• cümə axşamı, 25 aprel, 08:45
  • Baku Bakı 14°C

Dağlıq Qarabağda Yerevana qarşı kütləvi etiraz aksiyaları başlayıb

04.06.18 20:58 587
Dağlıq Qarabağda Yerevana qarşı kütləvi etiraz aksiyaları başlayıb
Separatçı Dağlıq Qarabağ bölgəsində vəziyyətin gərginləşəcəyi barədə proqnozlar özünü doğrultmağa başlayıb. Ermənistanın baş nazir Nikol Paşinyanın yeni hökumətinin fəaliyyətindən narazı qalan Dağlıq Qarabağdakı ermənilər kütləvi etiraz aksiyalarına başlayıblar. Xankəndidəki etiraz aksiyalarını dayandırmaq üçün Ermənistan Təhlükəsizlik Xidmətinin Yerevandan getmiş əməkdaşları ilə əhali arasında kütləvi qarşıdurma baş verib. Etirazçılar qondarma rejimin "polis rəisi” və "təhlükəsizlik xidmətinin rəhbəri”nin istefasını tələb ediblər. Küçələr bağlanıb, binalar mühasirəyə alınıb. Qondarma rejimin "rəhbərliyi” bəzi şəxsləri istefaya göndərməklə vəziyyəti sakitləşdirməyə çalışır. Lakin erməni mediası tezliklə yeni toqquşmaların başlayacağını yazır. Küçələri bağlanması ilə nəticələnən etiraz aksiyasında Ermənistan parlamentinin deputatı Zaruhi Postandcyan və digər siyasətçilər iştirak edib. Aksiyada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi şüarları səsləndirilib. Lakin erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, Qarabağın Ermənistana birləşdirilməsi şüarları təhlükəlidir:"Bu təhlükəli presedentdir və Qarabağda daxili parçalanmaya gətirib çıxara bilər. Həmçinin, bu tələblər danışıqlar prosesində təhlükəli kontekst yarada bilər və Azərbaycan bundan istifadə edə bilər”. Sarqis Artsruni onu da bildirib ki, Xankəndidəki rejim Yerevandakı köhnə iqtidarın gizli fəaliyyətidir. Heç kimə sirr deyil ki, Dağlıq Qarabağdakı rejim Ermənistanın əvvəlki hakimiyyəti tərəfindən idarə olunur. Yerevanda köhnə rejim dəyişdi, lakin eyni rejimin qalıqları Xankəndidə qalır. Əhalinin etirazının kökündə dərin səbəblər dayanır. Belə ki, Qarabağda əhalinin çətin sosial vəziyyətdə yaşaması burada inqilabı reallaşdırır. Xankəndidəki vəziyyət daha təhlükəli nəticələrə gətirib çıxara bilər. Baş verənlərlə bağlı maraqlı fikirlər səslənir. Məsələn, "1in.am” saytında dərc olunan məqalədə qeyd edilir ki, Ermənistanda baş vermiş məxməri inqilabdan sonra aydın idi ki, Qarabağda dadəyişikliklərə müəyyən ehtiyac meydana çıxacaq. Sayta açıqlamasında erməni politoloq Artur Osipyan deyib ki, Qarabağda yaşayan ermənilərin qondarma rejimin "güc strukturları” tərəfindən döyülməsi hadisəsi adi hal alıb:"İnsanlar artıq bu vəziyyətdən beziblər. Qarabağa Bako Saakyan və bir neçə general nəzarət edib. Onlar 20 ildir insanları qarət edir, amansızlıq göstərirlər”.
Erməni sosioloq David Karabekyan da etiraf edib ki, Qarabağ Yerevan tərəfindən idarə olunur: "Biz eyniyik, sadəcə olaraq, hər şey süni şəkildə bölünüb və guya elə təqdim edirlər ki, ayrıca respublikayıq. Bunun belə olmadığını hər kəs bilir. Bu baxımdan, Yerevanda hakimiyyətin dəyişməsi ilə nəticələnən aksiyalardan sonra Xankəndindəki ermənilər də ayağa qalxıb. Xankəndindəki rejim kriminal qaydalarla hərəkət edir”. Erməni sosioloq onu da əlavə edib ki, rejimdən bezən Qarabağdakı ermənilər hansı yolla olursa olsun, xilas olmaq istəyirlər. "Hətta elə insanlar var ki, xilas yolunun Yerevandan, yoxsa Bakıdan gəlməsinin fərqinə varmırlar. Azərbaycan ordusu Xankəndinə gəlsə və erməniləri mövcud rejimdən xilas etsə, hər kəs onlara təşəkkür edəcək. Yəni vəziyyət o həddə çatıb”, – deyə o bildirib.
Yeri gəlmişkən, etiraz edənlərin nümayəndələri ultimatum irəli sürüblər və güc strukturları rəhbərlərinin danışıqsız istefasını tələb edirlər. "DQR” "baş naziri”nin müavini olmuş və hazırda Bako Saakyanın məsləhətçi işləyən Artur Aqabekyan təcili bəyanatla çıxış edərək, Ermənistan hakimiyyətini Qarabağa nümayəndə heyəti göndərməyə çağırıb.
"Düşünürəm ki, Qarabağda MTX başçısı general Arşavir Karamyanın rolu haqda, xüsusən də, aprel günlərindən sonra, çoxları bilirlər. Yeni təhlükəsizlik kompleksinin yaradılması və idarə olunması üçün məsuliyyəti məhz o öz üzərinə götürdü. Əminəm ki, aksiya iştirakçılarının çox hissəsi də bundan xəbərdardır, amma bu gün istefa tələbi ilə çıxış edirlər. İnsan ağlını itirə bilər. Özünüzə gəlin, cənablar, hələ ki gec deyil, özünüzə gəlin. Ermənistan hakimiyyəti isə rəsmi mövqeyini mümkün qədər tez bildirməli və Qarabağa təcili nümayəndə heyəti göndərməlidir”, - deyə Aqabekyan vurğulayıb.
Gündəmdə qalmağa çalışan Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan da Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində son günlər baş verən hadisələrə dair bəyanat verib. O, Ermənistan hakimiyyətini maksimal sürətlə və operativ şəkildə situasiyaya müdaxilə etməyə, Dağlıq Qarabağdakı qondarma rejimə dəstək verməyə çağırıb. Levon Ter-Petrosyan əmindir ki, hərbi vəziyyətin hökm sürdüyü Dağlıq Qarabağ rəhbərliyinə təzyiqlərə yol vermək olmaz. Onun fikrincə Qarabağdakı vəziyyətin sabitləşməsi naminə eks-prezidentlər Robert Köçəryan, Serj Sarkisyan, habelə Arkadi Qukasyan və Samvel Babayan öz nüfuzlarından istifadə etməyə borcludur. Hətta hazırda həbsdə olan Samvel Babayanın bu məqsədlə dərhal azadlığa buraxılması lazım gəlsə belə. Hazırda aksiyalar dayansa da, vəziyyət gərgindir, ekspertlər Ermənistanda Nikol Paşinyanın liderlik etdiyi inqilabın Qarabağda da təkrarlana biləcəyi haqda danışırlar. Çünki Dağlıq Qarabağda sürən hərbi-kriminal rejim yerli ermənilər arasında ciddi narazılıq yaradıb. Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, Paşinyan Qarabağda öz adamını separatçıların başına gətirmək istəyir. Ekspertlər də bunu xüsusi vurğulayırlar. Belə ki, heç kimə sirr deyil ki, Ermənistanda siyasi ab-havanı həm də Dağlıq Qarabağdakı vəziyyət müəyyənləşdirir. Yaxın tarix də bundan xəbər verir. Zamanında Levon Ter-Petrosyan prezident olanda da onun əsas opponentləri məhz Qarabağdakı separatçılar idi və elə onu devirənlər də Qarabağdan gələnlər oldu. Əgər Paşinyan keçmiş şefinin bu səhvindən gərəkli nəticə çıxarıbsa, Dağlıq Qarabağda Bako Saakyanı sakitcə öz tərəfdarı ilə dəyişməyə çalışacaq. Əks halda, Serj Sarkisyan-Bako Saakyan cütlüyü gələcəkdə Paşinyanın hakimiyyətini laxlada bilər.

Azər
banner

Oxşar Xəbərlər