• cümə axşamı, 28 mart, 12:27
  • Baku Bakı 16°C

Danışıqlar formatının dəyişdirilməsi tələbi Azərbaycanın müstəsna hüququdur

22.07.20 19:12 761
Danışıqlar formatının dəyişdirilməsi tələbi Azərbaycanın müstəsna hüququdur
Ekspertlərin fikrincə, Türkiyənin həmsədrlər formatına daxil edilməsi və BMT qətnamələrinin icra mexanizmi üzərində işləmək lazımdır

Tovuz döyüşlərindən sonra bölgədə yeni situasiya yaranıb. Ermənistanın davamlı təxribatları və döyüş əməliyyatlarının bərpasından sonra danışıqların əvvəlki formatda aparılmasının mümkünsüz olduğu aydındır. Artıq bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi bəllidir və iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində Prezident İlham Əliyev tərəfindən rəsmən səsləndirilib.
Bundan başqa, Prezidentin köməkçisi Hikmət Hacıyev də bu məsələyə toxunaraq deyib ki, Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı imitasiya xarakteri daşıyan danışıqlarda iştirak etmək fikrində deyil: "Danışıqlar Minsk qrupunun mandatına uyğun çərçivədə aparılmalıdır. Minsk qrupunun mandatı isə beynəlxalq prinsipləri, Helsinki Yekun Aktını, BMT-nin qətnamələrini əsas tutaraq danışıqları aparmaqdır”.
H.Hacıyev vurğulayıb ki, Azərbaycan tərəfi gözləyir ki, Minsk qrupunun həmsədrləri öz səylərini artırsınlar və danışıqlar daha intensiv aparılsın. O əlavə edib ki, Minsk qrupu prosesində 11 dövlət iştirak edir və bu dövlətlərin hər birinin iştirakı ilə geniş iclasın keçirilməsinə ehtiyac var.
Azərbaycanın danışıqların bərpası ilə bağlı şərtləri necə qiymətləndirilir? Minsk qrupu həmsədrlərinin və Ermənistanın buna münasibəti necə olacaq?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki, Ermənistan aparılan mövcud danışıqları pozur: "Ermənistanın danışıqlara bu şəkildə yanaşması imitasiya xarakterlidir və Azərbaycan bu tərzdə aparılan danışıqları məqbul saymır. Onu qeyd edim ki, Minsk qrupunun həmsədrləri ilə yanaşı, tam tərkibi var. Yəni, həmsədrlər Minsk qrupunundur və buna onlar bir mövqe bildirməlidirlər. Belə olduğu halda Azərbaycan nəticə çıxaracaq”.
R.Musabəyov qeyd etdi ki, bu, Azərbaycanın hüququdur və Ermənistanın razılaşıb-razılaşmayacağı önəmli deyil: "Bizə vacibdir ki, məsələyə Minsk qrupu tam tərkibdə münasibət bildirsin. Hər halda, Azərbaycan diplomatları bu istiqamətdə çalışmalıdırlar və təkid etməlidirlər. Bizim təkid etməyimizin hüquqi əsası var. Minsk qrupu özünü kənara qoyduğu halda, Azərbaycan bəyan edə bilər ki, vasitəçilər öz vəzifəsinin öhdəsindən gələ bilmir və Azərbaycan münaqişənin həlli üçün ayrı yollar axtaracaq”.
Türkiyəli ekspert, professor Toğrul İsmayıl bildirdi ki, Prezident İlham Əliyevin daha əvvəlki və son açıqlamasında, eləcə də Prezidentin köməkçisi Hikmət Hacıyevin açıqlamasında ATƏT-in Minsk qrupunun təklif etdiyi danışıqlar formatının indiki şəraitdə Azərbaycanın maraqlarına uyğun olmadığı qeyd edilir: "Bu olduqca doğru addımdır. Hətta Hikmət Hacıyev daha geniş formatda müzakirələrin keçirilməsini təklif edib. Fikrimcə, bu daha məntiqlidir. Uzun illərdir bu məsələləri yazırıq və gördüyümüz kimi, Minsk qrupu əslində ilk gündən ölü doğulmuş bir mexanizmdir. Çünki Minsk qrupu həmsədrlərinin Ermənistana hər hansı təzyiq vasitəsi yoxdur, sadəcə tövsiyə xarakterli təkliflər verə bilirlər. Bu səbəbdən Minsk qrupunun ciddi qurum olduğunu düşünmürəm”.
T.İsmayıl vurğuladı ki, Minsk qrupunun hazırda 3 həmsədri var - ABŞ, Rusiya, Fransa: "Onların da bu məsələyə obyektiv yanaşmayacağını gördük. Yəni, həmsədrlər, xüsusilə erməni "soyqırımı” məsələsindən sonra tamamilə obyektivliklərini itiriblər. Buna istinadən qeyd etmək istəyirəm ki, Minsk qrupunun indiki fəaliyyəti və varlığı ciddi şəkildə şübhə doğurur. Eyni zamanda Ermənistanın bu görüşmələr çərçivəsində müxtəlif bəhanələr gətirərək danışıqlar prosesini pozması Minsk qrupu formatında görüşmələrin bir anlamının olmadığını göstərir.
Bir mütəxəssis kimi vurğulamaq istəyirəm ki, Ermənistanın son hücumu Qarabağda deyil, birbaşa Azərbaycan sərhədindəki Tovuz rayonu istiqamətində idi. Bilirsiniz ki, Minsk qrupu formatı Qarabağ münaqişəsi ilə bağlıdır. Dolayısı ilə, son hadisəni Qarabağ münaqişəsinə bağlamaq doğru deyil. Ona görə də ATƏT-in Minsk qrupunun daha geniş formatında görüşünün keçirilməsi və yaxud bu məsələnin BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılması daha məntiqlidir. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi davam edir, BMT-nin qəbul etdiyi 4 qətnamə icra edilmir. Hesab edirəm ki, danışıqlarla bağlı qeyd edilənlər doğru və məntiqlidir. Artıq görüşmələrin formatının dəyişdirilməsini Azərbaycan tərəfi açıq şəkildə ortaya qoymalıdır. Təbii, biz həmçinin hesab edirik ki, Minsk qrupunun həmsədrlərindən biri, məsələn, Fransa dəyişdirilərək yerinə Türkiyənin gətirilməsi daha məntiqli olar. Deyək ki, ABŞ super dövlət olaraq, arbitr rolunu oynaya bilər. Eyni zamanda, bölgə dövləti kimi Rusiyanın öz maraqları və həmçinin Ermənistanla müqavilələri var. Təbii ki, Azərbaycanın da yanında dayanacaq bir gücə ehtiyac var ki, bu da Türkiyədir. Türkiyə həmsədr olarsa, bu məsələnin həlli sürətlənər və Azərbaycanın təklənməsi əngəllənər. Bununla da prosesin həllində irəli addım atılmış olar”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin mətbuat konfransında söylədiyi mesajlardan biri o idi ki, Azərbaycan bundan sonra imitasiya xarakterli danışıqlarda iştirak etmək niyyətində deyil: "İkincisi, Minsk prosesinin üzvü olan 11 dövlətin iştirakı ilə geniş formatda iclasın keçirilməsinə ehtiyac var. Digər bir məsələ isə budur ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi mexanizminə yenidən baxılmalıdır.
Hikmət Hacıyevin bu 3 şərti söyləməsi ondan xəbər verir ki, rəsmi Bakı artıq danışıqların perspektivinə inanmır. Əgər rəsmi Bakı Minsk qrupunun geniş formatda toplanmasını istəyirsə, bu o deməkdir ki, Azərbaycan hakimiyyəti ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə davam edən danışıqlardan nəticə gözləmir. Rəsmi Bakı danışıqların məzmununun və hazırkı formatın dəyişdirilməsini istəyir. Məsələn, Azərbaycan Türkiyənin də həmsədrlər formatına qatılmasında maraqlıdır. Ancaq 3 həmsədr nə Türkiyənin onlara qoşulmasına, nə də özlərinin başqa ölkələrlə dəyişdirilmələrinə imkan verəcək”.
E.Şahinoğlunun sözlərinə görə, rəsmi Bakının Minsk Qrupunun geniş formatda toplanması təklifi müsbətdir: "Həmin toplantıda deyilməlidir ki, Ermənistan "mərhələli həll” planını qəbul etməsə, vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistan hakimiyyətinin üzərində qalacaq. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi üçün mexanizmə yenidən baxılması da köhnə tələbimizdir. Ancaq BMT Təhlükəsizlik Şurasının qətnamələrin yerinə yetirilməsi mexanizminə yenidən baxacağı problematikdir.
Hikmət Hacıyevin söylədikləri ona deməyə əsas verir ki, rəsmi Bakı danışıqların perspektivinə inanmasa da, hər halda yeni təkliflərinə BMT və ATƏT-dən reaksiya gözləyir. Bu, zaman alacaq. Görünür, bu zaman kəsiyi Azərbaycan ordusunun hərbi planları hazırlaması üçün zəruri hesab edilir”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər