AZE | RUS | ENG |

Danışıqların məqsədi işğal edilmiş torpaqların azad olunmasıdır - Fotolar

Danışıqların məqsədi işğal edilmiş torpaqların azad olunmasıdır - Fotolar
Prezident İlham Əliyev: “Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amildir”

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunda Dağlıq Qarabağ münaqişəsinin həlli hər zaman bir nömrəli problem - əsas vəzifə kimi qarşıya qoyulur. Dövlət başçısı İlham Əliyev xarici ölkələrə rəsmi səfərlərində, beynəlxalq əhəmiyyətli tədbirlərdə ən yüksək tribunadan Dağlıq Qarabağ problemi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Bununla bərabər, o, ATƏT-in Minsk Qrupunun həmsədrləri və işğalçı Ermənistanın siyasi rəhbərliyi ilə müxtəlif vaxtlarda görüşlər keçirir, münaqişənin dinc yolla, xüsusən də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün danışıqlar aparır.
 
Cari il martın 19-da Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında keçirilən daha bir görüş də bu qəbildəndir. İlk növbədə qeyd edək ki, bu görüşü Azərbaycanın növbəti diplomatik uğuru kimi dəyərləndirmək olar. Çünki, Ermənistanda inqilab yolu ilə siyasi rəhbərlik dəyişdikdən sonra işğalçı dövlətin rəsmiləri müxtəlif bəyanatlar səsləndirir, danışıqlar prosesində separatçıların da iştirak etməsinə cəhdlər göstərirdilər. Yəni, Ermənistan tərəfi danışıqların formatının dəyişdirilməsi ilə bağlı absurd iddialar irəli sürürdü. Lakin 9 mart tarixində ATƏT-in Minsk Qrupu həmsədrləri bəyanatla çıxış edərək formatın dəyişdirilməsinin qəbuledilməzliyini bildirdilər. Azərbaycan tərəfi də öz növbəsində dəfələrlə formatın dəyişilməzliyini vurğuladı. 
 

 
Danışıqların formatı dəyişməz qalır
 
Beləliklə də düşmən ölkənin bu kimi bütün niyyətinin qarşısı alındı, işğalçı ölkənin lideri danışıqlar masasına otuzduruldu. Xeyli müddət keçdikdən sonra Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəsi ilə ilk dəfə, özü də 2 saatdan artıq təkbətək görüş keçirildi. Daha sonra görüşə həmsədrlər və 2 ölkənin xarici işlər nazirləri də qatıldı, toplam 3 saatdan artıq müddətdə danışıqlar aparıldı. Sözügedən görüşün keçirilməsi bir daha təsdiq etdi ki, danışıqlar yalnız Azərbaycan və Ermənistan arasında aparılır və format dəyişməz qalır.
 
 
 
Danışıqlar prosesinin mahiyyətinə gəlincə, Azərbaycanın mövqeyi bəllidir və birmənalı xarakter daşıyır. Mövqeyimizi əsasən Helsinki yekunu haqqında BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri təşkil edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və ölkəmizin ərazi bütövlüyü, suverenliyi təmin olunmalıdır. 
 

 
"Bu, müstəqil Azərbaycanın suveren hüququdur”
 
Azərbaycan bu mövqeyindən heç vaxt geri çəkilməyib, rəsmi səviyyədə aparılan danışıqlarda heç bir zaman ölkəmizin ərazi bütövlüyü müzakirə mövzusu olmayıb. Həmsədrlərin təşkilatçılığı ilə keçirilən son Vyana görüşündən sonra Prezident İlham Əliyevin Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin "N” saylı hərbi hissəsində olması, hərbçilər qarşısında çıxış edərək həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq aləmə verdiyi mühüm mesajlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan bir qarış torpağını da işğalçı Ermənistana güzəştə getməyəcək, tarixi ərazilərimizdə ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək.
 
 
 
Azərbaycan xalqının güclü iradəsinə, dəstəyinə və Silahlı Qüvvələrimizin peşəkarlığına, qüdrətinə arxalanan Prezident İlham Əliyev danışıqlar yolu ilə Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bir daha bəyan edib. Əks təqdirdə, Azərbaycan hərbi yolla işğal altındakı torpaqlarını azad edəcək, ərazi bütövlüyünü təmin edəcək. Bu, müstəqil Azərbaycanın suveren hüququdur. 
 

 
Əsgər və zabitlərimizlə fəxr edirik
 
Ali Baş Komandan İlham Əliyev hərbçilər qarşısında çıxış edərkən diqqəti bir daha bu məsələyə yönəldib və bildirib ki, bu gün Azərbaycan Ordusu uğurla inkişaf edir, ordu quruculuğu prosesi sürətlə gedir, hərbi hissələr yenidən qurulur, yenidən tikilir, ordumuz ən müasir texnika ilə təchiz edilir. O, bunu təbii hadisə kimi qiymətləndirib. Deyib ki, Azərbaycan müharibə şəraitində yaşayır və müharibə hələ bitməyib, yalnız onun birinci mərhələsi başa çatıb. Dövlətimizin başçısı bu gün Azərbaycan Ordusunun dünya miqyasında güclü ordular sırasında öz potensialına görə 52-ci yerdə olduğunu vurğulayıb.
 
 
 
2016-cı ilin uğurlu Aprel döyüşlərinə, 2018-ci ilin Günnüt, Qızılqaya əməliyyatlarına, mühüm strateji yüksəkliklərin ələ keçirilməsinə diqqət çəkən Prezident İlham Əliyev həmin hadisələr zamanı həm Azərbaycan hərbçilərinin, həm də mülki vətəndaşların böyük fədakarlıqlar, qəhrəmanlıqlar göstərdiyini dilə gətirib. Qeyd olunub ki, bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu, o cümlədən peşəkar əsgər və zabitlərimizlə fəxr edə bilər. Prezident deyib ki, Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amildir. Bununla o, Azərbaycanda xalq-iqtidar, xalq-ordu birliyinin olmasına, işğal altındakı ərazilərimizin hər qarışının azad olunması ilə nəticələnən istənilən döyüşün cəmiyyət tərəfindən dəstəkləndiyini bəyan edib. Bununla da rəsmi Yerevana və havadarlarına mesaj göndərib ki, Ermənistan qeyri-konstruktivlikdən, işğalçılıq siyasətindən geri çəkilməzsə, Azərbaycan xalqının və ordusunun gücü ilə üzləşəcək. 
 

 
"Böyük qayıdış”ın başlanğıcı
 
Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə yeni həyat verilməsinə, bu yaşayış məntəqəsinin qısa müddət ərzində yenidən qurulmasına, 150 fərdi ev, məktəb, uşaq bağçası, tibb məntəqəsi, Şuşa məscidinin bənzəri olan məscidin tikilməsinə, yeni iş yerlərinin yaradılmasına toxunan Prezident İlham Əliyev Azərbaycan xalqının işğal faktı ilə heç vaxt barışmayacağını bəyan edib. Bildirib ki, hər bir Azərbaycan vətəndaşı işğal altındakı torpaqlarımızın tezliklə azad olunması və ərazi bütövlüyümüzün bərpa edilməsi arzusu ilə yaşayır. O, bununla "Böyük qayıdış”ın elə də uzaqda olmadığını, Cocuq Mərcanlıya yeni həyat verilməsinin bu istiqamətdə atılan ilk addım olduğunu nümayiş etdirib.
 
 
 
Ölkə başçısı bütün dünya ictimaiyyətinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımasına da toxunub. Bildirib ki, bütün mötəbər beynəlxalq təşkilatlar bununla bağlı müvafiq qərar və qətnamələr qəbul ediblər, indiyə qədər heç bir ölkə qondarma "Dağlıq Qarabağ Respublikası”nı tanımayıb və bundan sonra da tanımayacaqdır. Tarixi və hüquqi əsasın, haqq-ədalətin Azərbaycanın tərəfində olduğunu xatırladan dövlət başçısı bildirib ki, danışıqların davam etdirilməsinin yeganə məqsədi işğal edilmiş torpaqların azad olunmasıdır. 
 

 
Hərbi əməliyyatlar daha geniş miqyas alacaq
 
Sonda bir daha vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün keçirilən son Vyana görüşündən dərhal sonra Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin "N” saylı hərbi hissəsində olması, hərbçilər qarşısında çıxış etməsi Ali Baş Komandanın yalnız öz xalqına və ordusuna arxalandığını, Azərbaycanın işğalçı Ermənistana bundan sonra da heç bir güzəştə getməyəcəyini bir daha nümayiş etdirib.
 
 
 
Hərbçilər qarşısında çıxış edərkən səsləndirdiyi fikirlərlə dövlət başçısı gec-tez, nə yolla olursa-olsun Azərbaycanın öz suverenliyini, ərazi bütövlüyünü bərpa edəcəyini bəyan edib. Bu o deməkdir ki, sülh danışıqları heç bir nəticə verməyəcəyi halda uğurlu Aprel döyüşləri, Günnüt əməliyyatı daha geniş miqyasda baş verəcək, Azərbaycan hərbi yolla işğal altındakı Dağlıq Qarabağı və ətraf rayonları azad edəcək. 
 
Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9142
GEL 1 1 Gürcüstan larisi 0.5981
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1277
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1818
CHF 1 1 İsveçrə frankı 1.7255
KWD 1 1 Küveyt dinarı 5.5849
TRY 1 1 Türkiyə lirəsi 0.2974