• cümə, 29 Mart, 10:34
  • Baku Bakı 5°C

“Danışıqlar prosesində əsas nəticə iyun ayında olacaq”

19.05.16 11:05 2479
“Danışıqlar prosesində əsas nəticə iyun ayında olacaq”
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar apreldəki qısa müddətli döyüş əməliyyatlarından sonra yenidən bərpa edildi. Mayın 16-da isə Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında daha bir görüş keçirilib. Görüşdə Con Kerri, Sergey Lavrov, Harlem Desir, həmsədrlər və ATƏT sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik iştirak ediblər. Görüşlə bağlı müzakirələr aktiv şəkildə davam etməkdədir. Xüsusilə də Ermənistan tərəfi görüş başa çatdıqdan sonra ictimai rəyi çaşdırmağa yönəlik aşıqlamalar verməkdədir. Biz də görüşlə bağlı suallarımızı politoloq Fikrət Sadıxova ünvanladıq.
- Fikrət müəllim, prezidentlərin Vyana görüşü barədə cəmiyyətdə müxtəlif fikir və mülahizələr özünü göstərməkdədir. Siyasi şərhçi kimi Siz bu görüşün nəticələrini necə dəyərləndirirsiniz?
- Bu görüşdə danışıqlar prosesi ilə bağlı radikal dəyişiklik gözləməyə dəyməzdi. Çünki bu görüş aprel ayının əvvəlində cəbhə xəttində yaşanan hadisələrin fonunda baş vermişdi. Faktiki olaraq, "dörd günlük müharibə”dən sonra aparıcı dövlətlər və Ermənistan başa düşdü ki, Azərbaycan boş-boşuna, ritorik bəyanatlarla kifayətlənmir, söylənilənləri əməldə də nümayiş etdirir. Onlar gördülər ki, Azərbaycanın siyasi iradəsi və hərbi potensialı yüksək səviyyədədir. Vyana görüşünün təşkilatçısı olan aparıcı dövlətlər bu reallığı başa düşərək, əsas məqsəd kimi stabilliyin yaranmasına, atəşkəsin qorunub saxlanmasına çalışırdılar. Görüşün əsas məqsədi də bundan ibarət idi. Amma maraqlısı budur ki, görüşdən sonra aparıcı dövlətlərin nümayəndələri bir-birindən fərqli, ziddiyyətli bəyanatlar səsləndirdilər. Hesab edirəm ki, danışıqlar prosesində əsas nəticə iyun ayında olacaq. Böyük sazişin konturlarının müzakirəsi o zaman olacaq. Hələlik Vyana görüşünün nəticəsinə ancaq bunları aid etmək olar. Görünür, münaqişə tərəflərinə təqdim edilmək üçün nə isə hazırlanır və iyunda bu, baş verəcək. Lakin bu təkliflər nədən ibarətdir, onlar nə dərəcədə qəbul ediləndir və sair barədə iyun ayında məlumat əldə etmək olacaq. Ümumi yanaşsaq, Vyana görüşünün müsbət tərəfi ondan ibarədir ki, aparıcı dövlətlər və işğalçı Ermənistan Azərbaycanın məqsədinin kifayət qədər ciddi olduğunu başa düşüblər.
- Sizin də vurğuladığınız kimi, Vyana görüşündə Rusiya ilə bərabər, ABŞ və Fransa da xarici işlər nazirləri səviyyəsində iştirak ediblər. Belə bir rəy var ki, əslində ABŞ-ın təşəbbüsü ilə reallaşan bu görüş münaqişənin tənzimlənməsində Rusiyanın dominantlıq etməsinin qarşısını almaq üçün imiş. Belə yanaşma nə dərəcədə əsaslıdır?
- Bu görüşün təşkili Dağlıq Qarabağ münaqişəsi ilə bağlı böyük dövlətlərin təşvişini, narahat olmasını nümayiş etdirir. Onlar narahat oldular ki, Azərbaycan güc yolunu seçib, öz torpaqlarını işğaldan azad etməyə hazır olduğunu göstərir. Odur ki, həm həmsədrlər, həm də xarici işlər nazirləri Vyana görüşündə bilavasitə iştirak etdilər. Bir qədər əvvəl qeyd etdiyim kimi, onlar stabilliyin və atəşkəsin qorunub saxlanmasında maraqlıdırlar. Amma bizim üçün bu, əsas səbəb olmamalıdır. Bizim məqsədimiz başqadır. Biz ölkəmizin ərazi bütövlüyünün təmin olunmasını, münaqişənin yalnız beynəlxalq hüququn, BMT Təhlükəsizlik Şurasının və digər mühüm təşkilatların qəbul etdiyi qətnamələr çərçivəsində ədalətli həllində maraqlıyıq. Bu məqsədə çatmaq üçün çalışırıq və bundan sonra da əlimizdən gələni edəcəyik, bütün vasitələrdən yararlanacağıq.
- Sergey Lavrov münaqişənin mərhələli yolla həllindən danışır, ancaq Ermənistan xarici işlər naziri paket həll variantına üstünlük verdiklərini dilə gətirir. Ermənistanı özündən asılı vəziyyətə salan Rusiyanın mövqeyi ilə forpost ölkənin mövqeyi arasındakı bu ziddiyyət nədən xəbər verir?
- Dağlıq Qarabağ probleminin paket həll variantı Azərbaycan tərəfini qane etmir. Biz buna heç vaxt getməyəcəyik. Azərbaycan tərəfi ən yüksək səviyyədə keçirilən rəsmi görüşlərdə, tədbirlərdə bu məsələyə birmənalı münasibətini ortaya qoyub. Azərbaycanın müsbət yanaşdığı isə mərhələli plandır. Prezident ilham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verilməyəcək. Biz Dağlıq Qarabağın "müstəqilliyini” tanımayacağıq. İşğal altındakı rayonlar azad edilməyincə, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmayınca, həmin ərazilərdə normal infrastruktur qurulmayınca, Dağlıq Qarabağın statusu məsələsi gündəmə gələ bilməz. Bu, Azərbaycanın birmənalı mövqeyidir. Bunu Ermənistan da, aparıcı dövlətlər də yaxşı başa düşürlər. ona görə də, münaqişənin tənzimlənməsi üçün ortada olan planın adının nə olmasına baxmayaraq, Azərbaycanın başlıca məqsədi, istəyi torpaqların işğaldan azad edilməsidir. Yalnız bunlardan sonra Dağlıq Qarabağın statusu məsələsi müzakirə edilə bilər. Heç bir həll variantında Dağlıq Qarabağ müstəqil qurum kimi tanınmayacaq. Bu reallıqdır və bütün siyasi aspektlərə cavab verən mövqedir. Vyana görüşü ilə bağlı da Ermənistan tərəfinin bir-birinə zidd bəyanatlarına baxmayaraq, Azərbaycan tərəfi milli və dövlət maraqlarının əleyhinə olacaq hər hansı sənədə imza atmayıb. Bu barədə Azərbaycan Prezidenti Administrasiyasının rəsmisi Novruz Məmmədovun da fikirləri var.
- Ermənistan cəmiyyətində Vyana görüşü ilə bağlı rəylər necədir?
- Serj Sarkisyan və onun ətrafında olanlar hazırda əsas vəzifə kimi ictimaiyyəti sakitləşdirmək vəzifəsini qarşıya məqsəd qoyublar. Çünki Ermənistanda vəziyyət həqiqətən də ciddi və gərgindir. Antirusiya əhval-ruhiyyəsi baş qaldırıb, Rusiya səfirliyi önündə etiraz aksiyaları keçirilir, müxtəlif tənqidi və təhqir xarakterli şüarlar səsləndirilir. Ermənistan müxalifləri şou xarakterli müxtəlif təkliflər irəli sürürlər. Buna misal kimi Dağlıq Qarabağın "müstəqilliyini” tanımaq və sair fikirləri göstərmək olar. Sarkisyanın bir sıra generalları istefaya göndərməsi isə Ermənistan ordusundakı vəziyyəti açıq-aşkar nümayiş etdirir. Aprel hadisələrindən sonra nəinki işğal altındakı torpaqlarda məskunlaşdırılan ermənilər, hətta paytaxt İrəvan da təşviş içindədir. Ermənistan cəmiyyətində də az-çox başa düşürlər ki, rəsmi İrəvanın başı aparıcı dövlətlər tərəfindən sığallansa da, Dağlıq Qarabağ probleminin həllini nəzərdə tutan müəyyən qətnamələr var, işğal olunmuş torpaqları azad etmək tələbi var. İstənilən halda, bu proses başlanmalıdır. Ona görə də Sarkisyan Vyana görüşündən qayıdarkən təyyarədə erməni jurnalistləri ilə söhbət etdi, cəmiyyəti sakitləşdirmək üçün müxtəlif fikirlər səsləndirdi. Orada verilən suallar, səsləndirilən bəyanatlar əvvəlcədən hazırlanmış, daxili auditoriyaya hesablanmışdı. Ona görə də bu fikirləri ciddi qəbul etməyə dəyməz. Sarkisyanın əməli ilə səsləndirdiyi fikirlər hər zaman ziddiyyət təşkil edir.
- Sizcə, iyun ayında, yaxud da ondan sonra keçiriləcək növbəti görüşlərdə rəsmi İrəvanı mərhələli həll variantına və ya hansısa güzəştə məcbur etmək olacaqmı?
- Əgər aparıcı dövlətlər həqiqətən də Dağlıq Qarabağ probleminin ədalətli həllində, münaqişə zonasında, eləcə də Qafqaz regionunda stabilliyin yaranmasında maraqlıdırlarsa, onlar Ermənistana müəyyən təzyiqlər göstərməlidirlər. Ermənistana təzyiq etmək kifayət qədər asan məsələdir və bu təzyiqlərin müsbət nəticə verəcəyinə inanıram. Vyana görüşünə qədər olan proseslərə qısa nəzər salsaq, bunu aydın təsəvvür etmək olar. Fikir verin, Vyana görüşündən əvvəl Sarkisyan bəyanat verirdi ki, ora getməyin heç bir əhəmiyyəti yoxdur. Amma sonra Ermənistan prezidentinə tapşırdılar və o, Vyanaya gəldi. Bundan əvvəl isə Ermənistan prezidenti bəyanat vermişdi ki, Dağlıq Qarabağ məsələsi hökumət səviyyəsində müzakirə olunub və hətta onlar yaxınlarda qondarma qurumun "müstəqilliyinin” tanınması barədə qərar çıxarmağa da hazırlaşırdılar. Yenə də Ermənistana tapşırdılar ki, bu məsələ ilə məşğul olmayın, bu, cəfəngiyatdır və sizin maraqlarınıza tamamilə ziddir. Ermənistan bu addımdan da geri çəkildi. Bu sıraya Ermənistanın bir-birini təkzib edən çoxsaylı addımlarını da əlavə etmək olar. Serj Sarkisyan səsləndirdiyi bu kimi bir çox bəyanatlarla özü-özünü ifşa və təkzib edib. Bütün bu reallıqları nəzərə alaraq, bir daha vurğulamaq istəyirəm ki, əgər aparıcı dövlətlər istəsə Ermənistana müəyyən təzyiqlər göstərilə bilər. Sergey Lavrovun bəyanatından belə nəticə çıxardıram ki, mərhələli həll çərçivəsində müəyyən planlar cızılır. Əgər vəziyyət bu cürdürsə, bu, Azərbaycanı qane edə bilər. Əsas məqsəd budur ki, işğal altındakı torpaqların azad olunması prosesi başlanılsın. Bütün dünya ictimaiyyəti, o cümlədən aparıcı dövlətlər, eləcə də Minsk qrupu və işğalçı Ermənistan başa düşür ki, Azərbaycan səsləndirdiyi bəyanatları reallığa çevirməyə, öz ərazi bütövlüyünü hərbi yolla bərpa etməyə tam hazırdır. Aprel hadisələri buna əyani sübutdur.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər