• cümə axşamı, 25 aprel, 20:33
  • Baku Bakı 21°C

Daşınmaz əmlak və avtomobil bazarında bahalaşma olacaqmı?

05.12.13 09:12 4280
Daşınmaz əmlak və avtomobil bazarında bahalaşma olacaqmı?
Benzinin qiymətinin qalxdığı gündən xüsusilə ərzaq bazarında bahalaşma müşahidə olunmağa başladı. Nəzərə alsaq ki, yanacaq bütün növ məhsulların maya dəyərində başlıca rol oynayır, bunun bazar qanunauyğunluğu olduğunu demək mümkündür. Növbəti ilin yanvarından bir sıra kommunal xidmətlərin də qiymətində artımlar ediləcəyi gözlənilir. Bəs bu bahalaşmanın mənzil və avtomobil bazarına təsiri olacaqmı? Olacaqsa bu təsirlər nə vaxtdan özünü göstərməyə başlayacaq? Təxminən hansı səviyyədə qiymət bahalaşması ola bilər?
Bəzi rəylərə görə, yanacağın qiymətinin qalxması avtomobil bazarında ciddi dəyişmələrə səbəb olacaq. Belə ki, avtomobil sürücülərinin qənaətincə, benzinin bahalaşması daha az yanacaq işlədən avtomobillərin qiymətinin ciddi surətdə artmasına səbəb olacaq. İritutumlu, çox yanacaq işlədən avtomobillər isə əksinə, ucuzlaşacaq. Lakin avtomobil alveri ilə məşğul olan Elşad Musayev başqa cür düşünür. Onun sözlərinə görə, benzinin qiymətinin artması avtomobillərin qiymətinə əsasən təsir göstərməyəcək: “Məsələ ondadır ki, hər kəs öz cibinə uyğun maşın alır, bütün xərclərini əvvəldən hesablayır. Yəni bu bazar standartdır. Əvvəldən az gəliri olan insan onsuz da az yanacaq işlədən maşın alır. Məsələn, ayda 500-600 manat əməkhaqqı alan çox az adam 2-dən, ən çoxu 2.2-dən yuxarı motoru olan maşın alar. Peşəkarlar isə bu göstəricidən aşağı motoru olan maşını heç vaxt almaz. Həm də maşına öyrəşən adam üçün o qədər də fərqi yoxdur benzin neçəyədir, həmişə benzin alıb maşın sürür. Lakin mən demirəm ki, ümumiyyətlə təsiri olmayacaq. Olacaq, amma cüzi olacaq. Tutaq ki, indi benzinə ayda 50 manat verən adam bahalaşmadan sonra 20 manat artıq verəcəksə buna görə təbii ki, maşını dəyişməyəcək”. E.Musayevin sözlərinə görə, avtomobillərin qiymətində cüzi dəyişmə yeni maşın alanların hesabına baş verə bilər: “Belə adamlar daha çox az yanacaq yandıran maşına üstünlük verəcək. Bu da müvəqqəti xarakter daşıyacaq, psixoloji təsir keçəndən, bu qiymət də adiləşəndən sonra hər şey öz axarına qayıdacaq. Bundan əvvəlki qiymət artımları zamanı da belə olub. Artım olan kimi alıcılar təlaşa düşürlər, hesab edirlər ki, bundan sonra avtomobil çox bahalaşacaq, satıcılar da bu durumdan istifadə edib qiymətləri qaldırırlar”.
Mənzil bazarında da yanacağın bahalaşmasının təsiri səbəbindən ciddi qiymət artımı gözlənilmir. Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimovun sözlərinə görə, yanacağın qiymətinin qalxması əmlak bazarına müxtəlif vaxtlarda müxtəlif cür təsir göstərir: “Yəni daşınmaz əmlakın qiyməti düşəndə, yaxud stabil olanda bir cür təsir göstərir, qalxanda başqa cür. Bu bazarda onsuz da son 3 ildə qiymətlərdə artım müşahidə edilir və bu gün də artmaqdadır. Qiymətlərin artması tikintinin rentabelliyini artırır və satış qiymətiylə maya dəyəri arasındakı marja çoxalır və tikinti şirkətlərinin ehtiyat fondu yaranır. Yanacağın qiymətinin artımı tikinti materiallarının qiymətinə birbaşa təsir göstərir. Tikinti materiallarının, xüsusən də dəmir məmulatlarının qiymətində enerjidaşıyıcılarının payı 40 faizə qədərdir. Tikinti materiallarının qiymətinin artması son nəticədə daşınmaz əmlakın satış qiymətinə elə də böyük təsir göstərməyəcək. Çünki orada əvvəlcədən bir marja yaranıb. Bunu nəzərə alsaq, deyə bilərəm ki, yanacağın qiymətindəki son artım daşınmaz əmlakın qiymətinə ciddi təsir etməyəcək”.
Adətən bir sahədə qiymət artanda digər sahələrdə bunun psixoloji təsirləri altında bahalaşma müşahidə olunur. Belə təsirlər daşınmaz əmlak bazarında özünü nə dərəcədə göstərə bilər? Həmsöhbətimiz bildirdi ki, 2006-cı ildə bir sıra qiymətlər ciddi surətdə artırıldı və bu zaman daşınmaz əmlak bazarında da həm psixoloji, həm də birbaşa təsirlər nəticəsində 60 faizlik artım müşahidə olundu: “Amma onda durum tamam başqa idi, indi başqa. Təkcə bu il daşınmaz əmlak bazarında 20 faizlik qiymət artımı müşahidə edilib. Bu artım yanacağın qiymətinin artması ilə bağlı baş verə biləcək bahalaşmanı kompensasiya edib, bundan artıq artım gözlənilmir. Yəni bu bazarda qiymətlər artıq qırmızı xəttə dirənib”.
N.İbrahimovun sözlərinə görə, bir müddətdən sonra əmlak bazarında qiymət azalması zərurətdir: “Hər bir artımdan sonra müəyyən stabilləşmə, azalma müşahidə edilir. Artıq biz 3 ildir artım müşahidə edirik, yaxın günlərdə və aylarda da bu artımın davam edəcəyi proqnozlaşdırılır. Amma sonra stabilləşmə, hətta qiymətlərin enməsi qaçılmazdır, çünki qiymətlər o vaxta qədər artır ki, alıcının alıcılıq qabiliyyəti 0-a düşür. Alıcı bazarda yoxa çıxdıqdan sonra qiymətlər azalır və alıcının cibinə uyğunlaşır. Bu gün reallıq belədir ki, qiymətlər alıcının cibindən kəskin kənarlaşır. Hazırda qiymət artımı davam edir, amma bu artım ətalət qüvvəsi altında, psixoloji amillərin təsiri ilə baş verir. Bir neçə aydan sonra qiymət düşməsi mütləqdir. Bütün bu söylədiklərimə rəğmən, daşınmaz əmlak bazarında bahalaşma gözlənilmir”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər