“Danışıqlarda əsas müzakirə mövzusu status-kvonun dəyişdirilməsidir”
İyun ayının 15-dən etibarən cəbhə xəttində vəziyyət
yenidən gərginləşib. Ermənistan silahlı birləşmələri mövqelərimizi iri çaplı
silahlardan, minaatanlardan, artilleriyadan atəşə tutmaqla müxtəlif təxribatlara
əl atıblar. Nəticədə Azərbaycan Ordusu bir şəhid verib. Təbii olaraq, cavab tədbirləri
görülüb, Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənə sarsıdıcı zərbələr
endirilib, 6 erməni hərbi qulluqçusu məhv edilib. Müdafiə Nazirliyi bu barədə bəyanat
yayaraq bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki qoşunların
qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı surətdə təxribatlar
törədir və növbəti belə təxribatın qarşısı alınarkən iyunun 15-də ordumuz itki
verib. Görülən qətiyyətli cavab tədbirləri nəticəsində iyunun 15-i və 16-da
işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib, çoxsaylı yaralıları var.
Müdafiə Nazirliyi xəbərdar edib ki, düşmənin bu cür əməllərinin qarşısı qətiyyətlə
alınacaq və verəcəyi itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin
üzərinə düşəcək. Azərbaycan Xarici İşlər Nazirliyi də açıqlama yayaraq, ATƏT-in
Minsk Qrupu həmsədrlərinin ölkəmizə planlaşdırılan səfəri ərəfəsində Ermənistan
tərəfinin növbəti dəfə təxribatlara əl atmasına münasibət bildirib. Qeyd olunub
ki, Ermənistan qəsdən cəbhədə vəziyyətin gərginləşdirilməsi yolu ilə Dağlıq
Qarabağ münaqişəsinin substantiv danışıqlar yolu ilə həllinə imkan verməməyə və
işğala əsaslanan mövcud status-kvonu saxlamağa çalışır. Nazirlik bildirib ki,
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində
mövcudluğu atəşkəsin pozulmasının başlıca səbəbidir.Beynəlxalq hüququn
norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, ATƏT-in
Minsk Qrupunun həmsədrlərinin bəyanatları və hazırda danışıqlar masasında olan
təkliflər Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən
çıxarılmasını tələb edir. Azərbaycan Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində
fəaliyyət göstərərək Ermənistanın ölkəmizə qarşı təcavüzü fonunda ərazilərimizin
müdafiəsini və xüsusilə təmas xətti boyu yaşayan mülki əhalinin təhlükəsizliyini
təmin edir.
Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən millət vəkili, politoloq Elman Nəsirov deyib
ki, cəbhə xəttində təxribatların törədilməsi Ermənistan tərəfinin yeni
taktikası deyil. Onun sözlərinə görə, rəsmi İrəvan Dağlıq Qarabağ münaqişəsinin
həllində maraqlı deyil: "Ermənistanın əsas niyyəti bundan ibarətdir ki,
status-kvo qorunub saxlansın, heç bir halda o dəyişməsin, münaqişənin həlli
üçün aparılan danışıqlar prosesinə hər vasitə ilə maneə yaradılsın. Çünki
danışıqlarda əsas müzakirə mövzusu status-kvonun dəyişdirilməsidir. Əks halda
heç bir irəliləyişə nail olmaq mümkün deyil. Ona görə də Ermənistan tərəfi
ciddi-cəhdlə həmsədrlərin regiona səfəri ərəfəsində təxribatlara əl atır. Elə
etmək istəyir ki, fundamental məsələlər, yəni, status-kvonun dəyişdirilməsi, Azərbaycan
ərazilərinin işğaldan azad edilməsi və bu kimi digər məsələlər deyil, məhz atəşkəsin
qorunub saxlanması əsas müzakirə mövzusuna çevrilsin. Ermənistan xarici işlər
naziri Nalbəndyan iyunun 20-də həmsədrlərlə görüşü zamanı hətta onları da
ittiham edib ki, nə üçün münaqişə ilə bağlı ünvansız bəyanatlar verirsiniz.
Guya həmsədrlər münaqişə ilə əlaqədar ünvansız bəyanatlar verirlər və erməni tərəfinin
arzusuna uyğun olaraq onlar öz bəyanatlarında Azərbaycanı ittiham etməlidirlər.
Burada məşhur bir el məsəlinmi xatırlamamaq olmur: Adımı sənə qoyum, səni
yana-yana qoyum. Ermənistan silahlı birləşmələri iriçaplı silahlardan,
minaatanlardan və artilleriyadan istifadə etməklə nəinki cəbhə xəttindəki
mövqelərimizi, eləcə də dinc əhalinin yaşadığı məntəqələri atəşə tutur. Bu vəziyyət
ötən ilin aprel hadisələrindən əvvəlki durumu xatırladır. O zaman Azərbaycan
Ordusunun ön xətdəki kiçik birləşmələri düşmənin həmlələrinə, təxribat cəhdlərinə
tutarlı cavab vermişdilər. Son hadisələr nəticəsində də ordumuzun bir itkisinə
qarşı düşmənin altı yaraqlısı məhv edilib. Məhz bu məqamda Prezident İlham
Əliyevin məşhur ifadəsini xatırlamamaq olmur. Ermənistan əsgəri ölmək istəmirsə
Ağdama, işğal altında olan digər ərazilərimizə gəlməsin. Bir daha əvvəlki
fikrimə qayıdaraq qeyd etmək istəyirəm ki, Ermənistan tərəfinin təxribatları
danışıqlar prosesinə maneə yaratmağa hesablanıb. Çünki, həmsədrlərin regiona səfərindən
sonra xarici işlər nazirləri, ardınca da prezidentlər səviyyəsində görüşlərin
keçirilməsi planlaşdırılır. Ermənistan silahlı birləşmələrinin təxribatlar törətməsi,
Nalbandyanın məsuliyyətsiz bəyanatlar verməsi bu görüşlərin baş tutmamasının
qarşısını almaq, yaxud görüşlər keçirildiyi təqdirdə fundamental məsələlərin
müzakirəsindən yan keçmək məqsədi daşıyır. Fikrimcə, regiona səfərlərini başa
vuran həmsədrlər verəcəkləri bəyanatda bu amilləri mütləq nəzərə almalıdırlar”.
Politoloq
Fikrət Sadıxovda qəzetimizə açıqlamasında deyib ki, Ermənistan tərəfi mütəmadi olaraq cəbhə xəttində
təxribatlar törədir. Onun fikrincə, Ermənistanın xarici siyasətində Azərbaycana
qarşı belə davranış əsas yerlərdən birini tutur: "Belə təxribatlar həmsədrlərin
regiona, o cümlədən Azərbaycana səfəri ərəfəsində daha intensiv xarakter alır,
cəbhə xəttində vəziyyət gərginləşdirilir. Təbii ki, Azərbaycan Silahlı Qüvvələri
bütün bu təxribatların qarşısını qətiyyətlə alır, düşmənə ağır zərbə vurulur.
Bunun ardınca da erməni tərəfi yaşanan hadisələrə görə Azərbaycanı günahkar
göstərməyə çalışır. Bu baxımdan, həmsədrlərin regiona səfəri öncəsi Ermənistanın
yeni təxribatlar törətməsi gözlənilən idi. Ancaq gülünc doğuran daha bir məqam
Ermənistan xarici işlər nazirinin bu yaxınlarda verdiyi bəyanatdır. Onun
dediyinə görə, guya BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı qəbul etdiyi məlum qətnamələr Ermənistanı deyil, Azərbaycanı işğala son
qoymağa səsləyir, sülhə çağırır. Ermənistan rəsmisinin bu münasibəti
aydınlaşmış mövqedir. Yəni, Ermənistan heç bir reallıqla hesablaşmır,
işğalçılıq siyasətini davam etdirir, beynəlxalq hüquqa və prinsiplərə əməl
etmir. Bu mövqe danışıqlar prosesində hər hansı irəliləyişin olmasının
qarşısını almağa da hesablanıb. Əgər rəsmi İrəvanın əsas siyasəti bundan sonra
da belə olacaqsa, Azərbaycan tərəfinin çox güclü cavab tədbirləri ilə üz-üzə
qalacaqlar və artıq üzləşirlər. Azərbaycanda ən yüksək səviyyədə də bəyan
edilib ki, Ermənistan tərəfinin hər bir təxribat cəhdinə, vurduğu ziyana görə
düşmənə artıqlaması ilə cavab veriləcək. Çünki söhbət işğal altındakı Azərbaycan
ərazilərindən, ölkənin suverenliyinin bərpasından gedir. Danışıqlar prosesi nəticə
vermədiyi halda Azərbaycanın tam hüququ var ki, ərazi bütövlüyünü müharibə yolu
ilə bərpa etsin”.
Rufik
İSMAYILOV