• cümə axşamı, 28 mart, 19:36
  • Baku Bakı 13°C

“Darıxmağa vaxtım yoxdur” - Müsahibə

16.09.16 12:13 5550
“Darıxmağa vaxtım yoxdur” - Müsahibə
O öz taleyi ilə hər hansı bir ədəbi əsərin və ya filmin qəhrəmanı ola biləcək həyat yaşayıb. Uşaqlığı məhrumiyyətlər içində keçib. "Xalq düşməni”nin qızı kimi damğalanıb. Anası onu təklikdə və çətinliklə böyüdüb. Amma yaşadığı məhrumiyyətlər həyata olan inamını qırmayıb - oxuyub, təhsil alıb, ailə qurub, seçdiyi peşəyə həyat amalı kimi yanaşıb. Həyat ona zəhmətsevərliyi, insanlara məhəbbəti öyrədib...

"Şöhrət” ordenli jurnalist və publisist Qalina Mikeladze indi illərin uzaqlığında qalan uşaqlığını, onun çətinliklərini yuxu kimi xatırlayır."Darıxmağa vaxtım yoxdur”, "Ölmək hələ tezdir” deyən veteran jurnalist "Kaspi” qəzetinə müsahibəsində bir mahnıda deyildiyi kimi "Mənim illərim mənim sərvətimdir” söyləyir...
İşləməyi sevirəm

- İnsanın həyatında elə gün, elə tarix olur ki, o, həmişəlik yadda qalır. Bu yaxınlarda layiq görüldüyünüz "Şöhrət” ordenini həyatınızın ən əvəzsiz hədiyyəsi hesab etmək olarmı?
- Əlbəttə, hesab etmək olar. Mən keçən il Azərbaycan mətbuatının 140 illik yubileyində Prezident təqaüdünə layiq görüldüm. Onda mənə elə gəldi ki, daha mənə heç nə lazım deyil, artıq hər şeyi əldə etmişəm. Amma "Şöhrət” ordeni mənə daha böyük sevgi bəxş etdi. Bu, gözləntimin ən zirvə nöqtəsi idi və doğrusunu desəm, mən bunu heç ağlıma gətirmirdim. Bu, mənimçün böyük sevincdir və işləmək həvəsimi daha da artırdı. Mən bu yaşda hələ də işləmək istəyirəm, beynim fikirlərlə doludur, daim hansısa yeniliklər haqda düşünürəm. İşləməyi sevirəm və istəyirəm. Allah xətrinə, təki sağlam olum!
- Maraqlıdır, sizdə bu qədər enerji hardandır? Siz hələ də işləməkdən hədsiz zövq alırsınız?
- Həmişə bu fikirdə olmuşam ki, insan həyatda nə qədər çox çətinlik görsə, canı o qədər möhkəm olar. Bu baxımdan, mənim üçün heç nə çətin deyil. Uşaqlıqdan anam məni çətinliklərə öyrədib. 12 yaşım olanda mən artıq mağazaya gedirdim. Müharibədən sonra yaşamaq çox çətin idi. Atam həbs olunmuşdu, anam tək qalmışdı. Mən onun üçün hər şey idim. Anam çox istəyirdi ki, çətinlik hiss etməyim, ancaq mən hər şeyi görürdüm. Görünür, mənim yaxşı yaddaşım vardı. Mənzilimizi əlimizdən almışdılar. Bizim üçün hər şey daha çətin idi. O zaman xəstəliklər geniş yayılmışdı. Anam mənim vərəm olmamağım üçün Allaha yalvarırdı... Mən bunları unuda bilmirəm.
- Atanız sürgündən qayıtmadı. Siz üzləşdiyiniz çətinlikləri necə adladınız?
- Atamın məktublarını 60 ildən çox gizlədib saxlamışıq. Repressiyanın qurbanı olan və sürgündə vəfat edən atam yazdığı məktubları stansiyalarda vaqonun pəncərəsindən atıb və ümid edib ki, hansısa xeyirxah bir adam bu məktubları götürüb poctla yola salacaq. Atam yanılmayıb. Zaman gəldi, həmin məktubları çap etdirmək vaxtı çatdı. Anam atamdan sonra 28 il təklikdə yaşadı. O, məni böyütdü və həyat yoldaşına olan sevgisinə sədaqətini qoruyub saxladı. Anam 51 yaşında ağır sürən xəstəlikdən sonra vəfat etdi.Biz Lermantov küçəsi 121-də yaşayırdıq. Qonşuluqda altı ailədən başçısını, iki ailədən isə həm kişi, həm də qadını aparmışdılar. Biz həmin vaxt Altıağacda ev kirayələyib dincəlirdik. Yadımdadır, mən qohumum Vera ilə gecələr örüşdən qayıdan inəklərin yenicə sağılmış südünü içir, təzə yumurtadan hazırlanan "qoqol-moqol” yeyir, gündüzlər döşəmənin üzərində uzanıb yatırdıq. Şirin uşaqlıq illəri mənim üçün həmişə unudulmazdır. Bir gün qonşumuz Olqa Vasilyevna Altıağacda qaldığımız evə gəldi. O göz yaşları içində bizə qonaq gəldiyini dedi. O zaman məni aldatdıqları ağlıma gəlmədi. Çox sonralar başa düşdüm ki, həmin gün mənim sevimli Olqa xalam atamın həbs olunması xəbərini gətirib. Onun gəldiyi maşınla anam Bakıya qayıtdı. Olqa xala isə baş verənləri bilməməyimiz üçün bizim yanımızda qaldı.1937-ci il avqustun 5-də mərd və xeyirxah insan, görkəmli partiya işçisi olan atamı apardılar. Atamın zahiri görkəmi yaddaşımda az alıb. Onun haqında hər şeyi məktublarından və anamın danışdıqlarından öyrəndim. Atam Maqadana gedərkən yolda həbs olunub saxlandığı QULAQ-da yaşadıqlarını məşhur ədəbiyyatçıların yazdıqları roman və povestlərdən daha təsirli qələmə almışdı. Atam öz şəxsi faciəsi fonunda faciənin miqyasından və dəhşətindən bəhs etmişdi. O həbs olunaraq məhkəməsiz Sibirə göndərildi və 4 ildən çox "zek” statusunda orada qaldı. Atam bolşevik partiyasının ədalətinə inanıb azad olunacağı və bizim yanımıza qayıdacağı günü həsrətlə gözləyirdi... Sonra müharibə başladı. Atam Maqadandan yazdığı məktublarında hər şeyin yaxşı olacağına ümid edirdi. Anam da nənəmlə birlikdə qənaət etdikləri pullardan ona ərzaq bağlaması hazırlayır və bununla da atamın sağlam qalacağına inanırdılar. Ancaq müharibənin qaynar vaxtında son iki bağlama ünvanı tapmadan geri qayıdanda anamdan başqa heç kəs bunun faciənin əlaməti olduğunu anlamadı.Anam 46 yaşında xərçənglə xəstələndi. İkinci qrup əlil kimi 400 rubl pul alırdı və işini alışdığı "Soyuzpeçat”da davam etdirmək üçün də hüququ vardı. Bu işinə görə də 500 rubl alırdı. Bir gün poçt məntəqələrindən birinin Şerbaçenko soyadlı müdiri ona "xalq düşməni”nin arvadı kimi qapını göstərmişdi. Anam bu hadisəni unuda bilmirdi. Atamın əməlində heç bir cinayətin olmaması ilə bağlı reabilitasiya arayışını isə 19 ildən sonra aldıq.
Yeni ideyalar tükənmir

- Olduqca ağrılı həyat yolu keçmisiniz. Yaşadığınız həyat sizin ixtisas seçiminizə təsir etdimi?
- Biz hansı ali məktəbə gedəcəyimizi bilmirdik. Mən ixtisasımı tamamilə təsadüfən seçdim. 10-cu sinifdə oxuyanda məktəbdə «Azərbaycanlı qızlar rusca imtahan verib Moskvada oxuya bilərlər» - deyə elan etdikdən sonra anamla pul haqqında götür-qoy etməyə başladıq. Anam 500 rubl maaş alırdı. Qərara aldıq ki, onun 250-si mənə verilsin. Çünki mən çalışıb 250 rubl da təqaüd alacaqdım. Anam çox ehtiyac içində yaşadı. O, dərzilik də edib pul qazanırdı. Nailə: " Siz narahat olmayın, biz kartof və süd ilə dolanarıq. Bizə çox pul lazım deyil” deyə anamı sakitləşdirməyə çalışdı. Beləcə, mən Moskvaya gəldim və nəşriyyat işi fakültəsində oxudum. İkinci kursdan sonra universitetdə jurnalistika fakültəsi yaradıldı. Mən də həmin fakültədə oxumağa başladım. 3-cü kursda oxuyanda gürcü ilə ailə qurdum. Oğlumuz dünyaya gəldi. Mən bir aylıq Bakıya gəldim və anam uşaq üçün dayə tutdu. Həmçinin qaynanam mənə kömək edirdi. Ona görə də mən öz qrupumu bircə gün də tərk etmədim. İnstitutu qurtarandan sonra mən Tbilisiyə gəldim və orada nəşriyyatda işləməyə başladım. Orada böyük təcrübə topladım. Sonra anam xəstələndi və mən Bakıya gəldim.
- Siz Rusiya, Gürcüstan və Azərbaycanda oxuyub, işləyib və yaşamısınız. Uğurlarınıza görə bu ölkələrdən hansına daha çox minnətdarsınız?
- Əlbəttə, Azərbaycana. Bakıya gələndən sonra mənimlə Moskvada oxuyan rəfiqəm Elmira Əliyeva «Bakinski raboçiy» qəzetində işləməyə başladı. Mən ona anamın xəstə olduğunu dedim və Tbilisiyə qayıtmayacağımı bildirdim. Bunun üçün Bakıda qalıb işləməli idim. O da «Bizim bir redaktorumuz işdən çıxmaq və müxbir kimi işləmək arzusundadır. Sən isə hazır redaktorsan», - deyə redaksiyada razılaşdırdıqdan sonra məni işə dəvət etdi. Əlbəttə, bəxtim gətirdi. Orada çox tanınmış jurnalistlər çalışırdılar. Hiss edirdim ki, yaxşı redaktə edirəm və onlar mənim işimi bəyənirdilər.1961-ci ildə Elmira Əliyeva «İzvestiya» qəzetində işləməyə başladı. 1964-cü ildə isə məni «Sovet ticarəti» qəzetinə göndərdilər. 23 il həmin qəzetdə işlədim. Bu maraqlı qəzet təkcə ticarət haqqında deyildi, həmçinin istehsalatın bütün sahələrindən və məhsullardan bəhs edirdi. İldə bir dəfə Moskvada bizi redaksiyaya dəvət edir, ölkədəki iqtisadi vəziyyəti izah edirdilər. Mən qəzetin Zaqafqaziya üzrə xüsusi müxbiri idim. Tez-tez ezamiyyətlərdə olur, Azərbaycan, Gürcüstan və Ermənistanı qarış-qarış gəzirdim. Düzdür, buna görə həyat yoldaşım çox vaxt əsəbiləşirdi. O, mənim evdə oturmağımı istəyirdi. Ancaq buna görə ailədə qalmaqal yaranmırdı. Getmək lazımdırsa, gedirdim. «Bilirsənmi səni niyə müxbir götürdülər, çünki sən ailəli qadınsan, sənin ərin var», - deyə yoldaşım bildirirdi. O, artıq mənim həyatıma alışmışdı və buna dözürdü.55 yaşında həmin qəzetdə təqaüdə çıxdım. 7 il heç yerdə işləmədim və nəvələrimin tərbiyəsi ilə məşğul oldum. 1993-cü ildə «Günay» qəzeti açıldı və mən orada baş redaktorun müavini kimi çalışmağa başladım. 13 il bu qəzetdə işlədim. Sonra həmin qəzet bağlandı. Mən redaktor kimi öz vəzifəmi yerinə yetirirdim, ancaq yazmaq istəyirdim. Əməkhaqqı az idi, qonorar verilmirdi. Bununla belə, mən yazırdım. Hamı işdən sonra evə gedirdi, mən isə getmək istəmirdim. "Sabah qəzetdə yeni məqaləm çıxacaq, sabah mənim üçün bayram olacaq, nəyə görə evə getməliyəm?” deyə düşünürdüm. Jurnalist işlədiyim illər ərzində hər dəfə məqaləm çıxanda onu ilk yazım kimi qarşılayıram. Həmin gün mənim üçün bayramdır. İndi də «Kaspiy», «Bakinskiy raboçiy» qəzetlərində məqalələrim çıxır, poçtalyonun gəlişini səbirsizliklə gözləyirəm. "Mənim yazım çıxıb”- deyə hamıya söyləmək istəyirəm...
- Karyeranız boyu müxtəlif tanınmış insanlarla görüşmüsünüz. Qəhrəmanlarınızdan ən çox yadınızda qalan kimlərdir?
- Mən iki insanla – görkəmli bəstəkar Firəngiz Əlizadə və istedadlı arxitektor Şamil Fətullayevlə dostluğumla həmişə fəxr etmişəm. Firəngiz Əlizadənin musiqisi bütün dünyanı heyran qoyur. Onun əsərlərini ən böyük musiqiçilər ifa edirlər. Firəngiz xanımın 65 yaşı tamam olanda onun adına Ukrayna, Gürcüstan, Fransa və İtaliyada festival təşkil etdilər. Hələ Rastropoviç sağlığında "Zaman olacaq insanlar «Mən Firəngiz Əlizadənin dövründə yaşamışam» deyə fəxr edəcəklər” deyirdi. Həmçinin böyük bəstəkar «Mən elə bilirdim, ən məşhur bakılı mənəm, yox, mən Firəngiz Əlizadənin yanında kiməm ki...» - söyləyirdi. Şamil Fətullayevə gəlincə, o, həqiqətən görkəmli arxitektordur.Mənim dosye-arxivimdə saysız-hesabsız görkəmli insanların adları var. Onların hamısı milli və ümumbəşəri mədəniyyətimizə, tariximizə, ölkəmizə töhfə verən şəxsiyyətlərdir. Zaman gedir, hətta demək olar ki, uçur və yeni ideyalar, yeni qəhrəmanlar gətirir. Elə qəhrəmanlar ki, sən onlar haqqında yazmaya bilməzsən. Mənim jurnalist bioqrafiyamda bu cür məsuliyyətli, daha sərbəst janrda söhbətlər mühüm yer tutur. Mənim işimdə vətəndaşlıq mövqeyini qorumaq həmişə öndə olub.
- Bu gün hamı yazır. Hamı jurnalist ola bilirmi?
- Sizcə onlar fikirləşirlər ki, hamısı yaza bilərlər? Onların çoxu öz ana dilini yaxşı bilmir. Eyni vəziyyət Rusiyada da yaşanır. Öz doğma dillərini yaxşı bilmirlər. Öz dilini - ana dilini bilmək çox vacibdir. Yaxşı yazmaq istəyən jurnalist ilk növbədə öz ana dilini mükəmməl bilməlidir. İndi uşaqlar oxumaq istəmirlər. İmtahanlarda «şpaqalka-dan istifadə edirlər. Onları təhsilə ruhlandırmaq lazımdır. İndi uşaqlar gələcəkdə daha çox pul qazanmaq haqda düşünürlər. Mənim heç vaxt pulum olmayıb, ancaq mənim sözümü eşidirlər, hətta təbliğat apara bilərəm. 8-ci sinifdə oxuyanda baletlə, teatrla maraqlanırdım. İndi xüsusən gənclərin teatra getməməsi haqda eşitmək çox kədərlidir. Anam məni teatra getməyə, kitab oxumağa məcbur etmirdi – özüm istəyirdim. Jurnalistikanı seçəndən sonra da başa düşdüm ki, jurnalistin dünyagörüşü geniş olmalı, o, dərin mütaliəyə malik olmalıdır.
Qadının missiyası
- Sizin gününüz. Onu necə müəyyənləşdirirsiniz? Doğurdanmı, siz hələ də gecələr işləyirsiniz?
- Heç vaxt gecələr işləməmişəm. Həmişə qan təzyiqim aşağı olub. Ona görə istədiyim vaxt yatmağa üstünlük verirəm. İndi mən azad adamam - günümü, yuxumu, işimi necə istəyirəmsə, elə də müəyyənləşdirirəm. Həmişə də işləməyin həvəskarı olmuşam. Əgər desələr ki, haradasa maraqlı bir insan var, mən onun haqda düşünəcəyəm. Hazırda Ramiz Fətəliyevi axtarıram, ancaq tapa bilmirəm. Onun haqqında yazacağım məqalənin yarısını isə onsuz yazmışam. Mən Bakıya köçəndən sonra Tbilisidəki evimi çətinliklə də olsa sata bildim. Birotaqlı mənzili «Sahil» metrosu yaxınlığında ona görə aldım ki, bu ev Musiqili Komediya Teatrına, Rus Dram Teatrına, Opera Teatrına, Gənc Tamaşaçılar Teatrına, Milli Kitabxanaya, Mədəniyyət və Turizm Nazirliyinin yerləşdiyi Hökumət evinə yaxındır. Həmçinin bulvar yaxındadır desəm də, ora getməyə heç vaxt tapa bilmədim.
- Qadının missiyası nədən ibarətdir? Siz öz missiyanızı yerinə yetirmisinizmi?
- Mənə görə qadın maddi baxımdan kişidən asılı olmamalıdır. Ailədə hər şeyi onlar birlikdə qurmalıdırlar. Kişini heç vaxt alçaltmaq olmaz. O, həmişə kişi olmalıdır. Qadın isə evində piroq bişirməli, səliqə-sahmana diqqət etməli, qonaq qəbul etməlidir. Evə gələnlər «nə gözəl yemək qoxusu gəlir» desələr necə də xoşdur... Mən həmçinin tikiş tikməyi bacarıram. Ərimin, oğlanlarımın köynəyini tikirdim. Qadın həm evinin qadını olmalı, əgər çalışırsa işinə məsuliyyətlə yanaşmalıdır. Mən bütün ömrüm boyu bu missiyaya əməl etdim...
Söhbətləşdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər