• cümə, 29 Mart, 17:47
  • Baku Bakı 14°C

Dağlıq Qarabağ münaqişəsi Romada müzakirə olundu

14.07.14 17:36 1196
Dağlıq Qarabağ münaqişəsi Romada müzakirə olundu
Prezident İlham Əliyev iyulun 13-də İtaliyaya rəsmi səfərə gedib. Romanın beynəlxalq hava limanında dövlətimizin başçısını İtaliyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Həmin gün dövlətimizin başçısı Romadakı məşhur "Villa Borghese" parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Bu abidə "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli Sərəncamına əsasən ucaldılıb. Həmin Sərəncama əsasən Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olub.
Prezident İlham Əliyev iyulun 14-də Romadakı "Altare dell Patria" memorial kompleksində naməlum əsgər abidəsini ziyarət edib.
Bu gün Romada Azərbaycan prezidenti İlham Əliyevin və İtaliya prezidenti Corco Napolitanonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. İtaliya prezidentinin sarayının həyətində prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan nümayəndə heyətinin üzvləri Corco Napolitanoya, İtaliyanın rəsmi şəxsləri isə prezident İlham Əliyevə təqdim edilib. Prezidentlər rəsmi foto çəkdiriblər.
Sonra dövlət başçılarının geniş tərkibdə görüşü olub. Görüşdə Azərbaycanla İtaliya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edilib. Ölkələrimiz arasında əlaqələrin Avropa Birliyi-Azərbaycan əməkdaşlığı baxımından önəmi vurğulanıb, habelə Azərbaycanın Avropa Şurasında, İtaliyanın Avropa Birliyində sədrliyi dövründə səylərin əlaqələndirilməsinin vacibliyi qeyd edilib.
Söhbət zamanı energetika sahəsində əməkdaşlığın uğurlu inkişafı vurğulanıb, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verdiyi bildirilib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdən sonra C. Napolitanonun adından Azərbaycan prezidentinin şərəfinə nahar verilib.
banner

Oxşar Xəbərlər