• cümə axşamı, 28 mart, 23:27
  • Baku Bakı 13°C

Dağlıq Qarabağın azərbaycanlı icması Avropa Parlamentinin 751 deputatına məktub göndərib

14.12.19 12:33 282
Dağlıq Qarabağın azərbaycanlı icması Avropa Parlamentinin 751 deputatına məktub göndərib
"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” üzvləri Avropa Parlamentinin 751 deputatına məktub göndərib.
İcmadan Trend-ə verilən məlumata görə, məktubda icma üzvləri Avropa Parlamentində təmsil olunan deputatlara azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası və qorunması, onların öz yurdlarına geri dönməsi istiqamətində qətiyyətli qərarlar qəbul edəcəyinə və ədalətli mövqe göstərəcəklərinə dair əminliklərini bildiriblər.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması üzvlərinin Avropa Parlamentinin yeni fəaliyyətə başlamış deputatlarına göndərdiyi məktublarda bildirilir:
"Dünyada qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunmasının arxa plana keçirildiyi bir vaxtda, siz, Avropa Parlamentinin deputatları bu ali vəzifənin icrasına başlamısınız. Çox təəssüflər olsun ki, müasir dünyada insan hüquqlarının bir çox nailiyyətlərinin zorakı hərəkətlərlə pozulduğunu müşahidə edirik. Bu çətin dövrdə Ermənistanın hərbi təcavüzündən əziyyət çəkən azərbaycanlı məcburi köçkünlərin insan haqlarının müdafiəsi istiqamətində sarsılmaz iradə nümayişini sizlərdə görmək niyyətindəyik. Biz doğma yurdumuz Dağlıq Qarabağdan və ətraf rayonlardan zorla qovulan, etnik təmizləməyə məruz qalan insanlarıq”-deyə məktublarda bildirilib.
Məktubda həmçinin qeyd olunub ki, insan hüquqları universaldır və Dağlıq Qarabağın azərbaycanlı icmasına münasibətdə seçimli şəkildə həyata keçirilə bilməz. "Bizim vətənimizə qayıtmaq, məhrum olduğumuz əmlakımıza sahib çıxmaq, öldürülməkdən və ya etnik təmizləməyə məruz qalmaqdan qorxmadan ata-baba yurdumuzda ləyaqətlə yaşamaq hüququmuz var. Biz, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Dağlıq Qarabağın erməni icması ilə birlikdə dinc yanaşı yaşamaq niyyətimizi açıq bəyan edirik. Bu baxımdan, əminik ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icması arasında birbaşa dialoq gələcək sülh və firavanlıq üçün uyğun imkan yaratmağa kömək edəcək. Bu, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və prinsiplər əsasında ədalətli həllinə öz töhfəsini verəcəkdir”.
banner

Oxşar Xəbərlər