• cümə axşamı, 18 aprel, 08:40
  • Baku Bakı 12°C

Dağlıq Qarabağ münaqişəsi ətrafında qlobal oyun oynanılır

26.04.16 11:49 2447
Dağlıq Qarabağ münaqişəsi ətrafında qlobal oyun oynanılır
“Lavrovun Ermənistana səfərini uğursuz adlandırırlar. Çox təəssüf ki, Azərbaycan mediası da bu fikrə züy tutur. Mən belə fikirlə razı deyiləm. Çünki Lavrovun keçirdiyi mətbuat konfransı zamanı işlətdiyi bir neçə tezis var ki, onları təhlil edərkən ortaya qəribə mənzərə çıxır. Bu da ondan ibarətdir ki, proses ciddi surətdə Ermənistan və Rusiya rəhbərliyi arasında təhlil olunub. Hətta Dağlıq Qarabağ probleminin həlli yönündə konkret yol xəritəsi razılaşdırılıb. Sadəcə bu, bəyan edilmir. Niyəsi də odur ki, indiki şəraitdə Ermənistana öz yarasını sarımaq üçün zaman lazımdır”. Bu fikirləri “Kaspi”yə açıqlamasında politoloq Natiq Miri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərini təhlil edərkən dedi.
Bildirdi ki, aprel döyüşləri çərçivəsində Ermənistan ordusu böyük itkilər verib və bunu cəmiyyətə bildirmək çətin olduğu üçün prosesi uzadırlar: “Dörd günlük savaşda həlak olmuş erməni əsgərlərini bu gün ölmüş kimi təqdim edərək psixoloji gərginliyi azaltmağa çalışırlar. Bunun üçün Ermənistana zaman lazımdır. Üstəlik, cəbhə xəttində atəşkəsin pozulması lazımdır ki, döyüş getdiyi görüntüsünü yaratsınlar. Bu zaman dəyərini Rusiya Ermənistana tanımaq istəyir. Ayrıca, Lavrov mətbuat konfransında Dağlıq Qarabağla bağlı prosesdə tərəflərin qərarına hörmət edəcəklərini vurğuladı. Bu da o deməkdir ki, əgər həqiqətən də münaqişənin həlli tərəflərə buraxılırsa, demək, Rusiya işğalçı tərəf olan Ermənistana heç bir təzyiq etməyəcək. Bu o deməkdir ki, yenə də sülh danışıqları sonsuza qədər davam edəcək. Bunun alternativi kimi Azərbaycan yenidən öz torpaqlarını azad etməyə qalxacaq ki, bu da regionda yeni bir savaşın çıxmasına rəvac verəcək. Nəzərə almaq lazımdır ki, Ermənistanın Rusiyaya qarşı çıxmaq imkanları sıfırdır. Bu gün Ermənistanın Putinin Qarabağla bağlı təşəbbüsünə qarşı çıxması üçün ciddi mənada dayaqları olmalıdır. Bu gün biz o dayaqları görmürük. Ermənistan hakimiyyətinin dayaqları daxili faktor deyil. Xarici faktorlar da bu gün Sarkisyan hakimiyyətini heç bir vəchlə müdafiə etmirlər. Çünki Sarkisyan hakimiyyəti siyasi kapitalı çoxdan xərcləyib, etimad bitib. Ona görə də Qərbin Sarkisyan hakimiyyətini Rusiyadan müdafiə edəcəyini düşünmək olmaz. Belə olduğu təqdirdə, ortada hərbi faktor qalır”.
Politoloqun fikrincə, hazırda Ermənistan ordusu ölkəmiz tərəfindən dağıdılmış vəziyyətdədir və onun yaxın zamanlarda bərpa etmək mümkün deyil: “Başqa tərəfdən, Ermənistanın siyasi hakimiyyəti və bütövlükdə cəmiyyəti hər cəhətdən - həm iqtisadi, həm siyasi, həm də maddi baxımdan birbaşa Rusiyaya bağlıdır. Ermənistan hansı güclə, hansı dayaqla Rusiyaya qarşı çıxa bilər? Sadəcə belə bir görüntü yaradırlar və bu da Rusiya ilə Ermənistan arasında razılaşdırılmış bir məqamdır. Yəni Sarkisyan hakimiyyəti heç bir mənada Rusiyanın əleyhinə getmir, getmək fikrində və gücündə də deyil. Sadəcə, belə görüntü ilə Ermənistana növbəti dəfə zaman tanındı. Ertələyə-ertələyə çalışacaqlar ki, Azərbaycanın başını qatsınlar. Bundan başqa, qlobal səviyyədə süni mexanizmlər yaratmaqla Azərbaycanın qarşısını almağa çalışırlar. Fikir verirsinizsə, söhbət etimaddan, atəşkəs mexanizmlərinin hazırlanmasından, atəşkəsin qorunub saxlanmasından gedir. ATƏT-in Minsk qrupu həmsədrləri arasında da müəyyən fikir ayrılığı var. ABŞ cəbhə, təmas xəttində atəşin müəyyənləşdirilməsi üçün yeni modern cihazların quraşdırılmasından yana çıxış edirsə, Rusiya öz qoşunlarının, sülhməramlıların yerləşdirilməsini istəyir. Beləliklə də, bu prosesi sonsuza qədər uzatmaqla status-kvonun qorunmasına xidmət edirlər. Azərbaycan isə buna getmək istəmir. Düşünürəm ki, Azərbaycan hakimiyyəti buna heç bir vəchlə rəvac verməyəcək”.
N.Miri onu da qeyd etdi ki, bu gün Dağlıq Qarabağ prosesi ətrafında çox ciddi bir qlobal oyun oynanılır. Bu oyunda müəyyən mexanizmlər vasitəsilə Azərbaycanın qarşısını almağa çalışırlar ki, ölkəmiz torpaqlarını öz gücü ilə azad edə bilməsin: “Son hadisələr göstərdi ki, artıq Azərbaycan çox qısa zamanda öz torpaqlarını işğaldan azad etmək qüdrətindədir. Dünyanı və Ermənistanın havadarlarını da narahat edən budur. Süni mexanizmlər yaratmaqla Azərbaycanın öz torpaqlarını azad etmək imkanlarını məhdudlaşdırmaq istəyirlər. Azərbaycanın Qarabağ ətrafı rayonlarının qaytarılmasından çox, qarşılıqlı etimaddan, atəşkəsin qorunub saxlanmasından danışılır. Bu isə Azərbaycana sərf edən məqam deyil. Bu, baş aldatmaqdır. Azərbaycanın əlini-qolunu bağlamaq istəyirlər ki, ölkəmiz hərbi əməliyyatlar keçirə bilməsin. Ayının bütün oyunları bir armudun başındadır”.
Politoloq Mübariz Əhmədoğlu da səfərlə bağlı müsbət fikirdə deyil. Düşünür ki, Lavrov erməni əsilli şəxs olduğuna görə onların maraqlarını müdafiə edir: “Ümumiyyətlə, Lavrovun mövqeyi anlaşılan deyil. O əvvəl dediyi sözləri də sonradan inkar edir. Bu dəfəki səfərin məqsədi isə odur ki, erməniləri ruhdan düşməyə qoymasın. 2-5 aprel hərbi əməliyyatları zamanı ermənilər çox ciddi zərbə alıblar, ruhdan düşüblər. Lavrov isə onlara “qorxmayın, arxanızda durmuşuq” mesajını göndərdi. Düşünürəm ki, Lavrov oraya öz variantı müzakirə etməyə getmişdi. Mənə elə gəlir ki, Rusiya hakim dairəsi 2 yerə bölünüb. Yarısı erməniləri, qalan yarısı bizi dəstəkləyir. Rusiyanın Azərbaycanın müharibə aparmasında maraqlı olduğunu düşünürəm. Çünki əgər məsələ daha da yubanarsa, Amerika Azərbaycana silah təklif edə bilər. Cənubi Qafqaz Rusiyanın əlindən çıxıb ABŞ-ın əlinə keçə bilər. Ona görə də Rusiya Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bilirsiniz ki, Ərdoğan Bakıya gəlir və o, burda olanda müharibə etsək, deyəcəklər ki, Ərdoğan bizi yönəltdi. O gedəndən bir müddət sonra Ermənistan bizə hücum edə bilər. Belə olarsa, lazımi cavab veriləcək. Məncə, müharibə qaçılmaz olacaq”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər