyi Şərqi Avropa və Mərkəzi Asiya regionunda əmlakın qeydiyyatı üzrə orta göstərici 59-dur. Əmlakın qeydiyyatına görə qonşu ölkələrdən Rusiya 17-ci, Türkiyə 50-ci, İran 168-ci yerdədir. Hesabatda ABŞ 25-ci, Avstriya 36-cı, Böyük Britaniya 68-ci, Almaniya 81-ci, Fransa isə 149-cu yerdə qərarlaşıb.
Hesabatda bildirilir ki, Azərbaycanda əmlakın qeydiyyatı üçün 4 prosedur tələb olunur ki, buna da 11 gün müddət sərf edilir. Reytinqə görə bu göstərici ən yaxşı göstəricilərdən biri hesab olunur. Belə ki, eyni proses üçün Avropa və Mərkəzi Asiya regionu üzrə orta rəqəmlə 6 prosedur, 26,5 gün müddət və əmlak dəyərinin 2,8%-i qədər xərc tələb olunur. Dünyanın inkişaf etmiş ölkələri olan ABŞ-da bu proses üçün göstəricilər 4 prosedur və 12 gün, Almaniyada 5 prosedur və 40 gün, Böyük Britaniyada 6 prosedur və 21,5 gün, Fransada 8 prosedur və 49 gün, Belçikada isə 8 prosedur və 64 gün müddətdir.
Azərbaycanın reytinqdə məhz ön sıralarda olmasının mühüm səbəbi son dövrlər daşınmaz əmlakın qeydiyyatı sahəsində gedən sürətli inkişaf, müasir informasiya-kommunikasiya texnologiyalarının və modern idarəetmə sistemlərinin tətbiqi, qeydiyyat prosedurlarının sadələşdirilməsidir. Qaydaların sadələşməsi ilə qeydiyyat müddətləri də kifayət qədər qısalıb. Sadələşmədən sonra vətəndaşlar mülkiyyət hüquqlarının təkrar qeydiyyatına dair çıxarışları 7 günə, əmlak barədə arayışları isə 1 günə əldə edirlər.
Müasir informasiya texnologiyalarının tətbiqi ilə Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi və vahid korporativ kompüter şəbəkəsi yaradılıb.
Komitə tərəfindən elektron xidmətlərin tətbiqinə başlanması bu prosesi daha da sürətləndirib. Hazırda 16 elektron xidmət vətəndaşların istifadəsindədir. Bu xidmətlərin cəmləşdiyi Elektron Xidmətlər Portalı yaradılıb. Elektron xidmətlər sayəsində heç bir yerə getmədən, əlavə vaxt sərf etmədən daşınmaz əmlakın qeydiyyatı üçün internet vasitəsi ilə on-layn müraciət etmək imkanları mövcuddur. Müraciətlərin elektron qəbulu qeydiyyat prosesini operativ və daha etibarlı edib. Elektron xidmətlər vasitəsilə artıq 7000-ə yaxın müraciət daxil olub ki, bu da vətəndaşların elektron xidmətlərimizə olan marağının sürətlə artmasının göstəricisidir.
Bütün bu fəaliyyətlərin nəticəsidir ki, son iki ildə daşınmaz əmlakın qeydiyyatı sürətlənib və əvvəlki illərlə müqayisədə son iki ildə daşınmaz əmlakın qeydiyyat sayı maksimum həddə çatıb. 2011-ci ildə 147 min, 2012-ci ildə isə bu rəqəm 151 min olub. Bu ilin 9 ayı ərzində isə artıq 130 minə yaxın daşınmaz əmlakın qeydiyyatı aparılıb.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tezliklə təqdim ediləcək növbəti yenilik daşınmaz əmlaka dair arayışların, xüsusilə yüklülük barədə arayışların real vaxt rejimində verilməsi olacaq. Hazırda daşınmaz əmlakla bağlı hüquqi əməliyyatların notariat orqanları ilə "onlayn" rejimdə, yəni birbaşa internet vasitəsilə sürətli əlaqə yaradılmaqla aparılması istiqamətində ilkin hazırlıq işləri görülür. Daşınmaz əmlakın dövlət reyestrindən arayışların notariat idarələrinə real vaxt rejimində ötürülməsi, dövlət reyestrində olan məlumatların onlayn mübadiləsinə dair təkliflər hazırlanaraq təqdim edilib. Bu məsələ Dünya Bankının dəstəyi ilə 2007-ci ildən indiyə kimi icra olunan "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi"ndə də yer alıb.
Bu tədbirlərin icrası nəticəsində daşınmaz əmlakın qeydiyyatı prosedurları daha da sadələşəcək, daha operativ və şəffaf olacaq. Qeydiyyat müddətləri daha da qısalacaq və sənədləşdirmə prosesinə sərf olunan vaxta qənaət ediləcək.
banner

Oxşar Xəbərlər