• çərşənbə axşamı, 19 mart, 06:53
  • Baku Bakı 8°C

Danışan sükutun teatrı - pantomima...

22.05.17 12:15 7364
Danışan sükutun teatrı - pantomima...
Bu günlərdə, yəni 16 may tarixində 23 yaşını qeyd edən Dövlət Pantomima Teatrı Azərbaycan teatr mədəniyyətinin üslub, məna və yaradcıllıq formasına görə tək, yeganə teatrıdır. Əvvəlcə nədir pantomima: tarix və zamanla...Pantomima yunanca panto-bütün və mimos-aktyor, rəqqas-sözlərindən alınıb, söz istifadə etmədən, bədənin plastikası vasitəsilə obrazı ifadə etmə sənətidir. Müstəqil teatr sənəti kimi pantomima Romada imperator Avqustun (e.ə 27-b.e 14) meydana gəlib. Roma rəqqası Pilad Kilikiyskiy ilk dəfə mifoloji süjetlər əsasında ciddi solo nömrələrlə çıxış etməyə başlayıb. Yunan yazıçı-satirik Lukian Samosatskiy (125-180) özünün rəqs haqqında yazdığı traktatda qeyd edirdi ki, yaxşı mim aktyoru əzələli bədənə, mükəmməl yaddaşa, dərin mifoliji biliyə, ciddi musiqi təhsilinə sahib olmalıdır.
Adrianın (117-138) hökmranlığı dövründə pantomim aktyorları sarayda mövqeyə sahib idilər. Lakin 534-cü ildə imperator Yustinianın təkidi ilə rəqslər və tamaşalar kilsənin əxlaq nöqteyi-nəzərindən qadağan edildi. Kilsənin qadağası pantomimaya olan sevgini söndürə bilmədi və pantomim sənəti orta əsrlərdə səyahət edən mimlər və menestrlərin sayəsində qorunub saxlandı.
16-18-ci əsrlərdə pantomim sənəti səyyar italyan komedi del arte farslarında yenidən çiçəkləndi. İtalyadan komediantlar hər kəsin anladığı jestlər dilində oynayaraq Fransaya, Almaniya və İspaniyaya səyahət etdilər. Klassik mifologiyanın və komedi del arte teatrının təsiri nəticəsində "Druri-Leyn” teatrının baletmeysteri D. Uiver (1673-1760) 1702-ci ildə pantomim tamaşa səhnələşdirdi. İngiltərə pantomiması daha çox teatrlaşdırılmış baleti xatırladırdı.
Avropa klassik pantomima sənətində məşhur fiqurlar: Batist Debyuro (XIX əsr), Marsel Marso, Etyen Dekru, Jan-Lui Barro ( hamısı Fransa), Adam Darius (ABŞ).
XX əsrin başlanğıcında və ortalarında Avropada və Şimali Amerikada pantomim sənətinin mənimsənilməsində və inkişafında aşkar və acınacaqlı təfriqələr baş verdi. ABŞ-da "mim” (mime”) kəliməsi bu gün də sarkastik xarakter daşıyır. Pantomim sənəti Avropada və SSRİ-də sintetik sənətə yönləndirilmiş teatrda və A.Arto, B.Brext, V. Meyerxold, A. Tairov, E.Qrotovski, E.Barba kimi nəhənglərin teatr sistemlərində ciddi surətdə istifadə olunmağa başlandı.
1950-ci illərdə Rudolf Slavskiy SSRİ-də ilk pantomim studiyasını yaratdı ki, V. Polunin, B. Aqeşin, N. Samarina kimi isimlər bu studiyada yetişdilər. Studiya Robert Qorodeçkinin yaradıcılığına da ciddi təsir göstərdi. Studiyanın iş təcrübəsi əsasında Slavskiy 1962-ci ildə "Pantomima sənəti” adlı kitabını nəşr etdirdi və kitab bir çox dillərə tərcüməolundu.
1960-cı illərdə Polşa, Çexoslavakiya və SSRİ-nin Pribaltika respublikalarında pantomim teatrı fenomeni meydana gəldi ki, bu fenomenin öndə gedən isimləri Henrix Tomaşevski (Polşa), Ladislav Fialka (Çexoslavakiya), Modris Tenison (Litva SSR) oldu. Rəssam-qrafik Modris Tenison pantomima sənətinə yeni energetika gətirdi.
70-ci illərdə ABŞ-da pantomimanın yeni səviyyədə və yeni seyirciyə doğru yüksəlişi üçün bir çox cəhdlər edilsə də bu cəhdlər boşa çıxdı. Bu isə başa düşülən idi. Çünki, ABŞ-da xoreoqrafik teatrların çoxluğu və müxtəlifliyi seyircinin 30-35 il öncə plastik sənətə olan marağ dairəsini artıq doldurmuşdu.Və... bizim Pantomima... 16 may 1994-cü ildə Azərbaycan Mədəniyyət nazirinin sərəncamı ilə "Dəli yığıncağı” Pantomim Teatr-Studiyası kimi yarandı və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərməyə başladı. Azərbaycanın xalq artisti Bəxtiyar Xanızadənin əsasını qoyduğu "Dəli yığncağı” pantomim teatr-studiyasına 2000-ci ildə Dövlət statusu verildi.
Və.. bu günədək Teatrın səhnəsində "Ümid” (S.Bekket) "Bir aktyor üçün mim”, "Pantomim buketi” (B.Xanızadə), "Gəldim ki, olam ğəmin hərifi” (M.Füzuli "Leyli və Məcnun” poeması əsasında) pantomim balet, "Şəngül, Şüngül, Məngül” (M.Musabəyov) divertisment tamaşa, "Manqurt” (Ç.Aytmatov "Gün var əsrə bərabər” povestinin motivləri əsasında), "Dulusçu” (Ü.Hacıbəyov "Biz nə tövr iş görürük?” flyetonu əsasında), "Zibillik pərvanələri”, "Çərçivə” və s. onlarla pantomim tamaşa hazırlandı, ölkəmizi onlarla beynəlxalq festivalda layiqincə təmsil etdi.
Və... bu gün də Pantomima teatrının varlığı mədəniyyət, mədəniyyət tariximizdə alternativi olmayan sənət məkanı kimi var olmaqdadır. Pantomima teatrı Azərbaycan teatr sənətinə Bəxtiyar Xanızadə, Elman Rəfiyev, Nargilə Qəribova və s. kimi dəyərli sənətçilər, üslub, forma və janrı ilə fərqlənən teatr və onları daim izləyən, sevən, fərqli teatr seyricisi verdi. Həqiqətən bu çox önəmli tarixdir, bu tarix teatr təqvimində qırmızı rəqəmlə 23 qeyd olunacaq tarixdir. Nə yaxşı ki siz varsız. Əziz pantomimçilər, sizi ürəkdən təbrik edirik!!!
Niyaz Cəfərov
teatrşünas
banner

Oxşar Xəbərlər