AZE | RUS | ENG |

Dağlıq Qarabağ danışıqlarının formatı ilə bağlı sərt xəbərdarlıq

Dağlıq Qarabağ danışıqlarının formatı ilə bağlı sərt xəbərdarlıq
Politoloqların fikrincə, prezidentin çıxışı işğalçı ölkə Ermənistana və onun himayədarlarına verilən mesaj idi

Ermənistanda hakimiyyət dəyişikliyindən sonra yeni baş nazir Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar formatının dəyişdirilməsi ilə bağlı sərsəm fikirlər səsləndirdi. Lakin onun bu fikirləri nə Azərbaycan tərəfindən, nə də beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildi. Əksinə, Azərbaycanın sülhə məcburetmə siyasəti nəticəsində, Ermənistanın yeni siyasi rəhbərliyi geri çəkilməyə məcbur edildi. Bu günlərdə isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə danışıqlar formatının dəyişilməzliyi təsdiqini tapdı. Onu da qeyd edək ki, ötən dövr ərzində Azərbaycan prezidenti İlham Əliyev danışıqlar formatının dəyişməyəcəyini qəti şəkildə bəyan edib. Oktyabrın 9-da dövlət başçısı Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda da bu məsələyə yenidən toxunub. İlham Əliyev vurğulayıb ki, münaqişə ilə bağlı indiki danışıqlar mərhələsi ictimaiyyət üçün bəllidir: "Ermənistan tərəfinin cəhdləri nəticə vermədi, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların formatı dəyişməz olaraq qalır. Bu danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır. İki ölkənin xarici işlər nazirlərinin iki görüşü bunu bir daha sübut edir. Son vaxtlar baş vermiş digər hadisələr onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır və bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.
Azərbaycan prezidentinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı bu fikirləri əslində kimə və ya haraya ünvanlanmış mesajdır?
 
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Hikmət Məmmədov bildirdi ki, bu ilin aprel ayında Ermənistanda baş verən hadisələrdən sonra hakimiyyətə gələn yeni qüvvələr işğal faktı ilə bağlı məsuliyyətdən kənarda qalmağa çalışdılar: "Bunun üçün müəyyən cəhdlər göstərdilər. Əlbəttə ki, Azərbaycanın torpaqlarını Ermənistan işğal edib və bu, beynəlxalq təşkilatlar tərəfindən də belə qəbul edilir. Üstəlik, problemin həll olunması ilə bağlı BMT-nin mandatı ilə yaradılan ATƏT-in Minsk qrupu şəklində də danışıqlar formatı formalaşdırılıb. Ona görə də Ermənistanın yeni hakimiyyətini bu mövqedən çəkindirmək üçün heç şübhəsiz ki, müəyyən tədbirlərə əl atmaq lazım idi və əslində Azərbaycan bunu etdi. Ermənistanın sülh danışıqlarına məcbur edilməsi və işğal faktına görə məsuliyyəti üzərinə götürməsi üçün həm diplomatik kanallarla, həm təmas xəttində erməni təxribatlarına layiqli cavab verilməklə, həm də bu ölkəyə təsir edə biləcək, nüfuz sahibi olan qüvvələr vasitəsilə başa salındı ki, işğal faktına görə məsuliyyət daşıyırsınız və bundan yaxanızı kənara çəkə bilməzsiniz. Azərbaycan iki mühüm hərbi parad keçirməklə, eyni zamanda Ermənistan-Azərbaycan sərhədindəki təxribatlara layiqli cavab verməklə, ismarış vermiş oldu ki, əgər danışıqlardan imtina edirsinizsə, o zaman problemin həllinin tək alternativi qalır, o da müharibə yoludur. Əlbəttə, Ermənistan Azərbaycanın hərbi-iqtisadi və hərbi-siyasi qüdrəti qarşısında müharibə aparacaq səviyyədə bir ölkə deyil. Bütün bunlar diplomatiyadakı sülhə məcburetmə qaydalarının Azərbaycan tərəfindən işə salınması kimi qəbul edildi və nəhayət, Ermənistanın yeni hakimiyyəti dərk etdi ki, bu formata qayıtmaq lazımdır. Çünki bu, beynəlxalq təşkilatlar tərəfindən yaradılmış bir formatdır və Azərbaycanla hərbi və sərt ritorika ilə danışmaq olmaz”.
 
 
 
H.Məmmədov vurğuladı ki, əgər danışıqlardan imtina edilərsə, o zaman Azərbaycan müharibə yolu ilə öz ərazi bütövlüyünü bərpa edə bilər: "Ona görə də prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı qeyd etdi ki, Ermənistan danışıqlar masasına gəlməyə məcbur edildi və düşünürəm ki, bundan sonra bu ölkənin rəhbərliyi daha konstruktiv mövqe tutmalıdır. Heç şübhəsiz ki, hər şeydən öncə bu, işğalçı ölkəyə - Ermənistana və onun himayədarlarına verilən bir mesaj idi. Yəni ki, işğal faktına son qoyulmasa, regionun iqtisadi inkişafından və siyasi inteqrasiyasından söhbət gedə bilməz və bu, Azərbaycanın qətiyyətli mövqeyidir”.  
 
Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi ki, prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər ünvanlı mesaj idi: "Əlbəttə, dövlət başçısı birinci dəfə deyil ki, münaqişənin həlli ilə bağlı fikirlər bildirir. Bu bir reallıqdır və bu beynəlxalq hüquq prinsiplərinə əsaslanan mövqedir. Dövlət başçısının çıxışı ilk növbədə Ermənistana ünvanlanıb. Amma eyni zamanda bu, Dağlıq Qarabağ separatçılarına da aiddir. Minsk qrupunun həmsədrləri də bunu eşitməlidir. Həmçinin digər dövlətlər, onların rəsmi və qeyri-rəsmi dairələri eşidib bundan nəticə çıxarmalıdır. Dövlət başçısı onu da qeyd etdi ki, bizim ərazi bütövlüyümüz faktiki olaraq, müzakirə predmeti olmamalıdır və heç vaxt da olmayacaq. Biz ancaq ərazi bütövlüyü çərçivəsində müzakirələri aparmalıyıq və Azərbaycanın yeddi rayonu da Ermənistan tərəfindən işğal olunub. Bu, aydın məsələdir. Təsadüfi deyil ki, bununla bağlı 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul edilib. Bu baxımdan, Azərbaycanın prinsipial mövqeyi beynəlxalq hüquqa əsaslanan mövqedir”.
 
 
 
F.Sadıxovun sözlərinə görə, artıq bir məsələyə də diqqət yetirməliyik: "Dörd ay bundan əvvəl Paşinyan hakimiyyətə gələndə deyirdi ki, Dağlıq Qarabağdakı separatçılar olmadan danışıqlar mümkün deyil. Amma artıq mövqeyini dəyişib. Hətta Düşənbə sammitində prezident İlham Əliyevlə söhbətin təşəbbüskarı da Paşinyandır. Artıq Azərbaycan və Ermənistan xarici işlər nazirləri də görüşüb. Formatın dəyişdirilməsi ilə bağlı mövzu artıq arxa plana keçib. Bu da bizim prinsipiallığımızın və qəti mövqeyimizin nəticəsidir. Hesab edirəm ki, bu, mühüm amildir və Azərbaycanın hücum diplomatiyasının nəticəsidir”.
Bəxtiyar MƏMMƏDLİ           

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9349
GEL 1 1 Gürcüstan larisi 0.6381
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1519
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1879
CHF 1 1 İsveçrə frankı 1.7131
KWD 1 1 Küveyt dinarı 5.5916
TRY 1 1 Türkiyə lirəsi 0.3187