• cümə, 29 Mart, 16:07
  • Baku Bakı 14°C

Dario Fo dünyasını dəyişdi

24.10.16 11:21 1436
Dario Fo dünyasını dəyişdi
Dünyaca məşhur dramaturq, Luigi Pirandellodan (1934) sonra Nobel Ədəbiyyat mükafatına layiq görülən ikinci italyan yazar, rəssam və siyasi təbliğatçı Dario Fo dünyasını dəyişib. 1926-cı ildə İtaliyanın şimalında, Lombardiya vilayətinin, San Giano şəhərində dünyaya göz açan ədib bu il martın 24-də 90 illik yubileyini qeyd etmişdi. 1997-ci ildə İsveç Akademiyası tərəfindən "orta əsrlər təlxəkləri kimi hakimiyyəti və avtoriteti tənqid, əzilmişlərin ləyaqətini müdafiə etdiyinə görə" Nobelə layiq görülən Fo nəinki italyanların, eləcə də dünya oxucularının qəlbini fəth etmişdi. Onu xüsusilə, qədim İtaliya ənənələrini və italyan dilinin şirin şivələrini öz əsərlərində qüsursuz formada yaradıb-yaşatdığına görə qiymətləndirirlər. Ömrünün 70 ilə yaxın nəhəng bir hissəsini yazıya, incəsənətə, ədəbiyyata həsr etmiş bu görkəmli ədib istər publisist, istərsə də yazıçı-dramaturq kimi fəaliyyətində korrupsiya, narkotik aludəçiliyi, sui-qəsd, Avropa incəsənət tarixi, orqan ticarəti, katolik nəzəriyyəsi kimi bir-birindən fərqli mövzulara toxunub. Özünü ədəbiyyat, rəssamlıq, dramaturgiya kimi incəsənət sahələrində sınayan Fonun aktyor kimi ən unudulmaz rolu 1969-cu ildə canlandırdığı Cənab Buffodur.
Erkən yaşlarında Mussolinin hərbi çağırışlarına, müharibə şüarlarına aldanan Fo tezliklə ordunu tərk edir, bir müddət partizanlara qoşulur. Daha sonra anlayır ki, bu dünyada ona yer yoxdur. Qəfil qərarla Milana gəlib, incəsənət sahəsində təhsil almağı qarşısına məqsəd qoyur. Sonralar qısa müddət əsəb xəstəliyindən əziyyət çəkən gənc xadimə həkim birmənalı şəkildə əylənərək məşğul olacağı bir sahədə işləməyi məsləhət görür. Bu qərar onu teatra gətirir. Burada Eduardo Filippo, Giorgio Strehler kimi dramaturqlarla tanış olur, Antonio Qramski, Bertolt Brekt, Vladimir Mayakovskinin yaradıcılığını dərindən öyrənib, mənimsəyir. 1960-cı illərdən yazdığı dram əsərləri ilə şöhrətinə şöhrət qatan Dario Fo İtaliyanın ən çox axtarılan dramaturqu olur. 1997-ci ilin yayında müəllifin "İri döşlü şeytan” ("İl diavolo con le zinne”) əsəri işıq üzü görür, oktyabrın 9-da isə Foya Nobel təqdim edilir.
Yazar bircə dəfə ailə qurub. 1954-cü ildə teatr aktrisası, siyasi aktivist Franka Rame ilə bağlanana nikahdan yazarın Cakopo Fo adlı bir oğlu var. 2013-cü ildə sevimli xanımının vəfatından sonra ədib birgə yaşadıqları evdə xatirələrini qələmə almağa başlayır. Onun ölüm xəbərini də mətbuata oğlu Cakopo açıqlayıb.
"Telegraph”da yer alan xəbərə görə, oktyabrın 15-də təşkil olunan vida mərasimində incəsənət dünyasından böyük axın olub.
banner

Oxşar Xəbərlər