• cümə axşamı, 28 mart, 17:50
  • Baku Bakı 16°C

Dağlıq Qarabağ probleminin həlli üçün perspektivdə müharibə görünürsə...

14.03.17 09:30 1146
Dağlıq Qarabağ probleminin həlli üçün perspektivdə müharibə görünürsə...
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-dən martın 1-ə qədər Pakistan İslam Respublikasında səfərdə olub. Pakistanda yüksək səviyyədə qarşılanan dövlətimizin başçısı səfər müddətində Baş nazir Məhəmməd Nəvaz Şərif, prezident Məmnun Hüseyn və digər rəsmi şəxslərlə görüşüb, qarşılıqlı maraqlara söykənən əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparıb. İqtisadi Əməkdaşlıq Təşkilatının XIII sammitində də iştirak edən Prezident İ.Əliyev Azərbaycanın hərtəəfli inkişafı, ölkəmizdə həyata keçirilən islahatlar, o cümlədən mühüm iqtisadi layihələr, Dağlıq Qarabağ münaqişəsi və onun ədalətli həlli ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib, Ermənistanın işğalçılıq siyasətini, regionda yaratdığı gərginliyi bir daha diqqətə çatdırıb.


Martın 5-də isə Prezident İ.Əliyev İran İslam Respublikasında səfərdə olub. Bu səfər çərçivəsində Azərbaycan dövlət başçısının İran prezidenti Həsən Ruhani ilə həm məhdud, həm də geniş tərkibdə görüşü olub. Bu görüşlərdə ölkələrimiz arasında mədəni, iqtisadi, dini əlaqələrin və mehriban qonşuluğun əməkdaşlığımızın əsasını təşkil etdiyi vurğulanıb, eyni zamanda prezidentlərin iştirakı ilə Azərbaycan-İran sənədlərinin imzalanması mərasimi olub. Prezidentlərin mətbuata birgə bəyanatlarının ardınca Azərbaycan dövlət başçısı İ.Əliyev ilə İranın Ali Rəhbəri Seyid Əli Xamenei arasında görüş keçirilib, ölkələrimiz arasındakı münasibətlərə, mehriban qonşuluq əlaqələrinə dair fikir mübadiləsi aparılıb.

Hər iki səfərin yekunlarının ölkələrarası əlaqələrə, həmçinin regional proseslərə təsiri barədə fikirlərini "Kaspi”yə şərh edən hərbi-siyasi ekspert, sabiq təhlükəsizlik zabiti Arzu Nağıyev bildirib ki, Pakistanla Azərbaycan arasında bütün istiqamətlər üzrə münasibətlər daim inkişaf etməkdə, daha da möhkəmlənməkdədir. Onun sözlərinə görə, hazırda iki dövlət arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyəsinə yüksəlir: "Azərbaycan prezidentinin bu ölkəyə səfəri, orada keçirilən sammitdə iştirakı, rəsmi şəxslərlə apardığı fikir mübadilələri bu münasibətlərin gələcəkdə də inkişaf etdiriləcəyindən xəbər verir. Pakistan 3 müsəlman dövlətindən biridir ki, məhz Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycanın ərazi bütövlüyünü sadəcə sözdə deyil, əməldə də dəstəklədiyinə görə işğalçı Ermənistanla heç bir diplomatik münasibət qurmayıb. Nüvə dövləti sayılan Pakistan, eyni zamanda Azərbaycanın hərbi müttəfiqidir, ölkələrimiz arasında hərbi müstəvidə də əməkdaşlıq əlaqələri mövcuddur. Ölkələrimiz arasında mədəni, iqtisadi, humanitar sahələrdə də faydalı əməkdaşlıq var. Pakistanda baş vermiş fəlakət zamanı Azərbaycan dövlət səviyyəsində, eləcə də Heydər Əliyev Fondunun xətti ilə öz yardımını dost-qardaş ölkədən əsirgəməyib. Bu kimi reallıqları Pakistan xalqı heç zaman unutmur. Regional problemlərin həllində Pakistanın çəkisini nəzərə alaraq onu da qeyd etmək yerinə düşər ki, bu dövlətin İslam aləmində də mühüm rolu var. Bütün bu amillər Pakistan-Azərbaycan münasibətlərini daha da dərinləşdirir”.

İrana gəldikdə, siyasi şərhçi A.Nağıyev bu dövləti Azərbaycanla yaxın qonşu, böyük regional dövlət kimi xarakterizə edib. Bildirib ki, digər xarici ölkələr kimi, İranla da qarşılıqlı maraqlara söykənən əlaqələrimiz var: "Ancaq biz çox istərdik ki, İran ölkəmizin ərazi bütövlüyünü dəstəkləməklə bərabər, müsəlman dövləti olaraq əsl İslam həmrəyliyi də nümayiş etdirsin, işğalçı Ermənistanla münasibətlərdə Azərbaycanın maraqlarını da nəzərə alsın. Necə ki, Azərbaycan xarici ölkələrlə bərabərhüquqlu münasibətlər quran zaman öz qonşularının da maraqlarına hörmət nümayiş etdirir. Misal üçün, vaxtilə Qərb İrana qarşı sanksiyalar tətbiq edərkən, Azərbaycan neytrallığını qorudu, öz qonşusuna qarşı açılan cəbhədə yer almadı. Hətta dövlət başçısı İlham Əliyev Amerikada səfərdə olarkən, prezident Corc Buşla görüşdən dərhal sonra mətbuata açıqlamasında qətiyyətli bəyanatla çıxış etdi. Azərbaycan ərazisindən istifadə edilməklə qonşu dövlətlərə zərbə vurulmasına imkan yaradılmayacağını söylədi. Biz eyni münasibəti qonşu İrandan da gözləyirik. Ancaq bununla bərabər, İranla iqtisadi, ticari, energetika sahəsində mühüm əməkdaşlıq əlaqələri qurmuşuq. Bundan hər iki tərəf fayda götürür”.

Politoloq İlqar VəlizadəAzərbaycan Prezidentinin Pakistan və İrana səfərlərini mühüm tarixi hadisə kimi dəyərləndirib. Deyib ki, hər iki dövlət, eləcə də Prezident İlham Əliyevin bir müddət bundan öncə səfərdə olduğu Qətər mövcud olduqları regionda xüsusi çəkiyə malik, güc mərkəzi sayılan ölkələrdir. Onun sözlərinə görə, bu ölkələrlə qarşılıqlı maraqlara söykənən hərtərəfli əlaqələr Azərbaycana yalnız fayda gətirər: "Bu səfərlərdə əldə edilən razılaşmalar iqtisadi baxımdan olduqca əhəmiyyətlidir. Zaman keçdikcə, Azərbaycanın iştirakı ilə reallaşan irimiqyaslı layihələrə maraq daha da artır. Pakistan, İran, Qətər və sair ölkələr çalışırlar ki, bu layihələrdə hansısa formada iştirakçı olsunlar. Beləliklə də həmin dövlətlər Xəzər hövzəsində, Cənubi Qafqaz regionunda öz mövqelərini möhkəmləndirmək istəyirlər. Misal üçün, Şimal-Cənub dəhlizi İran, Pakistan, Qətər və onlarla həmsərhəd olan ölkələr üçün geniş imkanlar yaradır. Bu dövlətlərin məhsulları MDB, Şərqi Avropa, Qara dəniz ətrafındakı ölkələrin bazarlarına çıxarıla bilər. Bu işdə Azərbaycan tranzit ölkə olaraq böyük rol oynayacaq, iqtisadi gəlir əldə edəcək, ölkələrarası münasibətlərin yeni mərhələyə keçməsinə töhfə verəcək. Belə olan halda, iqtisadi maraqlar siyasi maraqlara da təkan verəcək. Siyasi maraqlar isə ondan ibarətdir ki, bu ölkələr regionda stabillik, sülh, əmin-amanlıq, əməkdaşlıq münasibətlərinin yaradılmasında daim maraqlı olacaqlar. Azərbaycan üçün də bu vacibdir. Lakin Ermənistanın işğalçılıq siyasəti bu gözləntilərin istədiyimiz kimi daha geniş miqyas almasını bir qədər ləngidir. Fikrimcə, Azərbaycanın reallaşdırdığı layihələr tam gücü ilə işə düşdükdən sonra ölkəmizin regionda və beynəlxalq aləmdə siyasi-iqtisadi nüfuzu daha da artacaq. Bu layihələrdə iştirakçı dövlətlər, güc mərkəzləri də maraqlı olacaqlar ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə həllini tapsın”.

Siyasi şərhçi Tofiq AbbasovAzərbaycan Prezidentinin Pakistan və İrana səfərlərinin cəbhə xəttində gərginliyin artdığı dövrə təsadüf etməsinə diqqət çəkib. Qeyd edib ki, hadisəyə bu kontekstdən yanaşılarsa, hər iki səfər və orada aparılan danışıqlar Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir: "Ermənistan işğalçılıq siyasətindən əl çəkmir, bilərəkdən cəbhə xəttində vəziyyəti gərginləşdirir, status-kvonun dəyişməz olaraq qalmasına, beləliklə də Dağlıq Qarabağ probleminin həllinin yubadılmasına çalışır. Bu səfərlərdən öncə Münhen Təhlükəsizlik Konfransında iştirak edən Prezident ilham Əliyev Ermənistanın qeyri-konstruktivliyini, işğalçılıq niyyətini, eyni zamanda Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasının yolverilməzliyini bir daha diqqətə çatdırıb. Azərbaycanın hərbi potensialı kifayət edir ki, müharibə yolu ilə Dağlıq Qarabağ problemini həll etsin, ərazi bütövlüyünü təmin eləsin. Bu fikirlər ölkə başçısı tərəfindən İslamabadda və Tehranda da səsləndirildi. Azərbaycan Prezidentinin İƏT-in sammitində digər przidentlərlə də görüşüb müzakirələr aparması, ümumiyyətlə indiyə qədər keçirilən beynəlxalq tədbirlərdə, rəsmi görüşlərdə İlham Əliyevin şəxsən Dağlıq Qarabağ problemini tam təfərrüatı ilə gündəmə gətirməsi xarici ölkələrin rəhbərlərində münaqişə barədə tam təəssürat yaradıb. Bununla bərabər, bizə yaxın müttəfiq və qonşu dövlətlərlə də lazımi məsləhətləşmələr aparılıb. Məhz buna görə Azərbaycanın haqlı mövqeyi beynəlxalq aləm tərəfindən dəstəklənir. Əgər Dağlıq Qarabağ probleminin həlli üçün perspektivdə müharibə görünürsə, bu addımı uğurla həyata keçirmək üçün müəyyən hazırlıqlar da aparılmalı, xarici dairələrlə, müttəfiq ölkələrlə danışıqlar getməlidir. Prezident İlham Əliyev də çox böyük uzaqgörənliklə bu istiqamətdə hərtərəfli siyasi kurs həyata keçirir”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər