• cümə axşamı, 28 mart, 14:25
  • Baku Bakı 16°C

“Dama atdığım daş müəllimə dəydi” – Mən gənc olarkən

27.05.14 11:01 2031
“Dama atdığım daş müəllimə dəydi” – Mən gənc olarkən
Düşünür ki, bu gün bizim gənclikdə qüsur tapılırsa, o bizim cəmiyyətin və bu cəmiyyəti təşkil edən yaşlı nəslin laqeydliyi ilə bağlıdır. Deməli, yaşlı nəsil nəyi isə doğru etməyib. Müsahibimiz Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Türkdilli Xalqların Teatrları Rəhbərlərinin Şurasının sədri, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov bizimlə məktəb, tələbəlik, gənclik illərinin xatirələrini bölüşdü.
Qeyd edək ki, İ.İsrafilov vaxtilə İncəsənət Muzeyinin direktoru, Prezident Aparatında sabiq böyük məsləhətçi, 1991-1992-ci illərdə Abşeron rayonu İcra Hakimiyyətinin başçısı, Azərbaycan Ali Sovetinin XII çağırış seçkilərində Xalq Deputatı olub. Ölkə və xarici mətbuatda dərc olunan, mədəniyyətin müxtəlif problemlərini işıqlandıran 200-ə yaxın məqalənin, metodik vəsaitlərin, dərsliklərin müəllifidir. Ayrı-ayrı illərdə “Qızıl qələm”, “Qızıl dərviş”, “Humay” mükafatlarına, beynəlxalq diplomlara layiq görülüb.
“Ərköyün olmaq mümkün deyildi”
Sosial baxımdan kasıb, amma namuslu ailədə böyüyüb. İ.İsrafilov atasının həmişə uşaqlarına haram tikə yedirtməməsi ilə fəxr etdiyini bildirir: “Təəssüflər olsun ki, indi “halal çörək yemək” ifadəsi az qala folklor ifadəsinə çevrilib. Bəlkə də on minlərlə insan heç bu ifadənin fərqində belə deyillər. Mənsə kökümlə yalnız fəxr edirəm. Çünki bizim nəsildə, kökdə çox dəyərlər var ki, bu gün onların haqqında bədii əsərlərdə oxuyuruq. Məsələn, ərənlik, ərlik, mərdlik, insanlıq, kişilik, imkansız adama kömək olmaq, arxasıza arxa durmaq. Təəssüflər olsun ki, indi insanlıq belə hisslərdən uzaqlaşıb”.
Atası 6 uşağını fəhləliklə dolandırıb. Maddi baxımdan sıxıntı içərisində yaşadıqlarından həmsöhbətimiz uşaqlığını da uşaq kimi keçirməyib, ərköyünlük etmək heç ağlına da gəlməyib: “Mən dediyim mühitdə ərköyün olmaq mümkün deyildi. Bizim ailə patriarxal olub, çünki atamın hökmü, zəhmi böyük idi”.
“Kartoterkalarda kitabların yerini əzbər bilirdim”
İ.İsrafilov dərs kitabları almağa çox vaxt atasının imkanı çatmadığından dərsliklərin bir qismini qonşudakı yaşıdlarından alıb bir-iki saata qaytardıqlarını deyir: “Hətta ali məktəbdə oxuyanda belə dərslikləri almağa pulumuz olmurdu. Buna görə mənim günüm indiki M.F.Axundov adına Milli Kitabxanada keçirdi. Kartotekalarda kitabların yerini əzbər bilirdim”.
Orta məktəbi beşinci sinfə qədər əlaçı oxuyub. Yuxarı siniflərdə isə qiymətləri yavaş-yavaş zəifləyib. Hətta 10-cu sinfin birinci rübündə səkkiz “2”si olub. Buna da səbəb İsrafil müəllimin zəif oxuması deyil, imtahan vermədən səkkizinci sinifdən onuncu sinfə keçməsi olub: “Mən heç vaxt övladımın “5” almasına sevinməmişəm. Çünki mənim üçün onun qiyməti deyil, biliyi önəmlidir. Orta məktəbi dörd-beş “3”lə bitirdim. Amma o vaxt da mənim üçün əsas qiymət deyil, biliyim idi. Onu deyim ki, orta məktəbin buraxılış imtahanında “3” aldığım Tarix fənnindən ali məktəbə qəbul imtahanında “5” aldım. Ola bilsin ki, orta məktəbdə çəkdiyim biletə bəxtimdən bilmədiyim suallar düşüb və buna görə “3” almışam. Amma bu, o demək deyil ki, mənim Tarix fənnindən biliyim “3” idi”.
Hələ orta məktəbdən mütaliəni çox sevdiyini deyir: “Ədəbiyyat çox sevdiyim fənn idi. Bütün dünya xalqlarının folklorunu, nağıllarını, əfsanələrini, eposlarını, atalar sözlərini, ümumiyyətlə, Azərbaycan dilində nəşr edilən nə var idisə, hamısını oxuyurdum. Bu gün də mütaliənin xəstəsiyəm. Gecə saat 3-ə, 4-ə qədər kitab oxuyuram. Hətta dostlarımın bəziləri mənə gülür ki, indən belə nə üçün oxuyuram. Amma məndə vərdiş yaranıb və alkoqol aludəçisi içmədən dayana bilmədiyi kimi, mən də mütaliəsiz qala bilmirəm”.
“O daşı mən atmışam, amma...”
Orta məktəb xatirələrindən danışan müsahibimiz bir dəfə fasilədə uşaqlarla oyun oynadıqlarını, amma bu oyunun onlara baha başa gəldiyini deyir: “Bizim sinif yuxarı mərtəbədə yerləşirdi. Uşaqlarla razılaşdıq ki, tabaşiri bizim pəncərədən üzbəüz evin damına ataq. Hamı bir-bir atdı, növbə mənə çatanda uşaqlardan kimsə qoluma yüngülcə toxundu və tabaşirim dama düşmədi. Binanın divarına dəyib aşağıdan keçən ədəbiyyat müəllimimiz Mirabbas müəllimə dəydi. Mirabbas müəllim çox həssas və savadlı bir insan idi. O, yuxarı baxanda biz arxaya çəkildik. Amma Mirabbas müəllim hansı pəncərənin açıq olduğunu artıq görmüşdü və bizdən direktora şikayət etdi. Bütün sinfimizi bir yerə yığdılar. Sinif rəhbərimiz Ayna xanım bizi danlamağa başladı. Dedi ki, daşın Mirabbas müəllimə kimin atdığını deməsək, bütün sinif cəzalandırılacaq. Heç kəs məni satmadı, amma mən utandığımdan nə edəcəyimi bilmirdim. Çünki mənə görə bütün sinfin cəzalandırılması düzgün deyildi. Qabaq partada əyləşmişdim və bir kağıza ingilis dilində yazdım ki, “o daşı mən atmışam, amma Mirabbas müəllimə atmaq məqsədim olmayıb”. Beləliklə, bütün hadisəni ingilis dilində yazıb kağızı Ayna müəlliməyə təqdim etdim. Ayna müəllimə yazdığımı oxuyub gülümsündü və direktora dedi ki, “kimin etdiyini bilirəm, gedək, sizə deyərəm”. Mən fikirləşdim ki, tənədən yaxa qurtara bilməyəcəyəm. Hadisənin üstündən zaman keçdi. Direktor tədbirlərin birində dedi ki, “bizim uşaqlar ingilis dilini o qədər yaxşı bilirlər ki, bu dildə etiraflarını belə yazırlar”. Çox sevindim. Çünki etdiyim bu nöqsan məndə müsbət keyfiyyət kimi göründü. Onu da deyim ki, direktor mütaliəmə görə məni çox sevirdi”.
“Söz götürmürdüm”
Orta məktəb illərinin gözlərinin önündə kino lenti kimi canlandığını deyən İ.İsrafilov o illərlə bağlı daha bir maraqlı xatirəsini oxucularımızla bölüşdü: “Beşinci sinifdən İngilis dili dərsi keçməyə başladıq. İndiki kimi yadımdadır, bir dəfə müəllim Azərbaycan dilində tərcüməsi “parta” olan “desk” sözünü yazmaq üçün məni lövhəyə çağırdı. Dörd hərifdən ibarət bu sözün hansısa hərfini səhv yazdım. Müəllim bütün sinfin qarşısında məni danladı. Əslində bu, şagird üçün normal olsa da, mənə çox pis təsir etmişdi. Çünki ailədə elə böyümüşdük ki, söz götürmürdük. Atam həmişə deyərdi ki, özümüzü elə aparaq ki, söz götürməyək. Hətta “yaxşı at özünə qamçı vurdurmaz” misalını tez-tez çəkərdi. Amma mən özümü elə aparmışdım ki, mənə “ayıb deyil, niyə bu sözü yaza bilmirsən” sözü deyilmişdi. Həmin gün sabaha qədər yata bilmədim. Ondan sonra hətta ali məktəbdə belə ingilis dilindən heç vaxt “4” almadım. Hətta elə olurdu ki, yuxarı siniflərdə oxuyarkən aşağı siniflərdə ingilis dili müəllimlərini əvəz edirdim. Sinif rəhbərim də ingilis dili müəllimi idi. Bəlkə buna görə həmin fənni çox sevirdim. Sonrdan da şahidi oldum ki, ixtisas seçimi zamanı abituriyentlər daha çox sevdikləri, hörmət etdikləri, şəxsiyyətinə vurğun olduqları müəllimlərin fənni üzrə ixtisaslaşmaq istəyirlər”.
“Şair ola bilərdim”
Beləliklə, İ.İsrafilov orta məktəbi bitirib sənədlərini indiki Mədəniyyət və İncəsənət Universitetinə verir: “O zaman bütün müəllimlərim düşünürdülər ki, sənədlərimi Xarici Dillər Universitetinə, İngilis dili ixtisasına verəcəyəm. Əslində sənədlərimi sözügedən universitetə verdim, amma hansısa sənədim çatışmırdı və vaxt darlığı ucbatından həmin sənədi düzəltdirməyim mümkünsüz idi. Mən də fikirləşdim ki, böyük qardaşım Texniki Universitetə qəbul olub, mən də hansısa ali təhsil müəssisəsinə girib evdəkiləri sevindirim. Sənədlərimi İncəsənət Universitetinə verdim, ancaq üç mərhələli imtahandan keçə bilmədim. Çox pis oldum. Sənədlərimi Yeyinti Sənayesi Texnikumunun Bakıdakı Moskva filialına verdim ki, atam desin ki, bu da harasa daxil oldu, avara qalmadı. İstəmədiyim halda texnikumda oxudum və 7-8 aydan sonra yenidən İncəsənət Universitetinə, aktyorluq ixtisasına üz tutdum. Bu dəfə istəyimə nail oldum”.
Aktyor olmağı əslində qarşısına məqsəd qoymasa da, bədii yaradıcılığa olan sevgisi onu bu sahəyə gətirib: “Qəribə səslənsə də, bəlkə də şair ola bilərdim. Beşinci sinifdən şeirlər yazırdım. Yeddinci sinifdən şeirlərimlə televiziyada çıxışlar edirdim. Yeniyetmə şair kimi məni müxtəlif tədbirlərə çağırırdılar. Bəlkə də çox pis şair ola bilərdim, amma qafiyəpərdazlığı bacarırdım. Yaxud nəsrlə məşğul ola, kiçik hekayələr, miniatürlər yaza, Azərbaycan və rus dillərini yaxşı bildiyimdən tərcüməçi də ola bilərdim. Dostoyevskidən, Jozef Hellerdən, Çexovdan, Şekspirdən, Azərbaycanın bəzi rusdilli yazarlarından tərcümələr etmişdim. Hər şeyə tənqidlə yanaşan dostlarım tərcümələrimi bəyənirdilər və deyirdilər ki, bununla ciddi məşğul olmaq lazımdır. Düşünürdüm ki, bunu bacarıram, bir kənarda qalsın. Bəxtim gətirdi ki, müəllimimiz Tofiq Kazımov həm aktyor, həm də rejissor kursunu qəbul etmişdi. İkinci kursdan başlayaraq mən rejissor sənəti ilə məşğul olmağa başladım. Beləliklə, həm aktyor, həm də rejissor sənətini öyrəndim”.
“Günah yaşlı nəsildədir”
Allahından və valideynlərindən sonra müəllimlərinə borclu olduğunu deyən müsahibimizin sözlərinə görə, müəllimləri onun üçün hər mənada yaxşı nümunə olublar: “Müəllimlərimin yaratdığı mühitdə çox dəyişmədim, insanlığımı, şəxsiyyətimi qorudum, mənim üçün vacib dəyərlərə sadiq qaldım, özümə və gənclik xəyallarıma, arzularıma xəyanət etmədim”.
İ.İsrafilov tələbəlik vaxtı da maddi baxımdan imkanlı olmadıqlarını deyir: “Aldığım əlaçı təqaüdümü ailəyə kömək olsun deyə bütövlükdə atama verirdim. Ailəmdən təminatım, umacağım yox idi. Özüm-özümü dolandırmalı idim. Birinci kursdan etibarən mətbuatda yazılarım çıxırdı, televiziya üçün kiçik ssenarilər yazırdım və qonorar alırdım. Qonorarımla özümə normal əyin-baş ala bilirdim. Birinci kursdan başlayaraq uzun illər Azərbaycan Dövlət Televiziyasında veriliş aparmışam”.
Həmsöhbətimizin fikrincə, insanlar mühit tərəfindən formalaşdırılır: “Cəmiyyətimizin indiki ab-havası ilə bizim dövrün gəncliyinin ab-havası müqayisə olunmazdır. O vaxt heç kəsin ağlına gəlmirdi ki, məktəblərdə fond pulu, süpürgə pulu yığılacaq, uşaqları ali məktəbə repetitorlar hazırlayacaq. Əgər bu gün bizim gənclikdə qüsur tapılırsa, o bizim cəmiyyətin və bu cəmiyyəti təşkil edən yaşlı nəslin laqeydliyi ilə bağlıdır. Deməli, yaşlı nəsil nəyi isə doğru etməyib. Ümumiyyətlə, Azərbaycan gəncliyi bir rəngli deyil. Yüksək təhsil almış, intellektual səviyyə etibarı ilə yüksək düşüncəli, mənəvi dəyərləri, əxlaqı baxımından öndə olan sağlam gəncliyimiz var. Ancaq başqa bir qəbil gəncliyimiz də var ki, zamanları gecə barlarında keçir, daha çox ömürlərini “yandırır”lar. Başqa bir gəncliyimiz isə ömürlərinin əksər saatlarını kompyuterin qarşısında, internetdə “əridirlər”. Digər qrup gəncliyimiz bir zamanlar bizim satiriklərin gülüb-əyləndiyi, lağa qoyduğu meşşan tipli gənclərdir”.
İ.İsrafilovun sözlərinə görə, o zamankı gəncliyin müəllimlərdən aldığı müsbət enerji, müsbət bilik axını daha zəngin, daha böyük idi: “Halbuki o vaxt imkanlar indikindən daha az idi. Ölkəmizin, cəmiyyətimizin, millətimizin necə olacağı bu gün parta arxasında oturan uşaqların səviyyəsindən, əxlaqından, dünyagörüşündən və azərbaycanlı kimi yetişməsindən asılıdır. Buna görə bu gün müəllimlərin maaşı nə qədər çox olsa, o qədər yaxşı olar”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər